Zümrüd Baloğlanova – 75

Keçən ay Milli Mətbuatımızın qaranquşu olan «Əkinçi» qəzetinin ilk sayının nəşr olunmasının 146 ili tamam oldu. Bu, eyni zamanda Azərbaycan Milli Mətbuatının tarixidir. Milli Mətbuatımız 146 illik tarixi boyu Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayıb. Bu tarix qələmi müqəddəs bilən, onun saflığını, təmənnasızlığını qoruyub saxlayan bütün söz adamlarının bayramıdır. Məlumat üçün bildirək ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı 2001-ci ildə formalaşdırılıb və hazırda öz ətrafında təxminən 70 nəfər jurnalisti birləşdirir və bu qələm sahiblərinin əksəriyyəti də respublikamızın müxtəlif KİV-lərində (televiziya, radio, qəzet, jurnal və internet saytlarında) müvəffəqiyyətlə çalışmaqla ölkəmizdə, o cümlədən hər birimiz üçün doğma olan Sumqayıt şəhərində həyata keşirlən abadlıq, quruculuq işlərinə öz töhfələrini verirlər. Belə sayılıb-seçilən jurnalistlərdən biri də bu gün 75 illik yubileyinin işığına yığışacağımız Zümrüd xanım Nöhbala qızı Baloğlanovadır.
Əgər Zümrüd xanımı bir neçə cümlə ilə xarakterizə etməli olsaq, təxminən aşağıdakı kimi bir formula ortaya çıxar:

  • Zümrüd xanım qarışqa ömrü yaşayıb, 17 yaşından etibarən boyundan uca, çəkisindən qat-qat ağır işlərin altına verib çiynini (hələ 8-ci sinifdə oxuyarkən ailəyə madddi dəstək olmaq üçün atdığı cəsarətli addımı da diqqətə alsaq, bu artıq 14-15 yaşlara gedib çıxır);
  • işinə qarşı çox ciddi və məsuliyyətli olub, tapşırılan işi mükəmməl qaydada yerinə yetirməyincə rahatlıq tapmayıb;
  • yarımçıqlığı xoşlamayıb, çalışıb ki, işinin bilicisi olsun;
  • hər kəsin dediyini və bildiyini tutuquşu kimi təkrarlamayıb,
    məsələlərə öz yanaşması, öz münasibəti olub. Çayın axarı ilə yox, axarına qarşı üzməyi xoşlayb;
  • həmişə haqqın yanında olub, kiminsə haqqını qamarlamaq istəyənlərə qarşı barışmaz mövqe tutub;
  • yalanı yaxına buraxmayıb, yalançılardan uzaq gəzib, buna aşkar-gizli cəhd edənləri də, sözün yaxşı anlamında, cəzalandırıb;
  • ürəyi rəhimlidir, mərhəmət hissi heç vaxt qəlbini tərk etməyib. Əl tutduğu, yardım etdiyi, iş verdiyi, aş verdiyi insanların minnətdarlıq dolu baxışlarını özünün ən ali mükafatı sayıb (amma məqamı gələndə sərt üzünü də görməyə hazır ol);
  • Həmişə azdan-çoxdan imkanı və pulu olub, şükür Allaha, bu gün də var, amma heç vaxt maddiyyata önəm verməyib. “Qonşun ac yatırsa, sənin tox və rahat yatmağa haqqın yoxdur” prinsipini həyat amalına çevirib;
  • qeybətdən, dedi-qodudan uzaq olub, xanımları da həmişə bu yönə dəvət edib.
  • xoş və müsbət aurası var. Getdiyi yerə sevinc aparıb, gülüş, təbəssüm aparıb. İnsanlar arasında həmişə səmimiyyət və mehribançılıq toxumu əkməyə çalışıb;
  • dostun, yaxının uğuruna sevinib, heç kimə quyu qazmayıb, ayağının altından nərdivanı çəkməyib, əksinə güçü, qüdrəti, istedadı, əzmi, düşüncəsi olanlara yüksəlmək üçün nərdivan təklif edib;
  • vətənini, millətini, xalqını canı, qanı qədər sevib, həmişə dövlətin və dövlətçiliyin yanında olub. Hər iki Qarabağ savaşındakı misilsiz fəaliyyəti, etdiyi yardımlar, olduğu dəstəklər, şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğı hər kəsə bəllidir;
  • layiqli vətəndaşdır, yurdumuzu qarış-qarış gəzib, təbiət gözəlliklərindən ilham alıb və yazılarlında bu gözəllikləri vəsf edib…
  • həyat davam edir, ötən illər Zümrüd xanımın nə insanlığını, nə də nə xarakterini dəyişə bilib. Bu illər ərzində qərarlaşdığı ali məqamı qoruyub saxlaya bilib.
    Ötən illər demişkən, gəlin Zümrüd xanımın keçdiyi şərəfli ömür yoluna nəzər salaq və ömür kitabını vərəqləyək.

Zümrüd Nöhbala qızı Baloğlanova 23 avqust 1946-cı ildə Bakı şəhərində (öz dili ilə desək, Abşeronun Pirşağı kəndindəki dəniz ləpədöyənində bir balıqçı vətəgəsində) anadan olub. 1964-cü ildə Maştağa qəsəbəsindəki 187 nömrəli eksperimental orta məktəbi qızıl medalla bitirib. Arzusu – onun da oxuduğu məktəbi bitirərək ali jurnalist təhsili almış, Azərbaycan radiosunun gənc əməkdaşı kimi doğma məktəblərinə gələrək verlişlər hazırlayan Mailə Muradxanlı kimi jurnalis olmaq idi. Bunu Zümrüd xanımla bir sinifdə oxuyan bacısı Minarədən eşidən Mailə Muradxanlı kiçik yazılarını tez-tez məktəb xəbərləri kimi “Azərbaycan pioneri” qəzetində dərc etdirməklə, radionun uşaq verlişlərinə çıxarmaqla onu jurnalistikaya həvəsləndirir.
Arzusuna qovuşmaq məqsədlə Zümrüd xanım orta məktəbi bitirib, atasının doğma vətəni saydığı, əmisinin yaşadığı Sumqayıta gəlir, niyyətini əmisinə bildirir. Pirəkəşküldən Berlinədək döyüş yolu keçən, Sumqayıt şəhər Sovetinin deputatı olan əmisi Abusət Məmmədovun xahişini nəzərə alaraq, bilik səviyyəsi yoxlanılmaqla, onu “Sosialist Sumqayıtı” (indiki “Sumqayıt”) qəzeti redaksiyasına korrektor kimi işə qəbul edirlər. Beləliklə, 8 sentyabr 1964-cü ildən Sumqayıtla bağlı və ömrünə nur saçan böyük həyat yoluna ilk qədəmlərini atmış olur.
“Sosialist Sumqayıtı” qəzeti redaksiyasında Zümrüd xanım çox mehriban, peşəkar insanlarla əhatə olunmuşdu. Qəzetin baş redaktoru Zərifə xanım Təhməzova, məsul katib Zakir Axundov, partiya şöbəsinin müdiri Ramiz Tapdıqov, idman-şəhər həyatı şöbəsinin müdiri Məmmədəli Məmmədov, tikinti şobəsinin müdiri isə Oktay Cəfərov… Biraz sonra Feyzi Mustafayev, Kamran Hacıyev… Sevil Bayramova onda ədəbi işçi kimi fəaliyyət göstərirdi. Xasay Cahangirovla Zümrüd xanım sənaye və nəqliyyat sahəsini idarə edirdilər. Zümrüd xanım hər zaman qürur hissi ilə qeyd edir ki, “Xasay Cahandirovu özümə müəllim, ustad bilmişəm. Duz 8 il onunla bir otaqda uz-üzə oturmuşam. O, məni oyrədib, yazı tərzini başa salıb. Bütün repotajlarım, zarisovkalarım, oçerklərim onun nəzarəti altında hasilə gəlib…”
“Sosialist Sumqayıtı”nin sənaye və tikinti şöbəsində işləməsi Zümrüd xanımı şəhərin nəhəng tikinti və sənaye həyatının qaynar qoynuna atır. Sumqayıt onun gözləri önündə sürətlə böyüyürdü. Nəhəng kimya sənayesinin texnoloji proseslərini, idarıəetməsini öyrənmək üçün çox vaxt kimyaçılara qoşulub müəssisələrdə iş nöbbələrinə də çıxırdı. Kimya kombinatı adlandırılan “Üzvi sintez” zavodunun hər sexinin, hər istehsalatının inşaat meydançalarında ayaq izləri qalıb Zümrüd xanımın, qəzet səhifələrində silsilə yazıları – reportajları, zarisovkaları, oçerkləri, tənqidi materialları dərc olunub.
