Eşqlə naxışlanan ömür kitabı…
Seyyid Əli:
“Elə bilməyin ki, uşaqlığımdan qaranlıq gətirib gözümə həsrət”
“Yeddinci qitə”
…Çox kitablar oxuyuruq: hərəsinin müəllifi də ayrı, mövzusu da, oxucusu da…
Ömür kitabları da elədir: lakin yazanı birdir – bizi yaradan Tanrımız. Tanrı yazana pozu yoxdur. Bunu da zaman-zaman müdriklərimiz söyləyib.
Bir “kitab” oxumuşdum. Ömür kitabı idi, müəllifi ulu yaradan. Bu “əsər” çox müdrikləri heyran qoymuşdu. Mən onu “yeddinci qitə” adlandırmışdım. Hətta, bir qəzet də buraxmışam bu adda: “Yeddinci qitə”. Möcüzələrlə dolu bir “kitabı” axıra kimi oxuya bilmədim. Qəfil əsən səmum küləyi onun ömür səhifələrinin “vərəqləri”ni qoparıb apardı…
İyirmi beş ildi ki, həsrətini çəkdiyim (başqa kəlbəcərlilərimin məndən artıq çəkdiklərinə şübhə eləməsəm də) Kəlbəcərimdə dünənim “dumanlı Albion” kimi xatırlanır. Uşaqlıq və yeniyetməlikdən bu mözücələrlə dolu hikmətlilər yurduna sanki həsrət qalacağımızı hamımız bilirmişik. Bəlkə də gözdən-könüldən uzaq tutmaları idi bu fəhmi bizə verən, bilmirəm. Hələ ötən əsrin 70-ci illərində şair Ənvər Rzamız görün necə duyurdu bugünkü dəhşətləri – Kəlbəcərin düşmən caynağına keçməsini və bağlı qalan yollarını:
…Haçalanar neçə kəndə,
Neçə bərə, neçə bəndə.
…Düşməni azdırar çəndə
Kəlbəcərə gedən yollar…
Bax belə… Ənvər Rzamızın vəsf elədiyi “yazda əriş-arğac, yayda örüş-arxac olan” yollarla üz tutaq Kəlbəcərə. Eh! O yollarımız 25 ildi ki, bax belədir:
…Haçalanmır neçə kəndə,
Yolçusu yox bircə bəndə.
Bir yaxşı bax, gör nə gündə,
Kəlbəcərə gedən yollar…
(Məhəmməd Nərimanoğlu)
Kəlbəcərlilərlə həmsöhbət olmaqdan kimsə doyub ki…
Hə, əziz oxucu, bir qədər uzaqdan və üzü Kəlbəcərə xəyali bir yol başlamağım təsadüfi deyil. Acılı-şirinli xatirələrimiz də orada, işğal altında qalıb. Sözümüz də, gözümüz də… Orada qalıb söz əhlimiz-nəğməli dilimiz, ağır elimiz də.
Kəlbəcərdə körpənin də dili musiqili idi. Deyirlər ki, kimi dindirirdin orada sənə qafiyəli cavab verirdi. Bu hikməti ölməz şairimiz Bəhmən Vətənoğlundan müsahibə alanda hiss etmişəm. Kəlbəcərdən ayrıldığımız on il idi. On sual verdim. Onuna da şeirlə cavab vermişdi. Allah rəhmət eləsin! Ona görə də kəlbəcərlilərlə həmsöhbət olmaqdan kimsə doyubsa, onun səmimiyytinə inanmayın.Kəlbəcər ədəbi mühiti haqqında yüksək fikirdə olanlara təşəkkür edirəm. Onun zənginliyi ayrı-ayrı fitri istedada malik kəlbəcərlilərin çoxluğundan deyil, ilk növbədə artıq tanınmaqlarındandır, həm də Tanrı vergili olmaqlarından…
Hələ Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyət evində və sonralar orada çıxan “Yenilik” qəzetində çalışarkən bütün kənd-kəsəklərimizi gəzərkən neçə-neçə istedadlılarla həmsöhbət oldum. O zaman düşünürdüm idi ki, axı, bu insanların yaradıcılığı heç də tanınmış, məşhur şairlərinkindən zəif deyil. Bəs səbəb nədir ki, ustad Dədə Şəmşirdən (Allah Səməd Vurğuna rəhmət eləsin) savayı bir aşıq, şairimizin adı respublikada rəsmi şəkildə çəkilmir, onlara fəxri adlar verilmir, kitabları nəşr edilmir?!
