+

Mayın 18-də Mədəniyyət Nazirliyinin dəstəyilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü çərçivəsində “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu il Beynəlxalq Muzeylər Gününün devizi olan “Muzeylər, davamlılıq və rifah” ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirir. Layihə, BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf məqsədlərini dəstəkləyərək, modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib.

“Qorunan təbiət” multimedia layihəsi çərçivəsində İsveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təqdim olunan “Dayanıqlı moda” multimedia layihəsində iki rəssam – isveçli Lyudmila Kristeseva və azərbaycanlı Günel Ravilova multimedia dialoq yaradaraq, modanı, tekstili və ekologiyanı öz yaradıcılıqlarının prizması ilə incələyərək, cinsiyyət, identiklik, həmçinin bunun müxtəlif mədəniyyətlərdə təsviri ilə bağlı mövzuları araşdırırlar.

L.Kristesevanın “Bacılıq” əsəri İsveç dizaynerlərinin kolleksiyaları üçün prototiplər halına gələn tədricən yenidən işlənmiş tekstil məmulatlarını çatdırır. Növbəti olaraq, G.Ravilova öz ismarıcını ekoloji sənətkarlığı və davamlı qadın sənətkarlığını əks etdirən bir video hekayəsi vasitəsilə ifadə edir.

Aqil Abdullayevin müəllif olduğu “Xəzər dənizinin sahilində” qısametrajlı filmi unikorn və idarə olunan günəş sistemləri kimi futuristik, mifoloji elementlər vasitəsilə iqlim dəyişikliyi, ətraf mühitə təsirləri əks etdirir.

“Əks-səda” adlı audiovizual müasir incəsənət layihəsi tar, kamança və nağara kimi Azərbaycan etnik musiqi alətlərinin səsləri ilə məkanı əhatə edir, eyni zamanda, elektron musiqi ilə harmoniya yaradaraq unikal səs sahəsi yaradır. İnstalyasiya, suyun, təbiətin gözəlliyinə və gücünə həsr olunmuşdur, ekoloji şüurun önəmini vurğulayır. İştirakçılar Fərhad Fərzəliyev, İbrahim Babayev və Timur Əmirxandır.

Tədbir çərçivəsində uşaq və yeniyetmələr üçün maarifləndirici xarakterli proqramlar da nəzərdə tutulur. Proqramda Yaponiya Keyfiyyət Təminatı Təşkilatı (JQA) və Beynəlxalq Sertifikatlaşdırma Təşkilatı Şəbəkəsinin təşkilatçılığı, UNICEF Tokyo Nümayəndəliyinin dəstəyilə Yaponiyada keçirilən Ətraf Mühit Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin mükafatçıları tərəfindən yaradılan animasiya vizualizasiyaları nümayiş etdiriləcək. Həmçinin dünyaca məşhur animator, rejissor Denis Tomopulosun müəllifi olduğu “Yer kürəsi danışır” cizgi filmi göstəriləcək.

Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən Beynəlxalq Muzey Günü çərçivəsində təşkil olunan layihənin kuratoru Könül Rəfiyevadır. Təqdim olunan incəsənət və kurator layihələri, ekologiya, moda və identiklik mövzularının müxtəlif perspektivlərini araşdırır, mədəni landşaftı zənginləşdirir və müasir incəsənət, həmçinin cəmiyyətdə ekoloji yanaşmanın önəmliliyi barədə dialoqu canlandırır.

Mənbə: https://azertag.az/