This image has an empty alt attribute; its file name is %D0%91%D0%B5%D0%B7-%D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F.jpg

Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,
Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.

Uzaq düşsə gözümdən dilbərim, könlüm dözər, çünki
Sevənlər bilməmiş olmaz, vüsal hicrandan ayrılmaz.

Vəfasızdan vəfa ummaz, vəfadan yoğrulub eşqim,
Canından ayrılar aşiq, fəqət canandan ayrılmaz…

Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa,
Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz.

*Bu şeir Xalq şairi Süleyman Rüstəmin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur