Şəfa VƏLİYEVA.”Ədəbiyyatla bağlı kim nə düşünür?”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

III yazı

“Didro effekti”… Yəqin ki, biznes və ticarət sahəsində çalışanların bu termindən çoxdan xəbəri var. 1988-ci ildən terminologiyaya ayaq açan “Didro effekti” alış-veriş vərdişinin insana vurduğu maddi və mənəvi ziyanları açıqlamaq üçün işlədilir.

Bu gün oturub “Didro effekti”nin ədəbiyyata bir dəxli olub-olmamasını çox düşündüm. Nə də olsa, terminin adı bir yazarın adıyla bağlıdır axı… Hə, söhbət məhz ondan – Deni Didrodan gedir…

Bir gün dostu Didroya yeni pijama hədiyyə edir. Filosof pijamasını geyinir, yazı masasına yaxınlaşır, ədəb-ərkanla oturur, yazmağa başlayır və… Və masasının köhnəliyini, əynindəki bahalı pijamaya yaraşmadığını yalnız indi dərk edir; yeni masa alır. Ardınca döşəmədəki xalının rəngləri solğun dəyir gözünə… Sonra da divardakı xalını bəyənmir, pərdələri çoxdandı dəyişmədiyinin fərqinə varır… Beləcə, elə gün gəlir ki, Didro bahalı, bir-birinə yaraşan əşyalara pul xərcləyə-xərcləyə yenidən borc bataqlığına düşür və bu qədər bahalı əşyanın içində yeməyə bir tikə çörək tapmır… Bütün bunlar bir yana, elə həmin borcun, bir tikə çörəyin dərdini çəkə-çəkə, könülsüz-könülsüz masaya oturur, yazmağa başlayır. Bir də ayılır ki, hekayənin son nöqtəsini qoyub… Özü də bu əhvalatı anladan o məhşur hekayənin: “Köhnə pijamam üçün peşmanlıq”…

… Hə, məni düşündürən bax, bu idi; o boyda bahalı əşyanın arasında, əynində o bahalıqda pijama, Didro heç nə yazmamışdı… Yaza bilməmişdi… Yeni hekayəsi isə məhz onun çarəsizliyindən, peşmanlığından “doğulmuşdu”. Qəribədir, deyilmi?

Həm də o qədər qəribədir ki… Ağrımadan, ağlamadan, yanmadan, göynəmədən yazmaq mümkündürmü? Düşüncələrimə indi də bu sualı yük eyləyib dörd yolun ayrıcında, yeddi cığırın görünən səmtində dayanıb öz başıma kül ələyəsi də deyiləm… Yox, bu gün masama heç təzə çiçək də qoymamışam. Eləcə, asta-asta Cəfər Xəndanın o məhşur misralarını zümzümə edirəm:

Axı şairləri şair eyləyən
Vüsal olmayıbdır,
hicran olubdur…

Bilirəm ki, təsəlli axtarışındadı ruhum. Ədəbiyyatın özünün qamçıladığı bir düşüncəni elə ədəbiyyatdan gizlətməyin, fikirlərimin qançırlarının üstünü sözlə, mətnlə örtməyin yollarını axtarıram, di gəl, bu axtarışın da yönü çıxmazadır. Mənsə, fikir köhlənimi keçiçıxmaz qayalıqların üstünə sürməkçün hazır deyiləm. Sadəcə, ədəbiyyatdan umduqlarımın siyahısını tutmağa başlayıram. Məsələn, bir oxucu kimi oxuduğum hər əsərdən məndən bəhs etməyini umuram. Bu, əksər oxucuların gündüz işığında əllərində şam axtardıqlarıdır əslində. Bəzən insanın özünə deyə bilmədikləridir ədəbiyyat, bəzən ehtiyacı olan birkəlməlik təsəlli, bəzən də yolgöstərəndir, həmdərddir, həmsöhbətdir. Hərçənd, Elxan Yurdoğlu deyir: “Özünüzlə nə qədər danışırsınız danışın, yazı adamı yazdıqlarının içindədir və ən yaxşı şəkildə yazdıqlarıyla söhbət edir”. Bəs yazmayan adam? “Yazı adamı” olmayan adam? Onların ədəbiyyatdan umduqları nədir?

Könül istərdi ki, elə bu an səsim yetdiyi qədər bu sualı pəncərəmdən eşiyə – ən azından bir küçəyə bağıra biləydim, heç olmasa, iki-üç cavab alım. Amma könülün hər istədiyi də olmur bu ədəbiyyatı ruhundan “soyunmağa” başlayan dünyada…

Yox, dünya yeni yazılan əsərlərdən, mətbəələrdə çap üçün növbə gözləyən kitablardan hələ kəm deyil. Bu əsərlərdə qəhətə çıxan ordakı ədəbilik-bədii ifadə vasitələridir. Bəzən irad tutanda “…izm janrı onu tələb eləmir” kimi cavablar eşitməkdə də gecikmirik. Unudulan odur ki, bu “…izm, …iya, …ika” kimi janrlar da ədəbiyyatın bir parçasıdır, onun qucağında başını qoyub uyuya bilmirsə, yuxusuna haram qatılsa – heç yazılmasa yaxşıdır, nəinki umduğumuzu gözümüzdə qoyub küsməyimizə səbəb olalar…

