Снимок11-234x3001

Müsahibimiz haqqında qısa bilgilər

Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Qırxa qədər kitabın müəllifidir.Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Azərbaycan Gəncləri”, “Respublika Gəncləri”, “Kommunist”, “İlham Çeşməsi” və s. qəzetlərdə dərc olunub.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin Birinci Qurultatında “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.
Pedaqogika üzrə fəlsəfə doktorudur.”Azərbaycan” Nəşriyyatında “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktorudur.Qarabağ müharibəsi veteranıdır.

1.Əziz müəllim, ədəbi-bədii yaradıcılığa neçənci ildə hansı yazı ilə başlamısınız?

-Ədəbi-bədii yaradıcılığa 1965-ci ildə “Kəndimiz” şeiri ilə başlamışam.

2. Dövri mətbuat səhifələrində dərc olunan ilk mətbu əsəriniz hansıdır?

-Dövri mətbuat səhifələrində dərc olunan ilk əsərim “Bənövşə” şeiri 1968-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub.

3. İlk kitabınız neçənci ildə harada dərc olunub və necə adlanır?

-İlk kitabım 1972-ci ildə “Gənclik” nəşriyyatında dərc olunan “Göy qurşağı” adlanır.

4. “Azərbaycan” nəşriyyayında neçənci ildən çalışırsınız?

-“Azərbaycan” nəşriyyatında 1994-cü ildən çalışıram.

5. “İlham çeşməsi” qəzeti haqqında oxucularımıza məlumat verə bilərsinizmi?

-İctimai-siyasi, mədəni, hüquq qəzeti “İlham çeşməsi” ayda bir dəfə 8 səhifə olmaqla 500 tirajla dərc olunur.Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.Azərbaycandan başqa, qardaş Türkiyə Cümhuriyyətinə-Türkiyə Yazarlar Birliğinə, Tokat Şairler ve Yazarlar Derneğinə, Selcuk Universitetinə, Yıldırım Beyazid Universitetinə göndərilir.

6.Bu günə qədər dərc olunan kitablarınız haqqında əziz oxucularımızı bilgiləndirə bilərsinizmi?

-İndiyə qədər 40-a qədər kitabım çap olunub.Əsasən vətənpərvərlik. Sevgi şeirləri yazıram.Qarabağ müharibəsi mövzusunda daha çox kitablarım çıxıb.Milli qəhrəmanlarımıza daha çox poemalar həsr etmişəm.

7.Çağdaş Azərbaycan ədəbi mühitində “Qanlı yanvar gecəsi”, “Xocalı” poemalarının müəllifi kimi tanınırsınız. Qələmə aldığınız poemaların ana xəttini nə təşkil edir?

-Bu poemalrın ana xəttini başımıza gələn faciələr, millətin parçalanmasına səbəb olan xəyanətlər, vətən, yurd sevgisi, bir də azadlıq yolunda şəhid olan oğullarımızın qəhrəmanlığı təşkil edir.

8.Çağdaş Azərbaycan mətbuatında, xüsusilə də Bakı şəhərində fəaliyyət göstərən mətbu orqanlar sırasında “Müasir türk ədəbiyyatının inkişafına dəstək” layihəsini mətbu orqanınızın səhifəsində həyata keçirdiniz.Layihə çərçivəsində qardaş Türkiyə Yazarlar Birliyinin Nümayəndə Heyətinin üzvləri Şemsettin AĞAR, Hasan AKAR, Gülten ERTÜRKün şeirlərini yayımladınız.Qardaş Türkiyəli yazarların ədəbi-bədii nümunələri, poeziya örnəkləri dərc olunmuş qəzetin yeni buraxılışından da iyun ayının 26-da Ata yurdumuz Türkiyə Cümhuriyyətinin Tokat şəhərinə yol düşəcək “Ziyalı Ocağı” İctimai Birliyinin Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvlərindən göndərəcəksiniz. Layihəni həyaya keçirməkdə əsas məqsədiniz?

-Məqsədimiz iki qardaş Türk dövlətinin yazarları arasında mənəvi körpü salmaq, çağdaş Türk yazarlarını Azərbaycanda tanıtmaqdır.

9.İnşallah qarşıdakı günlərdə mətbu orqanınızın səhifələrində “Müasir türk ədəbiyyatının inkişafına dəstək” layihəsini yenidən həyata keçirmək planlaşdırırsınızmı?

-Biz bu işi daima həyata keçirəcəyik.İnanıram ki, qardaş Türk ədəbiyyatından daha çox yazarları bu işə cəlb edəcəyik.

10. Ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarlara məsləhətiniz nə olacaq?

-Milli adət-ənənələrimizi dərindən öyrənsinlər.Ədəbiyyatımızı çox oxusunlar.Dünya ədəbi mühitinə uyğunlaşsınlar.

11. Mətbu orqanınızın səhifələrində ədəbi-bədii nümunələri, poeziya örnəklərini dərc etməmişdən öncə hansı məqamlara daha çox diqqət yetirirsiniz?

-Dövrümüzün aktual məsələlərinə.Dünyada baş verənlərə öz prizmamdan yanaşıram.

