Buz bulaqlardan ötrü təşnə idi…
Çoxlarının “Cümşüd dayısı nə qədər nikbin olsa da, o qədər DƏRD daşıyırdı
Yaddaşıma daş atdım ki, bəlkə ötənləri-itənləri bir balaca olsa da xatırlayım. Nə gizlədim, ilk yadıma düşən o oldu. Yalnız ona görə yox ki, xatirimiz bir-birimizin yanında əziz idi. Bəlkə də tanıyıb-bildiklərimin arasında daha çox səmimi, sakit təbiətli olmasından idi ki, çox istəyirdim xatirini.
Kəlbəcərdə orta məktəbi bitirib ali təhsil almaq üçün evdən və eldən çıxıb uzaqlaşmışdım, rayona qayıdanda nə mən çoxlarını, nə də çoxları məni tanımırdı. İlk iş yerim Aşıq Şəmşir adına Kəlbəcər şəhər Mədəniyyət Evi oldu. İstedad qapı açandır,-o zaman hiss elədim. Rayon mədəniyyət şöbəsinin müdiri, dramaturq, şair, aktyor və musiqişünas Kamal Neməti də elə orada tanıdım. Tanıdıqlarımın hər birinin özünəməxsusluğu var idi. Məsələn, baş mühasibimiz Famil Cavadovla mədəniyyət evinin direktoru Şəfaqət Süleymanovu müqayisə eləmək olmazdı. Biri ciddi, həddindən artıq, digəri o dərəcədə zarafatcıl…
Hamı onun “bacıoğu-bacıqızı”sıydı elə bil
Mədəniyyət işçilərinin bir dayısı var idi Cümşüd adında: fağır, sakit, təbəssümlü, astayerişli, ortaboy… Hamı da dayı qədər çox istəyirdi xatirini. Bunun səbəbləri vardı. O da yaşından asılı olmayaraq, sanki hər kəsin dayısı olduğunun fərqindəydi, hamıya “bacıqızı”, “bacıoğlu” deyirdi. Day belə insana necə dayı deməyəsən ki?
Yox, yox, rayonumuzda “Dayı”ləqəbli bir ağsaqqalımız, xeyirxahımız, Hacı Zeynalabidin kimi səxavətlimiz (oxu: “pulunun dəlisi”) var idi- Mamed Xudaquliyev. Kimsə onun adının Məhəmməd olduğunun fərqinə varmazdı, dayı kimi tanınırdı, adını da demirdilər. Amma Cümşüd Kamalov dayı statusunu mədəniyyət şöbəsində qazanmışdı.
Kəlbəcər rayonunun hər tərəfi əsrarəngizliyi ilə diqqət çəkib. Keştək bölgəsinin isə bir özgə füsunkarlığı vardı. Yellicə kəndi də Göyçə gədiyinə yaxın salınmış kəndlərdən idi. Dağların əlçatmazlığında binələnən bu obada dünyaya göz açanların da arasında istedadlılar az deyildi. Cümşüd dayının nəsil-nəcabətində belələri barmaqla göstərilirdi. Yalnız 3-nün adını çəksəm bəs edər: İsməli Dağlaroğlu ilə Zahid Muxtar və Ədalət Dəlidağlı…
Hər iki şairin qələminə, qəlbinə nəinki kəlbəcərlilər, bu gün xalqımız bələddir, Ədalətin sazına isə Türk dünyası heyrandır. Fikrim bu şairləri və aşığımızı yenidən təqdim etmək deyil.
“Qəpik-quruş” davası eləməzdi
Cümşüd dayı mədəniyyət evində, eləcə də şöbədə çalışan işçilərin həm də ay ərzində ümid, güman yeri kimi tanınırdı. Mədəniyyət şöbəsinin metodisti vəzifəsində olsa da, həm də xəzinədarı idi. And içərəm ki, mədəniyyət işçilərinin aylıq əməkhaqqından ona qalan “qəpik-quruş”u da elə orada xərcləyirdi. Bunu da ürəklə edirdi. Kənd mədəniyyət işçilərinin vaxtında almadıqları əməkhaqqıları digərlərinin ehtiyacına əsirgəmirdi. Bu da xeyirxahlığın bir forması idi.
Cümşüd Kamalovu bu xarakterinə görə hamımız çox istəyirdik. Vicdanı təmiz, əqidəsi saf olan belə kişilər ac qalmazlar. Cümşüd dayının da süfrəsi açıq idi, ürəyi kimi. Onunla zarafatlar da dadlı-duzlu olardı. Sanki istedadına görə seçilənlərdən idi. Famil Cavadovla dostluğu daha yaxşı tutardı. Kənd mədəniyyət müəssisələrini yoxlamağa gedib-gəldikdən sonra bu, bir “dastan”a çevrilərdi.
