Qafqaz Əvəzoğlu

QAFQAZ ƏVƏZOĞLU.HƏYATI VƏ YARADICILIĞI

Dəmirov Qafqaz Əvəz oğlu 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma kəndlərində alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Hal-hazırda da müxtəlif mətbu orqanlarda şeirləri və məqalələri dərc olunmaqdadır.
Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədridir.”Sözün Sehri” qəzetinin təsisçisidir.”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatıdır. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Baş redaktorudur. Bir neçə şeir və publisistik kitablar müəllifidir.Qarabağ müharibəsi veteranıdır.
Gözəl əməl və əxlaq sahibi Qafqaz Əvəzoğluna öz mətbu orqanında “Gənc Yazarlara dəstək” layihəsini həyata keçirərək Azərbaycanın bölgələrindən olan gənc yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini dərc edir.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.

Yeri get, qız

Sən məni heç zaman sevə bilməzsən,
Məni sevənlərin sonluğu – yalqız.
Aldanma beləcə görkəmimə sən,
Yeri sev ağıllı bir adamı, qız!

Məni sevənlərin ağılı yoxdur,
Mənim şıltaqlığım dözülməz, çətin.
Yeri get yerində sakitcə otur,
Vallah, mən deyiləm sənin qismətin!

Səni qısqanaram mən yerə, göyə,
Doğma ataya da, südvermişə də…
Kasası – hamıya, nə var hər şeyə,
Lap belə dünyasın dəyişmişə də!..

Tüpürüb dabana elə qaçarsan,
Ancaq dilədiyin şükrlər olar.
Mənim sevilməyim deyildir asan,
Belə bir dəlidən kim sevgi umar?!

Xətrinə dəyməsin, pis olma da heç,
Yəqin ki, bu sevgin bir şıltaq ərkdir.
Yeri get özünə bir babını seç,
Məni sevmək üçün ürək gərəkdir!!

Mən dəliyəm, o da kür

Qaşa-gözə bax Allah,
Qüdrətinə min şükür.
Yandırdığın söndürməz,
Xan Arazla, dəli Kür!

Hürü-pəri misaldı,
Baxdım ağlımı aldı.
Elə bil ac maraldı,
Adamın qəlbin sökür!

Mən biləni bu qızın,
Oğurlasan “saqqız”ın,
Ürəyində düş qızın –
Qəlbi yanar görükür!

Baxıram “bişən” deyil,
Çıxıb görüşən deyil,
Kəməndə düşən deyil,
Belə ceyran tez ürkür!

A Qafqaz, bu qız bil ki,
Umur tər-təmiz sevgi.
Heyif, tutmaz bizimki,
Mən dəliyəm, o da kür!!

ÖZGƏ

– Dön,- dedim, dönmədin, düşündüm bəlkə,
Istəyin ayrıdı, təmənnan özgə…
De, mənim qiymətli daha nəyim var,
Məndə “mən” deyilən ta “mən”dən özgə?!

Səni axtarıram, dolanır gözüm,
Axır ürəyimə yaş düzüm-düzüm.
Alışmır ocağım, od tutmur közüm,
Olmaz yandıranı bir səndən özgə!

Dön geri, a mənim könül möhtacım,
Üzülüb taqətim, yoxdur illacım.
Heç kimə, heç kimə yox ehtiyacım,
Sənintək səbrimi kəsəndən özgə!

Qafqaz Əvəzoğlu hər şeydən betər,
Gecəli-gündüzlü yolunda bitər.
Inana bilmirəm səni mən qədər,
Sevən tapılarmı, de, məndən özgə?!

2006.

AĞLADI

Gözlədim, gəlmədin, görüş yerimiz,
Halıma mükəddər oldu, ağladı!
Sənin görüşünə tələsən güllər,
Əlimdə saralıb-soldu, ağladı!

Bükdü qamətimi, əydi bu halət,
Gəldiyin yollar da çəkdi xəcalət.
Məhəbbət yanğılı bir dəli həsrət,
Qolların boynuma saldı, ağladı!

Nə bilim bu imiş yaxınlığımız,
Bir eşqin oduna yaxındığımız.
Bir vaxt qucağına sığındığımız,
Söyüdlər saçını yoldu, ağladı!

A Qafqaz, bu necə taledi, baxtdı?
Ahım göyləri də yandırıb-yaxdı.
Şimşəklər oynadı, ildırım çaxdı,
Buludlar hönkürüb doldu, ağladı!

2008.

AZ

Deyirsən, uzaq ol, amma bir zaman,
Bitib yollarımda qalmırdınmı, az?!
Dolanıb başıma pərvanə kimi,
Qadamı-bəlamı almırdınmı, az?!

Süzdürə-süzdürə o qaş-gözünü,
Qurban eyləyərdin mənə özünü.
Söykəyib üzümə hərdən üzünü,
Şirin xəyallara dalmırdınmı, az?!

