48000_129777903874457_1650907077_n3

***

Apar bu köpəyin qızını, bezdim,
İncimə bu acı sözümdən, Tanrı.
Canım kötük deyil baltalayalar,
Nə qədər utanım özümdən, Tanrı?

Yazığam, hər nəyəm, sonunda buyam,
Mənim pulum yoxdur canımı alım.
Cəllad da hazırdı, kötük də, ancaq
Ürəyim qıymır ki, qanımı alım.

Bir ana möhtacdır min paslı fikir,
Ömür dağ çayıtək çağlayır gendə.
Qalxım, bir söz deyim bu yalqız çağa,
Kimsə adam kimi ağlayır gendə.

Yollar köç aparır qara çöllərə,
Qorx ki, yarı yolda kömür qurtarsın.
Apar bu köpəyin qızını, Tanrı,
Apar, mən də susum, ömür qurtarsın.

***

Heç gözüm tutmadı bu sərt adamı,
Tamah hərisidir, mərəzi artıb.
Sənin bu adamla nə işin var, qız?
Onun sənə qarşı qərəzi artıb.

Daha baxışların yad kölgə salır,
Daha əvvəlkitək qənim deyilsən.
Sənə nə olub ki, zavalı qadın,
Mənim ola-ola mənim deyilsən?

Eh, nə çətin imiş vüsala dözmək…
Məcbur eləməyin tapım sevgimi.
Külüngüm əlimdə, ağlım başımda,
Tanrı, ta imkan ver çapım sevgimi.