Blog

  • Rahilə DÖVRAN.“Bir insan ömrünə nələr sığarmış…” (Poema)

    k

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı

    BİR İNSAN ÖMRÜNƏ NƏLƏR SIĞARMIŞ…
    Proloq

    Nə zamandır düşünürəm dərin-dərin,
    Dərdləşirəm mən gecələr əqlim ilə.
    Yaratmaqçün dastanını mən Öndərin,
    Toplayıram dürr-incilər gilə-gilə.

    Mən bir qorxmaz əsgəriyəm həqiqətin,
    Yazdıqlarım ümmandakı bir damladır.
    Söz, sənət də fövqündədir məhəbbətin,
    Mənim gecəm, həm gündüzüm ilhamladır.

    Ümümmilli liderimə olan sevgi,
    İnanıram çağlayacaq qələmimdən.
    Hər qafiyəm, hər bir hecam nizə,süngü,
    Söz qılıncdır,düşməyəcək heç əlimdən.

    Ötsə də çox əbədiyyət səfərindən,
    Ölməzdir O,sıramızda bizimlədir.
    Məst olmuşam müstəqillik zəfərindən,
    Ulu Öndər aramızda, bizimlədir. (daha&helliip;)

  • “Bir insan ömrünə nələr sığarmış…” kitabına yazılan ön söz

    k

    Rahilə Dövranın Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Bir insan ömrünə nələr sığar-mış…” poemasını əlyazma şəklində oxudum. Ulu Öndərə həsr olunmuş onlarla poemanı xatıradım və belə fikirləşdim ki, hər bir şair eyni mövzuya öz daxili dünyasının gözü ilə baxır. Çünki hər bir şairin əvəzolunmaz insana, dahi şəxsiyyətə öz sevgisi, öz məhəbbəti var.
    Poemanın “Proloq” hissəsində ənənəvi forma diqqətimi cəlb etdi. Yəni bir sıra sənətkarlarımızın yaradıcılığında olduğu kimi Rahilə Dövranın poema-sında da çətin sınaq qarşısında qalan müəllifin duyğu və düşüncələri ,həyəcanı təbii şəkildə verilib.
    Müəllif çətin imtahan qarşısında qaldığını, işlə-yəcəyi mövzunun çətinliyi barədə narahatlığını giz-lətmir.
    Ulu Öndər Heydər Əliyev elə böyük tarixi şəx-siyyətdir ki, onun haqqında həqiqətən də söz desək çox çətindir. Çünki deyilən hər bir sözün böyük və ağır məsuliyyəti var. Ona görə də müəllif ruhuna və qəlbinə yaxın olan bir mövzuda əsər yazdığını dönə-dönə vurğulayır, gördüyü və şahidi olduğu bir çox hadisələrə şair gözü ilə yenidən baxır.
    Poemanın “Heydər Əliyev muzeyində”, “Naxçıvan Ali Sovetinin sessiyasında”, “Ümid körpüsü”, “Qur-tuluş”, “Dünya azərbaycanlılarının I qurultayı”, “Yuxusuz gecələr”, “Atəşkəs”, “El sevinci”, “Gənc zabitlərlə görüş”, “Aci xəbər”, “Ümumxalq matəmi”, “Ata əmanəti” kimi fəsilləri gözlərimiz önündə canlı lövhələr yaradır.
    Müəllif hər bir hadisəyə real yanaşır, böyük sevgi və məhəbbətlə ümummilli xalq sevgisini qələ-mə alır. “Heydər-Xalq Xalq-Heydər” birliyi əsərin ana xəttini təşkil edir.
    Müəllif “Heydər Əliyev muzeyində” fəslində-hər bir eksponata canlı varlıq kimi baxır. “Canlı bir şahiddir foto, sənədlər, dövrün, zəmanənin aynası kimi”-deyərək hər bir tarixi sənədin arxasında xalqı-mızın taleyini görür. Ağrı-acılar, sevinclər bu sənəd-lərin dili ilə bizə çox sözlər deyir. Ulu Öndərin Kremldə çalışdığı illəri müəllif belə səciyyələndirir:-

    Öndər sayəsində yüksəldi dövlət,
    Baykaldan Amura yollar çəkildi.
    Hər yerdə intibah, çoxaldı sərvət,
    Yüzlərlə qəsəbə, şəhər tikildi.

    Müəllıf sonrakı fəsillərdə də Ulu Öndərin gərgin əməyini, vətənpərvərliyinı canlı lövhələrlə yarada bilir. Qanlı Yanvar faciəsindən sonar Bakıya gələn, lakin orada yaşamasına imkan verilmədiyi üçün Naxçıvana dönən Heydər Əliyevin Ali sədri seçilməsindən sonrа xalqa arxa, dayaq olması, Naxçıvanı ağır,çətin vəziyyətdən çıxarmaq üçün İranla, Türkiyə ilə əlaqələr yaratması böyük sevgi ilə tərənnüm olunur.
    “Ümüd körpüsü” fəslində Rahilə Dövran bir şair kimi 1992-ci ilin may ayını göz önündə can-landırır:-

    Dayanmışdı Araz üstə,
    Azəri, türk vətəndaşlar.
    O tay, bu tay, dəstə-dəstə,
    Qovuşmuşdu türk qardaşlar.

    Ulu Öndərin 1993-cü ildə yenidən Bakıya qayıtması, siyasi xadim kimi daha böyük işlər gör-məsi, atəşkəsə nail olması poemada xronoloji ardı-cıllıqla işlənmişdir. Öndərin böyük xidmətlərinı müəllif özünəməxsus şəkildə belə səciyyələndirir:-

    Xidmətin saymaqla bitirmək olmaz,
    Hara nəzər salsan izi görünür.
    Öndər bir Günəşdir, nuru azalmaz,
    Bitib tükənərmi əbədi bir nur?!

    Rahilə Dövran poemanın hər bir fəslini böyük sevgi ilə işləmişdir. Hiss olunur ki, müəllif hər bir sahəyə aid duyğu və düşüncələrini qələmə almaq is-tərkən çox düşünüb –daşınıb, tarixi sənədlərə əl atıb, məsuliyyət hissini bir an olsun unutmayıb.
    Müəllif poemanın “Epiloq”unda ulu öndərin xalqa bəxş etdiyi azadlıqdan, səadətdən söz açır. Da-hi ınsanın həmişə bizimlə olduğunu qeyd edir:-

    Olmasa da aramızda Ulu Rəhbər,
    O, diridir, hər bir zaman bizimlədir.
    O, xoşbəxtlik, firavanlıq, parlaq zəfər,
    El atası, Baş Komandan bizimlədir!
    Poema xoş bir sonluqla tamamlanır:-

    Salnamədir uca-uca göydələnlər,
    Vuruşlardan, döyüşlərdən bizə xəbər.
    Körpələrin gülüşüdür təzəcə tər,
    O, sahilsiz, sonsuz ümman bizimlədir!

    Bəli, Ulu Öndər həmişə bizimlədir. Müəllif bu həqiqəti öz poemasında dönə-dönə vurğulayır. Ümid edirik ki, Rahilə Dövranın Ümummilli Liderimizə həsr etdiyi bu poema oxucuların da diqqətini cəlb edəcəkdir.

    Asim YADİGAR,
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri,
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şair.

  • Şairə Rahilə Dövran “Qızıl qələm” media mükafatına layiq görülüb

    12347614_842258029205311_123507050502263137_n

    9 dekabr 2015-ci il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, şairə Rahilə Dövran (Əliyeva Rahilə Vəli qızı) Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatı təqdim olunub.
    Qeyd edək ki, bundan öncə şeirləri Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nail DAĞLAROĞLU.”Bu həyata gələn gündən”

    n

    Bu həyata gələn gündən,
    Təmiz vicdan axtarıram.
    Sona qədər dost olmağa,
    Yaxşı insan axtarıram.

    Söyləməyək dosta yalan,
    Yalan edər qəlbi talan.
    Dostlar ücün qaynar olan,
    Damarda qan axtarıram.

    Nail deyər, darda dayaq,
    Zülmətlərdə yanan mayaq.
    Dost yolunda ayaq-sayar.
    Bir qohumcan axtarıram.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    QARDAŞIM

    Bu xalqın, millətin dərdi böyükdü,
    Oyat yatmışları, oyat qardaşım.
    Ayrılıq bizlərə bir ağır yükdü,
    Dağlarda atını oynat qardaşım.

    Qanlı köynəyini bir bayraq eylə,
    Şuşnı, Laçını sən yaylaq eylə,
    Xain düşmənləri daş-qalaq eylə,
    Zalımın gözünü oy, at , qardaşım.

    Uca zirvələrlə sən dayan qoşa,
    Yiyə dur Vətəndə torpağa, daşa,
    Hər zaman hazır ol, sən son savaşa,
    Həmişə irəli can at, qardaşım.

    Yada bel bağlama, özünə güvən,
    İgid babaların sözünə güvən,
    Qeyrətinə güvən, düzünə güvən,
    Çürük məftilləri qır, at, qardaşım.