Ayrıla bilmidin, zəliydin, zəli,
Olmuşdun sərsəri, olmuşdun dəli.
Mənə salam verən hər bir gözəli,
Şahmar ilan kimi çalmırdınmı, az?!

Niyə qurdaladın sən yaddaşımı,
Qafqaz Əvəzoğlu yenə naşımı?!
Bişirə-bişirə bu gic başımı,
Gülüstan qoynuna salmırdınmı, az?!

2008.

Bacarsanız siz

Ey əziz dostlarım, a yaxınlarım,
Bir sözüm var sizə! Bacarsanız siz, –
Bir uca təpədə – bir uca yerdə,
Mənim məzarımı qazarsınız siz!

Başdaşım ucalsın ənginliklərə,
Dağlara-daşalra, düzənliklərə…
Bilirsiz vurğunam gözəlliklərə,
Qəbrimi güllərə qatarsınız siz!

Demirəm güllərdən tutuban dəstə,
Hər gün gələsiniz dəstəbədəstə…
Hərdənbir dönübən qəbrimin üstə,
O mənli günləri anarsınız siz!

İşdi, yurd-yuvamız alınsa bir gün,
Qaralmış ocaqlar çatılsa bir gün…
Dönüb qəbrim üstə nə vaxtsa bir gün,
Heç yoxsa bir ocaq çatarsınız siz!

Bəxtəvər deyərdim bu külbaşıma,
Ölümüm çıxsaydı yurdda qarşıma!
Əgər burda ölşəm, sinədaşıma,
“Öldü vətən deyə” yazarsınız siz!

Sormayın bu nədi, nə vəziyyətdi?
Bu da, bir arzudu, bir vəsiyyətdi,
Qafqazdan sizlərə son əziyyətdi!..
Bilirəm, sözümə naçarsınız siz;
Edin dediyimi bacarsanız siz!

2007

Gedirəm

Bələnibən öz ahıma,
Üz tutmuşam sabahıma…
Qurban olum Allahıma,
Dərd sarıdan kef edirəm!

Uca tutdum mən hörmətin,
Əskiltmədi kəramətin…
Hey içirdib qəm şərbətin,
Dərd də verdi can yedirəm!

Döyə-döyə közarımı,
Şükür, açdı “bazarımı”.
İndi düşüb məzarımı,
Axtarmağa yol gedirəm!

2005

Gedək, canım

Ömür ötdü, yaş haxladı,
Çan yetişdi – lalıxladı.
Ta əzrayıl marıxdadı,
Verdik ələ yedək, canım!

Ötürmüşük neçə qış-yaz,
Qonaq olan bunca qalmaz.
Çəkilməmiş altdan palaz,
Dur yır-yığış edək, canım!

Günü-gündən çaşır təbrim,
Tükənibdi daha səbrim…
Gözü yolda qalan qəbrim,
Nigarandı, gedək, canım!

2005

Min, deyir

Başımda turp əkir gül nəvələrim,
Ölərəm, desələr, öl,- nəvələrim.
Açıbdı şipşirin dil nəvələrim,
Biri bir deyəndə, biri min deyir!

Qoşulub onlara uşaxlaşıram,
Bu qoca vaxtımdan uzaxlaşıram…
Düşüb dizin-dizin iməkləçirəm, –
Arvad,- mübarəkdi qədəmin,- deyir!

Minirlər belimə çökdürüb yerə,
“Dəh-dəh”lə çıxırlar evdə “səfərə”.
Hələ bir üstəlik xırda “heyvərə”,
-Ay nənə, yer var e, sən də min, deyir!

Otaxdan-otağa başlanır yolum,
Belə nəvələrin qurbanı olub!
Nəvə şirinliyin bilməyən oğlum,
-Baho, ağlı çaşım dədəmin, deyir!..

Başıma gələnlər başıza gəlsin,
Hər nəvə həsrətli tamarı kəsin!..
Qafqaz Əvəzoğlu Allah kəsməsin,
Bütün nəvələrdən kərəmin, deyir!

2005

Gedir

Ay Allah, bu qızın ismətinə bax,
Həyadan yanağı allanıb gedir.
Onun taleyinə, qismətinə bax,
Beləsi kor olub allanıb gedir!

Belə gözəl olmaz, belə qız olmaz,
Hələ görməmişəm belə sərvinaz.
Nə olar, ay Allah, onu mənə yaz,
Qaymaq dödaqları ballanıb gedir!

Onunla ömr edən nə bəxtəvərdi,
Kimə könül versə onun nə dərdi!..
Özümü yoluna durub sərərdim,
Bilsəydim üstümdən sallanıb gedir!

Yazardım şəninə gözəl şeirlər,
Sevərdim, bilərdi necə sevirlər…
Beləsin görəndə sonra deyirlər,
Qafqaz Əvəzoğlu hallanıb, gedir!

2005

Dağlar

Sənlə getdi şad günlərim,
Xoş növrağım, çağım, dağlar!
Hər sağalan yara deyil,
Sinəmdəki dağım, dağlar!