Kəlbəcərin işğalından sonra həmin ədəbi mühitin ayrı-ayrı fərdləri özünü elmi və ədəbi ictimaiyyətə təqdim etdikdən, eləcə də Qənbər Şəmşiroğlunun təşəbbüsü ilə şair Yusif Hüseynlə birlikdə toplayıb Kəlbəcər ədəbi mühitini “Kəlbəcər: sazın-sözün harayı”,”Kəlbəcər dünyası: folklor nümunələri” və s. kitabları nəşr etdirdikdən sonra bu məsələnin incəlikləri açıldı.
Kəlbəcərin insanları da sərvətdir
Açığı, Kəlbəcər fiziki mənada əlimizdən çıxandan sonra onun mənəviyyat beşiyi, əsl cənnət-məkanlığının fərqinə vardıq. Onun insanlarının da sərvət olmasını, hətta, ulu öndər Heydər Əliyevin dilindən belə eşitdik. 1996-cı ildə bir qrup kəlbəcərlilərlə görüşündə səsləndirmişdi bu fikri: “Kəlbəcərin yalnız təbiəti, yeraltı-yerüstü sərvətləri deyil, onun insanları da sərvətdir…”
Bəli, Kəlbəcərə ilahi yaradan heç nəyi əsirgəməmişdi, bircə cvanyandıran rəhbərlərdən savayı. Onu da son illər daha çox duyduq.
Kəlbəcərlilərimizin ədəbi dünyasının zənginliyi daim məni heyran edib. Buna görə də onların bədii yaradıcılıq nümunələrinin toplanıb oxucu görüşünə gəlməsində əlimdən gələni əsirgəmədiyim üçün Tanrım da mənə bədii təfəkkürümün zənginləşdirilməsi yolunu əsirgəmədi. Mən də onların hər birinin yaradıcılığı ilə yaxından tanışlıqdan bəhrələndim, öyrəndim, zənginləşməyə çalışdım. 100-dən artıq kəlbəcərli şairin, söz-qələm adamının yaradıcılığna, istedadına ayna tutmuşam. Bir o qədərinin də kitablarını çapa hazırlayıb, ön söz yazmışam. Doğrudur, bu canıyananlığım bəzən mənə “töhmət” gətirib.
Arxamca dodaq büzüb,
“filankəsi Nərimanoğlu şair edib”,-deyiblər
Desinlər. Çünki özləri bir kəlbəcərlinin yaradıcılığına ayna tutmayıblar, naqisliklərindən.
Belə söz və təbli şairlərimizi saymayacağam. Onlardan biri də Tanrı möcüzəsi kimi tanınan Seyid Əlimiz idi, Allah rəhmət eləsin! Kəlbəcərdəikən Seyidin mahir saz ifaçısı və klassik Azərbaycan ədəbiyyatı bilicisi olduğundan xəbərdar idim. Kəlbəcər RPK-nın katibi İnqilab Nadirov, hətta, Seyidə şəxsi kitabxana da yaratmışdı. Azərbaycanın tanınmış söz adamları, xalq şairləri, xalq artistləri, ədəbiyyatşünas alimlərdən belə yolu Kəlbəcər və İstisuya düşənlər Seyid Əli ilə yaxından atnış olur, onun hikmətlərinə heyran qalırdılar.
Bir dəfə “Aşıq Pəri” məclisinin üzbvlərindən bəziləri Kəlbəcərdə qonaq idi. Həmin vaxt xalq şairi Bəxtiyar Vahabzadə də Seyidin ziyarətinə gəlmişdi. O görüş rayon mədəniyyət evində keçirilirdi ki, daha geniş tamaşaçı toplaşsın. Seyid Əlinin nəinki şeirləri, sazda mahir ifası da xalq şairini elə ağlatdı ki, salon bu yaşdan boğulurdu. Seyid Əli sazı yox, öz dünyasını səsləndirirdi. Gözləri anadangəlmə görməyən (cüzi şəkildə) bir insan böyük bir kitabxananın fondunu necə oxuyurdu, İlahi, sazı necə incə ruhda dilə gətirirdi.