    Yurd, yuva düşməndən qanla alınar,
    Qorunan torpaqda məskən salınar,
    Düşmən quduranda “Cəngi” çalınar,
    Dağlarda ocağı gur çat, qardaşım.

    Hər gün qol götürüb oynama toyda,
    Dilimiz gödəkdi hələ o tayda.
    Babam Xətainin dövləti boyda,
    Yarat dövlətini, yarat qardaşım.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    Qədər axırına çıxır ömrümün

    (“Didərgin şərqisi,qaçqın harayı”silsiləsindən)

    Üzümə gülən dağ duman içində,
    Günlərim vurnuxur güman içində.
    Məni hey sümürür zaman içimdən,
    Tüstüsü təpəmdən çıxır ömrümün.

    Yağı kəsilmişəm,özümə yağı,
    İçimi göynədən sözümə yağı.
    Haqq sözüm qayıdıb üzümə yağır,
    Üzüm yox üzünə çıxım ömrümün.

    Yağır şəhidlərin məzar daşları,
    Qurğuşun yaddaşlı od yağışları…
    Yağır həsrətimə yurd yağışları,
    Başımda şimşəyi çaxır ömrümün.

    Yağışlı günlərin yoxuşu ağır,
    Yuyulub enişə yoxuşu axır.
    Yurdumda yuvasız naxışım ağır,
    Astarı üzünə çıxır ömrümün.

    Köksümdə göyərən sözüm saralır,
    Yurd sarı boylanan gözüm saralır,
    Dərdimin əlindən üzüm saralır,
    Qədər axırına çıxır ömrümün.

    Həsrət bayatıları

    Özüm özümdən oldum,
    Günah özümdə oldu.
    Bu həsrətə tuş olmaq
    Vallah,özümdən oldu.

    Gözüm gözündə qaldı,
    Qəmli üzündə qaldı.
    Həsrətin ürəyimdə,
    Sevdam gözümdə qaldı.

    Bir bulaqdım-qurudum,
    Bir ocaqdım-qor oldum.
    Mən səni qorumaqdan
    Həsrətimi qorudum.

    Mən aşiq sənə bağlı,
    Dərdim çisənə bağlı.
    Sözlə açdığım qapı
    Həsrətdən yenə bağlı.

    Əzizim söz də qaldı,
    Söz verən gözdə qaldı,
    Gecəm həsrət əlində,
    Gündüzüm sözdə qaldı.

    Mən aşiq oda bağlı,
    Yanar qəlb oda bağlı.
    Son pənahım qapındır,
    Üzümə o da bağlı.

    Aşiqəm dağda yara,
    Dərdimə dağda yara.
    Həsrət dağ çəkən gündən
    Kar etməz dağ da yara.

    Qara geyib bu yazda
    Qara gəzmə bəyazda.
    Onsuz da sənli həsrət
    Mağar qurub bu yaz da.

    Sıyrılıb qəmdən çıxsan,
    Zil olub bəmdən çıxsan.
    Sözüm qəhqəhə çəkər
    Ah tək köksümdən çıxsan.

    Mən aşiqəm,haqladır-
    Aşiq işi haqladır.
    Üzün ağ olsun həsrət,
    Ürəyimi haqladın.

    Baxışların incidir,
    Sənsiz heçdir inci,dür,
    Həsrətin nə yamandır?
    Ürəyimi incidir.

  • Rafiq ODAY.““Sevgilim dənizdədir…””

    rafiqoday

    (Qərənfillərin, yosunların, balıqların və balıqqulaqlarının simfoniyası)

    Deyəsən yorulmuşdular,
    usanmışdılar
    Qara torpaq,
    daş döşəmə,
    mərmər üzlük üstündə
    Sərili qalmaqdan
    qərənfillər…
    Onunçün də
    bu dəfə özlərini dənizə atmaq,
    Yosunlarla,
    balıqlarla,
    balıqqulaqlarıyla
    Dərdləşmək
    qərarına gəldilər…

    Yosunların,
    balıqların,
    balıqqulağıların
    Fəryadını eşidib
    özlərini itirdilər,
    çaşıb qaldılar qərənfillər…
    Bu necə ağı,
    bu necə edi,
    bu necə fəryad idi, Allahım?!
    Bu hayqırtılar dənizin altını
    təlatümə gətirmişdi…
    Dənizin altı
    üstünə çevrilmək məqamındaydı…
    Dözmədi qərənfillər
    onların bu halına….
    Bir fəryad qopardılar ki,
    gəl görəsən…
    Qərənfillərin gözlərindən
    fəvvarə vuran su
    Dənizin suyunu
    bir barmaq da artırdı…
    Səsləri içində boğuldu
    bu hayqırtıdan
    Yosunların,
    balıqların,
    balıqqulaqlarının…
    Ağlamağı buraxıb
    matdım-matdım
    qərənfillərin üzünə baxdılar.
    Başları qərənfillərin bu müsibətinə
    elə qarışmışdı ki,
    Dənizin dibində
    dörd gündən bəri
    Qol-boyun olduqları, isnişdikləri
    bu Tanrı bəndələrini
    kökslərindən necə buraxdıqlarının
    fərqində belə olmadılar.
    Tanrı övladları bir-bir suyun altından
    suyun üzünə sarı
    hərəkət etməyə başladılar…
    Bir… iki… üç… dörd… iyirmi… iyirmi üç…
    Qərənfillər o an
    dövrəyə aldılar bu məsum bəndələri…
    Bir karvan halında birləşib
    sahilə doğru
    irəliləməyə başladılar…
    Dörd gündən bəri
    meydan sulayan dalğalar
    bu mənzərəni görüb
    qaçıb gizlənməyə
    yer axtardılar
    utandıqlarından.
    Sahildə…. Sahildə isə….
    Milyonlarla insan
    Səbirsizliklə bu karvanın
    yolunu gözləyirdi…

  • Mayisə ƏSƏDULLAQIZI.”Qəhrəmanlı dastanı”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Arif Məhərromova həsr olunur

    Bu bərəkətli Vətən düşübdü nahaq qana,
    Arif adlı qəhrəman ağlayır yana-yana.
    Allaha əl açaraq, üz tutub bu torpağa,
    İgidləri səsləyib, dedi, qalxın ayağa!
    Dedi gəlin, birləşək, qurtaraq dərdi-qəmdən,
    Yapışaq Babəklərin, Koroğlunun əlindən!
    Dedi ki, igidlərim günbəgün artmaqdadır,
    “Dığa” adlı düşmənin kökün qopartmaqdadır.
    Həmişə dayanıbdı mərhəmət tərəfində,
    Arif bir dastan olub, insanlıq şərəfində!
    Döyüş xəritəsini Arif özü cızardı,
    Yağı-düşmən Arifə həmişə uduzardı…
    Həmişə təbliğ edir, insanlığa xidmət et,
    Uluların, insafın, ədalət yoluyla get!
    Vətənə Arif kimi aslan igid ər gərək,
    Vətən igidlərindən, birləşən bəşər gərək!
    Çətinlik, qorxu nədir, duymadı, bilmədi heç,
    Vətən, qəhrəman oğlun Arif kimisini seç!
    Arif qəhrəmanımız Yurda, bizə gərəkdir,
    İnanırıq bir səhər üzümüz güləcəkdir!!

  • Mayisə ƏSƏDULLAQIZI.”Şəhidlər Xiyabanı”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Şəhidlər Xiyabanı,
    Mənim Məkkəm, Mədinəm!!
    Doğma övladlarındı,
    Körpə qol-qanadındı,
    Vətən, qoynunda yatan…
    Onlar olub nahaqqın başına
    Kəmənd atan!
    Onlar olub düşmənə,
    Şeytan bilib daş atan!!
    Onları tanımayan,
    İnsanlıqdan kənardı,
    Məzarları başında,
    Vətən sevgisi vardır!
    Onları tanımayan ,
    Bizləri nə anlayar?!.
    Nadanların işidi,
    Dünyanı qandallayar!!
    …Şəhidlər Xiyabanı,
    Mənim Məkkəm, Mədinəm!!
    Onlar olub nahaqqın başına
    Kəmənd atan!
    Onlar olub düşmənə,
    Şeytan bilib daş atan!!
    Doğma balalarındı,
    Sənin qol-qanadındı,
    Vətən, qoynunda yatan!!

  • Mayisə ƏSƏDULLAQIZI.”Səmanın al günəşi”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Yağış yağır damcı-damcı,
    Ürəklərə qəm ələnir,
    Acı-acı.
    Qara kədərə bürünən
    Göy Xəzərə,
    Nələr deyir yağan yağış,
    Damlaları naxış-naxış…
    Amma, mənə elə gəlir,
    Bu yağan heç yağış deyil.
    Səma adlı bir gözəlin,
    O mənalı gözlərindən axan yaşdı.
    İtirdiyi sevgisinə sadiq qalıb,
    Saxladığı qara yasdı.
    Görən hara getdi günəş?
    Dəryalarda itdi günəş,
    Görən nə vaxt qayıdacaq səmasına?
    Nə vaxt qovuşacaq səma,
    Günəş adlı
    İsti, qaynar, həzin sevgi dünyasına?!.
    Görən səma dözəcəkmi
    Günəşinə qovuşmaqçın?
    Yoxsa, elə sübhə kimi ağlayacaq?!
    Ağlayacaq həzin-həzin,
    Kövrək-kövrək,
    Ürəyini dağlayacaq…
    Dalğalar dilə gəldilər,
    Dedilər ki,
    Bu nisgilli, incə qəlbli səmamıza,
    Ürəyini ağrıtmasın,
    Göydən leysan yağdırmasın.
    Zaman gələr, vaxt yetişər,
    Yəqin, sənin də haqqın var,
    Bir səhər günəşin gələr.
    Ağlamaqdan solan çöhrən,
    Bir gün gülər!!
    …Arzum budur, bir kimsənin,
    Səmasından al günəşi itməsin,
    Qəlbində həsrət kölgəsi bitməsin!!

