Yola saldığımız “Şuşa İli” ölkəmizdə və xaricdə çoxsaylı layihələrlə yadda qalıb. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də maraqlı ədəbi-mədəni tədbirlərlə ilə öz töhfəsini verib. İl ərzində qardaş ölkədə konfranslar, poeziya məclisləri təşkil edilib, KİV-də məqalələr dərc olunub, televiziya verilişləri yayımlanıb, mediaturlar, müsabiqələr, sərgilər və nəşr layihələri həyata keçirilib. 

AMM-in təşkilatçılığı ilə Özbəkistan Jurnalistlər Birliyi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə birlikdə qardaş ölkədə Azərbaycan haqqında media işçiləri arasında ən yaxşı məqalə müsabiqəsi təşkil olunub. Müsabiqənin nominasiyalarından biri “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlandırılıb. Bundan əlavə, özbəkistanlı jurnalistlərin ölkəmizə, eyni zamanda işğaldan azad edilmiş ərazilərimizə media-turu keçirilib. 

Özbəkistan Televiziyasında jurnalist Manuçehr Qələndərzadənin aparıcılığı ilə efirə gedən verilişdə Azərbaycanın musiqi və poeziya beşiyi, “Qafqazın konservatoriyası”, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri haqqında geniş məlumat verilib.

“Şuşa İli” ilə bağlı AMM-in layihəsi ilə Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində yaradılan “Qarabağ guşəsi”nə Qarabağın mədəni irsi, abidələrinə dair nəşrlər, xalçalar, suvenirlər, milli geyimlər hədiyyə edilib.  Özbəkistanın Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Termiz Dövlət Universitetində Xurşidbanu Natəvan adına “Azərbaycan ocağı”nın açılışı olub. “Azərbaycan ocağı”nda Xan qızının böyük portreti, şairənin həyat və yaradıcılığı haqqında məlumat lövhəsi, habelə Şuşa və Qarabağa aid bannerlər, rəsm və fotolar yerləşdirilib. Burada ölkəmizə dair müxtəlif nəşrlər də toplanıb.

“Şuşa İli” çərçivəsində AMM-in təşəbbüsü və təşkilatçılığı ilə XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) poeziya məclisi yenidən bərpa edilib, ilk olaraq Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə adıçəkilən ədəbi məclisin ilk toplantısı keçirilib. Eyni zamanda Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” şairlər məclisinin rəsmi açılışı olub.

Çıxışlardan sonra Molla Pənah Vaqifin məqbərəsi önündə xalq şairi Nəriman Həsənzadə, yazarlardan İlqar Fəhmi, Sayman Aruz, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid, tərcüməçi-ədəbiyyatşünas Babaxan Şərif və başqaları Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər. Növbəti illərdə Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un dəstəyi ilə şairlər məclisinin Türk Dövlətləri Təşkilatının digər üzv ölkələrinin şairlərinin iştirakı ilə Şuşada keçirilməsi planlaşdırılır.

“Şuşa İli” ilə çərçivəsində Xurşidbanu Natəvanın  anadan olmasının 190 illiyi münasibətilə AMM tərəfindən onun əsərlərinin özbək dilinə tərcümə və nəşr layihəsi də həyata keçirilib, “Xurşidbanu Natəvan – xurşidə yetər başım” adlı kitab işıq üzü görüb. Nəşrdə şairənin özü tərəfindən çəkdiyi rəsmlərin fotoları, şəxsi kolleksiyasına aid şəkillər də yer alıb. Azərbaycan və özbək dillərində işıq üzü görmüş kitab hər iki ölkədə böyük maraqla qarşılanıb. Nəşrin Bakıda keçirilən 8-ci Beynəlxalq Kitab Sərgisində, habelə Daşkənddə təşkil olunan  Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdimatları reallaşıb.