Sevinc HƏMZƏYEVA.Yeni şeirlər

946980_572608526143609_1200498940_n

* * *

Ulu Tanrım
Əmr elədin
əzab doğdum
gecə – gündüz
ölçdüm – biçdim
libas kimi
geydim onu
şaxta gəldi
sazaq oldu
İsti oldu
Soyuq oldu
Tək örtüyüm –
Göndərdiyin iztirabim
Məhəbbətim –
“Yox”dediyin tək yasağım
İniltim laylaya döndü
Avazında uyuyaraq
Sinəm sevgimə tək məzar
Gözüm qəbrimə qan sızar
Bu bir sevgi – Dadı əzabından böyük
Bu bir sevgi – vüsalı bölük – bölük…

* * *

Biri vardi, biri yoxdu
Bir ağac vardı
Kolgəsinə sığınmışdıq
Gövdəsinə sıxılmışdıq
Səhəri bir açardıq biz
Gecəni bir qarşılardıq
Yağış yağar, qar yağardı
Isti olar, gün çıxardı
Qış gələrdi, yaz gedərdi
Payız olar, yay olardı
Günlərimiz birgə, bizim
Sevincimiz, kədərimiz
bir olardı.
Bir ağac vardı
Iri gövdə, özü hündür
Uşaq idik
Oynayardıq, yüyüyərdik, gülüşərdik
Yorulanda gövdəsinə
söykənərək dincələrdik
Gövdəsini dayaq bilib
Arxasında gizlənərdik
“gizləndi – qaç” oynanayanda
Gizlənərdik…
İndi daha böyümüşük
İndi daha uşaq – uşaq oynamırıq
İndi daha yalın ayaq qaçışmırıq
Dalaşmırıq, barışmırıq
Dalaşanda birdəfəlik ayrılırıq
İndi daha ağac yoxdur
Yağan qarı, yağışı
Gələn payız, yaz, qışı
Tək qarşılayıb
Elə tək də yola salırıq
İndi ağac yoxdur daha
Vaxt vardı, əsən külək
Biz əsər eləməzdi
Coşan tufan
Qalxan boran
Bizi heç vaxt üşütməzdi
İndi amma, üşüyürük,
Için – için…
Yadlaşırıq, küsüşürük
Yoxdu daha ağacımız
Yoxdu kölgəsinə sığınmağa,
Qızınmağa
Gəldiyimiz ağacımız…
Yerində bir kötük qalıb
İndi o da təkcə qalıb
İndi o da yetim qalıb
İndi o da yayın qızmar istisində
Yanır-yanır quruyur
Qışın ayaz – sazağında
Qardan – şaxtadan donur
…Bir ağac vardı…
Bizdik onun körpələri…
İndi o da yetim, kimsəsiz
İndi biz də köməksiz…