  • Nemət HACIƏLİYEV.Yeni şeirlər

    11944703_995676973815966_1787362592_n

    * * *

    Hər sözü şəkər kimi qəlbə yatır,
    O gözəl cananımın əngi budur.

    Təbiət ondan alır ilhamını,
    Eşq ilə sevginin ahəngi budur.

    Telefon zənginə aləm qarışır,
    Darıxıb gözləməyin zəngi budur.

    Gözləri canıma hakim kəsilib,
    Gözəllik aləminin rəngi budur.

    Məni hərdən şad elə qürrələnim,
    Deməsinlər eşq içrə ləngi budur.

    * * *

    Dərdi-səri kəlan olan,
    Qəlbi təmiz yara ölkəm.
    Canı zəhər ilə dolan,
    Üstü başı qara ölkəm.

    Əsrlərin sınağında,
    Millətlərin qınağında,
    Bu dünyanın qucağında,
    Düşmüş daim dara ölkəm.

    Ya pul uçur sağa, sola,
    Ya da gedir parka,yola,
    Bu qədər neft ola-ola,
    Gəlir gedir hara ölkəm?!

    Ayrı qaldıq hürriyyətdən,
    Uzaq düşdük düz niyyətdən,
    Baş açmayan vəziyyətdən,
    Bir çarə tap,ara ölkəm.

    Kəsir biri,asır biri,
    Alır biri,atır biri,
    Nemətin bu qısa şeiri,
    Bəlkə oldu çara ölkəm…

  • Şəfa EYVAZ.”Qərənfil atmayın dənizlərə”

    1423756700_sefa-xanim

    “Günəşli” yatağında həlak olmuş əzizlərimizin xatirəsinə
    (Gedən hər can bizdəndi, bir parçamızdı)

    Atmayın,
    Qərənfil atmayın dənizlərə
    Baxın!
    Baxın, güllər belə
    üzüb getmir dərinliklərə…

    Gözü yaşlıdı dənizin,
    Qoynunda bir qucaq
    yas havası var…
    Gözü yaşlıdı dənizin,
    Atdığınız güllər onu ovutmaz!

    Qərənfil atmayın dənizə,
    qırmızı ləçəklər ölüm doyurmaz,
    Duyub sulardakı qan qoxusunu
    Qərənfil bir daha qırmızı açmaz.

    Çiçək atmayın dənizə,
    Dənizdə qarışıb bütün qoxulıar…
    Qan, ölüm, tüstü,
    neft, çiçək…
    bu qədər qoxuya ruhlar dayanmaz!
    Dayanmaz!

    Çiçək atmayın dənizə,
    Atmayın…
    Dənizin qoynunda
    indi gül ətirli,
    neft qoxulu balaları var…

    P.S. Daha artıq dözmədim, ən çox da əlimdən bir şey gəlməməsinə üzülürəm…

  • Şəfa VƏLİYEVA.”İlin sonuncu ayı…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Arzu tutarmış qızlar
    İlin sonuncu ayı…
    Yeni ilədək çıxar
    Adlarının bəxt payı…

    Altıca ay tələsdim…
    Mən səhv etdim, deyəsən…
    Rüzgarlar kimi keçdim…
    Iz də qoymadım… səs də…

    Gəlsin dedim “Ağ atlı”…
    Nal səsi gecikmədi…
    Gəldi… yanıma çatdı…
    Bəxtimin qara atı…

  • Xəyalə SEVİL.Yeni şeirlər

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Ay da bükübdü boynunu
    Yenə xatirələr yadıma düşüb,
    Yuxum da gəlmir ki , yatım tərs kimi.
    Hər nə yaşadıqsa sənlə,
    Bir azı mənə təsəlli,
    Bir azı mənə dərs kimi…
    Başımın üstündə yanan ulduzlar
    Mənim dərdimə yanıb.
    Ay da bükübdü boynunu,
    Anam kimi dayanıb.
    Axıdımmı gözlərimin yaşını,
    Həsrəti diri gətirim.
    Ya ufurum ulduzları şam kimi,
    Gedim səhəri gətirim?

    Bütün güclü qadınlar bədbəxtdir

    Qurduğun xəyallarından
    Geriyə dönmək qədər
    Çətin yol yoxdu bu dünyada.
    Gözlərindən yıxılan göz yaşlarını
    Yanağın da qaldıra bilmir.
    Baxışların buz kəsilir.
    Başını qaldırıb göyə baxırsan,
    Göy üzündə sənin çarəsizliyinə
    Qurbanlıq qoyun kimi bir ulduz kəsilir.
    Qaralır dünyan, qaralır,
    Həyatın göz qapaqlarının
    Arası qədər daralır…
    Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi?
    İçindəki təkliyi heç kim görmür…

  • Günel ƏLİYEVA.”Yuxu”

    Yağmur, sənə ağ qızılgül almışam. Ağ gülləri çox sevirəm .Sən bunu hardan bilirsən? Axı sənə deməmişdim .Bilirəm ,sənin sevdiyin hər şeyi bilirəm .Səni xoşbəxt etmək üçün sevdiklərini sənə ərmağan edəcəm .Yox, mənə sadəcə özünü hədiyyə et. Sən ola bilərsən məni xoşbəxt edə biləck ərmağanım.
    Dənizzz ,maşın …
    Yox ,yox ,Dənizzz, getmə .Mən sənsiz yaşaya bilmərəm ,məni də apar özünlə. Apar, qurbanının olum ,apar məni də .Dəniz ,getməəə ,yalvarıram getmə .Gözünü aç, oyan qurbanın olum, oyan .Yox ,Dəniz gedə bilməzsən, sən yaşayacaqsan .Getmə ,qurbanın olum, getmə, Dənizzz.
    İlk dəfə idi ki ,Yağmur əbədi yuxuya getmək istəmirdi, əksinə bu yuxudan oyandığı üçün xoşbəxt oldu.
    Off ,şükür ,Allahım ,yuxuymuş.
    Fəqət ,Yağmurun yuxuları gerçəyə dönərdi çox vaxt .Kaş bu yuxu çin olmasın ,Allahım ,Dənizi qoru.
    Gördüyü yuxu Yağmurun həsrətini yaşa çevirib damla -damla gözündən axıdırdı sanki .
    Yuxu Allahın möcüzələrindən biridir .Həsrət qaldığın, dəlicəsinə darıxdığın insanı qucaqlayar ,öpər, əllərini tutarsan yuxunda .Daha da artırar sevgini yuxu .
    Dəhşətlisi isə sevdiyin, canından çox istədiyin insanları yuxunda olsa belə itirməyindir .Əgər biz röyalardan ayılarkən gözlərimizdəki yaşa toxunursa əllərimiz, parça- parça olursa qəlbimiz ,niyə yuxuya həyat deməyək ?Hiss etdiyimiz ,duyduğumuz hər yerdə həyatın izləri var.
    Bəzən olar həsrət qaldığın ,itirdiyin ,yanında olmayan doğmanı yuxunda görərsən. Ona sarılarsan möhkəmcə .Baxarsan o sevdiyin üzə bir yuxu qədər . Fəqət ,təsəllin olar bu yuxu .
    Mən onu gördüm yuxumda. Gördüm gözlərini ,tutdum əllərini. Mən onu daha çox sevdim yuxumda.

    Mən bahar fəsliyəm, sən qış fəslisən,
    Mənimlə üz -üzə gələn deyilsən.
    Artıq özgəninsən ,mənim deyilsən,
    Nə olar, bir dəfə yuxuma gəlsən.

    Həsrət zindanında məhkumam, sevdiyim !Elə bil qolumu qandallayıb ,bir məhbəsə salıblar məni .Qolumu sıxan qandal deyil ki, məni incidən, mənim qollarımı sıxan eşqsizlik ,nəvazişsizlikdir ,sevdiyim !
    Bəlkə də ,ürəyimi sıxır .Bir otağın küncündə, dörd divarla tənha qalmışam. Səs gəlir, adamlar var burada. Amma mən sadəcə eşidirəm ,duymuram ,dinləmirəm. Görmürəm də. Kim var otaqda ?Tənhalıq,mən yalnız sənin səsini dinləyirəm. Səni hiss edirəm .

