Mövlanə Cəlaləddin Rumi bəşəriyyətin təfəkkür tərzini, düşüncə parametrlərini dəyişdirən beş böyük şəxsiyyət sırasındadır. Hazırda dünyada ən çox satılan kitablar məhz, bu böyük türk şairi və filosofunundur. Hətta İngiltərədə Şekspirdən də çox mütaliə olunan Mövlanə Cəlaləddin Rumidir.
Qərb alimlərindən olan M.Barresin belə bir fikri var “Mövlanəni tanıyandan sonra Hüqo, Höte və Şekspirdə nəyin çatışmadığını dərhal anladım”. Mövlanə insanları ayırmır onları ümumi mənəviyyat və sevgi komponentləri altında birləşməyə çağırırdı.
Bu yazıda da Mövlanənin eşq fəlsəfəsinin bəzi nüanslarından və insanın yüksək psixoloji gərginlikdən, xaosdan, vakuumdan yəni boşluqlardan uzaqlaşaraq mənəvi yola qədəm qoyması və sonda ruhi rahatlıq tapması üçün Kamilliyə, Allaha doğru dəvətindən danışılacaq və bu dəvət bütün insanlar üçündür…

Gəl, gəl, hər nə olursan ol, gəl!
İnancsız da, bütpərəst də olsan, gəl!
Burası ümidsizlik dərgahı deyil,
Yüz kərə pozsan da tövbəni yenə gəl.

Mövlanə Cəlaləddin Rumi insanı nurlu bir körpü üzərində gedən görür. Elə bir körpü ki, insan ürəyindən Allah dərgahına doğru uzanır. İnsan onu öz içində tapır və daim hərəkət edə bilir. Bu hərəkət insanın öz gəldiyi yerə yenidən qayıtmaq istəyini özündə əks etdirir. Əvvəlki yerinə yəni başlanğıc halına qayıtmaq həvəsi “nur körpüsü” timsalında tam bir dövretmə prosesini xatırladır ki, bu da “insan kainata bərabərdir” aksiomasını bir daha təsdiqləmiş olur. “Axı kainat da dövr edir”, “Axı dünya fırlanır”. (B.Vahabzadə)
Mövlanənin “Məsnəvisi”ndəki ilk hekayət də məhz, bunu xatırladır. Ney nə üçün həmişə ah-nalə çəkir? sualına cavab axtaran Mövlanə öz məna xəzinəsinin köməyilə bunun səbəbini açıqlayır. Vurğulayır ki, öz səltənətindən (qamışlıqdan) ayrı düşən ney ora yenidən qayıtmaqdan ötrü bu cür fəryad qoparır. Ah-nalə etməsi üçün isə onun qamış halından ney halına gəlməsi lazımdır. Sırf insan üçün nəzərdə tutulan bu rəvayətdə qamış cahil, yəni sirlərə vaqif olmayan, ney isə cilalanıb, dünyanı dərk edən kamil insanın ümumiləşdirilmiş simvoludur. Yəni qamışdan neyə gedən yol adamdan insana gedilən yola bərabərdir. Neylə qamışın arasındakı fərq isə deməyə dəyməz.
Mövlanənin yaradıcılığından ana xətt kimi keçən ilahi eşq kompanenti cahildən kamil insan yaradan bir iksirdir. Mövlanəyə görə, insanın ideal mahiyyətini tapan və onun idrakında olan adam həm “aşıq” həm də “məşuqdur”, yəni həm Allahı sevən, həm də Allahın sevdiyi bir şəxs olur. Burada Mövlanənin eşq fəlsəfəsi özünü tam olaraq əks etdirir.
İdeal insan (kamil insan) bu eşqi bütün mənliyində tapan və yaşayan adamdır. Dolayısıyla insan öz canında Onu tapacaq və orada Gerçək Dostuna qovuşacaq bir varlıqdır. Aşağıdakı misralarla fikrini tamamlayır…

Hər şeyi aramadıqca bulamazsın;
Ancaq bu dost başqa;
Onu bulmadan arayamazsın. (Fihi-ma fih-əşyaların təbiəti)

Mövlanənin eşq fəlsəfəsi insanı fiziki aləmdən metafizik aləmə aparan bir yoldur (əvvəldə dediyimiz körpü). İnsan gövdə, ağıl və ruhun birləşməsindən ibarət bir varlıq olduğundan ondakı bu üç ünsürün əlaqədə olması məqsədəuyğun haldır. Lakin bəzi məqamlarda insanın yalnız bir
komponentinə yəni gövdəyə qulluq etməsi onun ruhunu məhv etmiş olur. Ağıl ona görə insanda mövcuddur ki, bədənlə ruhun yəni maddiyyətlə mənəviyyatın arasındakı fərqi ona nümayiş etdirsin. Burada o birincinin ikinciyə keçməsi üçün zəmin yaratmış olur. Fiziki aləmdən də Metafizik aləmə keçid məhz burdan başlanır.
Yazını körpü konsepsiyası ilə başladıq. Yəni insandakı insanlıq mahiyyətindən yaranıb onun ilkin çağına aparan körpü Mövlanənin insanlara dəfələrlə tövsiyyə etdiyi bir məntiqdir. Bir il bundan qabaq yazdığım şeirin bir misrasında dediyimi icazənizlə yazmaq istərdim…

Nə vaxt körpü quracağam yerlə göyün arasında
Mən o zaman alacağam mələklərin sırasında.

Mövlanəni də bu körpünü qurmaq üçün oxumalıyıq. Bir də yəqin ki, onun davamçılarının ifa etdiyi səmavi rəqsləri görmüsünüz. Rəqs zamanı bir ayaq mərkəzdə dayanır, digəri isə tam dairə boyunca fırlanır. Bu Qardaşlıq etalonunu özündə əks etdirir. Yənifırlanan ayaq Yer kürəsinin 72 millətini ruhi birliyə, mərkəzə doğru dəvət edir. Həm də yazının əvvəlində qeyd etdiyimiz dövr fırlanan məkan və “körpü vasitəsilə” dövr edən insan məntiqini tamamlamış olur. Mərkəzdə duran ayaq isə zənnimcə körpünün başlanğıc və son anını göstərir. Rəqs edən isə Mövlanənin Dilindən yazımızın epiqrafını səsləndirir;

Gəl,gəl nə olursan ol yenə gəl…