* * *

Belə həyat istəmirəm.
Bu pəncü-dü, bu şeş-cahar.
At zərləri, xanalara düz daşları.
Zər nə versə, nə göstərsə, oynayırıq biz daşları.
Daşlar əgər yerbəyersə, yanbayansa daha yaxşı.
Bu xanadan o xanaya daşıyırıq gah o daşı, gah bu daşı.
Əl qol atıb yer tuturuq, baş xanada gözümüz var, zər tuturuq.
Burda nə bir həyəcan var, nə bir fikir,
zərin hökmü bizi ora-bura çəkir.
Qalibiyyət zərdən asılı,
məğlubiyyət zərdən asılı.
Ovcundadır, amma hökmü səndə deyil.
Kor-koranə zərləri at,
qismətdən pay nədir görən?
….belə oyun istəmirəm,
belə həyat istəmirəm.

* * *

Bir mənəm…
Bir mənəm , bir şərab, bir də dörd divar.
Divarda kölgəmdi, kölgəmdə qubar.
Pəncərəmdə işıq, yollar qaranlıq.
Gələn qocalıqdır, gedən cavanlıq.
Bir ömür yaşadım yuxuya bənzər,
Bir sevgi yaşadım qorxuya bənzər.
Dağınıq aləmdə viranə dünyam
Arzular məndən tez getdi dünyadan.
Gözlərim yol çəkdi, yol gedə-gedə
Nə yol verən oldu, nə yol öyrədən.
Başımın üstündə sönən ulduzum,
Göydə bu ulduza, bir qəbir qazın.
Bir mənəm , bir şərab, bir də dörd divar.
Nə zəng vuran, nə də gəlib gedən var.
Dolur ürəyimə boşalır dərd-qəm,
Boşalır piyaləm, dolur piyaləm.
Bəxşiş kiminədi, qarğış kiminə,
Dil dinmək istəmir əl boş olanda.
Mən ayıq olanda sərxoş kimiyəm,
Tamam ayılıram, sərxoş olanda.