This image has an empty alt attribute; its file name is ea.jpg

“Ulduz” jurnalının 2021-ci il üçün ilk, yanvar nömrəsi işıq üzü görüb. “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn jurnalın bu nömrəsi poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş xüsusi buraxılışdır. Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır. E.Akimovanın “Poeziyada Vətən” məqaləsini təqdim edirik.

Yola saldığımız 2020-ci il bir çox proseslərlə xarakterik olsa da, bir məqamı – 30 ilə yaxın işğalda olan Qarabağın azad olunması sevincini, Zəfər duyğusunu, qalibiyyət əzmini bizə yaşatdığı üçün tarixi bir dönüşün aktını gerçəkləşdirdirən zaman kəsiminin simvoluna çevrildi. Bu proseslər həm də Vətən anlayışına həssaslığımızı artırdı. Bütün məqsədlərin, bütün amalların önünə birinci Vətən keçdi. Vətən üçün ölməyin, vətən üçün bir olmağın nümunəsini sərgilədi Azərbaycan.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsdən vətən şeirlərinə həsr olunmuş buraxılış hazırlamaq təklifi alanda bunun çox zəruri olduğunu düşünüb razılaşdım. Üstəgəl “Ədəbiyyat qəzeti”nin birgə layihəsidirsə. Niyə də olmasın? Onsuz da vətən amili, məfkurə bütövlüyü qəzetin baş redaktoru Azər Turanın uğruna ömrünü nisar etdiyi bir qayədir. Poeziyaya gəlincə, bütün dövrlərdə vətən mövzusu işlək olub, müxtəlif intonasiya və məzmun orijinallığı ilə şeirə gətirilib. Baş verənlərə operativ reaksiyanı nümayiş etdirmək, dünyanın və cəmiyyətin təbii axını ilə üz-üzə dayanmaq hər zaman poeziyanın boynuna düşüb.

Ədəbiyyat, sənət insanları birliyə səsləmir, həm də birliyə hazırlayır. Ziyalının rolu, aydının missiyası insanları hər cür keçid dövrünə, sınaq məqamlarına səfərbər etməkdir. Düşüncədə, ovqatda və fəlsəfədə vahid məkanı yarada bilmək mənasında mənəviyyat adamlarının üzərinə hər zaman həlledici rol düşüb. Bu rolu hansı qələm adamı məsləkinin “tərcümeyi-halına” çevirib, hansı yaradıcı şəxsiyyət daha çox uğurla realizə etməyə çalışıb? Məsələn, poeziyamızda Vətənin obrazı necə əyaniləşib? Hansı dövrlər, hansı mərhələlər onu daha yaxşı şəkildə bədii sözün təcəssümü etməyi bacarıb?

Vətən anlayışı poeziyamıza Əli bəy Hüseynzadənin İstanbul Universitetində təhsil aldığı illərdə yazdığı “Hali-vətən”i ilə daxil olub. Bunu ötən il “115 yaşlı “Hali-vətən” adlanan yazısında ədəbiyyatşünas alim Azər Turan geniş araşdıraraq qeyd edir: “Əli bəy Hüseynzadənin “Hali-Vətən”i o dönəmdə Vətənin fəlsəfi-kultroloji kateqoriya, şüur hadisəsi kimi təzahür etməsini təmin edir, Vətənin halını poeziyanın yüksək dilində ifadə edən ilk şeirimiz kimi meydana çıxır. “Hali-Vətən”in sonrakı taleyi, zaman-zaman toplumun yaddaşında oyatdığı intiba onun millət quruculuğunda hansı miqyasda iştirak etdiyini, bu prosesdə məhək daşı olduğunu düşünməyə əsas verir” (Azər Turan. 115 yaşlı “Hali-vətən”. “Ədəbiyyat qəzeti”, 2019, 12 yanvar).

Ucundadır dilimin

həqiqətin böyüyü;

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi!

Bilirmisən cühəla

Nə etdilər vətənə?

Nə qoydular uyuya,

Nə qoydular oyana!..

Cümhuriyyət sevdalı, hürr əzmli poeziya… Bu dövrün ədəbiyyatı mənəviyyata milli kimlik, milli mənlik ovqatının aşılanması baxımından xüsusi önəm kəsb edir və bütün dövrlər üçün görk edilə biləcək səviyyədə ona üz tutulmasına layiqdir. Həqiqətən də, mənəvi səfərbərlik ruhunun dirçəldilməsində, ümumxalq ruhunun hürriyyət məramı ətrafında birləşdirilməsində XX əsrin əvvəllərinin milli özünüdərk, milli istiqlal idealı ilə yoğrulmuş poeziyanın xidməti əvəzsiz olmuşdur. Bu dövrdə poeziyada və nəsrdə tərənnüm və milli özünüdərkdən doğan milli ləyaqət və şərəfin vəsfi digər mövzu və problemləri kölgədə qoymuşdur. Milli triadamızın banisi Əli bəy Hüseynzadənin böyük yurd sevgisinin təzahürü kimi gerçəkləşən və ədəbiyyatımıza ilk vətən şeiri kimi daxil olan “Hali-vətən” nümunəsindən tutmuş “Ey vətən, ey pəriyi-vicdanım/ Səni sevmək deyilmi imanım” kimi – Hadinin vətəni sevməyin düstürunu yaradan misralarına qədər ucsuz-bucaqsız sevgi, sonsuzluq işarəsi…

Akademik İsa Həbibbəyli XX əsrin əvvəllərindən etibarən milli ədəbi-ictimai fikirdə Azərbaycançılıq təliminin əsas yer tutduğunu bildirərək yazır: “Azərbaycançılıq – milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi kimi xalqın və ölkənin milli maraqlarının – maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati həlabat səviyyəsinə qaldıran ümummilli məfkurədir” (Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri. Bakı: “Elm”, 2019, s.102-103). Məhz məfkurəvi qayəyə söykənməsi, milli özünüdərk və vətənpərvərlik ideyalarının parlaq təcəssümünü verməyi əsas hədəfə çevirməsi XX əsrin əvvəllərinin poeziyasını həlledici mərhələ kimi təsnif etməyə imkan verir. Bu poeziyanın içində hər şey var. Yalnız bir əsr əvvəlin deyil, bir əsr sonranın yaşantıları, çırpıntıları, savaş və coşğu ruhunun əks olunduğu bütün çalarlar: şəhid ağrısı, bayraq ucalığı, müzəffər ordu, türk birliyinin qələbəsi, düşməni əzmək məramı, vətən sevgisi, yurd aşinalığı, Turan əzəməti və s ., və i…

Bəli, ədəbiyyat, bədii söz həm də tarixin yuvasıdır, bu günün dərslərini zamanın sonrakı axarına qatan və gələcəyə ötürən ən etibarlı məxəzdir. Bu halda qanunauyğun bir məqam da var: baş verənlərlə birlikdə ona münasibət də tarixin predmetidir! Bir əsr əvvəlin ədəbiyyatı millətə enerji püskürən qüvvət mənbəyi oldu. Sonrakı illərdə də vətən mövzusu şairlərin ən çox xitab etdiyi ünvana çevrildi. Sovet ideologiyasının ən sərt, ən qatı dövrlərində vətən mövzusunda gözəl mətnlər yazıldı: Səməd Vurğunun “Azərbaycan” şeiri vətəni tərənnümün, vəsfin ən poetik nümunəsi oldu. Bu şeirlə bağlı professor Qorxmaz Quliyevin belə bir fikri var: “Biz hələ S.Vurğunun “Azərbaycan” şeirinin “Azərbaycan” adlı məkanın SSRİ daxilində, Azərbaycan xalqının sovet xalqı içində əriyib yoxa çıxmasının qarşısını almaqda, bu gün öyünə-öyünə vurğuladığımız mentallığımızın qorunub saxlanmasında rolunu lazımınca dəyərləndirməmişik. “Azərbaycan” şeirindən sonra azərbaycanlılar üçün Azərbaycan əbədi olaraq Ana Vətəndir… “Azərbaycan” şeirindən sonra poeziyamızda Vətənin vəsfi ilə bağlı yaranmış bütün bədii nümunələr bu və ya digər şəkildə S.Vurğunun dünyaduyum və deyim tərzinə söykənir, S.Vurğun ənənələrini davam etdirir… Bu baxımdan, məhz S.Vurğunun “Azərbaycan” şeirinin pafosu B.Vahabzadənin uzun illər keçəndən sonra “Gülüstan” poemasını yazmasına imkan yaratdı” (“Mən bir uşaq, sən bir ana” – Bədii fikirdə Vətən mövzusu. “Azərbaycan” j., 2011, №2, s.169).

Bəxtiyar Vahabzadənin “Gülüstan”ındakı pafosun Vurğunun “Azərbaycan” şeirindən nəşət tapması ideyası o qədər özünü doğrultmasa da (zənnimcə, poetik ruh etibarilə “Gülüstan” XX əsrin əvvəllərinin istiqlal amalından doğan şeirləri ilə daha ortaq ədəbi müstəviyə gəlir) onların bir müştərək məqamda birləşmələri dəqiqdir: unudulmayan, uca tutulan, mehrab kimi müqəddəsliyinə tapınan vətən amili! Bu amil Səməd Vurğunun şeirindən başlamış vətəni əziklik kompleksindən çıxarıb ona milli məzmun, mənəvi qüdrət aşılayan Bəxtiyarın, Xəlil Rza Ulutürkün odlu misralarına qədər estetik ərazini çevrələyir. Vətənin dili, bayrağı, ordusu, əsgəri daim bədii təcəssüm predmeti olur. Qarabağla bağlı nigaranlığını da gizli-gizli varlığında daşıyır bu poeziya. Məsələn, Rəsul Rza 1970-ci ildə Qarabağ silsiləsindən və içəriyində “Sənin doğma torpağında / neçələrin gözü qalıb. / Vətən adlı doğma yurddan / püşk olarmı?!” Pay olarmı?!”, – kimi xəbərdarlıqların yer aldığı şeirlər yazır. Süleyman Rüstəmin Qarabağ şeiri 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunur. Qarabağ mövzusuna, başlanan hadisələrə rəsmi mətbuatda ilk poetik münasibət idi bu şeir. Baxmayaraq ki, 80-ci illərin ortalarında Eldar Baxışın Zori Balayana cavabı artıq dillərdə dolaşırdı.

