Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Yazarlarımızın “oxucu yoxdur”, oxucuların da “yazan var ki?!” deyə haray çəkdiyi bir dövrdə yazmağı eşqdən, oxumağı ədəbdən sayıram. Eşqimə güvəndiyim qədər ədəbimə qısılıram, bu gün sizə yaxın vaxtda oxucu marağınızı səsləyəcək bir kitabdan danışmaq istəyirəm: Şahanə Müşfiqin “Hərənin öz romanı”ndan…

Kitabda Şahanənin yelkəni dərddən olan qayıq misalı hisslərin burulğanlarında batmamağa, məhv olmamağa çalışan insanların taleyindən bəhs edən hekayələrilə yanaşı “Qaranlıqlar günəşi” povesti də yer alır. Şahanənin hekayələri haqqında əvvəllər bir-iki dəfə fikir bildirmişəm. Ona görə bu dəfə yalnız povest haqqında danışmaq istəyirəm. İllərdir adını eşitdiyim, amma, oxumaqçün məhz bu ili-karantinin “üzünü ağ çıxarmaq” naminə çalışdığımız bir dövrü gözləməliymişəm. Bu da taledir…Zahid Sarıtorpaq deyirdi ki, “ədəbi mühitdə hərənin bir taleyi var”. Mənsə, elə düşünürəm ki, bu tale, bəxt, şans deyilən nədirsə, müəllifdən ötə mətnə aiddir. İki misrasının şöhrətinə ömrünü oyuncaq edənləri də çox gördük, cild-cild romanların unudulmasıyla adı unudulanı da… Gördük… “Görməz olaydıq” demirəm, bu da tale işidi. Bizimki yazmaqdısa, taleylə nə işimiz var?!

Şahanənin “Qaranlıqlar günəşi”ndə günəşin özünü görməksə, oxucu taleyidir. Ümid edirəm, oxucular da o günəşi görəcək… Görməlidirlər… Bu yazıda günəşin bütöv rəsmin hansı etüdündə gizləndiyinə dair ipucu verəcəyəm, sonra deməsinlər ki, “səmt göstərənimiz, cığır manşırlayanımız olmadı, mətnin içində azdıq…” Bəli, o ipucunu bu yazıda tapa biləcək oxucular…

Hələliksə, Şahanənin məni bir oxucu kimi kompyuterin qarşısından qalxmağa, yaşaran gözlərimi hikkəmə yenik düşməsin deyə yumağa məcbur edən düşüncələrindən bəhs edəcəyəm.

“Hərdən oxuduqlarını beynindən keçirirdi: “İnsan fərd kimi dünyaya gəlir və şəxsiyyət kimi formalaşır. İnsanın şəxsiyyət kimi formalaşmasında cəmiyyətin rolu danılmazdır.” Belə anlarda öz-özünə sual verdiyi də az olmurdu: “Hansı cəmiyyət? Mənə xor baxan, özlərindən təcrid etməkçün əllərindən gələni edən cəmiyyət? Görəsən, bu cəmiyyət məni necə formalaşdıracaq?” Suallarının cavabını tapmaq üçün hələ tez idi; hələ ki, həyat yolunun bu cığırında qarşısına çıxanlar xırda çınqıllar idi…” – Səidədən bəhs edən bu cümlələrdə mən Şahanənin özünü gördüm. Onun həyata baxışına, təkcə öz əllərinin deyil, min illərdi dünyanın ətəyinə uzanan bütün əllərin dərdinə yanmasına bələdəm çünki… Və elə burdaca Şahanə həyat yolunun min bir döngəyə burulan cığırlarından, bu cığırlardakı “keçilməz”lərdən, “gedər-gəlməz”lərdən öyrəndiklərini anlatmağa cəhd edir; əsl həqiqətin insanın əlini dünyanın ətəyinə deyil, sonsuz qüdrətlinin sevgisinə və vəfasına doğru uzatmasında olduğunu söyləyir…

Povestdəki qadın obrazlarının dərdləri taleyin hörüklərinin üç cığasıdı. Lakin, tale burda “saçın ucun hörməzlər”i unudur, çəlmə-keçir edir hörüyünün ucunu, ona görə də hörüyü bənd almır, açılır, cığaların hərəsi küləyə qoşulub bir səmtə havalanır.

Əvvəlcə, Ceylan Mumoğlunun “Qadının üç yaş dövrü” romanını xatırlayıram, Humayı gətirib Gülarənin qarşısına qoyuram. Gözləyirəm ki, görüm, kim kimi danlayacaq: qadınlığına, insanlığına yenilib balasına yadlaşan Humay Gülarəni acizlikdə, itaətkarlıqda suçlayacaq? Yoxsa, “balamı atmamışam” deyə-deyə öz günahsızlığına günahkar axtaran Gülarə qulaqlarını balasının səsinə yumduğu üçün Humaya küsəcək? Heç biri olmur amma təsəvvürümdə… İkisi də anadı axı… İkisi də… İkisinin də ürək dağında “bala” adlı bir göynək var… İkisinin də balasının dilini yandıran bir kəlmə var… Bu kösövə dönən kəlməni Şahanə povestdə elə qəribə anladır ki… İlk dəfə anasını görərkən Nazilənin yaşadığı hisslərdə gizlidir həmin kösövün yanğısı: “İllər boyu deməyə ünvan tapmadığı, dilində közə, ürəyində min cavabsız suala dönən o kəlmənin lənətmi, ərməğanmı olduğunu dərk etməyə çalışdı, bacarmadı… Sadəcə, o sözü dilinin ucundan geri qaytarıb udmağa, ömür boyu elədiyi kimi sükunətə məhkum etməyə gücü çatmadı, sinəsindən qopan “ah” o sözü itələyib dilinin ucundan balalarının məsumiyyətinin üstünə çilədi:

– Ana?!”

İkinci xatırladığım əsər Ancela Karterin “Öpüş” hekayəsiydi. Hekayədə Teymurləngin xanımı memarı öpür ki, Teymurləng döyüşdən dönənədək məscidin souncu tağını da bitirsin. Bunu ərinin naminə etdiyinə özünü inandırmaq istəyir, di gəl, öz-özünü günahlandırmaqdan yaxa qurtarammır. Özü də bilir ki, Teymurləng bundan heç vaxt xəbər tutmayacaq; nə o, dilinə gətirməyəcək, nə də memar kəlləsinin havaya uçmasını gözünün altına almayacaq… Yenə də qadın daxilən ərinə xəyanət etdiyini dərk edir, özünü bağışlaya bilmir, əri gələndə onun üzünə baxmır.

Bu özünü bağışlamamaq Gülarənin də daxilində var; o da anlayır ki, taleyin cığırlarını alaq otlarından təmizləmək iqtidarında deyil, cəhd etsə də, bunu bacarmaz. Yenə də içdən-içə balasızlığında günahkar axtarışına çıxır, atasını, analığını, ərini, qaynanasını düşüncəsində yan-yana düzür, hamısının gözlərinin içinə baxıb “Niyə?” sualını ünvanlamaq istəyir… Amma, onda belə səsi çıxmır Gülarənin… Onda belə susur… Kipləşən dodaqları ürəyindəki harayın kiminsə qulağına çatmasına izn vermir, beləcə, Gülarə uzun illər ürəyində bala nisgili, ruhunda günahkarlıq hissi yaşamağa məhkum olur… Və bir gün Nazilənin ona ünvanladığı “Niyə?” sualına cavabı bu olur: “Mən səni ev-ev, küçə-küçə axtarsaydım, bəlkə də tez tapardım, qızım… İş orasındadır ki, mən səni öz taleyimin tüstüçıxmaz bacalarında, bəxtimin su çəkmiş kömüründə, cığırını ot basmış komalarında axtarırdım… Səni tapmaq bir yana, özüm də azırdım…”

Bir də daxma obrazı var Şahanənin povestində… İnsan talelərinin alatoranlığında siluet kimi görünən bu daxma haqqında Şahanə elə qəribə cümlələr işlədir ki…

“Təbii ki, qoca daxma bunları bilmirdi; onun təsəllisi başqaydı… İllərdi kainata kədərli mesajlar, göz yaşları ötürdüyünə görə utanan daxma bu gün özünü kainatın mərkəzi sayırdı…”

“…O axşam Nazilə və uşaqları çox şeydən danışdılar; Vahiddən, Səriyyə xaladan, onlara həmişə tənə edən, yuxarıdan aşağı baxan qonşulardan, Səidənin “Gün işığı” essesindən… Ən çox da qoca daxmadan…”

Hər köçdə bir dəfə tərk edilməyi yaşayan daxmanı yenə ayrılıq gözləyir. Sonuncu əşyaları götürüb daxmadan ayrılan Naziləylə Səidə təpəyə çatanda Nazilə ağlayır. Qızı ondan niyə ağladığının səbəbini soruşanda deyir: “Bu daxmaya ağlayıram. Bax, biz də gedirik, daha onun hənir edən heç kimi olmayacaq”.

