Ovqatının ən xoşbəxt cağında da yurd həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində, təbəssümü dodağında donardı. Əlini hərarətlə, həyəcanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası, təskinlik tapa bilməzdi. Varlığı gizildəyərdi. Elə bil dilinin üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı yana-yana, qıvrıla-qıvrıla. Ən gərgin anlarında gücü gələcək ümidinə, inamına çatardı. Amma… onları da özü ilə haqq dünyasına apardı.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Hökumə Billurinin anadan olmasının 97-cı ildönümü tamam olur.

Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.

Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.

1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran Azərbaycan realıst demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.

Əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrətini çəkib.

Həyat gözlərimdə sönmədən qabaq,

Sizdən bir diləyim olacaq ancaq.

Tufana, küləyə döndərin məni,

Göndərin vətənə, göndərin məni.

Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub. Şəxsi ağrılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir, kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz, Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir. Şairənin ən təsirli və yadda qalan əsərlərindən biri məhz “Təbriz” şeiridir:

Həsrətin yandırar, pörşüdər məni,

Zərif çiçək kimi üşüdər məni,

Səsləsəm Savalan eşidər məni,

Qızınnam oduna, közünə Təbriz!

Çox haqsızlıqların, faciəvi hadisələrin iştirakçısı olmasına baxmayaraq yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı xətt kimi keçir. “İnanıram o parlaq günə” deyən şairə Vətənin bütövləşəcəyinə və xalqının öz azadlığına qovuşacağına böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində bütövdür, tamdır və bölünməzdir. Vahid və azad Azərbaycan ideyası onun həyatının məzmununu və yaşamının qayəsini təşkil edib.

Kəşməkəşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.

Mənbə: https://azertag.az