This image has an empty alt attribute; its file name is 118563526_1552827504924140_505143189830121002_n.jpg

ÖZÜMDƏN NARAZIYAM

Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var.

Bu arzular, bu nəğmələr,
Bu səslər bir saz kimi
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?

Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndən əvvəl doğulubdur
Sinəmdəki duyğular.

Səhv atılan addımları
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram.

Six ey yanlış addımlarım,
Məni dərdə saldınız.
Mən sizinlə döyüşdükcə,
Gün-gündən çoxaldınız.

Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.

İyul, 1960, Riqa

*Bu şeir Xalq şairi Bəxtiyar Vahabzadənin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur