YAXŞIDI

Solan ümidlərin sevgi bağında,
Ayrılıq gülünü əksək, yaxşıdı.
Sənin öz dərdin var, mənim öz dərdim,
Ayrı-ayrılıqda çəksək, yaxşıdı.

Onsuz da məskənin salıbdı bizdə,
Dolanır sakitcə biz gedən izdə.
Böyük yer ayırıb ürəyimizdə,
Həsrətə bir yuva tiksək, yaxşıdı.

Gündüzlər gözünün qarasındakı,
Gecələr qəlbinin qarasındakı,
Bu iki ürəyin arasındakı,
Qürurun hasarın söksək, yaxşıdı.

Nə sən gəl deyinmə dilində acı,
Nə mən səndə görüm günahı, suçu.
İlahi bir eşqin müqəddəs gücü,
Onun qarşısında çöksək, yaxşıdı.