Füzuli Dövlət Dram Teatrı pandemiya və qapanmalardan sonra yeni mövsümə böyük həvəslə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, teatr oktyabrın 25-də 33-cü mövsümünün açılış günündə teatrsevərlərə Akif Həsənoğlunun “Yaddaş” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək.

Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə ithaf olunur. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yaxın günlərdə yeni repertuarını təqdim edəcək və yeni mövsümündə izləyicilərini bir-birindən maraqlı tamaşalarla qarşılayacaq.

Mənbə: https://azertag.az/