Məni ölümünə sevən adamı
Bir səhvə tərk etdim, dönə bilmədim.
Hazırdım daşıyam aranı dağa,
Qürur zirvəsindən enə bilmədim.

Məni ölümünə sevən adamı
Elə ölümünə yandırıb – yaxdım.
Alışdı içindən, kül oldu içdən,
Qəhr olub eləcə uzaqdan baxdım.

Məni ölümünə sevən adamı
Öldürdüm sevgidən, ölmədim özüm.
Məni öldürənə halaldır qanım, 
Çıxsa, uf demərəm kor baxan gözüm.