Əsgər Zeynalov-70

Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov artıq neçə on illərin məhsuldar araşdırmaları ilə təsdiq etmişdir ki, o, həmkarlarının çoxu üçün səciyyəvi sayıla biləcək məhdud bir sahənin tədqiqatçısı deyil. Və onun nəşr edilmiş kitablarının adları da bunu göstərir: “Fransız ədəbiyyatında Şərq” (1996), “İrəvan ziyalıları” (1999), “Şərq Volter yaradıcılığında” (2001), “Azərbaycan bayatıları Qafqaz regionunda” (2001), “Viktor Hüqo” (2001), “Altaydan-Altaya” (2002), “İllərin yol yoldaşı” (2004), “Hara gedir bu qatar?” (2006), “Orda, bir yurd var, uzaqda” (2006), “Fransız dili” (Ali məktəb üçün dərslik, 2010, şərikli), “İrəvan ziyalıları” (Bakı, 2011, ingilis dilində), “İrəvan məktəbləri” (2012), “Viktor Hüqo və Lui Araqon şeirlərinin Azərbaycan dilinə tərcüməsi” (2012), “Hüqo” (Bakı, 2014), “İrəvan xanlığı… gerçəkliyin aydınlığı” (2016) və s. Adlarını çəkdiyimiz bu əsərlər ədəbiyyatşünas alimin yalnız respublikamızda nəşr olunmuş kitablarıdır.

Ə.Zeynalovun “Fransız ədəbiyyatında Şərq” kitabına verdiyi rəydə dünya şöhrətli fransız şərqşünası, Osmanlı dövrünə qədər və Osmanlı dövrü üzrə Beynəlxalq Komitənin Prezidenti (Fransa-Paris) Jan Lui Bakke Qrammon vaxtilə yazmışdı: “Mən böyük maraqla cənab Əsgər Zeynalovun Bakıda azəri türkcəsində 1996-cı ildə nəşr olunmuş “Fransız ədəbiyyatında Şərq” əsərini oxudum. Lazımi şəraitin olmamasına baxmayaraq, heç vaxt Fransada olmayan fransızdilli bir müəllif belə dəyərli əsəri ərsəyə gətirə bilmişdir. 26 sentyabr, 1997-ci il”.

Fransanın ən nüfuzlu orqanlarından olan “LEst Republicain” qəzetinin 2007-ci il 11 avqust tarixli nömrəsində ədəbiyyatşünas alim haqqında məqalə dərc olunmuşdur. “Hüqonun azərbaycanlı mütəxəssisi Tətbiqi Dilçilik Mərkəzində” adlanan məqalə, əslində, Ə.Zeynalovdan Fransada götürülmüş müsahibə əsasında hazırlanmışdır. Məqalənin başlığının altında müəllif Daniel Bordür izahat xarakterli bir cümlə vermişdi: “Bakıda XVII, XVIII və XIX əsrlər fransız ədəbiyyatını tədris edən Əsgər Zeynalov bir aylıq Bözansondadır”. Məqalədə deyilir ki, Ə.Zeynalov doktorluq dissertasiyasını Şərq ədəbiyyatının Volter yaradıcılığına təsirindən müdafiə etsə də, onun sevimli yazıçısı dahi Hüqodur”.

Məqalədə tədqiqatçı alim haqqında deyilir: “Hüqo haqqında kitabın müəllifi onun poeziyasını tərcümə etmiş, “Səfillər”in Azərbaycan versiyasının ön sözünü yazmışdır. 15-ə qədər kitabın, 250 məqalənin (indi 40-a qədər kitabın, 400-dən artıq məqalənin – N.C.) müəllifi olan professor Zeynalov öz ölkəsinin Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Onun fransız ədəbiyyatı ilə bağlı yazıları Moskvada və İranda nəşr olunmuşdur. O, Aleksandr Düma, Balzak, Jorj Sand, Qustav Flober, Gi de Mopassan yaradıcılığından söhbət edir, Ferney kəndində yaşamış Volterlə bağlı yumorlar danışır, ancaq həmişə Hüqonun üzərinə qayıdır, “Mən Bayronun, Hötenin, Şekspirin, yaradıcılığına yaxşı bələdəm, ancaq mənim üçün dünyada yalnız bir Hüqo var” deyir.

2014-cü il iyulun 24-də yenə də “LEst Republicain” qəzetində Ə.Zeynalov haqqında “Qoca Hüqo, bəşəri Hüqo” adlı yazı dərc olunmuşdur. Professor Çəmən Babaxanova hadisənin şahidi kimi “Azərbaycan alimi Fransa elmi və ədəbi-ictimai fikrində” adlı məqaləsində yazır ki, Əsgər müəllimdən, bəlkə də, 40 dəqiqədən artıq müsahibə götürülsə də, ancaq kiçik bir yazı verilmişdir. Səbəbi isə erməni lobbisinin canfəşanlığı olmuşdur.

