Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bu ömür inan ki, sənsiz heç nədi,
Sənsən həyatıma bal, şəkər qatan.
Sənsiz dünya özü bir əfsanədi,
Varmı gözəllikdə de sənə çatan.

Sənsiz yaşamaram ürəyim mənim,
Sənsən yeri, göyü sevdirən mənə,
Başımın tacısan, nazlı mələyim,
Gözəl günlər üçün borcluyam sənə.

Sən mənə dünyanı vermisən canan,
Günəşi, Ayı da nurladan sənsən,
Ay gülüm, mən səni gördüyüm zaman,
Elə bilirəm ki, cənnətdəyəm mən.

Nə yaxşı bəxtimə düşmüsən mənim,
Şükür bu qismətə, şükür bu paya.
Sən varsan tay yoxdu başqa istəyim,
Dəyər bir gülüşün bütün dünyaya.

Ətirli gülümsən, qönçə çiçəyim,
Ömrümün, günümün mənası sənsən.
Bir şirin canım var, sevən ürəyim,
Sənə qurbandılar, nə vaxt istəsən.