1960-cı illər milli poeziyada modernizmə keçid anı idi. Bu dövrdə yaranan şeirlər fəlsəfi-intellektual təmayülün əsasını qoymaqla bahəm, düşüncə vüsətinin genişliyi ilə seçilir, insana münasibətdə planetar səviyyədə narahatlıq və sevincin izharına çalışır, şairin öz fərdi “mən”inə marağını arxa plana keçirir, daha çox ictimai gerçəkliyə münasibətini önə çəkməyi tərcih edirdi. Bu məqam vətənə münasibətdə də hakim idi. Məsələn, Əli Kərimin “Ana” şeiri düşüncələrimizi daha əyani şəkildə sərgiləyir. Hətta anasına ünvanladığı şeirdə belə şairin duyğuları fərdi yaşamından, subyektiv hiss-həyəcanının inikasından qanadlanmır, rejimin şair önünə yuvarlatdığı SSRİ adı ilə işarələnmiş siyasi-coğrafi məkanın – “ictimai-siyasi Vətən” anlayışının hüdudlarından çıxış edirdi:

Mən səni bağrıma basanda bərk-bərk,

Gör nələr düşünüb, nələr duyuram!

Elə bil Göyçaydan Kamçatkayadək

Vətən torpağını qucaqlayıram.

Tarixlə poeziyanın missiyası eyni məkanda və eyni niyyətdə həmişə birləşiblər: yaddaşın oyaq qalmasına münasibətdə. Çünki tarix kimi poeziya da meyardır. Yaddaşa, həqiqətə qoyulan abidədir. 60-cı illərdən başlayaraq vətən mövzulu şeirlərdə yanaşmaların istiqaməti dəyişir, vətən sevdalı, kök, mənşə bağlarına sadiq, tarixə və yaddaşa etibarlı bir sənət nümunəsi olaraq yaranan şeir nümunələri təsəvvürün sınırlarını aşıb sabaha, gələcəyə doğru inkişafda milli ədəbi, fəlsəfi və əxlaqi qütbləri nişan verirdi. “Torpağı ot deyil, kişi göyərdən – Vətən! Vətən!” , – yazırdı Sabir Rüstəmxanlı. Bu şeirlərdə insanın, fərdin mənəvi varlığını yaddaşla bağlayan qatlara, dəyərlərə şair marağı öndə durur, onlar insanı yalnız təbiətin deyil, həm də və daha çox tarixin bir parçası kimi təsvir etməklə önəmli görünürlər.

Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqubun ömür bioqrafiyasında, ədəbi yaradıcılığının tərcümeyi-halında geridə qalan bir əsrə yaxın zaman kəsiminin addımları duyulur və bu addımlar milli tariximizin, milli varlığımızın nəfəsi duyulan qatlarından ayaq açıb yeriyir. Bu qatlar tarixdir, dildir, azadlıq idealları, istiqlal vuruşudur. Bu şairlərin şeirləri sovet dövründə bilərəkdən güdaza verilən tarixi yaddaşın, bilərəkdən unutdurulan dil yaddaşının, bilərəkdən susdurulan azadlıq nidasının diriliyinə imkan vermək amacına xidmət üçün ərsəyə gəlmişdi. Onların poeziyasında gur, çılğın notların başlanğıc məqamları bu amillərə söykənirdi. Vətənin və xalqın tarix bioqrafiyasını poeziyanın yaddaşına çevirmək… Bu şairlərin daha çox “eşidilən”, daha çox qulaq verilən sözün sahibi olmalarının mahiyyətində dayanan amillər bununla bağlıdır.

Bu illərdə vətən anlayışına münasibətdə başqa bir təmayül də gəlişirdi. Ümumiyyətlə, 70-80-ci illərdə poeziyanın mövzu və ifadə şəklinin dəyişməsi vətən mövzulu şeirlərə də təsirsiz qalmadı. Vətənlə bağlı ekstravert duyumun yerini şairlərin qəblərinin dərinliklərində özünə yer etmiş munis, doğma bir vətən anlayışı tuturdu. Tribun səciyyəli siyasi tematikadan imtina edilməyə, toplumsal yanaşmanın yerinə poetik qəhrəmanın fərdi vətən anlayışından doğan çalarlar gəlməyə başladı. Bu dövrün poeziyasında daha çox kədərin kamilləşdirici roluna önəm verilməsi, şeirlərdə başlıca hədəflərin absurd situasiyalar, insan təkliyi, mənəvi böhran təsvirlərinin olması, həyat və ölüm, dünya və mən, təbiət və insan mövzularının özgə problematika və mündəricədə poetik müstəviyə gətirilməsi vətən mövzusuna da baxışı müəyyən qədər dəyişdi.

