Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi üzrə qalib olan “Məktəblilərin Poeziya Klubu” layihəsi çərçivəsində təlim xarakterli görüşlər davam edir. Belə ki, Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə layihə rəhbəri Günay Ələkbərzadə tərəfindən təşkil edilən “Məktəblilərin Poeziya Klubu” layihəsinin iştirakçıları ilə Azərbaycan Yazıçılar Birliyinin, Dünya Türk Yazarlar Birliyinin üzvü, prezident təqaüdçüsü Elməddin Nicatla görüş keçirilib. Görüş zamanı Elməddin Nicat müasir Azərbaycan ədəbiyyatında baş verən yeniliklərdən, ədəbi mühitdə gedən proseslərdən bəhs edib. Eyni zamanda, şeirin təsviri, müasir yazarın dünyaya baxışı, müasir oxucunun maraq dairəsinə toxunaraq şagirdlərə bu istiqamətdə mütaliə etməyin faydalarından danışdı. Şagirdlərin şeirlərini, esse və hekayələrini dinləyən Elməddin Nicat onlara öz tövsiyələrini bildirdi. Görüş çərçivəsində Elməddin Nicat heca və sərbəst şeirin xarakterik xüsusiyyətlərindən danışaraq sözlərdən necə istifadə etməyin yollarını, ahəngdarlığın vacibliyini vurğuladı. Elməddin Nicat şeirlərdə mövzu məsələsinə toxunaraq təkrarçılıqdan uzaq durmağı tövsiyə etdi. Şagirdləri üzləşəcəyi tənqidlərdən sınmamağı, əksinə dərs çıxarıb öz üzərilərində işləyərək, daha da irəli getmək uğrunda mübariz olmağa səslədi. Tədbirin sonunda şair öz yaradıcılığından bir neçə şeir nümunəsi səsləndirərək şagirdlərlə qarşılıqlı fikir mübadiləsi apardı.Layihə rəhbəri icra planına uyğun olaraq layihə iştirakçıları ilə “Məktəblilərin Poeziya Klubu” layihəsi çərçivəsində ustad görüşlərinin davam etdiriləcəyini bildirdi.