“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Biri var idi, biri yox idi, bir balaca siçan balası vardı. Bu siçan balasına anası hər gün yaxınlıqdakı böyük evdən pendir qırıntıları, çörək ovxantıları gətirirdi. Anası danışırdı ki, böyük evdə yaşayan balaca oğlan səhər yeməyi zamanı pendiri dırnaqlarıyla didməyi, çörəyi ovcunda ovxalamağı çox sevir. Nə qədər anası danlasa da, o, bu vərdişindən əl çəkmir. Həmişə də söhbətin bu yerində siçan balası anasından soruşardı: – O balaca oğlanı anası niyə danlayır? Axı, o, pendiri didməsə, çörəyi ovxalamasa, mən ac qalaram… Anası da gülümsəyir, onun başına sığal çəkir, deyirdi: – Əziz balam, hələ böyü… Sənə o qədər gözəl giləmeyvələr, meyvələr, dadlı tərəvəzlər gətirəcəyəm ki… – Balaca, ağ göbələklər kimi? – Hə, mənim balam. Balaca ağ göbələklər kimi. Bir az böyü, özün çıxıb yemək axtaracaqsan. Anası belə deyəndə siçan balası böyümək üçün çox tələsirdi…. …Günlərin bir günü siçan balası möhkəm acmışdı. O qədər acmışdı ki, anasını gözləməyə səbri çatmadı, yuvadan eşiyə çıxdı. Çıxan kimi gözlərinə yuvanın başı üstündə sallanan yaşıl budaq, budaqdakı uzunsov, qırmızı giləmeyvələr sataşdı. Balaca siçan indiyədək bu giləmeyvələri görmədiyinə təəccübləndi. Yüyürək özünü budağın yanına çatdırdı və dişlərini qırmızı giləmeyvələrdən birinə batırdı. Adını bilmədiyi giləmeyvə həm acı, həm də turş idi. Siçan balası ağzındakı tikəsini uda bilmədi, üz-gözünü turşudub birtəhər yerə tüpürdü. Ağzındakı tam yox olmurdu. Burnunu üçyarpaqlı yoncalara, qaymaqçiçəklərinə sürtə-sürtə bir az daha böyük evə tərəf getdi. Bu dəfə də qarşısına taxta çəpərin o üzündən bəri sallanmış, tikanlı və üstündə qırmızı, qara giləmeyvələri olan bir budaq çıxdı. Siçan balası ehtiyatla başını qaldırıb giləmeyvələrə baxdı. Qaralan giləmeyvələr elə də qəşəng görünmürdü. Amma, qırmızı giləmeyvələr… – Mmmm…Ciyyy… Siçan balasının dişləri qamaşdı, ağzındakı acı-turş tamı unudub özünü qırmızı giləmeyvəyə çatdırdı. Bir dişləm aldı, udmamış ikinci dişləm də gəldi. Siçan balası az qaldı ki, boğulsun. Başını torpağa sürtə-sürtə ağzındakını yenə tüpürdü. Qırmızı meyvələr o qədər turş idi ki, siçan balası heç çeynəyə də bilmədi. Kefi pozulan, mədəsi acından get-gedə daha bərk quruldayan siçan balası bu dəfə daha sürətli qaçmağa başladı. Özünə söz verdi ki, bir də heç bir budağa yaxınlaşmayacaq. İri ağac kötüyünün başına hərlənib o üzə keçən kimi qarşısına iri, üstündə ağ xalları olan qırmızı bir papaq çıxdı. Siçan balası gülümsədi, bunun nə olduğunu bilirdi. Bu, göbələk idi. Anasının gətirdiyi balaca, ağ göbələkləri xatırladı. Elə dadlı olurdu ki o balaca göbələklər… Siçan balası sevincək iri göbələyə yaxınlaşdı. Bu dəfə dişini yox, balaca caynaqlarını işə saldı. İstəyirdi ki, göbələyin papağından özünə iri bir pay bölüb götürsün, gözlərinə acı, yaşılımtıl tüstü doldu. Tüstünün hardan gəldiyini öyrənmək üçün yaşaran gözlərini ətrafa zillədi. Birdən gördü ki, bu acı tüstü göbələyin papağından, onun caynaqlarını batırdığı yerdən çıxır. Siçan balası göbələkdən uzaqlaşmaq üçün səmti də seçə bilmədi. Gözlərini gah bərk-bərk yumur, gah açıb ətrafa baxır, gah da əlinə keçən yarpaqlarla gözlərinin yaşını silməyə çalışırdı. Bu minvalla nə qədər getdiyini bilmədi, birdən nəyəsə dəyib dayandı. Burnuna tanış qoxu gəlirdi. Yavaş-yavaş gözlərini açdı. Qarşısında iri, yumru, sarı bir meyvə vardı. Deyəsən, hansısa ağacdan qopub yerə düşmüşdü. Siçan balası meyvədən gələn ətri doyunca ciyərlərinə çəkdi. O, bu ətri tanıyırdı, amma meyvənin adını yadına sala bilmədi. Gözünün acışması da, ağzındakı turş-acı tam da yadından çıxdı. Yadında qalan təkcə mədəsindən ara-sıra eşidilən qurultuydu. Siçan balası ağzını geniş açıb dişlərini meyvəyə batırdı… Yenə bir dişlək… İki dişlək…Üç dişlək… Çox dadlıydı bu meyvə. Elə dadlıydı ki… Yeyə-yeyə yenə meyvənin adını yadına salmaq istəyirdi. Amma yadına düşmürdü. Beləcə, siçan balasının qarnı doydu və o, hər dişləkdə bir az daha içinə girdiyi meyvənin içindəcə yumrulanıb yuxuya getdi. Anasının səsini eşidib oyananda günün isti vaxtıydı. Sən demə, anası evə gedib, balasını tapmayıbmış. Yuvanın yaxınlığındakı cırcıramalardan, çəməndəki uğur böcəklərindən, qaymaqçiçəklərinin başına fırlanan arılardan, ağacdakı dələlərdən soruşa-soruşa gəlib balasını tapıb. Anasını görən siçan balası çox sevindi, başına gələnləri anasına danışdı. Anası da yuvaya gedə-gedə ona hər şeyi başa salırdı. İlk rast gəldiyi giləmeyvə itburnuymuş, onun meyvəsini ancaq payızda, yumşalandan, şirinləşəndən sonra yemək olurmuş. Qırmızılı- qaralı giləmeyvələrin adı böyürtkən imiş. Anasının dediyinə görə, böyürtkənlər yetişəndə qaralır. Qara böyürtkənlər şirin, şirəli və doyumlu olur. Siçan balası isə qırmızı, yetişməmiş böyürtkənləri dişləmişdi. Qırmızı göbələklər də zəhərli olurmuş. Ona görə onları yeyən olmur, yekəlib lap yekə olurlar. Yeməli ağ göbələklərsə lap balaca vaxtından yeyildiyinə görə yekələ bilmirlər. – Bəs məni doyduran nə idi, ana? – Almadı, mənim balam. Sən axı almanı tanıyırsan. Yadına gəlir, qışda sənə böyük evdən alma qaxı da gətirirdim? Siçan balası gülümsədi: – Hə… İndi yadıma düşdü, ana. Beləcə, ana-bala gülə-gülə, sevinə-sevinə yuvalarına çatdılar. Və siçan balası anasına söz verdi ki, bir də ondan icazəsiz yuvadan çıxmayacaq, hər əlinə keçəni də yeməyə çalışmayacaq.