fazile

Arxalı köpək
(felyaton)
Savadlı olmasam da çox bacarıqlı oğlanam. İdarələrə, müəssisələrə baş vururam. Kiməsə iş tapıram, kiməsə yük daşıyıram. Kiminsə əlindən tutub yıxılmağa qoymuram. Mənim bu bacarığımı görüb qonşum dedi ki, gəl səni qiyabi oxutdurum. Görürəm qabiliyyətli oğlansan. Nə xərcin var, mənim boynuma. Razılaşdım. Sənədlərimi düzəltdim, məktəbə verdim, girdim, oxudum. Necə oxudumsa, onu bir Allah bilir, bir də mən. Nə isə… Vaxt bitdi, Dövlət imtahanlarının verilmə vaxtı gəlib çatdı. Qorxu canımı almışdı. İmtahana girməsəm diplom verməyəcəkdilər. Nə edim, nə etməyim qalmışdım əli qoynumda. Ağlıma gələn xoş bir xəbər məni bu sıxıntıdan qurtardı. İki gün sonra imtahan günü idi. Geyinib-gecinib, ətirlənib evdən çıxdım. Bİr başa əzcaxanaya getdim. Oradan bir-iki ədəd zökəmə qarşı dərman, bir ədəd də “vetnam mazı” aldım. Məktəbə az qalırdı. Özümü bir tinə verib aldığım mazdan gözümün altına, üstünə yaxmağa başladım. Aradan on dəqiqə keçməmiş, mən oldum illərin xəstəsi. Yaxdığım maz gözümün suyunu necə axıdırdısa, elə bil göydən leysan yağışdı. Allah, mənim bu günümü anam görəydi. Deyərdi a bala, sənə nə oldu bu günə düşdün. Evdən sağ-salamat çıxmışdın. Nə isə… Başınızı nə ağrıdım ey. Gözlərim qıpqırmızı, burnumu silməkdən eləmişdim küftə boyda.
Adımı çağırdılar. Dəsmalı ağzıma tutub içəri keçdim. Bilet çəkib oturdum. Sualları oxudum. Çox çətin idi. Dedim evim yıxıldı, indi mən nə edim. Başımı qoydum stolun üstünə. Öhö, öhö… o qədər öskürdüm ki, gözlərim hədəqəsindən çıxdı. Müəllimım dedi bala, bu vəziyyətdə sən imtahan verə bilməzsən, dur get, sonra gələrsən. Dedim, yox müəllimə, ölsəm də çalışacam cavab verəm. Müəlliməm çox gözəl bir insan idi. Oğlu şəhid olduğuna görə hamıya hörmət edirdi. Özü də təmənnasız. Dedi oğlum, görürəm, heç halın özündə deyil, mən sənə qiymət verərəm. Dur, imtahan vərəqəsini qoy stolun üstünə get, amma bu söhbət ikimizin arasında qalsın. Mən çox ağır addımlarla –çox sağ olun müəllimə, deyib, otaqdan çıxdım. Foyedə uşaqlarla görüşüb ayrıldım. Birbaşa evə gəldim. Gözlərimi yumaq üçün vanna otağına keçdim. Güzgüyə baxdım. Özümü tanıya bilmədim. Gözlərimə qan dammış, sifətim də şişmişdi. O ki var, gözlərimi sabunla yudum. Amma mazın qoxusu getmirdi. Xülasə…
Kefim kökəlmişdi. Dövlət imtahanlarının birindən keçmişdim. O birisi isə gələn həftə olacaqdı. Həftəarası özümə köynək almaq üçün bazara getdim. Bazarın ikinci mərtəbəsinə qalxmalı idim. Bir də gördüm bibim qızı kartof seçib torbaya yığır. Şıltaqlığımdan əl çəkmədim. Yavaşca gedib arxadan onun gözlərini tutdum. Qız heç nə demədən, bir neçə adamın adını çəkdi. Adlar mənə tanış gəlmədi. Qız əllərimi əlləri ilə gözündən çəkdi və üzümə baxdı. Gördüm bibim qızı deyil. Ona oxşatmışam. Çox-çox üzr istədim. Bağışla deyib, qurtarmamışdım ki, üzümə dəyən daş idi, taxtaydı, ya yumrux idi, bilmirəm,-arxası üstə yerə yıxıldım. İstədim duram, təpik-təpik dalınca, söyüşün biri olub bir qəpik, anam, bacım qalmadı. Yeddi arxa dönənimi söyürdü köpəkoğlu. Bir təhər məni onun əlindən aldılar. Ağzım, burnum qanın içində idi. Qolumla üzümü silirdim. Gözümün biri görmürdü. Gözünü tutduğum qız da orada idi. İki daşın arasında ondan yenə üzr istədim. Qız yaxınlaşdı. “Allah bağışlasın”- dedi. Amma bu bağışlamadı,- deyib məni şülüyən oğlanı göstərdi. Bilmədim o, onun ya qardaşı idi, ya da nişanlısı. Məni maşına qoyub köynək almağa yox, xəstəxanaya apardılar. Sağ olsun yaxşı adamları. Gözümü müayinə etdilər. Güclü vurulan zərbədən gözümün didəsi dağılmışdı. Həkim dedi ki, görmə ehtimalı çox azdı. Bu da mənim şıltaqlığımın nəticəsi. Gözümün sağalması iki aydan çox çəkdi. Bu iki ayda dövlət imtahanlarını verib, “hansı yollarla” qiymət aldım və oldum diplomlu bir kişi. Evlənmək üçün məni çox incidirdilər evdəkilər. Vaxtın keçir, yaşın ötür, a bala, evlən bir toyunu görüm, sonra ölüm, deyirdi anam. Çox götür qoydan sonra qonşumuzda yaşayan bir qızla evlənməyimə razılıq verdim. Qızın da atası çox imkalı bir yerdə işləyirdi. Ataların bir sözü var ey… “arxalı köpək qurd basar”. Savadım yox, istedaım yox. Qızına görə məni qaynatam yola verəcək. Qızla əlaqə yaratdım, görüşdük. Ailə qurmaq üçün razılıq verdi. Çox sevindim. Özümü qızın yanında quzu kimi aparırdım. Elçilərimiz Allahın səadət bəxş elədiyi qız qapısına getdilər. Nişan günü təyin olundu. Xoşbəxtlik quşu qonmuşdu başıma.
Qaynatam məni ucqar kəndlərin birinə vəzifəyə qoydurdu. İş icraçısı deyildim. Həyat yoldaşım universiteti qurtarmışdı, savadlı idi. Mənə təkan verən, yol göstərən elə yoldaşım idi. Mən tez-tez kənd camaatı qarşısında çıxış edir, onlara köməklik göstərirdim. Qaynatam mənim həm maddi, həm də mənəvi cəhətcə dayağım idi. Çox keçmədi ki, məndən şikayətlər gəldi. Mən növbəti iclasın birində onlara üzümü tutub:
-Ay camaat inanın ki, mən sizin hamınıza bir gözlə baxıram. Heç birinizə fərq qoymuram. Camaat isə öz narazılığını bildirdi.
Əslində diplomu saxta yollarla alan, qaynatasına və həyat yoldaşına görə camaatı necə deyərlər “yola verən”, onlara kəf gələn bu “mərd” oğlanın bir gözlə baxmağı camaatı sevdiyindən dediyi fikrə əsaslanmırdı. Özünün qanmazlığı ucbatından itirdiyi bir gözünə işarə idi. Yəni o, hamıya bir gözlə yox, bir gözüylə baxırdı…