Ədəbiyyatşünas alim haqqında 2013-cü il oktyabrın 6-da Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində geniş bir yazı təqdim olunmuşdur. Yazının müəllifi dünya şöhrətli hüqoşünas alim, eyni zamanda həmin cəmiyyətin prezidenti Arno Lasterdir. O, tədqiqatçı alim haqqında yazmışdı: “Azərbaycanın Universitet müəllimi Əsgər Zeynalov bizimlə ünsiyyət yartmışdır. Filologiya elmləri doktoru (doktorluğu Volter yaradıcılığı üzrədir), Azərbaycanın Yazıçılar və Jurnalistlər Birliyinin üzvü bir sıra kitab və məqalələrin müəllifidir. Onların bir çoxu Hüqoya həsr olunmuşdur”.

2011-ci ildə Ə.Zeynalovun Sankt-Peterburq şəhərinin “Branko” nəşriyyatında “İrəvan ziyalıları” kitabı işıq üzü gördü. Xüsusi vurğulamaq lazım gəlir ki, “İrəvan ziyalıları” kitabının Sankt-Peterburq nəşrinə dünya şöhrətli rus alimi Boris Anatolyeviç Starkovun tutarlı, son dərəcə cəsarətli ön sözü əsərin dəyər və əhəmiyyətini əsaslı surətdə təsdiq edir.           

B.R.Starkov ön sözdə yazır: “İlk baxışdan müasir rus oxucusu heç də elə düşünməsin ki, kitab Ermənistanın tarixindən bəhs edir. O, İrəvan və tarixinin müəyyən dövrlərində əhalinin əksəriyyətini təşkil etmiş azərbaycanlılara həsr olunmuşdur. Bundan başqa, müəllif praktiki olaraq kitabın hər səhifəsində qeyd edir ki, İrəvan qədim dövrlərdən azərbaycanlıların şəhəridir.

O öz fikirlərini əsaslandırmaq üçün Ermənistan Sovet Ensiklopediyasının 3-cü cildinin 571-ci səhifəsindən sitat gətirir ki, burada XIV əsrin sonlarından XIX əsrin sonlarına, hətta 1920-ci ilə qədər İrəvanın azərbaycanlıların şəhəri olduğu yazılmışdır”.

Tədqiqatçının 15 illik zəhmətinin bəhrəsi olan bu kitabla o, İrəvanda yetişmiş 180-200 illik ziyalı nəsilləri üzə çıxardı – İrəvanilər, Qazıyevlər, Muğanlinskilər, Mirbabayevlər, Topçubaşovlar, Erivanskilər və b.

Təkcə XX əsrdə bu şəhər Azərbaycan elminə, mədəniyyətinə akademiklər Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Əhməd Rəcəbli, Faiq Bağırzadə, Hüseyn Həsənov, ictimai xadimlər Əziz Əliyev, Həsən Seyidov, Bağır Seyidzadə, bəstəkar Səid Rüstəmov, kinorejissor Hüseyn Seyidzadə, rəssam Kamil Əliyev, şair Əhməd Cəmil, ədəbiyyatşünaslar Cəfər Xəndan, Mirəli Seyidovu bəxş etmişdi.

2013-cü ildə Ə.Zeynalov “İrəvan ziyalıları” kitabını Moskvada nəşr etdirməyə nail oldu. Ön sözün müəllifi Rusiya Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor R.İvanov kitabda təqdim olunan məscidlərin, məhəllələrin, bağların adlarını sadalayaraq belə bir ritorik sualla müraciət edir: “Şərhə ehtiyac varmı ki, bura azərbaycanlıların şəhəridir?”.

Ə.Zeynalov kitabın Moskva nəşrinə geniş ön söz yazdığına görə həmkarına minnətdarlığını bildirdikdə R.İvanov cavab məktubunda ona yazmışdır: “Əziz Əsgər! Siz təşəkkürsüz möhtəşəm kitab yazmısınız. Çox əhəmiyyətli kitabınıza görə sağ olun!”.

Ədəbiyyatşünas alim bir neçə il sonra “İrəvan ziyalıları” əsərini ABŞ-da ingilis dilində nəşr etdirməklə (2016) nə qədər vətənpərvər olduğunu, dünyaya göz açdığı torpağa nə qədər bağlı olduğunu bir daha təsdiq etdi. B.Starkov və R.İvanovun ön sözlərilə nəşr olunan bu sanballı əsər dünyanın bütün qitələrinə yayılmışdır.

Erməni lobbisinin dünyada tüğyan elədiyi bir vaxtda “İrəvan ziyalıları” kimi milli təəssübkeşliklə yazılmış bir kitabı xarici ölkələrdə nəşr etdirmək o qədər də asan deyildi. Araşdırıcı bu işi cəsarətlə həyata keçirmişdi.