Bir dəfə Ayrım bölgəsindəki (Lev ərazisini deyirdi) klublara, kitabxanalara illik avadanlıqların yoxlanması üçün gediblər. Gəlib danışırdı ki, “bacıoğlu”, klubda tribunaya söykənib soruşdum ki, “bacıqızı”, tribuna hanı, yoxdu?
Klub müdiri də elə qorxulu hala düşüb ki, çaşıb qalıb, anlamayıb ki, tribuna nə olan şeydi. Elə bilib ki, evə apardığı radio-maqnitafonu deyir. Tez dodaqalrı əsə-əsə deyib:
-Cümşüd dayı, sınmışdı, aparmışam usta düzəltsin.
Cümşüd dayı da gülüb deyib:
-Bacıqızı, bəs bunun (o, söykəndiyi tribunanı göstərir) adı nədi?
Klub müdiri anlamayıb. Üzünü Famil Cavadova tutub ki, bəlkə kömək eləsin. O da Cümşüd dayıya sarı dönüb deyib:
-İndi deyirsən ki, bu yazıx bir aylıq maaaşını verib ustaya canını qurtarsın?
Cümşüd dayı eyhamı anlayıb vəziyyəti düzəlib:
-Cavadov, nə deyirəm ki, düzəltdirsin də, qoysun yerinə.
Belə məzəli hadisələr Cümşüd dayı ilə Famil Cavadovun başına az gəlməzdi. Onu da iş yerinə gələn kimi danışıb-gülərdilər.
“Məktub” məsələsi, “toypayı” siyahısı…
Cümşüd dayı qanunu sevər və hamıya da bunu təlqin edərdi.
Yaxşı xatırlayıram. Deyəsən, sonbeşik oğlu Tapdıq olan vaxtlar idi. Ya uşağın görümünə, ya da kiçik toyundan sonra kollektiv Cümşüd dayıgilə getmişdik, başda Kamal Nemət olmaqla. Mədəniyyət işçiləri də “itoynadan” olur axı: hamı da zarafatcıl. Yaxşıca yeyib-içdlər. Hamının “keyfi düzəldi”. İndi siyahı yazılmalıdır axı, toypayı. Ayın elə vaxtıdır ki, əməkhaqqını götürüb işçilərə verməyiblər. Əslində, Cümşüd dayının vaxtı olmayıb ki, bankdan əməkhaqqını götürüb versin. İşçilər də fikirləşdilər ki, bəs necə etsinlər? Axı, kollektivin üzvlərinin birinin xeyir-şərindən qalmayan Cümşüd dayının bu işinə necə getməsinlər?!
“Əlac” tapıldı. Famil Cavadov “məsləhət elədi” ki:
-Dünya dağılmayıb ha, Kamal müəllim, kollektiv gedək xeyir işimizə (bizi ayrıca qonaqlıq üçün dəvət edib haa!-M.N.), orda da gizlicə konverti verək Kamalova. Açıb oxuyanda görsün ki, günah özününküdür.
Sən demə, bir məktub yazılıb hazır olub. Məktubda yazılıb “…vallah, günah səninkidir, Kamalov, maaşı vermədiyin üçün pulsuz gəlməyə utanıb bu məktubu yazmalı olduq. İnşallah, maaşı alanda özün adambaşına 20-25 manat tutarsan, vedomostla”…
Beləcə, getdik yeyib-içməyə. Haqqüçünə, gözəl bir qonaqlıq oldu. Sazlı-sözlü məclisdə az adam keflənmədi, əksəriyyətimizin halı yaxşıydı. Aşıq Əzizə dedilər ki, daha gecdi, yığışın, gedək. Əziz də nə desə yaxşıdır:
-Kamal müəllim, tova, bura bizim evdən yaxşıdır. Uyyy Allah, hara gedim ey? Gejənin bu vaxı Sınıxkilsiyə gedim, arvat məni itnən qovsun?!
Beləcə, o məclisimiz başa çatdı. Hamı yeyib-içib kefləndi, pul-zad da yazdıran olmadı.
Cümşüd dayı bizdən sonra məktubu açıb baxmaq istəyir ki, görsün siyahıda kimlərin adı var. Baxır ki, nə siyahı ey? Yarım vərəqlik bir məktubdur-üzürxahlıq edilir. Bilmir ki, gülsün, yoxsa əsəbləşsin. Evdə üstünü vurmur. Sabahısı işə gələndə baş mühasibin otağında bu məsələni bir-iki nəfərə dedi, həm də utana-utana. İnanın Allaha ki, bizim əvəzimizə yazıq kişi özü utandığından, qıpqırmızı olmuşdu.