İndiyədək Şahanənin şeirlərində, hekayələrində SEVGİni çox görmüşəm, onun haqqında gah şikayət, gah tərif, gah da dostyana ərk “eşitmişəm” bu mətnlərdə… “Qaranlıqlar günəşi”ndə isə Şahanə “sevgi və xoşbəxtlik” problemini müzakirəyə çıxarır. Öz arqumentini “Sevgini tanıyan hansı ürək dərdin gözünün içinə dik baxmır ki?! Və çərxidönmüş fələk hansı böyük sevgiyə xoşbəxtlikdən heykəl qoyub ki!?” – cümlələriylə masaya qoyur. Mən bu masadan tez qalxdım, bildim ki, dediyim hər kəlmənin arxasında ya şərtilik, ya da sərtlik olacaq. “Bir az vaxtım var” povestimdə dediyim ki, “sevgi- bütün dünyanın əzbər bildiyi, lakin oxuyub-oxumamaqda hər kəsin özü qərar verdiyi yeganə nəğmədir…”

Burdan da keçib söz verdiyim ipucunun yanında dayanıram. Tural Sahabın “Türkan” romanının qəhrəmanıyla “Qaranlıqlar günəşi”nin qəhrəmanını xəyalən tanış edirəm, üz-üzə oturduram… İkisi də-Türkan da, Səidə də qaranlıqların içində işıltıya dönürlər, işıqlarını yorulmadan, usanmadan ətrafdakılara, xüsusilə də, yaşadıqları mühitə, cəmiyyətə ərməğan etməyə çalışırlar. Və işığın mənbəyinə-günəşə gedən yol burdan başlanır: bu günəş təhsildir… Bəli, təhsil! Təhsil və qadın haqqında deyilən müxtəlif yozumlu fikirləri, aforizmləri ard-arda düzməyəcəyəm, yox, bunu istəmirəm! Oxucu özü hansı yozumda, hansı deyimi xatırlayacaq, bu, onun öz işidir…

Sevinirəm… Şahanənin bu povestini oxumaq şansım olduğuna görə, onun növbəti kitabının tezliklə nəşr olunacağına görə. Povestdə Aytacın Səidəyə dediyi bir cümlə var: “Yoxsa, yazıçılar sevinməyə birtəhər baxır?” Bəlkə də, sevincimin altındakı o kövrək nisgilin adıdır “birtəhərlik”, kim bilir?

Yenə də sevinirəm… Və sevirəm tezliklə kitaba dəyər verənlərin masasında yerini tutacaq bu kitabı…Gəlişini sevərək gözləyirəm… Bu ilin aprelində Şahanə artkaspi.az saytına müsahibə vermişdi. Demişdi ki: “Mən yalnızca əsərləri sevirəm, müəlliflərini yox…” Onun fikri məni gülümsətmişdi… Məntiqə sığınanda doğrudur, di gəl, könlünü şeirə əsir edənlərə məntiq yaman yad olur ha… Elə bu səbəbdən, bəzən bir əsərə görə müəllifi, müəllifə görə də əsəri sevdiyini dərk edəndə, artıq gec olur…

Bəlkə də sevincimin altında gizlənən əsas səbəb Şahanənin bu kitabının redaktoru olduğumdur? Bu suala qəti bir “Hə!” desəm, bundan əvvəl “Ulduz”dan oxuduğum “Zaman çatı”, “Bir qutu peçenye” hekayələri məni bağışlamaz…

Nə isə… Əsas odur ki, çox yaxında kitab dünyamıza “Hərənin öz romanı” adlı bir kitab gəlir. O yaxın zamanı gözləyə-gözləyə bu axşamın laylasında kitabı əlinə götürdüyü an Şahanənin sevincini, orda “redaktoru: Şəfa Vəli” sözlərini görəndə anamın necə sevinəcəyini düşünürəm… Edip Cansever`in “İzmirin axşamları” şeirindəki kimi: “İzmirin axşamları İzmirin, Hər kəs səadətini düşünür…”.