  • Günel ƏLİYEVA.”Məktubdakı xoşbəxtlik”

    Dəniz ,gəl bu gün gedək, doyunca gəzək. Yağmur ,sən bilmirsən ki, bu gün işlərim çoxdur .
    Bilirəm, mənim də işim var. Amma işlərimizi bir gün təxirə salaq .Həyatın xoşbəxtliyimizin dadını çıxaraq. Yox, olmaz ,başqa vaxt gedərik. Eyy Dəniz ,başqa vaxt, başqa vaxt. Sən həmişə beləsən ,sənin işlərin bitəndə biz iki qoca insan olacayıq .Onda da nə ayaqlarımız tutacaq, nə də gözlərimiz ayağımızın altını görəcək .Hələ əsən, titrəyən əllərimizi demirəm .
    Ehh ,onda məni sevdiyini desən də qulağım eşitməyəcək ki .
    Yaxşı, yaxşı az deyin ,hazırlaş gedirik ,başımın bəlası.
    Bilirdim, bilirdim mən.
    Nəyi bilirdin?
    Mənə’’ yox ‘’deyə bilməyəcəyini.
    Cəsarət özünü oda atmaq deyil ki, cəsarət odda yanan çarəsizi ölümün pəncəsindən xilas etməkdir .
    Yağmurun cəsarətliliyi də elə bunda idi ,o özünü başqalarının yandığı oda atarkən yanardı .
    Və özünü yandıran qığılcımlar başqalarının işığı, çırağı olardı .
    Özünü xoşbəxt hiss etməyə çalışardı, bir məktubda ,sadəcə bir məktubda olsa belə xoşbəxt olmağı bacarardı.
    İlahi ,çox xoşbəxtəm .Bu gün həyatımın ən unudulmaz günüdür . Nə yaxşı ki yanımdasan .Artıq baharın füsunkar mənzərələrini səninlə birlikdə duyub, seyr edəcəyik .Xoşbəxtlik yağışının damlaları altında səninlə birgə islanmaq nə gözəl hissdir ,sevdiyim !Uzun ayrılıqdan sonra sənə qovuşmaq ,həsrətin sonundakı vüsala’’ xoş gəldin’’ demək Tanrının mənə ən gözəl hədiyyəsidir desəm ?
    Bəzənsə sussam ,qəlbimlə danışsam? Amma bəzən də bütün dünyaya bəyan etmək keçir könlümdən sənə olan sonsuz, tükənməz eşqimin sevinc səslərini .
    Yağmur, vaxtdır gecikirsən işə. Nə yazırsan belə ?
    Qızım, nəhayət ki ,üzün gülür .Günlərdir ağlayırdın .Nə oldu birdən belə ?Nə qədər cəhd etsəm də sənin üzünü güldürə bilmirdim .Nə yaxşı ki ,yenidən təbəssüsüm qonub yanaqlarına. Səbəbi nədir bunun ,qızım ?
    Bilirsən ,ana ,deyirlər xoşbəxtlik insanın öz əlindədir .
    Sadəcə ovcundakı xoşbəxtliyi möhkəm saxlamalısan ki yerə düşməsin, ayaqlar altında əzilməsin .Mən də xoşbəxtliyimi özümə yaşatmaq istədim. Mən bu an xoşbəxtəm. Dənizin gedişindən sonra bütün günü ağladım ,sızladım .Dünyalar qədər sevdiyim birini itirdim ,gec də olsa fərqinə vardım .Göz yaşlarım onu geri qaytarmayacaq. Amma mən onu unutmaq istəmirəm. Qoy yaşasın xatirələrimdə.
    Həyata necə baxarsansa baxışlarının qarşılığında görərsən dünyanı. Mən də bundan sonra qaranlıqdakı işığı görməyə çalışacam. Onu geri qaytarmaq mümkün deyil artıq .Mən onunla son məktubumda vidalaşacam. Yox ,yox ona qovuşacam .
    Anacan, bax budur xoşbəxtliyimin səbəbi .Sadəcə bir məktub .Bu məktubda olsa belə ona olan sevgimi izhar edəcəm .Ürəyimdən keçən ən gözəl ,ən saf sözlərimi ,səadət dolu arzularımı yazacam bu məktuba. Sadəcə məktubdakı xoşbəxtliyimə sığınacam ,onunla təsəlli tapacağam.
    Yağmurun bu sözləri anası Sevil xanımı kövrəltməyə bilməzdi .
    Qızım, haqlısan, olmadı deyə kədərlənmə ,o zaman üsyan etmiş olarsan Allahın yazısına .
    Yalançı ümidlərdənsə kiçik təsəlli yaxşıdır.
    Eləysə səni məktubdakı xoşbəxtliyinlə baş- başa buraxıram .
    Bilirsənmi ,əzizim, səni itirəndə yoxluğunla barışmağa alışmağın qorxusu və əzabı vardı içimdə .Nə qədər böyük dərd imiş insanın sevdiyi birini itirməsi. Səni itirəndə anladım .
    Bax, indi çox xoşbəxtəm. Daha göz yaşlarımı, puç olan ümidlərimi geridə qoydum .Zülməti istəmirəm. Darıxıram sənin üçün .
    Yox, daha ağlamayacağam .Axı sən yanımdasan. Xəyalən olsa belə varlığına şükr edirəm .Varlığınla yaşayıram, nəfəs alıram .Mən səni sevmirəm, mənim eşqim daha böyükdür ,əzizim !Mən sənin varlığını- nəfəsini ,baxışını, mən səni həsrətini belə sevirəm .Sənə aid olduğu üçün .
    Bilirəm, mənim deyilsən, amma bu məktubdakı xoşbəxtliyim hər zaman təsəllim olacaq.
    Dənizin olduğu xatirələrə dalmaq gözəl idi .
    Başqa ölkədə, başqa şəhərdə, amma yenə birlikdə, xəyalən olsa belə onunla birlikdə olmaq ən gözəl hissidir dünyanın .

  • Günel ƏLİYEVA.”Gətir, Yeni il!”

    Gətir qəlbimizə günəşli yayı,
    Gəlişin olsa da soyuq bir qışda.
    Gətir ömrümüzə səadət payı,
    Heç vaxt islanmayaq yağan yağışda,
    Gətir xülyaların gerçək sonunu,
    Bitir yalan adlı hər bir oyunu.
    Gətir həqiqəti ,gətir doğrunu,
    Tutaq əbədiyyən haqqın yolunu.
    Gözlərimizə gülüşü,
    Könlümüzə eşqi,
    Dilimizə ‘’xoşbəxtəm ‘’sözünü,
    Qulağımıza xoş sədaları,
    Gətir gəlişinlə bizə dünyanı.
    Apar qəm kədəri,
    Apar həsrəti,
    Apar əzab olan xatirələri,
    Nifrəti dərdləri şəri qeybəti,
    Apar ,insanlığa qovuşdur bizi,
    Gətir ,ümidləri gətir yeni il!

  • Etibar VƏLİYEV.”Yenə xəzər can aldı”

    Amansız dalğalarla,
    Yenə xəzər can aldı.
    Tufan, fırtınalarla,
    Canlar baş-başa qaldı.
    Yerdən aman istədi.
    Göydən aman istədi.
    Zalım olan fələkdən,
    Bir az zaman istədi.
    Zaman özü də dardı,
    Gözlə qaş arasında.
    Can qalsa, ruh qalammaz,
    İki daş arasında.
    Neçə igid, ərəni,
    Neçə can aldı fələk.
    Ahlar göyə çəkilir,
    Bu dərdə dözən gərək.
    Dözümüm göylərdədi,
    Dözüm dara çəkilib.

    Vermə efirə qardaş,
    O, ağlayan gözləri.
    İçimi yavaş-yavaş,
    Parçalayan sözləri.
    Bir ananın ahına,
    Bir ata fəryadına,
    Ürəyim dözə bilmir,
    Uşağın göz yaşına.
    Bu dərd qəlbimi dəlib.
    Gözlərimə tor gəlib.
    Gözlərim göylərdədi,
    Gözüm dara çəkilib.

    Hansı sözlə ovudum,
    Mən ananı, balanı.
    Hansı sözlə ovudum,
    Eşqi nakam qalanı.
    Necə söz alım deyim,
    Başın sağ olsun ata.
    Dünya fani dünyadı,
    Başın sağ olsun ana.
    Bu dərd elin dərdidi.
    Nakam gəlin dərdidi.
    Dərdi yeyə bilmirəm.
    Sözü deyə bilmirəm.
    Xəttim qara çəkilib.
    Sözüm göyə çəkilib.
    Sözüm yerə düşməyir,
    Sözüm dara çəkilib.

    Ta dənizə getmərəm.
    Dənizdə közüm qalıb.
    Sözümü bitirmərəm,
    Dənizə sözüm qalıb.
    Sözüm dənizdə deyil,
    Gözüm dənizdə deyil.
    Dəniz mənə od vurub,
    Közüm dənizdə deyil.
    Közüm alov-alovdu.
    Bu nə od, nə yalovdu.
    Bu dəniz köz ocağı,
    Dəniz tordu, tilovdu.
    Sözüm dara çəkilib.
    Gözüm dara çəkilib.
    Tüstüm göyə ucalıb,
    Közüm dara çəkilib.