Qara qız ol, qara torpaq,

ol dəlin olum sənin.

Gir qoynuma, tək məni sev,

Son sevgilin olum sənin.

Gir qoynuma, dol canıma,

Tapmasın heç bir ölkə,

Heç bir ölüm, din səni.

                       Vaqif Bayatlı Odər

1980-cı illərin sonlarında başlanan xaotik proseslər, 90-cı illərdə törədilən Qanlı Yanvar faciəsi sovet imperiyası ilə bağlı bütün illüziyaların puç olduğunu göstərdi. Baş verən kataklizmlər, gözlənilməz fəci olaylar ədəbi fikrin də çaşğınlığına səbəb oldu. Daha sonra kəskinləşən Qarabağ problemi, ard-arda itirilən torpaqlar, bir-birini əvəzləyən fəci günlər, qəhrəman oğullarımızın itkisi … və müharibədən məğlub çıxmaq reallığı bədii düşüncəyə yansımaya bilmədi. Hadisələr elə sürətlə baş verdi ki, bütün düşüncə sferalarında bir qırıqlıq yaşanmağa başladı. “Boşluq mərhələsi” adlandırdığımız 90-cı illərdə hakim olmuş deqradasiyanın nəşət tapdığı məqamlar burdan qaynaqlanırdı və ardından ruhun tənəzzül durumunu labüdləşdirirdi. Buna görə müstəqillik dövrünün poeziyası daha çox minor motivlər üstə köklənən, insanın mənəi-ruhsal tənəzzülünü sərgiləyən ovqat şeirləri ilə xarakterizə olunur. Bu qırıqlıq vətən mövzulu şeirlərə, hətta bu mövzuda poetik əlvanlıq nümayiş etdirən şairlərin psixoloji durumuna, vətən və obrazın ruhi vəziyyəti arasındakı münasibətə də sirayət etdi. Bəxtiyar Vahabzadənin misraları həmin tənəzzülü aydın ifadə edir: “könlüm oldu xarabazar/talan mənim içimdədir”.

Bu mərhələdə yazılan əksər şeirlərdə müharibənin tragik lövhələri müxtəlif ovqat polifonizmi ilə bədii təcəssümün predmetinə çevrilmişdir. Daha çox qisas ritminə köklənən, yağı düşmənə qarşı alov püskürən bu şeirlər düşüncə tərzinin emosional yönümü ilə yadda qalır: “Mən bilirəm: geriyə yol yoxdur atam!/Öncül oğul dönüb geri baxmır, atam!” (M.Araz); “Əhrimənlər yuvasını darmadağın edəcəksən,/Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən,/Altı milyard insanlığam, qarı düşmən, sənsə təksən,/Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən.” (X.R.Ulutürk); “Nə qədər ki, qisası yağıdan almamışıq,/Düşmənin qollarını yanına salmamışıq,/Haqqımızı qazanıb qələbə çalmamışıq,/Eşqim, ruhum, mənliyim hərəsi bir yaraqdır!/Bu da bir cür imtahan, bu da bir cür sınaqdı!/Vətən, əymə qəddini, dar gündü, dar ayaqdı!!!” (Z.Yaqub); “Qalx, düşmən əlində vətən çırpınır,/Qayaya çırpılır, daşa çırpılır,/Qalx, qovaq göylərdən bu qara yeli./İrəli, irəli, ancaq irəli!” (F.Mehdi); yaxud “Geysin döyüş paltarını Alov saçan dağ-daşımız,/Ağlamayın, məlhəm deyil yaramıza göz yaşımız!” (H.Kürdoğlu).

Ümumiyyətlə, müharibənin ilk illərində poeziyada bu çalar – yəni, sınmamaq, düşməndən öc almağa çağırış notları daha qabarıq idi. M.Arazın “qorxuram ki, sına millət, ağlama” xitabı üstə qurulan şeirlərdə əsas poetik məkanı coşqu, dərdə əyilməzlik, mübarizədən usanmamaq meyilləri istila edirdi. Füruzə Məmmədlinin “Haqqım Qarabağ” şeirində olduğu kimi:

Ağrıdan, əzabdan yordum özümü,

Sındırdım özümü, qırdım özümü

Mən çox arsızlığa vurdum özümü.

İndi qisas deyib kükrəyim daha,

Bitsin əsir ömrü sürməyim daha.

Bu istəyin realizə olunmaması şairlərdə pessimizm duyğusu yaradır, onlarda aqressiya hissini qüvvətləndirir, onlar gah döyüşçüyə müraciətlə: “Əcdadımız yatan bu dağ sənindir,/Viranə görünən yaylaq sənindir,/Odu söndürülən ocaq sənindir,/Qaçma bala, qaçma, torpaq sənindir!!!” (H.Kürdoğlu), gah vicdanını ittihamla: “Müsibətlər, məşəqqətlər/Edir yaman tüğyan bu gün!/Yatan vicdan,/Oyan vicdan!/Sən vətənin keşiyində dayan, vicdan.” (N.Xəzri), gah da özünü qınaqla “İşıqlısız, Dəlidağsız, Kəlbəcərsiz nə vətən,/Qırxqız hanı, Turşay hanı, Ağbulaqsız nə vətən,/Qarabağsız ah çəkirdik, Qarabağsız nə vətən,/O gözəllik səltənəti tapdalanırsa, /Neynirik bu canı biz?!” (H.Kürdoğlu); “Cırtdan boyda Çeçenistan/Dəvə boyda Rusiyaya dərs verəli/Onu şöhrət məqamından endirəli/Mən özümü necə varsa, /Elə görüb utanıram./İndi çeçen qeyrətindən/Dərs götürüb utanıram” (B.Vahabzadə) kimi şeirlər yazırdılar.

1990-cı illərin sonlarından başlayaraq zaman və onunla bağlı ideyaların deqradasiyaya uğraması cəmiyyətdə son problematikasını labüdləşdirdi, şəxsiyyətin iflasına, onun içindəki çöküş fəlsəfəsinin yaranmasına rəvac vermiş oldu. 1990-2000-ci illərdə Həmid Herisçinin, Murad Köhnəqalanın, Rasim Qaracanın, Salam Sarvanın, Qulu Ağsəsin, Zahir Əzəmətin, Aqşin Yeniseyin, Sevinc Pərvanənin, Nərmin Kamalın və başqa müəlliflərin yazdıqları nümunələrin əksəriyyətində sərgilədikləri mövzulardan asılı olmayaraq ağrılı bir Zaman var. Onlar cəmiyyətə və dünyaya aqressiv münasibəti, sərt dramatizmi, kəskin pafos, ironiyası ilə seçilir. Bu şeirlər daha çox sosial mənzərələrin təsvirinə açılır, sosial-ictimai təzyiqlərdən mənəvi təbəddülatlara uğramış insanın ovqatını, ruhi sarsıntılarını sərgiləyir. Vətənə, Qarabağ məsələsinə münasibətdə sərt dramatizm önə keçir. Zahir Əzəmətin “Əsgər məktubu”, Rasim Qaracanın “Əgər ən yaxın dostun müharibədə ölmüşsə”, Qulu Ağsəsin “Müharibə əlili” şeirlərində insan faciəsi ən epataj səciyyəli elementlərinə qədər poetik təsvirin predmetinə çevrilir, vətən üçün döyüşən insan şüurunun altyapısı, içinin təlatümü – qorxusu, narahatlığı, arzusu bədii mətnə gətirilir.

Səbəb aydındır: bu şairlərin yetişdikləri dövr 1990-cı illərdir ki, bu dövrə xas olan bütün fəci reallıqlar onların baxışlarına xüsusi təsir göstərib: müharibə, yurd itkisi, şəhidlik ağrısı, müxtəlif qətllər, zorakılıqlar, soyqırım dəhşətləri, ictimai-siyasi xaos, mənəvi-əxlaqi deqradasiya və bütün bunları tarixi taleyində daşımağa müncər olmur insan həyatı. Buna görə də gənclik dövrü məmləkətin sərt sınaqlar və fəci yaşantılar dövrünə düşənlərin istər geriyə, istərsə də gələcəyə yönələn baxışında ancaq və ancaq yaddaşlarına hopmuş, lokal əlacsızlıq məngənəsində çabalayan insanın portretini sərgiləmək missiyası var. Bu disharmoniyanın içində Vətən anlayışına münasibət də ironikdir:

Mən bu Ana Torpağı

öz üst-başımda yalnız toz-torpaq

kimi gördüm, vəssalam…

                                          Salam Sarvan

Biz müharibə aparan, erməni kimi düşməni olan bir ölkənin yazarlarından bunu gözləyirdikmi? Son otuz ildə vətən adına ideoloji təbliğat etiraf edək ki, o qədər də dərinə işləmədi, milli insanın içindəki savaş ruhunu zəiflətdi. Vətəni coşğulu, aşina bir ruhla sevmək yerinə, yuxarıdakı ironik kontekst önə keçdi. Erməni qızına heyranlığı poeziyaya gətirmək, qaziyə, əsgərə olan biganəyi sərgiləmək, vətənin ağrılarını deyil, qüsurlarını hədəfə alıb onsuz da zamanın gətirdiyi pessimist ovqatı bir az da dərinləşdirmək. Bu mənada, Ramiz Rövşənin “səni sevmək çətindir, vətən, nə gündəsən?” misraları ilə başlayan şeiri bir vaxtlar təntənəli pafos və tərənnümlə süslənən Azərbaycan – Ana Vətən obrazının dekonstruksiyaya uğradılmış şəkli təsiri bağışlayır. Ramiz Rövşənin digər şeirində vətən anlamı insan içinin çöküşü, dərin böhranı ilə harmonik verilir, milli-mənəvi-əxlaqi idealların tənəzzülə uğradığı yerlərdən, natur-fəlsəfi qatlardan nəşət tapır.

