Azərbaycanlı şair Əziz MUSA.”Başımın tacısan”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Mənim səndən özgə bir çiçəyim yox,
Tanrının sevdiyi cənnət gülüsən,
Səndən yaraşıqlı bir mələyim yox,
Başımın tacısan, qiymətli ləlsən.

Məni məst eyləyən gözünə qurban,
İlahi verdiyi butamsan mənim.
Sevgt bağçasında nazlanan ceyran,
Səninlə bəzənib ümid çəmənim.

Sənsiz gül-çiçəklər sevgi qoxumur,
Sənsiz arzularım hələ qönçədir.
Gül-çiçək görməsə, bülbül oxumuz,
Ruhum çox kövrəkdi, qəlbim incədir.

Sənsiz dünya-aləm gözümdən düşər,
Günəşli könlümü bürümə çənə.
“Can” sözü dilimdən ,sözümdən düşər,
Vallah can atıram hər zaman sənə.

Sən məni bağışla göz yaşlarıma,
Məndən üz döndərib, dərdi qudurtma,
Gətir ayı, günü baxışlarıma,
Qönçə çiçəkləri vaxtsız qurutma.

Yapış əllərimdən, qalxım ayağa,
Qənirsiz gözəlsən, bənzərsiz mələk,
Yaz gəlib, gül qonub, o gül yanağa,
Eşqinlə döyünür sinəmdə ürək.