İllər aradan keçdi. Seyid Əlini, yuxuda ona buta verilən yarını da itirdik. Seyid Əli öz ölümünün tarixini öncədən demişdi. Atası Seyid Xudaverdini itirdikdən sonra bu ayrılılğa dözmədi, cəmi 26 illik ömür kitabı isə min illər oxunacaq bir qara dastana çevrildi.
Köhnə söhbətə yeni ovqat
Bir gün yaxın dostum, əslən Kəlbəcərin Zar kəındindən olan Bəhram qardaşıma Gəncədə görüşərkən dedim ki, Seyid Əlini yuxuda görmüşəm. Məndən yamanca razılıq edirdi. Kəlbəcər aşıq-şairlərini bir ədəbi aləmdə-kitablarda təqdim etdiyim üçün. Amma özündən demədi. Bəlkə Seyidin şeir dəftərini qardaşından alasan. Onu kitab kimi nəşr etdirim?! Bəhram buna razılaşdı. Amma aradan illər keçdi. Bir gün Bəhram öz yoldaşının kitabını Bakıda nəşr etdirmək üçün yolunu yanımdan saldı. Köhnə söhbətə yeni ovqat qatdıq:
-Nə oldu, Seyidi unutdun?! Qardaş, niyə onun şeirlərini toplamadın, gətirmədin?- Mən ondan soruşdum.
-Eh, vallah, dəfələrlə Seyidin şeirlərini “aşıqlar” öz adlarına oxuyublar. Qardaşı da bundan incik düşüb. Dəfələrlə dedim, razı olmadı…
Söhbətimiz burada bitsə də, Seyid Əlinin ruhuna olan mənəvi borcumu yerinə yetirə bilmədiyimi özümə bağşlamırdım. Və bir gün gənc qələm dostum, istedadlı şair, Elməddin Nicat mənə Seyid Əlinin həcmcə kiçik, səhifəcə yığcam, lakin düşüncəcə dəryalar qədər dərin olan “Görmürsənmi xəyaldayam” kitabını hədiyyə etdi. Kitab daim əməkdaşlıq elədiyim “Adiloğlu” nəşriyyatında işıq üzü görmüşdü. Kitabın redaktoru isə qələminə və şəxsiyyətinə böyük hörmət bəslədiyim şair Nadir Məmmədli idi. Elə ön sözü də o yazıb. 2008-ci ildə çapdan buraxılan kitab 10 ildən sonra mənə çatmışdı. Vərəqlədim dönə-dönə. Şeirlərini dəfələrlə, düşünə-düşünə oxudum. Həyatının bilmədiyim məqamlarını öyrəndim.
Bəzi məqamlarla sizi də tanış eləmək borcundayam. Nadir Məmmədli yazır: “Seyid Əlinin şərəfli bir şəcərəsi var: üçüncü babası Mir Yaqub ağa Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Təxminən XIX əsrin sonlarında Mir Yaqub ağanın oğlu Seyid Məmməd hansı sabəbdənsə (o zaman İranda milli azadlıq mücahidləri ölkədən perik salınırdı. Xiyabani inqilabı dövründə bir çox soydaşımız, elə bu sətirlərin müəllifinin ulu babası Məşədi Səfər də Təbrizdən bu taya gəlib-M.N.) ailəsindən uzaqlaşıb Kəlbəcər rayonunun Zar kəndinə gəlmiş, burada məskunlaşıb ailə qurmuşdur. Kənd məscidində Quranın tədqisi ilə mıəşğul olmuşdur…”
Əli hissinin, ruhunun gözüylə görür, oxuyur və saz çalırdı…
Seyid Əli 1962-ci ilin mart ayının (təsadüfən “qara bayram” günü) dünyaya göz açıb. “Göz açıb”-əsluində doğulub, amma, gözləri bu fani dünyanın işığından məhrum olub. Çox cüzi görüb – iki addımlığı belə seçməyib. Bu sevincin ömrü də Əlinin özünükü kimi, qısa olub. Ailə bilib ki, o, gözlərindən şikəstdir. Əslində, qolundan tutub gəzdirdikləri Əli hissinin, ruhunun gözüylə görür və oxuyur və saz çalırdı…
Məktəb üzü görməyən Əli elmi və ədəbi dünyanın simalarını tanıyırdı, oxuyurdu. Onu ilk dəfə ədəbi ictimaiyyətə mərhum şairimiz Məmməd Aslan təqdim etdi: “Azərbaycan gəncləri” qəzetində Əli haqqında çap etirdiyi məqaləsindən sonra onun üstünə oxucu məktubları yaz yağışı kimi selləndi, gülləndi.