Nə uzun çəkdi, vətən,

dönüb sənə qayıtmaq.

İçimin qürbətindən

bu vətənə qayıtmaq.

Ona görə biz XX əsrin əvvəllərində yazılan şeirlərdən daha inamla bəhs edirik ki, milləti qalib edən poeziya məxəzimiz həmin dövrün hər misrası ilə vətən quran, birlik əzminə xidmət edən mətnlərində əyaniləşib. Dövr qarışıq, dolanışıq çətin, yurd-yuvaları sərgərdan olsa da, Hadinin “məyus olma amandır” misrasındakı kimi ruhsal zənginlik özünü tükətməyib.

Qürbətdə yaşayan şair Məmməd İsmayıl da vətənlə bağlı şeirlərində sınanmış, dəyişməz əxlaqi-mənəvi dəyərlər axtarır, amma Ramiz Rövşəndən fərqli olaraq, pessimizmə qapılmır, bu dəyərləri mehrab kimi tapındığı Sözün yaşamında, gücündə, sehrində tapır. Onun üçün vətən elə sənətin var olduğu məkandadır, şairin içinin “sənətin qürbətindən sənətin vətəninə” doğru yol alan və daim sabit qalan mövqeyindədir. Vətənlə bağlı işıqlı və kövrək hisslər onun misralarında ən uca vurğulardan, yaşanan ən qüvvətli və səmimi duyğulardandır.

Gedərsən, məchula yol gedər gedən,

Qürbət, bir açılmaz sirdən başlıyar.

Burnunun ucunu göynədən vətən

Yadına düşdüyü yerdən başlıyar.

Gedərsən, vətənin qalar vətəndə,

İçinin içində köz vətən olar.

Dərdinə, sərinə vətənsən sən də,

Qürbətdə sənə də söz vətən olar.

***

Qürbət, ayrılıq, uzaqlıq, həsrət deyilən anlayışların üzərinə gəldiksə Təbrizsiz ötüşə bilməyəcəyik. Bizim bir tərəfimiz hər zaman əksik olub. Biz cənuba, Cənub bizə həsrət qalıb. Hər dəfə o taydan gözü nəmli, nisgil dolu baxışları gördükdə, həmvətənlərimizin ana dili, vətən sevgisi uğrunda mücadiləsinə şahid olduqda vətən sevgisinin bitməzliyi, tükənməzliyinin necə ali hiss olduğunu dərk etmişik:

Nə həsrət, nə hicran olsun,

Vahid Azərbaycan olsun!

Qoy birləşsin bir can olsun

O sahil də, bu sahil də.

                            Xəlil Rza Ulutürk

Poeziyamızda Təbriz mövzusuna müraciətdən heç usanmadı şairlər. Nə usandılar, nə də qorxdular! Sovetin tüğyan elədiyi vaxtlarda, 1958-ci ildə şair Rəsul Rza “Ərk qalası” şeirini yazdı, sovet hökümətinin ən sadiq ideoloqlarından olan Süleyman Rüstəm mövzu Təbriz olunca əli titrədi, Təbrizlə bağlı ən yanğılı şeirin müəllifi kimi yazdırdı adını ədəbiyyat tarixinə. Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının, Xəlil Rza Ulutürkün “Apardı Sellər Saranı” şeirinin odlu misralarında Təbriz obrazı hər zaman diri qalaraq bada verilməkdə olan azadlıq nidasının oyanışına xidmət etdi.

Milli müstəqillik qazandığımız 90-cı illərdən sonra da poeziyada Təbriz mövzusuna marağın, müraciətin azalmadığının şahidi oluruq. Bu dövrdə müharibə, şəhidlik, köçkünlük kimi bəlaların, müəyyən sosial problemlərin özü ilə gətirdikləri mövzular Təbrizlə bağlı düşüncələrə ardıcıl köklənməyə imkan verməsə də, hər halda poetik yaddaşın mövzuya həssaslığını qoruduğu bəlli olur. Fikrət Qocanın “Azadlıq şərqisi”, Nəriman Həsənzadənin “Qıfılbənd”, Nüsrət Kəsəmənlinin “Ağlama, Təbrizim, ağlama…”, Vaqif Bəhmənlinin “Araz bayatıları”, Sabir Rüstəmxanlının “Təbrizdə bayram axşamı”, Sona Vəliyevanın “Arazbarı” və s. silsilə şeirlər yüzillik yaşı olan bir mövzunun işlənməsi baxımından önəm kəsb edir.

