1
Gözlərim mizan tərəzi,
Yalanı, düzü çəkirəm.
Günlərimdən şirə kimi
Ağrılı sözü çəkirəm.

Alnımın qırışlarına
Çəkirəm yaş ürəyimi.
Çəkirəm göz yaşlarına
Daşdan çıxan çörəyimi.

Gündə yeddi rəngə çalan
İnsafsız üzdən çəkirəm.
Qəlbimi ilan tək çalan
Allahsız sözdən çəkirəm.

Baxışından söz çəkirəm
Quşu gözündən vuranın.
Astarına üz çəkirəm
Məni dərdimdən soranın.

Söz arası baxışımla
Ağlı dayaza çəkirəm.
Söz-söz yağan yağışımla
Gecikən yaza çəkirəm.

2
Nə çəkirəm- Allah bilir,
Sarı simdə dinə-dinə.
Görən qiyamətmi gəlir?!
Şair susur el dərdinə.

Göz dağı tək qalaq-qalaq,
Dərd üstə dərdim yüklənir.
Yad əllərdə sönən ocaq,
Dərdimdə dinir köklənib…

Çəkirəm siqaret kimi,
Sümürürəm hey dərdimi.
Dərd didir ömrü qurd kimi,
Çəkməyə dərdim birdimi?!

3
Hərə çəkir öz içində,
Mən söz içində çəkirəm.
Çölüm özgəni yandırır,
Özüm içimdə çəkirəm.

Çəkirəm öz əməlimdən,
Öz dilimdən, öz əlimdən,
Üz döndərən gözəlimdən,
Tənha gecəmdən çəkirəm.

Sevincimə qəm sirdaşdır,
Qəlb açdığım qəlbi daşdır,
Sağım,solum qəlpə daşdır,
Daşın içində çəkirəm.

4
Çəkirəm, qardaş, çəkirəm,
Özüm boyda daş çəkirəm.
Hər daşı çəkəndə bir yol
O Dünyaya baş çəkirəm!

…Çəkib özümə çökürəm,
Qəmli sözümə çökürəm.
Gördüyün Dünyanı,canım.
Nəmli gözümə çəkirəm!

Abdulla Məmməd.

Azərbaycan.Quba.

27.12.2013.