    07.12.2015.

  • Mirzə YUSİF.”Görüş yerini dəyişmək olmaz” (Hekayə)

    Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısındakı dayanacağa çatanda addımlarını yavaşıtdı.Piyada birnəfəsə xeyli yol gəldiyindən bərk yorulduğunu indi hiss etdi.Bir kənara çəkildi, nəfəsini dərə – dərə ətrafa nəzər saldı.
    Dayanacaqda xeyli adam vardı. Avtobus gözləyənlərin əksəriyyəti cavanlar idi. Aralarında onun kimi ortayaşlı qadınlar, kişilər də vardı.
    “Bəlkə, avtobusa minməyim heç.Onsuz da bir saata gəlib çıxacaq…” Elə bunu fikirləşirdi ki, arxadan çiyninə ağır bir əl qondu.Ürəyi çırpına-çırpına başını çevirib baxanda gözlərinə inanmadı:
    — Valeh?!. Sənsən? Bəs…
    Qarasaqqal, qaraköynək, sıx qara saçlarına təzəlikcə dən düşmüş kişi hələ də əlini onun çiynindən çəkməmişdi.Deyəsən, belə bir fikri yoxuydu da heç…
    –Hə, mənəm, özüməm.Bağışla ki, sağ-salamatam, ölməmişəm.Allah saxladı məni…Sizdən olsaydı…
    Qadını dərin quyuya salmışdılar elə bil.Havası çatmırdı.
    — Niyə belə danışırsan? Səni bəyəm mən?.. Eh, birindən xəbərin var, beşindən yox. Sənin torbanı o tikdi…
    –İynəni-sapı sən vermişdin, o da tikdi də!..
    Kişinin bu atmacası qadını heç açmadı.Üzünü ona yox, yana tutaraq:
    — Belə danışma, sən Allah!-dedi.– Heyif ki, vaxtım yoxdu, gözləyirlər məni, yoxsa…
    Kişi də harasa tələsir, kimisə gözləyirdi, sanki. Bir gözü küçənin yuxarı başındaydı.
    –Nolar, bir gün görüşüb ətraflı danışarıq.Mənə hər şey məlumdur.Təkcə bir şey qaranlıq qalıb…
    Valehin bu müəmmalı danışığından sonra qadının əhvalı lap pozuldu.Əlini çantasına salıb cib telefonunu çıxardı.Əsəbdən titrəyən barmaqlarının ucuyla bir-iki düymə sıxmışdı ki, Valehin ağır əlini yenə də çiynində hiss etdi.
    — Ay Rəna xanım, kimə zəng vurursan,niyə belə özündən çıxırsan? Yoxsa, yenə
    tutdurmaq istəyirsən məni?..
    –Səni tutduranın…- Qadının hövsələsi lap tükəndi artıq.–Bilirsən nə var, fikrimi dəyişdim, heç yana tələsib eləmirəm.Sən də nə işin var, saxla sonraya. Elə bu gün, bu dəqiqə gedib oturaq və hər şeyə birdəfəlik aydınlıq gətirək…Bəsdir nahaq yerdən söyüş, qarğış yiyəsi olmağım…
    Kişi qadının bir an içində fikrini dəyişib onunla söhbət etmək istəyini gözləmirdi. Ona görə də bir qədər tərəddüdlə:
    — Nə deyirəm?! Amma hara gedək, harda oturub…
    Kişinin sözünü qurtarmasına ehtiyac qalmadı. Rəna xanım istehza qarışıq naz-qəmzəylə dilləndi:
    — Necə yəni hara gedəcəyik? O xarabaya!..Başqa gedəsi yerimiz yoxdu ha!..
    Valehi tok vurdu elə bil. “Vallah, başı işləmir bunun. Bir belə vurhavurdan sonra da özünə yığılmayıb hələ”. (daha&helliip;)

  • Xaliq MƏMMƏDOV.”Yuxuma gəlirsən”

    12079336_155372158146741_6186934002319206725_n

    Tərk edib sən məni bil getmisənsə.
    Nə üçün yuxuma de sən gəlirsən?
    Bu mənim ömrümü qəm etmisənsə.
    Nə üçün yuxuma de sən gəlirsən?

    Elə bil bu üzüm solmamış kimi.
    Elə bil vəfasız olmamış kimi.
    Deyəsən etdiyindən doymamış kimi.
    Necədə yuxuma hər gün gəlirsən.

    Nazlı baxışlarla süzürsən məni.
    Sorada edama düzürsən məni.
    Necədə yuxuda üzürsən məni.
    Nə üçün yuxuma hər gün gəlirsən?

    Yadların qoynuna atıb getmisən.
    Sən məni ölümə satıb getmisən.
    Elə bil qəlbimdə yatıb getmisən.
    Necədə yuxuma hər gün gəlirsən.

    Görürəm yuxudan qalxa bilmirəm.
    Bir daha ətrafa baxa bilmirəm.
    Oturub qırağda daha dinmirəm.
    Nə üçün yuxuma hər gün gəlirsən?

    Həsrəti meyvə tək dərirsən mənə.
    Sorada önümdə sərirsən mənə.
    Düşünmə hər gecə ərirsən mənə.
    Nə üçün yuxuma hər gün gəlirsən?

  • İlkin Abbası doğum günü münasibətilə təbrik edirik! (8 dekabr 1992-ci il)

    12299271_1673770859556050_384289575261593339_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını, gənc yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    23 yaş

    Uşaqlığı aldın əldən,
    Qaralar yox olur teldən,
    Pay tutub çiçəkdən, güldən,
    Xoş gəldin iyirmi üç yaş.

    İnsan üçün namus, şərəf,
    Olmalıdır daim hədəf,
    Yol aldım otuza tərəf,
    Xoş gəldin iyirmi üç yaş.

    Hər günümlə duyum qürur
    Alnım açıq, sözüm məğrur,
    Başlasın sənlə hər uğur,
    Xoş gəldin iyirmi üç yaş.

    BİR İL DƏ ÖMÜRDƏN KEÇDİ BELƏCƏ.

    Hər il qocalıram, keçirib illər,
    Ömür misalımın cavabı neçə?
    Bir il də ömürdən keçdi beləcə,
    Günahı neçədir, savabı neçə.

    Bir il də ömürdən keçdi beləcə,
    Bir il də ömürün üstə gəldi il.
    Görəsən hamarmı bu ömür yolum?
    Mənasız yaşamaq yaşayış deyil.

    Bir il də ömürdən keçdi beləcə,
    Hər il bir yaş daha qocalır insan.
    Həyatı anlayır bir az da yaxşı,
    Qocala-qocala ucalır insan.

    Bir il də ömürdən keçdi beləcə,
    Bu gün kədərimi sevincim silir.
    Günahımmı çoxdur, savabımmı çox,
    Bunu başım üstə tək Allah bilir…

    Bir il də ömürdən keçdi beləcə,
    Yaşayım bu ömrü gərək firavan.
    Elə yaşayım ki, asan olsun iş,
    Sonuncu mənzilə köçdüyüm zaman….

    SONUNCU BAHAR

    Mən səni isti bir günəş sanırdım,
    Sən verdin ömrümə çovğunu, qışı.
    Yox, bunun günahı səndə deyil ki,
    Əzəldən belədir bəxt, yaranışım.

    Elə ki ayrılıb tərk etdin məni,
    Sızladı könlümün ən sarı simi.
    Mən səni başqa bir eşqlə sevmişdim,
    Ürək sevə bilmir daha heç kimi.

    Bəlkə sevməyimlə günah etmişəm?!
    Düşünmə haçansa əhv olaram mən.
    Eşitsəm ki bir gün yadın olmusan,
    Gülüm, həmin günü məhv olaram mən.

    Mən sənə söz verdim xoş bir gələcək,
    Yox idi başqa bir niyyətim mənim.
    Deyiblər ki vardır hər işdə xeyir
    Bəlkə ayrılıqmış qismətim mənim?!!

    Sevindim səninlə, güldüm səninlə,
    Ağladım hər zaman acı, ağrına.
    Bircə təsəllidir o şəkillərim,
    Öpüb doya-doya get bas bağrına.

    Ayrıldıq, söylədin dost qalaq gərək,
    Özümü bu odda yaxa bilmərəm.
    Mən ki ürəyimlə sevmişdim səni,
    Sənə dost gözüylə baxa bilmərəm.

    Mən sənə sevgimlə gül-çiçək əkdim,
    Soldurdun əlinlə həmin o bağı.
    Dostluq nə zamansa sevgiyə dönər,
    Sevgi necə dönsün dostluğa axı?!

    Sızlatdın qəlbimin yaralarını,
    Qaysağı da qopdu, qanı da sızdı.
    Daha qarşılaya bilmərik yazı,
    Bu bizim sonuncu baharımızdı.

  • Rafiq ODAY.“Vətən gözəlləməsi”

    rafiqoday

    Bəlkə də dünyanın yüz yaşı vardı, –
    İnsanın tamahı ilk daşı yardı.
    Dımdıyin dörd səmtə dən daşıyardı,
    Səni dənliyindən etdilər, Vətən!

