“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Son günlərdə hamı sosial şəbəkələrdən narazıdır… Sosial şəbəkəni ağlı kəsən kimi istifadə edənlərdən yox ha, sosialşəbəkədən…

Texnologiyanın bu dövründə, camaatın Ayda özünə torpaq aldığı, Marsa uçmaq üçün növbəyə durduğu bir vaxtda “Feysbuk pisdir” demək elə asandı ha… Dərd budur ki, elə demək asandır… Deməyə nə var? Allahın lütfüdür, danışmaq qabiliyyəti verib, Sözün yaxasını bizə tanıdıb, atalar demiş, “aç ağzını, yum gözünü, döşə gəlsin ey…” Bəs, görəsən, heç düşünən olubmu ki, atalar niyə gözü yummağı məsləhət bilib? Məsələ burdadı, bax… Biz millət olaraq ağzımıza gələni gözüaçıq döşəyəcək qədər həyasız deyilik. Bizdə həya var, abır var, “üz-üzdən utanar”, “gözünə baxammıram” kimi kriteriyalar var… Amma Feysbuka qədər… İndi gələk, Feysbuka… Bilirsiniz, Feysbuk niyə bizim (məhz azərbaycanlıların) həyatımızın içinə bu qədər dərin və sürətlə daxil oldu? Çünki biz buyuq… Həyatımız bütünlüklə “kimsə” (lər) üçün hesablanıb. Atamıza görə makiyaj etmək arzumuzu öldürürük. Anamıza görə bir gün axşamadək sevdiyimiz işlə məşğul olmaq istəyimizdən əl çəkirik. Qardaşımıza görə öz küçəmizdə yaşayan, xoşumuza gələn oğlana bir təbəssüm etməyi qəbahət sayırıq. Bacımıza (dolayısı ilə bacımızın ərinə, qayınanasına) görə ailəvi qonaqlıqlarda şənlənə bilmirik. Dekanımıza görə tələbəliyimizi asudə keçirib, dərsdə, tənəffüsdə sərbəst olammırıq (dekan deyər: “Qudurub!”). Qonşularımıza görə həyətdə ürəyimiz istədiyi kimi gəzə, əylənə bilmirik. Beynimizin içində bu söz həmişə səslənir: “Gör bizə neçə göz baxır!” Nəhayət, evdə ərimizlə (arvadla) danışmağa qorxduğumuz bütün məsələləri üzbəüz oturmadığımız adamlarla müzakirə edə bilirik.Bizim qanımıza işləyib “üz-üzdən utanar” söhbəti. Axı, Feysbukda “yatıb-duranların” çoxu bilmir ki, “face” elə “üz” deməkdi… Düz deyirəm… Bu fikrə bir günə gəlməmişəm, nə az-nə çox, 8 ildi Feysbukdayam…2012-ci ildə, Feysbuku təzə açdığım vaxtlarda bir evə qonaq getmişdim. Evin gəliniylə belə bir dialoqumuz oldu:- Şəfa, Feysbukdasan?- Hə…- Anam sənin dostluğunda var?- Hə…- Qayınanam da var elə?- Hə…- Mən də istəyirəm Feysbuk. Amma yoldaşım narazıdı. Feysbuka girən gəlinlərə, qızlara pis baxır. Deyir, Feysbuka girmə.Gözlərimi bərəldib susmuşdum. Ciddiyəm, gözlərim bərəlmişdi onda. Anası və qayınanası Feysbukda olan bir kişi arvadına nəyi və niyə qadağan edirdi ki? Düşünə-düşünə gəlmişdim evə, di gəl, düşüncələrimin içində sualımın cavabı yox idi.Bir ay keçmədi ki, Feysbukdan mənə mesaj gəldi: “Şəfa, mənəm ey, Mətiş. Gülçöhrənin gəlini. Anam da var dostuğumda, inanmırsan bax. Dostluq atmışam, qəbul elə də”. Mesajı iki dəfə oxudum. Çünki mənə dostluq atanın adı “Maga Qaqayev” idi. Ərinmədim, girib şəkillərinə baxdım, həqiqətən, Mətişiymiş. Mətbəxdə yemək bişirərkən, yuxudan duranda saçını fenləyərkən, həyət süpürərkən, küçədə ağ su alarkən selfilər çəkdirmiş, Feysbuka qoymuşdu. Dostluğunu qəbul etdim və elə 8 ildi “layklaşırıq”. “Layklaşmaqda”, lap elə “ürəkləşməkdə” ayıb heç nə yoxdu, bilirəm. Ayıb nədir, bilirsinizmi? O günü Mətiş bir təzə don alıb, geyinib güzgünün qabağında selfi edib, donun etiketi də çiynində, hələ qoparmayıb. Şəkli də qoyub profil şəkli. Mən də bir “ürək” atdım, rəy yazdım: “Qəşəng dondu, Mətiş”. O da bir rəy yazdı: “Caannnnn….qəşəng günün olsun, öpürəm, ürəyimmm…” Borclu qalmaq istəmədim, girib rəyinə cavab yazdım: “Mən də səni öpürəm Maga Qaqayev”.Hə, rəyin əvvəlini mən yazmışdım, sonrası avtomatik etiketlənmişdi və