Seyid Əli fəlsəfi düşüncələri dərya olan şair idi. Sevgisi də ümman idi, məhəbbəti də, qəm-kədəri də. Sanki Yaradan ona istədiklərini eyni ölçü-biçidə vermişdi:
Əliyəm, qəm-kədər sirdaşım oldu,
Taleyimlə mənim savaşım oldu.
Qəlbimi ovudan göz ayşım oldu,
Güldürsən də məni, gülə bilmədim.
Əli gülməsə də, heç ağlamadı da…
Təcnis, divani, qoşma, gəraylı, rübai, qəzəl kimi klassik şeir növlərinə bələd olduğundan, fikrini nəzmə çəkən şair uzaqdan ona məktub yazan gözəllərdən birinə üz tutaraq təcnislə görək necə deyir:
Dinlə ürəyimin səsini, ey yar,
Könlümün mürğünə gözəl dən düşər.
Şair məclisində mənə inan ki,
Söhbət gözəllikdən, gözəldən düşər.
Baxışların məsum, hüsün füsunkar,
Dağ nərgizi kimi təravətin var.
Mənimlə görüşə gəlməsən, ey yar,
Yoluna baxmaqdan gözə nəm düşər.
Dilimdə bir işirin kəlməsən mənim,
Qəmzənlə bağrımı dəlmə sən mənim.
Əliyəm, üzümə gülməsən mənim,
Qara saçlarıma, gözəl, dən düşər.
Bir rübaisində nakam şair həmin mövzunu görün necə qələmə alıb. Nə göz inciyir, nə əl əl çəkir, nə göz əl çəkir:
Hicran salıb saçlarıma, göğzəl, dən,
Doyammıram sənin kimi gözəldən.
Qapına gəlməyə ehtiyacım var,-
Dilənçinəm, götürmərəm göz əldən…
Maraqlıdır ki, şair ədəbiyyat nəzəriyyəsinə elə bələd idi ki, o, bəzən şeirin müxtəlif, hətta, az-az işlədilən növlərinə belə müraciət edirdi. Elə “şapalaq qoşma”sı da bu qəbildən olan nümunələrdəndir:
A şöhrət sərxoşu, mənsəb aşpazı,
Yenə qaz götürüb havalanmısan.
Arxanda dayanıb dayın dağ kimi,
Əminin ağzıyla divalanmısan.
Çalış ona-buna badalaq atma,
Üz-gözünə dəyər şapalaq, atma.
Barsız söyüd kimi qol-budaq atma,
Bir də görərsən ki, ovxalanmısan.
Gəlsən də hərdənbir mənnən göz-gözə,
Dostuq, nöqsanını vurmaram üzə.
Yuxuda gördüm ki, dəymirsən gözə,
Bəlkə vəzifədən qovalanmısan?!.
Əlinin işığına bir pərvanə özünü oda vurdu
Bu yerdə bir daha qələm dostum Nadir Məmmədliyə təşəkkürümü bildirib, onun kitaba yazdığı ön söz yerində yazdığı “Ozanım heeeeyy!” məqalənisinə qayıdıram. Dostum yazır: “…Əlinin zəkasının gücünü Sədnik Paşayev, Bəxtiiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Ağalar Mirzə, Vidadi Babanlı, mərhum xalq artisti, qocaman muğam usdadı Yaqub Məmmədov kimi görkəmli sənətkarlar, alim və şairlər, füzulişünaslar görmüş, heyrətlənmiş, bu barədə yazılar yazmış, verilişlər hazırlamışdılar. Xalq arasında “Zarlı Əlif “, yaxud füzulişünas Əlif Abbasov el məclislərində Seyid Əli ilə Füzuli haqqında mükaliməyə girişəndə hamı heyrətdən çaşırdı. Əinin işığına bir pərvanə özünü oda vurdu – Göygöllü Mehriban. Əlini sevgi dağlarına səsləyən bu xanım sonradan Əlinin ömür-gün yoldaşı oldu – 1984-cü ildə evləndilər. Əfsus ki, övladları olmadı. Bu nisgil onun “Mənə yalan danış şeiridə aydınca sezilir”.