Ağır-ağır bir el idim,
Zaman-zaman hey qovuldum…
Qərib eldə bağban oldum,
Gül açmadı bağım, dağlar!

Qərib boynun büküb gedər,
Ürəyini söküb gedər…
Qaçqın deyib tənə edər,
Mənə solum, sağım, dağlar!

Günüm sizsiz keçməz idi,
İndi gözüm yaş selidi.
Söylənməmiş bir şərqidi,
Mənim ahım, ağım, dağlar!

Bu dərd məni hey ağrıdır,
Bal da yesəm zəhər dadır…
Sinən üstə at oynadır,
Neçə ildi yağım, dağlar!..

Qafqaz deyir, hanı sənin,
Babəklərin, nəbilərin?!..
Bizim kimi “igidlərin”,
Boyun yerə soxum, dağlar!!

1996

ƏSİR DÜŞƏN ŞEİRLƏRİM

Gəncliyimin xoş çağıydı,
İlk eşqimin sorağıydı,
Ürəyimin ocağıydı,
Əsir düşən şeirlərim!

Gah utancaq bir gül idi,
Gah bir ötən bülbül idi,
Şirin-şəkər bir dil idi,
Əsir düşən şeirlərim!

Bəzən qarlı dağım idi,
Bəzən güllü bağım idi,
Bəzən xəzan çağım idi,
Əsir düşən şeirlərim!

Naxışıydı xanamın, oy,
Cilvəsiydi sonamın, oy,
Laylasıydı anamın, oy,
Əsir düşən şeirlərim!

Gah titrəyən bir yel idi,
Gah kükrəyən bir sel idi,
Gah pərişan ağ tel idi,
Əsir düşən şeirlərim!

Bahür idi – yaz kimiydi,
Bir ismətli qız kimiydi,
İşvəlydi – naz kimiydi,
Əsir düşən şeirlərim!

Anadil tək gah ötərdi,
Gah qartal tək qıy çəkərdi,
Kəklik kimi hey səkərdi,
Əsir düşən şeirlərim!

Qəlb oxşayan xoş meh idi,
Gül üstündə bir şeh idi.
Haqq divanlı bir şah idi,
Əsir düşən şeirlərim!

Yandı yurdum-yuvam, qaldı,
Sərin suyum, havam qaldı…
Kül olmamaış haram qaldı –
Əsir düşən şeirlərim!

Bostanımın tağıydı o,
Ürəyimin yağıydı o,
Üç il qabaq sağıydı o,-
Əsir düşən şeirlərim!

Bükdü onu bu qışlarmı,
Çürütdümü yağışlarmı,
Görən məni bağışlarmı,
Əsir düşən şeirlərim?!

1996

VAR SUMQAYITIM

(Sumqayıt şəhərinin 60 illiyinə)

Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur.

Sevdim ilk baxışdan, təmasdan səni,
Gördüm ürəklərdə bir dastan səni.
Olasan beləcə gülüstan səni,
Düşməsin üstünə xar, Sumqayıtım!

Qəlbimdə yandırdın od-ocağını,
Ilkin bahar bildim hər bucağını.
Açıb ana kimi öz qucağını,
Olmusan bizlərə yar, Sumqayıtım!

Doldun ürəklərə məhəbbətinlə,
Ruha qida verdin ülviyyətinlə.
Tanındın dünyada şan-şöhrətinlə,
Eylədin özünü car, Sumqayıtım!

Igid oğlanların bir tərlan-tülək,
Qoynunu bəzəyən qızların mələk.
Məhəbbət yanğılı gör neçə ürək,
Tapdı qucağında yar, Sumqayıtım!

Hüsnün ürəyimi çəkib qopardı,
Mənimçün qışın da yazdı, bahardı.
Könlüm harda belə qərar tutardı,
Yaxşı ki, yaxşı ki, var Sumqayıtım!!

2009.

SUMQAYIT GÖZƏLLƏRİ

(Sumqayıt şəhərinin 60 illiyinə)

(mahnı)

Ovsunudur gözlərin,
Bahardılar, yazdılar.
Gözəllikdə özlərin,
Tarixlərə yazdılar,
Sumqayıt gözəlləri!

Yaranandan bu şəhər,
Atıldılar qoynuna.
Çələng olub təzə-tər,
Sarıldılar boynuna,
Sumqayıt gözəlləri!

Sevsə, cahandan keçər,
Sevgisinin yolunda.
Lap belə candan keçər,
Bağlasan əl-qolun da,
Sumqayıt gözəlləri!

Nazdılar başdan-başa,
Nazlı Xəzərim kimi.
Hər biri bir tamaşa,
Yanırlar zərin kimi,
Sumqayıt gözəlləri!

Oğulsansa dayan, döz,
Bu qızlarda baxışa…
Şair olan, götür yaz,
Layiqdilər alqışa,
Sumqayıt gözəlləri!

2009.