Məsləhət oldu ki, maaş veriləndə işçilər özləri yazılacaq. Maaş vaxtı da gəldi, əməkhaqqnı alıb otaqdan çıxanların üzünə də baxmadı ki, bəlkə müftə yeyənlər başa düşüb siyahı yazılsınlar. Beləcə, nə özünü o yerə qoyan oldu, nə də Cümşüd dayı başını qaldırıb bircə nəfərə demədi ki, balam, bəs borcun?..
Cümşüd dayı hər ayın sonunda maaş alınanda əsas simaları qonaqlığa aparanda düşünürdüm ki, yəqin bu dəfə rəhbərlər qoymaz xərci o ödəsin. Lakin, hər dəfə də kassanın qəpik-quruşunu yeməkxanada-kababxnada qoyub çıxanda, rəhmətlik Söhrab dayı deyirdi:
-Kamalov, cibinə min-bərəkət.
Bax, əsas məsələ də elə bu “bin-bərəkət, min bərəkət”dəydi. Heç vaxtı cibindən pul əskik olmazdı. Kənddə təsərrüfatları var idi, səxavətliliyi ilə mərdanəliyi Cümşüd Kamalovu kollektivimizə elə sevdirmişdi.
SSRİ-nin “usquşnu günü” keflilik…
Daha bir maraqlı xatirəni də yazmaya bilmədim. Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnev ölən günüdür. Biz mədəniyyət işçiləri də raykomluğun satqınlarından guya oğurlanıb Tərtər çayı boyunca günorta naharına getmişik. Yenə də bizi Cümşüd Kamalov nə ilə bağlısa qonaq aparıb. Yeməkxanadan çıxanda şöbə müdiri Kamal müəllim qayıdıb geri – maşının içərisində bizə baxıb dedi:
-Ayə, ay uşaqlar, vayyyy! Evimiz yıxıldımı? Bu gün Brejnevin dəfn günüdü, biz də yeyib-içməkdən gəlirik!
Hamı bir-birinin üzünə baxdı. Kamalov, deyəsən, lap çox qorxmuşdu. Axı, o da
partiyaçı idi. Həm də raykomluqdan bilsələr, satacaqdılar. Burada partiyadan qovulmaqdan daha çox həbsolunma da ola bilərdi ha! Bundan qorxurdu. İstisu mineral sudoldurma zavodunun yaxınlığındakı yeməkxanadan Keştəyin suyuna kimi maşınla gəldik. Burada Cümşüd dayı dedi:
-Kamal müəllim, indi burda nə var ki? Elə hesab eliyin: biz də yasdan gəlirik dayna. Urusdar ölüsünü basdırmamış yeyib-içmilər ki?!
Hamının eyni açıldı. Amma, deyəsən, Cümşüd Kamalov bunu bizim kefimizin pozulmaması üçün deyirmiş.
Bir az keçməmiş o, yenidən dilləndi:
-Bəşir (sürücümüzün adını çəkdi), saxla mən düşüm, bacıoğlu, evdən idarəyə gətiriləsi əmanət var.
Sürücü maşını saxladı. Cümşüd dayı maşından düşüb “Dəlikdaş” adlanan yerdən Yuxarı düzə qalxan yola düzəldi, payi-piyada. Biz də 5-6 nəfər gəldik Mədəniyyət şöbəsinə. 1-2 saat keçdi, Cümşüd dayı gəlib çıxmadı. Kamal müəllim işçilərdən birini göndərdi ki, ( o zaman əl telefonu yox idi axı) otur maşına, gedin Kamalov Cümşüd görün niyə gəlmədi? Birdən halı pis olar, ürəyi ağrıyan adamdı, yolda həyacanlanmışdı.
Doğrudan da Cümşüd dayı evə özünü zorla çatdırıb yorğan-döşəyə düşmüşdü. Sadəcə, ürəyindən yox, həm də həyacan və qorxudan ki, raykomun “Qaloş”ları onu da sata bilər və partiyadan qovar, həbs edərlər.
Cümşüd Kamalovun həyatından, onunla bağlı xatirələrdən bir dastan yaza bilərəm. Lakin, məqsədim, əlnəttə, el-obamızın belə sakit təbiətli, qonşu və el adamlarını xalqımıza tanıtmaqdır.
Didərginlik illrində Gəncədə görüşdük. Az qala tanımadıq bir-birimizi. İkimiz də qan-yaş axıtdıq. Oğlu İsməli müəllimin qələminə əhsən dedim, sevindi, güldü. Dedi ki, bəs dədəm də yazan idi. Sən demə, İsmayıl baba da sinəsi dolu gedib bu dnyadan.
Cümşüd Kamalov Kəlbəcərdə şəxsiyyət kimi tanınmış nəsillərdən birinin layiqli təmsilçisi idi. Yeri behişt, balaları, nəvələri sağ olsun. Onlara Kəlbəcərə, Yellicəyə, Baş yurda, Əli daşına, Anqutdu gölünə dönməklərini arzulayıram.