Ədəbiyyatdan küsmək… Bu, bir yazarın, bir oxucunun, hansısa fərdin şəxsi faciəsi deyil; bu, bütöv bir gələcəyin, kökü bir insanın ruhundan başlayan, ailə-nəsil-qonşu-iş yoldaşı-amal yoldaşı-cəmiyyət ardıcıllığıyla böyüyən qocaman bir ağacın içindən ahəstə-ahəstə qurumasıdır. Ona görə də, hərdən ədəbiyyatın içində umduğumuzdan bir hənir tapanda sevinirik… Küsməyə min səbəb olsa da, həmişə barışmağa bircə barmaq yer axtarmaqdır sevgi… Və nə yaxşı ki, hələ içimizdə ədəbiyyata olan o sevgi ümidsizliyə canını təslim etməyib!

Bu yaxında Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsini oxudum. Hekayə mənə o qədər tanış idi ki… Yaddaşımı silkələdim, ilk dəfə oxuduğum bu hekayənin əvvəlinimi, axırınımı tanıyırdım, təsvir olunan hadisənin harda başlayıb-harda bitdiyinimi bilirdim, bunu anşırdammadım. Amma nəydisə, hardaydısa, “Soyuq daş”da ayrılanların paralel dünyadakı vüsal anını anladan bir başqa əsər vardı tanıdığım. Sonra tapdım o əsəri, elə özüm yazmışammış “Birlikdə üşüyək” adlı hekayəni. Qayıdıb öz hekayəmi təkrar bir də oxudum. Elə bil, iki hekayə bir-birini tamamladı. Sadəcə, sonun əvvəli kimi. Çox düşündüm, görəsən, “Soyuq daş”ı daha əvvəl oxusaydım, “Birlikdə üşüyək” yazılardımı? Bilmirəm… Bu da mətnin taleyidi; hardasa öz yarısını – yarını tapmaq onun da nəsibidi.

Düzdü, həmin vaxt “özünü Yusif Səmədoğluna tay tutursan” kimi ironiyalar da eşitdim, indən sonra da eşidəcəyimdən əminəm. Amma bir də güzgünün gümüşü tərəfinə baxdım: əgər zamanın hansısa kəsiyindəsə “Azərbaycan ədəbiyyatı” deyiləndə hansısa bir əsərinin adı Yusif Səmədoğlunun əsəriylə yan-yana çəkilməyəcəksə, onda bu günün Azərbaycan yazıçıları niyə yazır? Bəs onların umduqları nədir bu ucsuz-bucaqsız ədəbiyyat dəryasından? Bu sualın cavabını tapmaq istəyərdim… Di gəl, əlimizin çatmağı bir yana, ünümüzün yetdiyi yerlər də daş hasarların o üzündə qalıb…

Bayaq janrlar və onların tələblərindən danışırdım axı… Bu gün daha çox detektiv janrda yazılan əsərlərdə umduğum bədii təsvirlərin kasadlığını görürəm. Ağzımı açıb bir söz demək o yana, elə gözümücə bərəldib müəllifin üzünə baxan kimi cavab hazırdı: “Burda o dediyinə heç gərək də yoxdu. Oxucu qısa, lakonik mətn, hadisələrin gərgin xətlə cərəyan etməsini istəyir. Biz də onu yazırıq”. Tamam… Bununla da razıyam… Oxucu nə umursa, onu “qızıl sinidə qarşısına qoymaq”la məşğulsunuz, çörək hamının haqqıdır, anam bütün yaradıcılığını arxasınca qaçdığı, amma heç vaxt çatmadığı bir “sarı beş qəpikliyə” qurban verib, bunu, məndən yaxşı anlayan tapılmaz. Amma… Axı… Siz yazıçısınız… Yazırsınız… Yazı adi anlayış deyil… Yazının insan taleyinə bağlılığını duyan, anlayan, idrakından bulaq suyu kimi süzdürən ulularımız taleyimizə “yazı” deyib…

Bir də yazdığınız janrın klassikləri var ki, dediklərinizi, yazdıqlarınızı haqsız çıxarmağa yetir. Məsələn, Adam Hall “Casus postu” detektiv romanında yazır: “Sağ tərəfdə, Schinkel abidəsinin ötəsindəki işıqlara baxdım. Gizlədilməyən qürurla söylənən bir sözü xatırlamışdım: “Bu da Berlin!” Berlin haraydı, necə bir yerdi? Bir zamanlar yer üzünün cəhənnəminin paytaxtı, ortasından divarla bölünmüş, ikiyə ayrılıb da hər parçası təkbaşına yaşayan soğulcanları andıran bir şəhərmi?”

Təsvirə baxın, bənzətməyə baxın… Mənim ədəbiyyatdan umduqlarım siyahısında hər əsərdə məni heyran qoyacaq ifadələrin olması da var…

… Necə ki, “Ulduz” jurnalının “525-ci qəzet”lə birgə hazırladığı “9-luq” layihəsində Rəşad Məcid deyir: “Söhbət ədəbiyyatdan gedirsə, ədəbiyyatın başqa sahələrdən fərqi odur ki, həyatı yüksək səviyyəli bədii obraz və çalarlarla təsvir edir…”

Mənbə: https://525.az/