    Sanki bir-birinə oxşardı hamı,
    Oğuzdu, Qorquddu, Avşardı hamı,
    Qoynunda şad-xürrəm yaşardı hamı,
    Səni şənliyindən etdilər, Vətən!

    Xoş arzu-niyyətə təməldin onda,
    İnsanlar halal süd əməndi onda,
    Məchul bir riyazi əməldin onda,
    Səni tənliyindən etdilər, Vətən!

    Sənə dost deyənə qardaş sən idin,
    Arxadaş sən idin, sirdaş sən idin,
    Ən uca sən idin, ən baş sən idin,
    Səni “ən”liyindən etdilər, Vətən!

    Allaha ən yaxın bəndə sən idin,
    Cismdə sən idin, təndə sən idin,
    Özündə özündün, səndə sən idin,
    Səni sənliyindən etdilər, Vətən!

    “Yan”a can söyləyən it nə dəlidi,
    Nə gicdi – minillik fitnə-felidi.
    Şuşa sənin üçün Çənlibel idi,
    Səni çənliyindən etdilər, Vətən!

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    DOST-TANIŞIM,SİRDAŞIM

    Hey dolandım pərvanətək yaxınların başına,
    Göz dikmədim bir kimsənin çörəyinə,aşına.
    Rast gəldikcə zəmanənin çəpgözünə,çaşına,
    Kipriyimdə gilələndi muncuq-muncuq göz yaşım-
    Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!

    Ötən günlər düşür yada,qovruluram,yanıram,
    Çərxi-fələk durmaz belə,yenə dönər,sanıram.
    Mən arifəm hər kəlməni anlayıram,qanıram,
    Gözüm görür,qulaq duyur,pozulmayıb yaddaşım-
    Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!

    Gün var idi qonardılar milçək təkin şirəyə,
    Nə bir ləkə,nə də bir xal düşməz idi ürəyə.
    Tərif ilə ev yıxdılar,sığal çəkib kürəyə,
    Yuxa ürək olmağımdan ağrıyıbdır hey başım-
    Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!

    Qarışqalar olubdular nəhəng filin qənimi,
    Riyakarlar,simasızlar artırıbdır qəmimi.
    Təlatümlər,fırtınalar parçalayıb gəmimi,
    Mən yelkənsiz hər limana axı necə yanaşım?-
    Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!

    Olmayıbdır qəbahətim,əyri sözüm,yalanım,
    Üzü dönən zəmanəmi?-yoxdur yada salanım.
    Hey fikirdir,hey xəyaldır dönməz, sadiq qalanım,
    Ağır olub nankorların qafasına hər daşım-
    Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?! (daha&helliip;)

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    XƏYALLAR

    Sənsizliyim bu gün saçın yolubdu,
    Göz yaşlarım axıb qəlbə dolubdu.
    Ümüd yerim saralıbdı, solubdu,
    Yoluna gözünü dikir xəyallar.

    Dolanıb gözündə yuxun mən ollam,
    Səpilib üstünə qoxun mən ollam.
    Sənə yaxından da yaxın mən ollam,
    Ağlayıb göz yaşı tökür xəyallar.

    Sevgi dənizinə atdım özümü,
    Məhəbbət odunda çatdım özümü.
    Sən olan həyata qatdım özümü,
    Bağrımda lalələr əkir xəyallar.

    Ömrümü bələdim, sənin ruhunla,
    Çəkdim ciyərimə ətir qoxunla.
    Tanrının verdiyi azın, çoxunla,
    Ölümsüz bir qala tikir xəyallar.

    05.12.2015

    KÜSDÜRMƏ NOLAR

    Dərdini de, ürəyimə toxunma,
    Qəlbini qəlbimdən küsdürmə nolar.
    Həsrətini, hicranını ver mənə,
    Gözümü könlündən küsdürmə nolar.

    Qopar içimdəki bu intizarı,
    Yaşat könlümdəki bu ahu-zarı.
    Allah xatirinə, sən etmə barı,
    Gözümü könlündən küsdürmə nolar.

    Küsdür misraları, küsdür sözündən,
    Yağışı selindən, odu közündən.
    Aşığı sazından, məni özündən,
    Gözümü könlündən küsdürmə nolar.

    Çıxart xəyalların içindən məni,
    Oxşa saçlarıma əkdiyin dəni.
    Küsdür dağlarından dumanı, çəni,
    Gözümü könlündən küsdürmə nolar.

    28.11.2015

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    DƏRDİMİ YAZMIR QƏLƏM DƏ

    Pozulubdur sığalları,
    Sevməz daha nağılları,
    Bu torpağın oğulları,
    Dözümə düşmən kəsilib.

    Basılıbdır sərhədlərim,
    Haya gedib igidlərim,
    Səbr verən öyüdlərim,
    Özümə düşmən kəsilib.

    Sevincim əsirmi qəmdə?
    Bu millət qalmaz ələmdə.
    Dərdimi yazmır qələm də,
    Sözümə düşmən kəsilib.

    Oyatmışam yaddaşı da,
    Yanır bağrımın başı da,
    Daha gözümün yaşı da,
    Gözümə düşmən kəsilib. (daha&helliip;)

  • Nəriman ZEYNALZADƏ.Yeni şeirlər

    11846538_1594461537486331_7222284150658955982_n

    ETİBARIM YOXDUR MƏNİM DÜNYAYA

    Bir də gördün varı səndən apardı,
    Al qırmızı şalı səndən apardı,
    Yetişməmiş kalı səndən apardı,
    Gözüm-könlüm toxdur mənim dünyaya.

    Kərpic-kərpic hördüyündən söküldün,
    Göz doymayan gördüyündən söküldün,
    Sındı kuzən bir gün yerə töküldün,
    Get-gələnim çoxdur mənim dünyaya.

    Vaxt çatıbsa, gedənini saxlamaz,
    Şairinə gün-güzaran ağlamaz,
    Dünya görən dünyaya bel bağlamaz,
    Etibarım yoxdur mənim dünyaya.

    09.11.2015
    (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.”Mustafa Quliyevin 20-30-cu illər tənqidinin inkişafında rolu”

    Azərbaycan ədəbiyyatşünaslığı və tənqidi çoxəsrlik bir inkişaf yolu keçmişdir. Tarixi kökləri qədim dövrün xalq ədəbiyyatı nümunələrindən başlanan, XI əsrdə ilk filoloqu Xətib Təbrizini yetirən ədəbiyyatşünaslıq və tənqidimizin inkişafında XX əsrin 20-30-cu illəri ən mürəkkəb dönəm hesab edilir. Bu onilliklər istər ictimai fikrin, istərsə də bədii ədəbiyyatın inkişafı baxımından son dərəcə mürəkkəb, ziddiyyətli olmuş, dövrün hakim ideologiyasının nüfuzedici təsirilə «marksizm-leninizm» dünyagörüşünə əsaslanan, onun prinsipləri ilə çıxış edən ədəbi tənqid, və elmi-nəzəri fikir də təbii olaraq bu ictimai ziddiyyətlərdən kənarda qalmamışdır. Bu mərhələdə tənqid həyat həqiqətini ayrı-ayrı hadisə və faktların zahiri doğruluğu və reallığı, empirik qavrayışı mənasında deyil, həyatın əsas aparıcı cəhətlərini, meyllərini, müəyyən dövrün tarixi mahiyyətini, inkişaf tendensiyalarını əks etdirmək, bu cəhətdən həmin hadisələrin ictimai-bədii inkarı mənasında başa düşürdü.
    Ədəbi tənqidin əsas diqqət mərkəzində duran məsələlərdən birincisi sovet ədəbiyyatının mövqeyini möhkəmləndirmək idi. Həmin məqsədin reallaşması üçün qarşıda duran konkret vəzifələr – sosialist sənətinin yeni yaradıcılıq metodu və üslubunun müəyyənləşdirilməsi, partiyanın ədəbiyyat sahəsində siyasətinin həyata keçirilməsi, hakim ideologiyanın bədii ədəbiyyatda əks etdirilməsi, həyata «kommunist münasibəti»n müdafiə edilməsi idi. Azərbaycanda 1920-1930-cu illərdə nəzəri təfəkkürü ilə diqqəti cəlb edən, son dərəcə fitri istedada malik tənqidçi və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Həmin ədəbiyyatşünaslar və tənqidçilər nəslini təmsil edənlər Ə.Nazim, S.Mümtaz, M.Quliyev, H.Zeynallı, M.Ələkbərli, B.Talıblı, B.Çobanzadə, Ə.Abid, A.Musaxanlı, S.Hüseyn (Kazımoğlu), R.Axundov, M.Hüseyn və başqaları kimi yüksək elmi-nəzəri təfəkkür sahibləri idilər. Bu dövrdə professional milli ədəbi tənqidimiz məhz bu ilk mübariz nəslin həmin istedadlı nümayəndələri tərəfindən yaradılır, inkişaf etdirilirdi. XX əsrin 20-30-cu illərinin ədəbiyyatşünaslığının, ədəbi tənqidinin yeni mahiyyət kəsb edən nəzəri görüşlərlə zənginləşməsində, inkişafında, Azərbaycan ədəbiyyatının mühüm yaradıcılıq problemlərinin həllində Mustafa Quliyevin mühüm xidmətləri olmuşdur. 1930-cu illərdə ədəbi tənqidin ədəbiyyatın taleyi ilə yaxından maraqlanmasında, onun əsas inkişaf istiqamətlərini müəyyənləşdirən fəal bir janr kimi möhkəmlənməsində, tənqidin nüfuzunun və peşəkar hazırlığının artmasında M,Quliyevin tənqidçilik fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.”Çağdaş Batı Trakya Türk şeiri və yorulmaz tədqiqatçı”

    filologiya üzrə fəlsəfə doktoru, dosent
    Prezident təqaüdçüsü

    Yunan hakimiyyətində yaşamasının 80 ildən artıq böyük bir tarixi dönəmini başa vuran türk diyarı Batı Trakyanın zəngin ənənələrə malik ədəbiyyatı vardır. Bu ədəbiyyatın türk dünyasında tanınmasında görkəmli tədqiqatçı, İzmirdəki Dokuz Eylul Universitetinin müəllimi Fəyyaz Sağlamın mühüm xidmətləri olmuşdur. Batı Trakya ədəbiyyatının tədqiqinə 1985-ci ildən başlayan F.Sağlam bu sahədə bir çox nailiyyətlər qazanmış, bu ədəbiyyatın inkişaf tarixinin son 50 ilini ardıcıl və sistemli şəkildə araşdırmağa müvəffəq olmuşdur.
    Alimin böyük çətinliklərlə əldə edə bildiyi ilk ədəbi mətnlərin 1990-cı ildə Kültür Bakanlığı tərəfindən «Batı Trakyada (Yunanıstanda) çağdaş türk ədəbiyyatı antalogiyası» adıyla nəşr edildiyi vaxtlardan bütün türk dünyasında bu ədəbiyyata qarşı ciddi maraq yarandı. F.Sağlam bu antalogiyanın nəşri ilə əslində daha böyük bir missiyanı yerinə yetirmiş, Yunanıstanda türk ədəbiyyatının yaranması kimi mühüm bir gerçəkliyi dünya ədəbi ictimaiyyətinin nəzərinə çatdırmışdı. Həmin antologiya ilə dünya türk ədəbi həyatına vəsiqə alan Batı Trakya ədəbiyyatı görkəmli tədqiqatçının yorulmaz təbliğatçılıq fəaliyyəti sayəsində ümumtürk mədəniyyəti tərəfindən tanındı. F.Sağlam bu sahədə onlarla dəyərli tədqiqat əsərlərini Yunanıstanda, Yuqoslaviyada, Quzey Kıbrısda, Türkiyədə, İngiltərədə, Almaniyada, Bolqarıstanda, Makedoniyada, Hollandiyada, Özbəkistanda nəşr etdirməklə Batı Trakya türk şeirini, hekayəsini, folklorunu, uşaq ədəbiyyatını nəinki türk xalqları arasında, dünyanın qabaqcıl inkişaf etmiş bir çox ölkələrində təbliğ etdi. Alimin «Batı Trakya türkləri cocuq ədəbiyyatı» (1990), 1Y cildlik «Yunanıstan (Batı Trakya) türkləri ədəbiyyatı üzərinə incələmələr» (1991-1995), «Yunanıstan (Batı Trakya) türkləri ədəbiyyatında Atatürk» (1992), «Yunanıstanda (Batı Trakyada) çağdaş türk şeiri antologiyası» (1995) kimi fundamental tədqiqat əsərləri bu qəbildəndir.
    Batı Trakya ədəbiyyatının yaradıcılıq nailiyyətləri ilə yaxından tanışlıq göstərir ki, bu ədəbiyyatın başlıca uğurları poeziya ilə bağlıdır. Buna görə də F.Sağlamın türkçülük mövqeyindən, çağdaş elmi təfəkkür işığında araşdırdığı Batı Trakya ədəbiyyatına dair elmi tədqiqatlarının böyük qismi poeziyanın problemlərinə həsr olunmuşdur. Tədqiqatçı müxtəlif illərdə nəşr edilmiş monoqrafiyalarında, onlarla məqalələrində Batı Trakya türk şeirinin dolğun elmi mənzərəsini yaradıb. Qeyd etmək lazımdır ki, türk ədəbiyyatlarının tədqiqi və təbliği seriyasından olan kitablarda, məqalələrdə, alimin özünün də etiraf etdiyi kimi, Fəyyaz Sağlama qədər Batı Trakya türk şeirindən, bütövlükdə ədəbiyyatından bir sətir belə yazılmamışdır. (daha&helliip;)

  • Məhəmməd TURAN.”Qələmin iti olsun, Əzizim….”

    12309326_867184013395675_1753060596_n-300x192

    Gülnarə Sadiq haqqında danışmaq əslində mənim üçün çox qəlizdir…Çün ki şairə Gülnarə Sadiqdənmi, mənəvi bacım Gülnarə Sadiqdənmi, müəllimə Gülnarə Sadiqdənmi, ya da ki, dost Gülnarə Sadiqdənmi: bunların hansından danışım bilmirəm…
    Gülnarə bacı gözəl, duyğulu, mənalı, ən əsas novator qələm sahibidir…Gülnarə Sadiqin o qədər gözəl yaradıcılığı var ki…Bunu uzun uzadı sadalamağa ehtiyac duymuram. Bircə misrasından sitat gətirəcəm sadəcə:
    Mən anayam
    Mən vətənəm…
    Gəncə ədəbi mühitinin çox uğurlu qələm sahiblərindəndir Gülnarə Sadiq! Hər sözün hər kəlimənin qiymətini bilən yazardı. Hələ, Gülnarə bacının məhəbbət lirikası….elə kövrək elə duyğusal elə həzindir ki…Məhəbbət lirikasındakı obraz ümid dolu güclü ama heç vaxt kam dadmayan, hər zaman kam axtaran bir obrazdır…
    Gülnarə Sadiq gözəl dostdur, gözəl bacıdır, şeirlərimə qiymət verir həmişə. Bu bir yana, nə zaman bir sıxıntım olsa, o, öz məsləhətləri ilə məni başa salır, ovundurur…Buna görə də hərtərəfli minnətdarlığımı bildirirəm Gülnarə Sadiqə…Gülnarə bacım sənə can sağlığı, uzun ömür və daha yüksək müvəffəqiyyətlər arzu edirəm…
    Qələmin iti olsun Əzizim….

  • Şəfa VƏLİYEVA.”Külək”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Titrəmə, külək…
    Qorxma…
    Səni “öldürməyəcək”
    Görüşə gecikdirdiklərin…
    Qorxma…
    Səndən “küsə bilməyəcək”
    Saçını qarışdırıb
    Sevgilisinin gözündən “gizlətdiklərin”…
    Bilirsən, külək…
    Indi “O”-nun olduğu
    Şəhərdəsən…
    Qat onun saçlarını…
    Qum doldur aralarına…
    Qoy yumsun gözlərini…
    Əllərim gəlsin ağlına…
    Susma, külək…
    Vıyılda…
    Çırp onun tənha daxmasının
    Pəncərələrini divara…
    Ütüsünü poz pərdələrinin…
    Üşüsün…utansın
    “Mənsizliyindən”…
    Qorxut onu…
    Üzü səhərə doğru
    Xəfiflə…
    Pıçılda ona…
    Onsuz bu dünyada
    Kimsəsizliyimdən…

  • 9.Uluslararası Mübadele ve Balkan Türk Kültürü Araştırmaları kongresi’

    5-6 Aralık 2015 tarihleri arasinda Samsun’da düzenlenen 9.Uluslararası Mübadele ve Balkan Türk Kültürü Araştırmaları kongresi’nde:
    “Niksar ve Mübadele” konulu bildirimi sunacağım. Özellikle samsun’da yaşayan niksarlıları beklerim efendim.

  • NİKSAR KÜLTÜR VE SANATINA SUNULAN DEĞERLİ BİR ESER

    Niksar’ın Sevdası başkadır.Bunu ,bir tarih,tabiat,kültür şehri olan Niksar’ın derinliğinde yaşayabilen ve ruhlarında yaşatabilenler anlar.
    Emekli Edebiyat Öğretmeni,bizim de bazı çalışmalarımızın aydınlatıcısı olan Hami KARSLI Ağabeyimiz yıllardır üzerinde çalıştığı eserini kendi imkanlarıyla gün yüzüne çıkarmayı başardı.
    Tebrik ve teşekkürlerimi sunuyorum.Yüreğinizden Niksar sevgisi azalmasın.Kaleminiz daima güçlü olsun.
    Hasan Akar 01.12.2015

  • Harika UFUK.Muhteşem şiirler

    huh

    KÜSKÜN DÜNYA

    Nehirler yataklarına küsmüş,
    Nicedir güneşle kavgalı yıldızlar,
    Biri “gece” der,
    Diğeri “gündüz”
    İlkbahar bitmezken yüreklerde;
    Sonbahar yaprakları gibi
    Hüzün yüklü, sarışın;
    Takvimden düşen yapraklar!
    Adı ayet olmuş dillerde,
    Küsler onu bekler hasretle,
    Kuşlar “özgürlük” diye öter.
    Çivisinden ayrılmış tablo gibi harita,
    Herkes bir parçasını koparır,
    Doğmamış bebekler ağlaşır,
    Kara/bağlı
    Analarının gözyaşlarını çalarak…
    Gün biter, gece biter,
    Kavgalar da biter sonunda!
    Yeter ki kalmasın geriye
    Kirletilmiş, küskün bir dünya!