Zümrüd xanım Baloğlanova “Sosialist Sumqayıtı” qəzetində əmək fəaliyyətinə başlayandan bir il sonra – 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qəbul olur və təhsilini qiyabi davam etdirir. 1971-ci ildə təhsilini başa vuraraq, jurnalistlik ixtisasına yiyələnir. Onun “Sosialist şəhərlərinin yaranmasında mətbuatın rolu” mövzusundakı diplom işi müdafiə vaxtı Dövlət komissiyası tərəfindən yüksək qiymətlndirilərək elmı iş kimi davam etdirilməsi tövsiyyə olunur. Bu elmi axtarışlar nəticəsində “Sosialist Sumqayıtı” qəzetinin ilk sayının işıq üzü görməsinin dəqiq tarixi də aydınlığa qovuşur. Bu haqda Zümrüd xanım özü belə qeyd edir:
“Diplom işimi Seyfulla Əliyevin rəhbərliyilə götürmüşdüm. Axtarışlarıma baxmayaraq, nə “Sosialıst Sumqayıtı” qəzeti redaksiyasının arxivində, nə M.F.Axundov kitabxanasında, nə də soruşduğum insanların dilindən dəqiq məlumat əldə edə bilmədim. Nəhayət, Kitab Palatasından istədiyimi tapdım. Qəzetin ilk nömrəsi direktiv əsasında yaranmış bir qəzet idi. Yəni bir işi yerinə yetirmək üçün ali orqan tərəfindən aşağı orqanlara verilən göstəriş, əmr, təlimat və s. nəzərdə tutulur. 5-14 oktyabr tarixlərini əhatə edən Kommunist Partiyasının XIX qurultayının açılışına həsr olunmuş qəzetin ilk nömrəsi 13 oktyabrda işıq üzü görmüşdü. Qurultayın şərəfinə buraxılan qəzetin ilk redaktoru da Məmmədyar Ağayev olmuşdu. Ancaq, nədənsə, sonradan bu tarix müxtəlif vaxtlara keçirildi. Təəssüf ki, dediklərim uzun müddət yerini almdı. Nəhayət, qəzetin 5-ci nömrəsi tapıldı. Həmin nömrədə M.Ağayevin yazısı da var idi. Və o, dəqiq 13 oktyabr 1952-ci il tarixini göstərirdi. Bu fakt mənim diplom işimdə qeyd etdiyim tarixlə üst-üstə düşürdü. Hətta mən diplom işində birinci nomrənin təsvirini də vermişdim…”
Həmin dövrdə Zümrüd xanım təkcə “Sosialist Sumqayıtı” qəzeti ilə kifayətlənməmiş, yerli və mərkəzi mətbuat səhifələrində müxtəlif səpkili və janrlı yazılarla davamlı olaraq çıxış etmiş, yüzlərlə operativ yazının, oçerkin, reportajın, zarisovkanın, felyetonun müəlluifi olmuş, hələ 1972-ci ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmişdi.
