Xanım ANELA.”MƏKTUB”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

“Ölmüş insanın yasını saxlamaq, yaşadığını bildiyin insanın yasını saxlamaqdan daha asanmış. Hər ikisinin dadını bilirəm… Ölənin arxasınca ağlayırsan, ağlayırsan… sonda qəbul edirsən. Gəlməyəcəyini bilirsən, görməyəcəyini bilirsən, ümidin tamamən yox olur. Onu qəlbində, xatirələrində yaşadırsan. Bir də ölənin arxasınca xatirələr adətən xoş olur, onun üçün darıxırsan. Amma… xoş xatirələrim nə qədər az olsa da, mən sənin üçün də darıxıram…

Bu gün iki ay tamam olur – bir-birimizin həyatından “yox olmağa” qərar verdiyimiz gündən. Qərar verdiyimiz… Sən qərar verdin, əslində. Elə bildin sən “Nə edək? Gəl ayrılaq, madam yola gedə bilmirik…” dediyində razılaşmayacağam? Canımdan çox sevdiyim üçün yenə qürurumu çeynəyib, qorxaqlığını qəbul edib sevgi dilənəcəyəm səndən? Yox… Edə bilmərəm, bilmədim… O zaman bu sevgi zamanla dəyərsizləşəcəkdi. Paramparça etdiyin qəlbimin bir küncündə gözəl qal sən – yanımda olmasan da…

Məni görməyə zərrə qədər can atdığını bilsəydim, hiss etsəydim, nə olardı deyə düşünürəm hərdən. Yəqin ki, unudardım bütün ağrıları, bütün axıtdığım göz yaşlarımı. Elə bilirsən təkcə sən görə bilmirsən məni? Mən özümü itirdim səndən sonra… Ha toparlamağa çalışsam da, bacara bilmirəm.

Bəs sən? Necəsən mənsiz, ay… Ay… nə desəm, ürəyim soyuyar, bilmirəm ki… Pismi desəm, yaxşımı? Pisə dilim gəlmir, yaxşı desəm, özümə haqsızlıq olar. Bəlkə şeirdəki kimi deyim elə – “… zalım”…

Niyə yazıram bu məktubları, heç özüm də bilmirəm. Bəzən hiss edirəm ki, gücüm qalmayıb, çox yorğunam və duyğularımı – yaxşılarımı, pislərimi – bölüşəcək kimsəm yoxdur. Var, əslində… Ətrafımda çox insan var, amma mən hər şeyi bölüşəcək tək bir nəfəri istəyirəm – səni… Amma sən heç olmadın, heç bölüşə bilmədim nə kiçik kədərlərimi, nə qəlbimdə dolub qalmış bütün duyğuların cəmini.

Beynimdə uydurduğum adama yazıram indi, əslində. Çünki sən məni dinləməyi bacarmadın, məni hiss edə bilmədin. Çox yordun… Son dediklərin sanki valın ilişib qalmış, təkrarlanan mahnı sözləri kimidir beynimdə: “Tamamən yox olaq”… Mənsə heç düşünmədən “Əminsən?” deyə sual verdim. “Hə”… dedin. “Hə”…

Sənə verdiyim ürəyimi incitdin. Çox incitdin. O an… o an ürəyim sanki bir itin ağzında imiş kimi hiss etdim. Ürəyimi çeynədi, çeynədi… sonra tüpürdü…

Yenə də söküb ata bilmirəm səni içimdən. Səndən mənə qalan tək gözəl xatirə o ilk görüşümüzdür. Məni qucaqlamağın… möhkəm… Və bir tək o qucaqlamağına görə, səni mənə çəkdirdiyin hər şeyə görə bağışlayıram, bağışlamaq istəyirəm.

İndi bu məktubu da digərləri kimi yazıb, sonra bir dəfə oxuyub yandıracağam. Külə dönəcək bütün sözlərim, bütün duyğularım. Amma narahat olma, yaxşıyam mən. Həmişəki kimi, yenə nə olursa-olsun gülürəm. Ya da ki… narahat ol! Çox nigaran qal! Məni axtar, çox axtar. Tapınca da çox sevin, həm də çox kədərlən, əhvalın pozulsun. Tapdığın üçün sevin. “Gülümsəyir, yenə gülür. Demək xoşbəxtdir mənsiz”, – deyib içdən-içə ye, bitir özünü.

Amma yox… yenə də qıymıram sənə. Heç qıymıram…

Bu günlük bu qədər. Yenə gedim yandırım sənə heç vaxt deyə bilmədiklərimi.”