12.Son zamanlar ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarlardan hansıların yazılarını oxumusunuz?

-Son zamanlar təzə çıxan kitabları, “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə gedən bütün cavan yazarların əsərlərini oxuyuram.Dövri mətbuatda əsərləri dərc olunan gənc yazarlara uğurlar diləyirəm!

13.”İlham çeşməsi”qəzetinin səhifələrində gənc yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini dərc edirsiniz.Yazıları dərc etməmişdən öncə redaktə edən zaman həmin məlumatların müəllifin qələmindən çıxdığını nəzərə alaraq hansı dəyişiklik etməyə daha çox önəm verirsiniz?

-İlk əvvəl həmin yazarlarla şəxsi söhbətlər edirəm.Öz məsləhətlərimi verib, iradlarımı bildirirəm.Çalışıram ki, müəllifin fikirlərinə hörmət edim.

14. Ədəbi-bədii yaradıcılığınızda son zamanlar hansı yeniliklər olub?

-Son zamanlar “Qarabağ” mövzusunda silsilə şeirlər üzərində işləyirəm.Çingiz Mustafayev haqqında “Çingiz dastanı” kitabım çapdan çıxıb.

15. Gənc yazarlara dəstək olmaqda hansı hissləri keçirirsiniz?

“Əl tutmaq Əlidən qalıb”-deyirlər.Kiməsə yol göstərirəmsə, kiminsə əlindən tuturamsa, bir rahatlıq duyuram.Son zamanlar ədəbiyyata istedadlı gənclər gəlir, onlara məsləhət vermək, dəstək olmaq məni sanki ağır bir yükdən azad edir.Peyğəmbərimiz göstərir ki, bildiyi başqasına öryətməmək günahdır.

16.Çağdaş Azərbaycan ədəbi mühitində yetişməkdə olan gənc yazarlara Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün lazımı sənədləri toplayıb payız ayında baş tutacaq Qurultaydan sonra müraciət etmələrini məsləhət görərdinizmi?

-Əlbəttə.İstəyirəm ki, hər bir istedadlı gənc Azərbaycan Yazıçılar Birliyinin üzvü olsun.

17. Ulu Tanrıdan Azərbaycan xalqına arzunuz nə olacaq?

Müstəqilliyimiz ədəbi olsun.Qarabağ ermənilərdən azad olsun.

18. Sonda hansı şeirlərinizi əziz oxucularımıza ərmağan etmək istərdiniz?

Son vaxtlar yazdığım şeirləri əziz oxucularımıza ərmağan etmək istəyirəm:

İSTİQLAL MARŞI

Əlli milyon ürək,
Yüz milyon bilək,
Əlli milyon insan,
Əlli milyon istək,
Əgər yumruq kimi
Birləşə bilsək.
Arazın üstündən,
Körpü salarıq,
Qovuşa bilərik,
Biz azadlığa,
Qayıda bilərik,
Biz Qarabağa.

DAHA

Daha bu dünyadan əl götürmüşəm,
Indi özümlədi hər işim, davam.
O xoş günlərimi tay itirmişəm,
Kədərlə, qüssəylə köklənib havam.

Qurtarmır hələ də tale savaşı,
Aylar, illər salır ömrü cətinə.
Dərdlə rastlaşıram hər addımbaşı,
Ürək açammıram mən hər yetənə.

Gözümdə alışıb, nur saçmır günəş,
Qaranlıq yol gedir mənimlə birgə.
Həsrət ürəyimə tuşlanan atəş,
Həyat çəkir məni sınağa, bərkə.

Yaman öyrənmişəm köks ötürməyə,
Hər gün yağış yağır tənhalığıma.
Daha çalışmıram kədər örtməyə,
Daş-kəsək ilişir ayaqlarıma.

Ürək dediyindən dönmür ki, dönmür,
Bacara bilmirəm öz istəyimnən.
Sevgidən o yana bir yol görünmür,
Yol gedə bilmirəm boş ürəyimnən.

GECƏ-GÜNDÜZ

Qeyrət, papaq deyiləndə,
Zirvə, bayraq deyiləndə,
Vətən, torpaq deyiləndə,
Səssizcə ötüb keçirəm.

Olanları düşünürəm,
Dağ vüqarımdan düşürəm.
Qərib səsdən üşünürəm,
Şirin canımdan köçürəm.

Gözlərə baxa bilmirəm,
Şimşəktək çaxa bilmirəm.
Bir yana çıxa bilmirəm,
Sağa-sola yol ölçürəm.

Kara gəlmir hər yaraq da,
Dərd göyərir ağ varaqda.
Xəyalımda o torpaqda,
Əkdiyimi hey biçirəm.

Gördüyüm daş o daş deyil,
Hər kəs mənə sirdaş deyil.
Daha yaşım, o yaş deyil,
Haqqı, nahaqqı seçirəm.

Dərd saçıma qar ələyir,
Qəlbim quzutək mələyir.
Düşmən orda kef eyləyir,
Mənsə göz yaşı içirəm.