1975-78-ci illərdə “Sumqayıtkimyasənaye” İstehsalat Birliyinin “Kimyaçi” qəzetində məsul katib işləyən Zümrüd Baloğlanova, 1979-cu ilin sentyabrından köçürmə yolu ilə “Kirpi” siyasi satira jurnalına işə qəbul olunaraq felyeton şöbəsinin redaktoru kimi burada 15 il jurnalistlik fəaliyyətini davam etdirmiş, cəmiyyətdəki və gündəlik həyatdakı nöqsanları öz yazıları ilə ciddi şəkildə tənqid etmişdir. “Kirpi” jurnalındakı fəaliyyəti ilə bağlı Zümrüd xanım özü bunları dilə gətirdi:

  • İlk yazılarımı 1970-ci ildən “Kirpi” jurnalına göndərməyə başlamışdım. Redaksiyaya getmirdim. Yazıların üzərinə lazımi sənədləri əlavə edir, poçt vasitəsilə jurnalın redaksiyasına göndərirdim. Günlərin bir günü həmin jurnalın məktublar şöbəsinin müdiri, əslən sumqayıtdan olan Adil Axundov mənimlə görüşmək üçün “Kimyaçı” qəzetimizin redaksiyasına gəldi. Söhbət əsnasında: “Ay xanım, siz bu qədər yazı göndərirsiniz, niyə özünüz bir dəfə də olsun redaksiyada görünmürsünüz? Sizi sabah redaksiyada gözləyəcəklər, mütləq gəlin”- dedi. Ertəsi gün redaksiyaya getdim.
    Məni baş redaktorun müavini Aydın Hüseynzadə qəbul etdi. “Sizin yazılarınız redaksiyada çox yaxşı qarşılanır və özünüz də görürsünüz ki, heç bir düzəliş olmadan səhifələrə çıxarılır” – deyərək, mənə jurnalda iş təklif etdi. Aramızda bir maraqlı dialoq da oldu və mən razılaşdım. Növbəti gün felyeton şöbəsinin redaktoru kimi əmrim verild. Düz 15 il o jurnalın tarixində yeganə yaradıcı qadın əməkdaş kimi fəaliyyət göstərdim. Həmişə maraqlı, oxunaqlı və diqqətçəkən yazılarla çıxış etdim…”
    Zümrüd xanım “Kirpi” jurnalında işlədiyi 15 il ərzində respublikamızın, demək olar ki, hər bölgəsini, hər güşəsini, dağını, düzünü, aranını, yaylağını, meşəsini gəzdi, bulaqlarının suyundan içdi, gözəl insanları tanıdı, çoxlu dost-tanış qazandı. Laçının Zarında dağda qara qurd düşməsinə, Kəlbəcərin “İstisu”yunun dolaylarına, Taxtı yaylasına, Səməd Vurğunun vəsf etdiyi “Ceyran bulağı”na tamaışa etdi, alaçıqların, bu alaçıqlardan boylanan al-əlvan geyimli, su pərisinə oxşar qız-gəlnlərin, laləli düzlərin, yaşıl çəmənliklərə yayılmış qoyun-quzu sürülərinin seyriə daldı, Zəngilanda Çinar meçəsinin kənarındakı “İbrahim bulağı”nın üstündə çörək kəsdi, xalq mahnısında deyildiyi kimi, yaxın-uzaq Şuşanın “İsa bulağı”na endi. Amma gördüyü bütün bu gözəlliklərə rəğmən öz doğma Sumqayıtından başqa heç bir yerdə qərar tuta bilmədi. Özünün də dediyi kimi: “- Gəzdim İran-Turanı, cənnət bildim buranı, yəni öz doğma Sumqayıtımı. O vaxtlar “Kommunist” nəşriyyatında ev növbəsinə dayananlara mənzillər paylanarkən mən Bakıdan deyil, boya-başa çatdığım, dost-tanışlarımın, qohumlarımın, illərlə ünsiyyətdə olduğuğum insanların, yazı qəhrəmanlarım olmuş, sonradan dəyərli dostlarıma çevrilmiş Əliş Mustafayevin, Nurəddin Babayevin, Zamin Hüseynovun, Nərçə Ağayevin, Adil Məmmədovun, Sahib Qarayevin, Təbrik Quliyevin, Zəminə Həsənovanın, Tamara Rufullayevanın, Mələk Bayramovanın və onlarca başqalarının yaşadığı bir məkandan – hər birimizin tale şəhəri olan Sumqayıtdan aldım güzəştli mənzilimi.”