“Ulduz” jurnalı ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsi olan vətən mövzulu şeirləri təqdim etmək ideyası doğanda həm də Təbrizə həsr edilmiş mətnləri xatırladım. Biz birləşməyincə heç vaxt bütöv olmayacağıq. Amma dünyanın dörd bir bucağına səpələnmiş olsaq belə, bir-birimizə uzanan qollarımız, sevgi ilə baxan gözlərimiz, ağrı ilə vuran ürəklərimiz var olduqca, biz elə – vahid, yekparə, bütöv Azərbaycan olacağıq həm də!

Bu buraxılışda bütöv Azərbaycan var. Güney Azərbaycan – Şəhriyar, Mir Mehdi Etimad, Məhəmməd Biriya, mühacirət ədəbiyyatı – Kərim Yaycılı, Türkiyədə yaşayan – “Azerbaycan yüreğimde bir şahdamardır” misralarının müəllifi olan Qarabağ əsilli türk şairi Yavuz Bülənt Bakilər. Çünki bir məqam faktdır: içimizdəki birlik sevdamız, hürr əzmimiz, ruh savaşımız ölmədikcə “məfkurəyə doğru qoşmaqdan” əsla vaz keçmədik. Ona görə qazananlardan olduq.

***

2020-ci ilin sentyabrın 27-dən Azərbaycanda 44 gün davam edən İkinci Qarabağ savaşı başladı və noyabrın 10-u ermənilərin məğlubiyyəti ilə sona yetdi. Azərbaycan müzəffər ordunun və Ali Baş Komandan İlham Əliyevin əzmi ilə işğal altında olan tarixi torpaqlarını geri qaytardı. Tarixi-etnik yaddaş, müstəqil dövlət təfəkkürü və istiqlal təlimi ilə bağlı bizə aşılanan “ulusu sevmək fənni” şüurumuzun, milli-mənəvi varlığımızın tərəqqi hərəkatında iştirak edib öz işini gördü. Böyük sevgi və coşğu ilə ön cəbhəyə döyüşə atılanlar, vətənin ərazi bütövlüyü uğrunda can fəda etməyə hazır olanlar böyük qürur mənbəyinə çevrildilər. Budur, Türk olmaq ibtidadan yurd üçün savaşmağa müştaq olmaq demək! Dünyaya meydan oxumaq, “bir hilal uğruna” min dəfə ölüb doğulmaq demək!

Millət olmağın, bütöv yaşamağın yaddaşda və amalda keçdiyi yolun müxtəlif mərhələləri olur. 90-cı illərdə bir xalq olaraq bu yolu Ümummilli lider Heydər Əliyevlə keçdik. O mərhələ ki, görünməmiş mənəvi, əxlaqi-siyasi deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə dünyanın idarəçilik panteonunda çox şey, bəlkə də hər şey dəyişdi: texnogen sivilizasiya özünü tükətdi, qlobal zor və şər stixiyası, anti insani düşüncə meydan suladı, irqçi fəlsəfələr, vulqar qərbçi “humanizm” oyunları, məzhəbçi müharibələr çeşidi kamalın təntənəsinin heç bir nəticə verməyəcəyinin sübutu oldu. Gözəllik dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal qalib gəlmədi.

Belə bir qlobal və geopolitik maraqların toqquşduğu seysmik zonada, antitəbiət və antiinsani dünya kultunun hakimi-mütləq olduğu bir zamanda, üstəlik Qarabağ kimi problemə az qala utopik və apokalipsis baxışın gücləndiyi bir dönəmdə toparlanıb millətimizin taleyində tarixi bir dönüşə imza atmaq İlham Əliyevin siyasi səriştə, dövləti təfəkkür və intellekt miqyasında ehtiva etdiyi gücün sözü idi ki, qəfil açılan sillə kimi boz üzlərə çırpıldı. Hər cür süni, qondarma qanun və stereotiplərin, perspektivdən məhrum bəyanatların qarşısına milli müqəddəratın meyarını qoydu. Bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın önünə sərdi. Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi “məğrur lider obrazı” isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu.

Tarixin ibrət dərsi həm də bu oldu ki, biz 28 il cismən uzaq salındığımız Qarabağımızdan ruhən heç ayrılmadığımızı dünyaya bəyan etdik. Düşmən isə oralarda xarabazarlıq yaratmaqla öz müvəqqəti mövcudluqlarına bəlkə də hamıdan çox özlərini inandırmışdılar. Heç Eşq olan ürəkdə xarabalığa, viranəliyə yer olarmı?! Əsla! Biz Qarabağı ona görə geri ala bildik ki, içimizdəki İlahi eşq, haqqın qələbəsinə inam oralara qayıdış yollarımızı işıqlandırmışdı. Qarabağı bu eşqlə xilas etdik, fəth etdik. Əsgərlərimiz bu eşqə tapındıqlarına görə şəxsiyyət və fərd kimi türk oğlu türk olaraq qaldılar. İnsanlığa və humanist dəyərlərə xidmətdən bir an belə olsun vaz keçmədikləri üçün. Tanrı və əbədiyyət sevgisinə ucalmaq hər müharibə aparan xalqın mükafatı ola bilməyib.