Leyla dəftərin ortasından iki vərəqi ehmalca qopardı. İri qəhvəyi gözləri yaşdan daha da böyümüş kimi görünürdü. Amma üzündə qəribə bir sakitlik var idi. Sanki hər şeydən bezmiş, yorulmuş, artıq heç nə ilə mübarizə aparmaq istəməyən bir sakitlik.

Məktubu sinəsinə sıxdı. Digər əli ilə çantasından alışqan çıxarıb maşının qapısını açdı və düşdü. Dənizdən gələn sərt külək saçlarını havaya sovurub üzünü tam örtmüşdü. Leyla qapını örtüb saçlarını üzündən aralamağa çalışaraq dənizə doğru addımladı. Külək elə güclü əsirdi ki, hər addımı sanki geri çəkilirdi. Uçub getməsin deyə məktubu əlində bərk-bərk tutub irəli uzatdı — yandırmaq üçün. Amma bu gün o gün deyildi. Bu gün yandıra bilməyəcəkdi göndərə bilmədiyi məktubu.

Elə bu anda, lap yaxınlıqdan eşidilən bərk it hürüşü onu diksindirdi. Əli boşaldı. Məktub hikkəli küləyin qoynuna düşüb bir anda göyə qalxdı və bir neçə saniyənin içində gözdən itdi. Leyla arxasınca baxıb qaldı. Üzündə acı bir təbəssüm yarandı. Başını yavaşca çevirib itin sahibinə baxdı. Gənc oğlan çaşqın halda üzr istəyirdi.

– Bağışlayın, qorxutdu…

– Heç nə olmaz… – dedi Leyla sakitcə və geri dönüb maşınına doğru addımladı.

***

– A bala, sevdiyin qızı belə başqasına vermələrinə göz yumacaqsan? – yaşlı balıqçı gözlərini qıyaraq Rəsula baxdı.

– Vermirlər ki… özü gedir.

– Sən özün ondan ayrılanda, onu tərk edəndə bilmirdin belə olacaq? – yanında oturan dostu sakit, amma sərt səslə dedi.

Rəsul gözlərini qaçıraraq yavaş səslə dedi: – Dalaşdıq… yola getmirdik. Mən də bir anlıq əsəblə “bitsin” dedim.

Balıqçı başını yavaşca yellədi:

– Rəsul, oğul… nə qədər əsəbi olsan da, “bitsin” demək qadının qürurunu sındırır. Qadın “bitsin” deyəndə, əslində nəyisə düzəltməyini gözləyir, səndən bir addım istəyir. Amma kişi “bitsin” deyəndə… o artıq bitirmək istəyir. Başa düşürsən?

Rəsul dərindən nəfəs aldı.

– Elə alındı… bitməsini istəmirdim… – deyə bir anlıq susdu, sonra davam etdi: – Amma o nə etdi? Atasının dostunun oğluna ərə getməyə razılıq verdi. Ayrılığımızdan heç bir il keçməmiş…

Dostu istehzalı şəkildə gülümsədi:

– Bir il azdır? İndiki qızlar bu gün ayrılır, sabah başqasını tapır.

Rəsul dərhal başını qaldırdı:

– O elə biri deyil… – deyib stulunu itələdi və ayağa qalxdı. – Mən bir az hava alım…

Balıqçı daxmasından çıxıb dənizə doğru addımladı. Gödəkcəsinin yaxasını qaldırıb köhnə, üzü üstə çevrilmiş qayığın yanında çöməlib oturdu. Külək üzünə çırpılırdı. Siqaretini yandırmaq istədi, amma alışqan alışmadı. Qayığın arxasına sığınıb küləkdən gizlənərək yenidən cəhd etdi. Elə bu anda gözü qayığın altına ilişmiş bir kağıza sataşdı. Əlini uzadıb kağızı ehtiyatla çəkdi. Məktub idi.

Oxumağa başladı. Sətirlər irəlilədikcə baxışları dəyişdi. Bir qadının bütün dünyası, bütün həyatı bu iki vərəqin içində idi. Rəsul məktubu qatladı. Əlləri bir az titrəyirdi. Cibinə qoydu və qəfil ayağa qalxıb maşınına doğru qaçmağa başladı.

Onun bu halını görən balıqçı ilə dostu da çölə çıxıb arxasınca səsləndilər:

– Rəsul! Hara gedirsən?

Rəsul dönmədən qışqırdı:

– Mən nə onun, nə də öz həyatımı boş qürura və qorxulara qurban verə bilmərəm!

Maşına minən kimi telefonu çıxarıb zəng etdi. Bir neçə saniyə sonra o tanış, doğma səs eşidildi:

– Alo… Rəsul…

– Sevinc…

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir