SONET
Yar hissini yad həvəsə dəyişən,
Gül qadının gül sevdası riyamış.
Yad adamı doğma kəsə dəyişən,
Daş ürəyin eşqi gerçək röyamış.

Gün ağlamaz haqqı danan yarına,
Doğmaya yad, yada doğma olandan.
Dəyişkən hiss sonda dərdə yarınar,
Duyğusunun gözü yaşla dolanda.

Yada uyan doğmasına göz olmaz,
Bir gün gələr gül də bezər yad əldə.
Üz suyunu tökən üzdə üz olmaz,
Dərd qoxuyan gülü üzər yad əl də.

Qəm gül açsa qəlbi qıran ürəkdə,
Eşq dilənər gül qadın daş ətəkdə.

Azərbaycan. Quba.

08.07.2020.

YAMAN UZUN ÇƏKDİ SÜKUTUN DİLİ.


Yaman uzun çəkdi sükutun dili,
Gözlərim üşüdü lal baxışından.
Mən kiməm alnımdan yazını silim?
Qaçmağa yer də vox göz yağışından.

Bu yağış daşlaşan sözləri yuyur,
Hələ ki dərdimə acıyır səbrim.
Bir yandan sükutun içimi oyur,
Bir yandan dişini qıcıyır səbrim.

Üzünə baxmağa baxışım aciz,
Dinib-danışmağa söz tutmur dilim.
Bu necə sevgidir?
Səssiz-səmirsiz,
Sükutdan alışıb yanıram, gülüm!

Yoxsa ayrılıqmı bu sükut, görən?
Əsir əzalarım hey əsim-əsim.
Bəlkə gözlərində fərsizəm, kürəm,
Tənha bir qüssəyəm-ağlın nə kəsir?!

Kaş ki kor olaydı ağlımın gözü,
Ürəyim açılmır-dərdə əl açır.
Vaxtında batmadı ağlıma sözün,
Görəsən, sükutmu eşqin əlacı?

Gözlərin könlünü gizlədə bilmir,
Gözündə tək mənim əksimdir, demə.
Sevdalı ürəyim dərdimə əsir,
Səni sevməyim də tilsimdir, demə.

Qəlbimin açarı səndədir səndə,
Qəlbi qıfıllayıb əsir etmisən.
Qıfılı açmağa dil yoxdur məndə,
Dilimə baxışla təsir etmisən…

Yaman uzun çəkdi sükutun dili,
Gözlərim üşüdü lal baxışından.
Mən kiməm alnımdan yazını silim?
Qaçmağa yer də vox göz yağışından.