II Qarabağ savaşı ilə bağlı yaşanan bütün situasiyalar, yaşantılar müəyyən qədər bədii sözün predmetinə çevrildi. Əlbəttə, prosesi gerçəklərin, günün içindən yazmaq çətin işdir. Amma məlumdur ki, ağır sınaq məqamlarında, millət taleyüklü problemlərlə üz-üzə qalanda ilk operativ sözü poeziya deyir. Bu mənada, yazılmış bir çox şeirlərdə son günlərə aid olan notların yanaşı verildiyini görmək çətin olmur: müzəffər ordumuz, igid əsgərlərimiz, zabitlərimiz, qalib Baş komandanımız, düşmən əsarətindən qurtulmuş vətən torpaqlarımız, şəhidlərimiz, qazilərimiz, arxa cəbhənin yaşantıları, qardaş Türkiyənin köməyi, İlham Əliyev – Ərdoğan dostluğu və s. Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması, Məmməd İsmayılın “Azərbaycan əsgəri”, Vahid Əzizin “Azərbaycandır Qarabağ”, Vaqif Bəhmənlinin “Vətən əsgəri”, Qulu Ağsəsin “Ağdam”, İlqar Fəhminin “Balaca kişilər”, Əjdər Olun “Qırx dörd günə”, “Sevinc Nuruqızının “Ağdam”, Adilə Nəzərin “Bu zəfərin mübarəkdir, ey Vətən”, “İki can”, Vaqif Aslanın “Ali Baş Komandanım”, Zahid Xəlilin “Ağdamım, ağ şəhərim”, Avdı Qoşqarın “Azərbaycan əsgəri”, Həyat Şəminin “Salam, əsgər”, Əhməd Qəşəmoğlunun “General Polad bəy”, Esmira Məhiqızının “İndi hamı davaya getmək istəyir”, İbrahim İlyaslının “Qarşınızda bir ömür sayqı duruşundayız”, Elnur Uğur Abdiyevin “Gözün aydın, Azərbaycan”, Faiq Hüseynbəylinin “Vətən nəğmələri”, Sərdar Aminin “Bir dəqiqəlik sükut… Gecə siqnalı” kimi mətnlər qələbədən sonra yaranacaq ən yeni ədəbiyyata artıq “ərəfə” poeziya nümunəsi qismində daxil olub.

Bu şeirlərdə, hər şeydən əvvəl, poetik potensialın yeni imkanlarının üzə çıxdığını görürük. Məsələn, Qulu Ağsəsin “Ağdam” şeirində olduğu kimi. Şeirdə hər cür gurultu, poetik təntənədən uzaq olan ibarələrlə deyil, adi danışıq dilinin sözləri vasitəsilə psixoloji effektə nail olunduğunu görürük. Qulu Ağsəs ümumiyyətlə, dilin adi sözlərini poeziya səviyyəsinə qaldırmağı bacaran şairlərdəndir. “Ağdam” şeirində də dolğun ifadəlilik qazanmış misralar arasında məntiqi ardıcıllıq metaforik Vətən anlayışının, Ağdam obrazının daşıdığı məzmun genişliyində cəmləşir. Və hər misra şeirdəki ümumiləşdirilmiş metaforanın mərtəbə-mərtəbə açılışına xidmət edir:

Ağ alınlı qızılı atların vətəni,

seyid cəddinə içilən andların vətəni!

Sən dar gündə

Şuşaya arxa,

Xocalıya ümid oldun.

Son nəfəsəcən döyüşdün,

son nəfərəcən şəhid oldun…

Ağam şəhərim!

Adam şəhərim!

Ağdam şəhərim!

Şükür külünə,

şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb

yüz min dəliynən gəlirik.

Bir “Uzundərə” havası çal,

çıx Bərdə yoluna –

Uzundərəynən gəlirik!..

Soljenitsın yazırdı ki, “əgər bir millətin mənəvi qüdrəti tükənibsə, onu heç bir hökümət xilas edə bilməz”. Doğru fikirdir, bütün müharibələri qalib edən xalqın içindəki milli intibah ruhudur. Cəmi 44 günə qazanılan zəfərlər bizə düşüncədə, ovqatda millət kimi qürurlu olmağın bütün səviyyələrini yaşatdı. Biz ölkə, ordu və xalq miqyasında vahid mənəvi məkan yarada bildik. Müharibəni hərbi texnikadan öncədən alt qatdan püskürən milli enerjinin əzəməti uddu.

Bu gün artıq ayağını yerə möhkəm dayayan, başını göyün zirvə qatına söykəyib ərazi bütövlüyünü təmin etmiş məğrur, azad Azərbaycan var. Onun istiqlal və zəfərinin məxəzində dayanan amil isə poeziyamızın aşıladığı yaddaş və yurd sevgisi təlimidir:

“Ustadımız deyib heçdir, Vətənsiz can, Azərbaycan”!

Mənbə: http://edebiyyatqazeti.az/