Əli ata-anaya qırılmaz tellərlə bağlı ovlad idi. Elə bu sevgi də onun ömrünə yarımçıq (bunu yaradanımız bilir-M.N.) nöqtə qoydu. Atası Xudaverdinin ölümünə dözməyən Əli yeməkdən qəti imtina edib və tezliklə onunla bir torpaqda yatacağına and içir (övlad məhəbbəti-M.N.). Bu da bir qara haşiyəli tarix: 1988-ci il iyun ayının 17-si. 26 yaşlı Əlinin ömrünün son dayanacağı.
Dünya işığından məhrum olan
Seyid Əlinin bəkirət gözü nurlu idi
Əlinin sinə dəftərinə üz tuturam. Sinəm alışır. Tərtəri istəyirəm. Birdən gözlərimdə kitabın ön sözündə Nadir müəllimin yazdıqları aşıb-daşır: “…2006-cı ilin noyabr ayının 18-dən 19-a keçən gecə. Tərtər-Bərdə arası Tərtər çayının sahilindəyəm. Qarşımda çiy kərpicdən tikilmiş iki daxma var. Onlardan birində acılar şəkmiş Tavat nənə (Seyid Əlinin anası-M.N.), Zümrüd, Tükəzban, bir də tabutunu çiynində gəzdirən Yusif qardaşım yaşayır. O birisi oğul-uşaq sahibi Xıdıra məxsusdur. Başçısını itirən, 13 illik (indi isə 25 ildir ki, kəlbəcərsizik-M.N.) qürbət əzabı və acınacaqlı bir yoxsulluğa düçar olmuş bu ailədəki qürurlu və dik baxışları gördükcə ürəyimə axan göz yaşlarımın içindən bir fərəh hayqırıb hər dəfə. Bircə Südabə çatışmır. Ailə qurub. Divardan Xudaverdi əmi ilə Seyid Əlinin şəkilləri mənə baxır. Dəyişən yalnız məkan və zamandır… Bu gün bura dostumun yazılarını araşdırmaq, çapa hazırlamaq məqsədilə gəlmişəm. Bunu Tavat nənədən gizlətməyi xahiş etdim. Xəstə, qoca ananın dərdini təzələmədim. Hansı kitab anaya oğlundan əziz olasıdır ki”?!.
…Aradan il yarım ötdükdən sonra bu daxmadan bir tabut çıxdı. Quruca nəfəs idi deyirlər. Bütöv canı, Bəhmən Vətənoğlu demiş, Kəlbəcərdə qalmışdı Tavat nənənin. Əlisi ilə Xudaverdisinin üz qoyduğu qara torpağa apara bilmədilər. Təsəllilər o oldu ki, Tərtərin sahilində ona qərib qəbir qazıldı. Qəriblərin qəbirləri də niskilli görünür ey, uzaqdan adamınü ürəyini üzür.
Tavat nənə Əlinin nə balasını gördü, oxşadı, oynatdı, nə də ilk və son kitabını vərəqləyib gözlərinə sürtdü…
Amma Əli yaşayır, Tavat nənənin ruhu şad olsun ki, belə oğul verdi cahana – dünya işığından məhrum olan Seyid Əlinin bəkirət gözü nurlu idi. Fəhmi ilə akademikləri heyrətdə qoyan söz-söhbəti qaldı, bir də dillər əzbəri olan şeirləri ilə yaddaşlara yazıldı.
Şeir varlığımdır, şeir canımdır,
Ayna bulaq olub axar ürəkdə.
Şeir sevincimdir, həyəcanımdır,
Odlu şimşək olub çaxar ürəkdə…
Məhəmməd NƏRİMANOĞLU