Professor Ə.Zeynalovun “Hüqo – fransız ədəbiyyatının milyarderi” monoqrafiyası öncə Fransada fransız dilində (2015), sonra isə Almaniyada ingilis dilində (2016) nəşr olundu. “Hüqo” monoqrafiyası ABŞ-da (2016), “Hüqonun Şərq baxışı” monoqrafiyası Londonda (2016), “Volter və Hüqonun Şərq baxışı” (2016) Kanadada , “Şərq Volter yaradıcılığında” (2017) irihəcmli monoqrafiyası isə Hindistanda, İsveçdə (2018) ingilis dilində işıq üzü görmüşdür. Xatırlatmaq istərdik ki, Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqındakı ilk monoqrafiyalar bu məhsuldar alimin adı ilə bağlıdır.

Ə.Zeynalov Londonda nəşr etdirdiyi monoqrafiyada fransız qaynaqları əsasında sübut etməyə çalışmışdır ki, Hüqo islam dinini qəbul etmişdir. Tədqiqatçı fransız qaynağından əldə etdiyi bir faktı əsərdə belə təqdim edir: “Şairlərin ən parlağı” Hüqo müsəlman idi… Heç kəs bilmirdi ki, məşhur Hüqo müsəlman idi… Hüqo inam (cihad) yolunu təsdiq edərək bildirmişdir ki, “Allah təkdir, onun heç bir şəriki yoxdur. Məhəmməd onun elçisidir. 1881-ci il sentyabr ayının 6-da onun (şübhəsiz ki, Tanrı nəzərdə tutulur – Ə.Z.) göndərdiyi elçi Şeyx İbrahim dö Telemcen Əlcəzairli Parisdə onun otağında (Hüqonun otağında) olmuş və bunun nəticəsində fransız ədibi Əbu Bəkr Hüqo adını qəbul etmişdir. Şeyx İbrahim Parisə, Hüqonun yanına gələrkən ona bir canamaz (sayyada – Ə.Z.) gətirmişdi. O, bir müsəlman kimi dünyasını dəyişmişdi”.

Müəllif göstərir ki, Hüqo Məhəmməd peyğəmbər haqqında 156 misradan ibarət “Hicrinin 9 ili” poemasını, eləcə də islam dini ilə bağlı “Məhəmməd” və “Sidr” ağacı əsərlərini yazmışdı.

Nə qədər qəribə də olsa, 1902-ci ildə şairin anadan olmasının 100 illiyi tamam olarkən yuxarı dairələr bu əsərlərin bir əsr çap olunmaması barəsində əmr vermişdi.

Tədqiqatçı alimin əsərindən bəlli olur ki, Hüqonun vəfatının ertəsi günü – 1885-ci il may ayının 23-də fransız katolik partiyasının orqanı olan “Xaç” qəzeti yazmışdı: “Otuz ildən bəridir ki, o dəlidir”… Müəllifin fikrincə, otuz il əvvəl, təxminən “Hicrinin doqquz ili” poemasını yazdığı vaxta düşür. Və o da məlum olur ki, Hüqo ömrünün son vaxtlarında bir gündə dəfələrlə “Qurani-Kərim”in “Əl-Fatihə” surəsindən “İhdinas – siratəl-müstəqim – Tanrı, bizə doğru yol göstər” kəlamını deyib ağlayırmış.

Ə.Zeynalov “Hüqo islam dinini qəbul etmişdirmi?” yazısını Londonda nəşr olunan “Hüqonun Şərq baxışı”, Kanadanın Viktoriya şəhərində çap edilmiş “Volter və Hüqonun Şərq baxışı” və İsveçin Malmö şəhərində işıq üzü görmüş “Volter və Hüqonun Şərq dünyası” (2018) kitablarında oxuculara təqdim etmişdir.

Və maraqlıdır ki, Bosniya-Hersoqovinalı alim, akademik Enes Kariç 2017-ci il iyulun 1-də nəşr etdirdiyi “Viktor Hüqo Məhəmməd peyğəmbər haqqında” məqaləsində bir neçə dəfə Azərbaycan aliminin Londonda nəşr olunmuş “Hüqonun Şərq baxışı” kitabındakı “Hüqo İslam dinini qəbul etmişdirmi?” yazısına istinad etmişdir.

Ə.Zeynalovun beynəlxalq konfrans, qurultay və tədbirlərdəki iştirak və çıxışlarını ayrıca qeyd etmək lazım gəlir. Onun Rusiyada, İranda, Türkiyədə və Serbiyada ondan artıq məqaləsi işıq üzü görmüşdür.

Professor Əsgər Zeynalov bu günlərdə özünün elmi araşdırmalarında keçən mənalı ömrünün yetmiş illiyini qeyd edir. Və göründüyü kimi, bu araşdırmalar dünya meridianlarında Azərbaycan elminə nüfuz, azərbaycançılıq məfkurəsinə hörmət gətirir.

Mənbə: https://edebiyyatqazeti.az/