DEYİR

Nə vaxtdı gözündən qan-yaş axıdan,
O sərin bulaqlar, qisas al deyir.
El üçün darıxan, köməksiz qalan,
Boynu bükük dağlar, qisas al deyir.

Murovun başını duman-çən alıb,
Şuşanın yolları xəyala dalıb.
Qoca Xudafərin yadlara qalıb,
Sürüsüz yaylaqlar, qisas al deyir.

Xocalı, Kəlbəcər, Laçın ağlayır,
Həkəri hönkürür, Tərtər çağlayır,
Arazın naləsi ürək dağlayır,
Ziyaratdakı qar, qisas al deyir.

Hanı Cəbrayılın dövləti, malı,
Indi Füzulinin çətindi halı.
Gəlmir Zəngilana Naxçıvan balı,
Qubadlıda bağlar, qisas al deyir.

Yolunda, izində tikanlar bitən,
Başının üstündən durnalar ötən,
Şəhidlər qanına boyanan Vətən,
Çinarlar, qovaqlar, qisas al deyir.

Həsrətdən, hicrandan susan bülbüllər,
Saralan çiçəklər, üşüyən güllər,
O şəhid ruhları, didərgin ellər,
Nəgməsiz dodaqlar, qisas al deyir.

DÖYÜŞMƏLİYİK

Düşmən inadından dönməsə əgər,
Soyuq məzarlara çevrilsə səngər,
Gülləni köksündə soyutsa əsgər,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi, döyüşməliyik.

Çadırdan yaylağa dönməsə elim,
Şuşaya,Laçına yetməsə əlim,
Millətlər içində xar olsa dilim,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi, döyüşməliyik.

Ağdamın üstündən çəkilməsə çən,
Düşmən əl çəkməsə Kəlbəcərimdən,
Yağılar adlasa Xudafərindən,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi döyüşməliyik.

Düşmən Cəbrayıla bayraq taxırsa,
Hələ Füzulidə qanlar axırsa,
Zəngilan, Qubadlı yada baxırsa,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi, döyüşməliyik.

Tanrı eşitmirsə qanlı ahları,
Kor dünya görmürsə bu günahları,
Bizi səsləyirsə şəhid ruhları,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi, döyüşməliyik.