nəticədə bu cür biabırçı bir mənzərə alınmışdı. Yazdığım rəyi sildim və qaçdım mesaj qutusuna: “Qadan alım, ay Mətiş, sən mənim canım, profilini öz adına elə də, nolar. Rəy yazanda birtəhər alınır e…” Nə cavab versə yaxşıdı?! “Nə danışırsan? Ərim məni boşayar. Tapşırıb ki, Feysbukda görməyim səni. Deyir, mən camaatın içinə çıxanda başıyuxarı gəzirəm ki, arvadım xalxın arvadları kimi Feysbuka girmir, ağlına gələni yazıb şeir adıyla paylaşmır. Yox, o qələti edəmmərəm, boşamasa da, başımı kəsər. Qısqanc adamdır da, tanıyırsan”. Hə, elə beləcə də yazdı. Anladım ki, daha yazmağa, deməyə sözüm qalmayıb. Özümə söz verdim ki, bundan sonra Mətişin şəkillərini ancaq “layk”layacağam, rəy yazdı yoxdu. Beynimin içindəsə bir səs o gündən bəri elə hey məni qurdalayır ki: “Şəfa, ayıl ey, ayıl… Onun ərinin misal çəkdiyi “xalxın arvadı” sənsən…”Yox, əşşi… Məni deməz. Toyda-vayda üz-üzə gəlirik, məni deməz yəqin… “Üz-üzdən utanır” axı…… Bir də “Feysbuk arifləri” var; bir statusdan adam tanıyan, bir rəylə hökm verən. Hansı qız bir kişi şairin şeirinə “ürək” qoydusa, vəssalam, evdə qaldı. Evdə qaldı nədir, basalaqda adı bədnam oldu. Hələ evdə atasının, qardaşının üstünə cumub: “O nədi, aazz? O kişinin şeirinə “ürək” atan çıxıbsan?” – deməsi o yana, əsas sirr Feysbukda olmayan atanın, qardaşın bunu hardan öyrənməsidir. Hardanmı? Qonşunun qızı Məsməxanım deyib, ərinməyib, həmin “ürək” məsələsini “screen” də edib, durub Nargülün dükanının qabağında, gələnə-gedənə göstərib. Solmaz qarı da tumanının qırçınını bir əlinə yığıb, bir əliylə də hasardan tuta-tuta özünü həmin qızın istəklisinin anasına çatdırıb: “Vaxsey, evi yıxılmış… Oğluna deynən, bir də o qızın adını dilinə gətirməsin. Feysbukda şeirinə “ürək” qoymadığı, statusuna rəy yazmadığı kişi şair qalmayıb…” Sonra da o yan-bu yana baxıb, astadan pıçıldayıb: “İndiki zamanda qız alanda gərək birinci baxasan ki, öz adına Feysbuku var, ya yox?”Hə… Məsələ həmin qızın Feysbukda olub-olmaması deyil ha! Qətiyyən! Yoxsa bu basalaqda Məsməxanım niyə “bizim qızdan” üstün sayılsın ki?! Məsələ ondadır ki, “bizim qız” Feysbuka öz adıyla girib, Məsməxanımsa “Bəhmənkəs Feşmənkəsov” adıyla, özü də “BDU-da oxumuşam”, “SOCAR-da işləyirəm” yazıb.Bu yaxında “Criminal minds” serialında nə eşitsəm yaxşıdır? FBİ agentinin biri o birinə deyir: “Bir qız haqqında hər şeyi bilmək istəyirsənsə, onun Feysbuk və Tvitterinə bax”. FBİ cinayətləri Feysbukla açır məsələsini qoyuram bir qırağa, qızı Feysbukda tanıyırlar… Deməli, biz bizdən bir addım öndəkilərdən öyrənmək əvəzinə, malik olduğumuz düşüncə tərzimizi başqalarına ötürürük; virtual olsa da… Yox, əşşi, bu qədər də olmaz… Biz hara, ABŞ cəmiyyəti bizdən öyrəndi hara, hə?Mənsə, yaman şübhələnirəm. Şübhə də ki, pis şeydir, ya rədd etməlisən, ya inanmalısan. Rədd etmək, imtina etmək də bizim qanımızda yoxdur. Çünki “yox” demək ayıbdı, “bilmirəm” demək zəiflik bizdə. Halbuki bütün ruhani düşüncə sistemlərində imtina kamillikdir… Eybi yox, kamil olmasaq da olar, Feysbukda “laykımız”, “rəyimiz” çox olsun, bəsdir…Hələ 10 dəqiqənin içində, ən azı, 50 rəy yazmağımız, bu rəylərin də: “Amin!”, “Allah rəhmət etsin!”, “Təbriklər!”, “Toyunu görəsən!”, “İraq olsun!”, “Uğurların bol olsun!”, “Görüm, başına daş düşsün!” ardıcıllığında olması bizə nə deyir? Hə… Bilirəm, mən də o fikirdəyəm ki, bizim real həyat tərzimizin virtual kopyasıdır Feysbuk. Utanmasam, deyərdim ki, Mark bu ideyanı bizdən oğurlayıb. Amma utanıram. Axı, üz üzdən (“face face”dən) utanar…Şəfa Vəli (2020)