    Qızı Nigar birinci sinifə gedəndə Zümrüd xanım Bakıdakı işindən ayrılmaq məcburiyyətində qalır (məqamı gəlmişkən qeyd edim ki, Zümrüd xanımın yeganə qızı olan Nigar xanım hazırda respublikamızın sayılıb seçilən vəkillərindəndir. Öz sahəsinin mükəmməl bilicisidi. Ailəlidi, Zümrüd xanıma iki gözəl-göycək nəvə bəxş edib. Allah bu gül balaları min budaq eləsin. Bəxtləri, taleləri gözəl olsun).
    1993-ildə “Möhür” kiçik müəssisəsini yaradan Zümrüd xanım Baloğlanova, bu sahədə həm naşir, həm də redaktor kimi fəaliyyət göstərməyə başlayır. Bakıdan mütəxəssis və texnologiya gətirməklə möhür istehsalı sahəsini açır, gərgin iş rejimi şəraitində çalışaraq, şəhərdə bu sahədə olan təlabatı tamamilə ödəyə bilir. Paralel olaraq da kiçik həcmli kitablar, blanklar, titul vərəqələri, vizitkalar və s. çapına başlanılır. Bu fəaliyyət sayəsində neçə-neçə işsizə iş, çorəksizə çörək verir Zümrüd xanım. Birinci Qarabağ savaşı dövründə fonda milyonlarla rubl pul, xeyli qızıl-gümüş keçirir. Yüzlərlə aztəminatlı və imkansız ailə Zümrüd xanımın xeyriyyəçilik fəaliyyətindən bəhrələnir. Ancaq “Sağ əlin verdiyini sol əl bilməsin gərək” prinsipinə sadiq qalan Zümrüd xanım həmişə reklamdan uzaq qaçıb, etdiklərini də Allah xatirinə etdiyini vurğulayıb. Allah-taala da bunun müqabilində onun ruzisini, necə deyərlər, “başından töküb, bir manatını on manat edib. Zümrüd xanım bu missiyanı indi də davam etdirir, bir ehtiyac sahibi gördümü özünü tez ona çatdırır, imkansız dostlarını – qələm sahiblərini də unutmur və bu addımından mənən rahatlıq tapır.
    Zümrüd xanım Baloğlanova bu gün də gənclik eşqi ilə yazıb-yaradır. Dövri mətbuatda – “Azad Azərbaycan” qəzetində, Azpress.az, SİA.az, manevr.az, sumqayitfakt.az və digər saytlarda vaxtaşırı publisistik yazılarla çıxış etməklə, jurnalistlik fəaliyyətimi davam etdirir.
    Dəfələrlə respublika və şəhər səviyyəsində mükafatlara, diplomlara layiq görülən Zümrüd xanım, hələ o vaxtlar Respublika Komsomol təşkilatının və “Bilik” Cəmiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. 5 çağırış Sumqayıt şəhər Xalq Məhkəməsinin iclasçısı və “Sumqayıtkimyasənaye” İstehsalat Birliyi Partiya Komitəsi Plenumunun üzvü olmuşdur.
    O dövrdə SSRİ Jurnalistlər İttifaqının, hazırda isə Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü olan Zümrüd Baloğlanova “Müqəddəs qələm” media mükafatı laureatıdır.
    Həyat yaşamağı bacaranlar və Sizin kimi geriyə şəstlə baxmaqdan qorxmayanlar üçün gözəldi, Zümrüd xanım! Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı adından, təşkilatın bütün üzvləri adından Sizi 75 illik jubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir edir, həyatda möhkəm can sağlığı, sevinc və səadət dolu illər, süfrəsinə bol ruzi-bərəkət arzulayıram.
    Dərin hörmət və sevgilərlə,
    Rafiq Oday,
    Azərbaycan Jurnalistlər Birliyi
    Sumqayıt şəhər təşkilatının sədri,
    Respublikanın Əməkdar jurnalisti.