    Adana.24 Mart 2009.Saat: 08.30

    ÇINAR YAPRAĞI

    Çınardan ödünç aldım yaprağını
    Ömür yazdım kendime
    Oysa
    Asırlar öncesinden
    Yazılmıştı yazgım!
    Düşlerimi ben boyadım.
    Umutlarımı, beklentilerimi,
    Acılarımı
    Molasız
    Katıksız ve katışıksız!
    Çınar yaprağını suya attım;
    Üşüyen ellerimle…
    Gözyaşı nehrinden uzaklaşarak
    Özgürlüğe, sonsuzluğa
    Yol alsın diye!

    Adana.16 OCAK 2008

  • Nigar Duyğu.”Hər günüm səninlə keçsin…”

    İlk dəfə səndə bütünləndim
    Hər səninlə keçən günümü təkrar-təkrar yaşamaq istədim
    Dayandırmaq istərdim hər yerdə saatları
    Bu payız mövsümünə dayan deyib
    Bir axşam günəşi tutub buraxmamaq
    Sonra ay işığını badələrə doldurmaq
    Dəlicəsinə içmək və dəlicəsinə səni sevmək
    Bütün dayanacaqlarda yalnız səni gözləmək
    Şeirlərimin ən gözəlini sənin üçün yazmaq…
    Duyğuların ən gözəlidi…
    Səndə tapdım əlçatmaz duyğularımı…xoşbəxtliyimi…
    Bilirəm bir gün külək kimi, dənizlər kimi, buludlar kimi uzaqdan
    Yalnız mənə gələcəksən..
    Üzünü görmədiyim gün , səsini eşitmədiyim gün
    İçimdə ulduzlar sönük, günəş günəş deyil
    Hər günüm səninlə keçsin…
    Günəşimə yaxın … xoşbəxtliyimin tam yanıbaşında
    İşığım ol, alınyazım mənim
    Vətənim ol, evim ol…
    Yetər ki bir ömür boyu mənim ol
    Hər günüm səninlə keçsin…

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    GƏNC ƏSGƏRİM, MÖHKƏM SAXLA SİLAHI

    Tutduqları ən müqəddəs bu yolda,
    Şəhid oldu, itkin düşdü oğular.
    Büdrəmədi bu aşrımda, bu yalda,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Vurşdular, dönmədilər geriyə,
    Bəxt qoymadı həsrət buzu əriyə,
    Anaların qəlbi döndü körüyə,-
    Şəhid oldu, itkin düşdü oğullar.

    Arzuları bir sönməyən günəşdir,
    Sevgiləri göylər qədər genişdir,
    Qovğalardan bu da belə dönüşdür,-
    Şəhid oldu, itkin düşdü oğullar.

    Tapdağına dözmədilər yadların,
    Atıldılar ağuşuna odların,
    Ovutmaqçın bu torpağın dərdlərin,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Düşmənlərə nifrətini qoruyub,
    Vətəninin şöhrətini qoruyub,
    Namusunu, qeyrətini qoruyub,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Gənc əsgərim, möhkəm saxla silahı,
    İndi yurdun sənə gəlir pənahı,
    Qoyma yerdə bu qisası, bu ahı,-
    Şəhid oldu, itkin düşdü oğullar.

    Dön şimşəyə, ildırıma, yelə sən,
    Qaytar əldən gedənləri ələ sən,
    O azadlıq günü üçün biləsən,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Atlan, mənim mərd igidim, durma, qalx!
    Düşmənlərin gözlərində od ol, çax!
    Eşidirsən? Haray çəkir bu torpaq:
    “Azadlığım, abadlığım yolunda
    Şəhid oldu, itkin düşdü oğullar!”

    GÖRÜNMÜR

    Dərd verdikcə cavanlaşır,
    Dünya heç ulu görünmür.
    Ömür adlı bu dalandan,
    Bir çıxış yolu görünmür.

    Üzə geydiyim ümidin,
    Sevib öydüyüm ümidin,
    Ərklə döydüyüm ümidin,
    O tayı dolu görünmür.

    Insan tanrı nəfindədir,
    Doğulandan kəfəndədir.
    Dünya hələ kefindədir,
    Dərdlərdən halı görünmür.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    SƏNDƏ, MƏNDƏ

    Bir sevgi adası yaratmışıq biz,
    Sahili səndədi, dənizi məndə.
    Bütöv bir ürəkdə yurd salmışıq biz,
    Çöhrəsi səndədi, bənizi məndə.

    Gecələri həsrətlərdə qalmışıq,
    Görüş üçün hər an qanadlanmışıq.
    Gündə yüz yol yada salıb anmışıq,
    Sevgisi səndədi, əzizi məndə.

    Sevgi adlı sönməz ocaq çatmışıq,
    Xəyalları gerçəklərə qatmışıq.
    Məhəbbətlə qoşa addım atmışıq,
    Bir addım səndədi, bir izi məndə.

    02.12.2015

    GƏLMİSƏN

    Son baharda gələn qadın,
    Taleyimə xoş gəlmisən.
    Ümüdümdə bitən qadın,
    Gözlərimdə yaş gəlmisən.

    Sən Tanrının şirin payı,
    Gündüz günəş, gecə ayı.
    Soyuq qışı, isti yayı.
    Fikirlərə baş gəlmisən.

    Xəyalımın ulduzusan,
    Damağımın dad-duzusan.
    Ay könlümün ulduzu,sən!
    Gözüm üstə qaş gəlmisən.

    Ömrümə yoldaş gəlmisən,
    Dərdimə sirdaş gəlmisən.
    Düşüncəmdə bardaş qurub,
    Şah süfrəmə aş gəlmisən.

    01.12.2015

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    PİŞİK FƏRYADI

    Şahidi olduğumuz, gerçək hadisəyə

    Bir bala pişiyi əzmişdi maşın,
    Ana haray salıb, yeri didirdi.
    Al rəngə boyanmış yavrunun başın,
    Üz-gözün yalayıb fəryad edirdi.

    O,naşı,insafsız,zalım sürücü,
    Necə qıydı görən bu kiçik cana?
    Mənzərə nə qədər agır, üzücü,
    Susmaq bilməyirdi zavallı ana.

    Onun qəlb dağlayan,dərdli səsinə.
    Bir anda yığışdı,ona yananlar.
    Pişiklər hay verdi iniltisinə,
    Mat qaldı bu işə görüb,duyanlar.

    İşçilər alanda bala cəsədi,
    Ana o maşının ardınca qaçdı.
    Bilmədi axşamdı,yoxsa səhərdi,
    Sabahı inləyə-inləyə açdı.

    Hər kim nə verdisə, dilin vurmadı,
    Heyvan hey baxırdı olay yerinə.
    Getmişdi ağzının ləzzəti,dadı,
    Qəhər işləmişdi qəlbə,dərinə.

    Neçə gün gəlmədi pişik özünə,
    Gah gözdən itdi o,gah da göründü.
    Qüssə sürmə oldu yaşıl gözünə,
    Lal oldu kədərə, qəmə büründü.

    Kecsə də aradan bir xeyli zaman,
    Əsər yox oynağan,o şən pişikdən.
    Ona sahib çıxdı şairə Dövran,
    İndi hec çıxmayır evdən-eşikdən.

    04.12.2015.

    YADINDAMI

    Yadındamı, aylı gecə,
    Bulaq başı, salxım söyüd?
    Qəlb unutsun onu-necə?
    Mən bir pəri, sən bir igid.

    Yadındamı, sevgi dolu,
    Söylədiyin bal kəlmələr?
    Gözlərində samanyolu,
    Necə gözəl, xoş ilmələr.

    Yadındamı, pıçıldaşan,
    O, baş-başa cüt qumrular?
    Sevdasıyla qucaqlaşan,
    Gah kövrələn, gah da ağlar.

    Yadındamı, sən də mənim,
    Gözlərimdən öpüb dedin:-
    “Mən səninəm, sən də mənim?!”
    Sonra həmən, gülümsədin.
    Yadındamı???…

    03.12.2015.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Onda dördüncü ayın
    Üçüncü həftəsiydi…
    Özümə ağlamağım
    Uşaqlığın səsiydi…

    Sən böyütdün bu qızı…
    Böyümək bu imişsə…
    Nə çoxu…nə də azı
    Bölüşmək bu imişsə…

    Indi gücüm də çatmaz
    Qovmağa dərd-qəmləri…
    Deyir: -Ağlamaq olmaz!-
    Gəncənin həkimləri…

    Nə bilirlər axı…nə?!
    Mənim göz yaşım nədir?
    Gözlərimin şəklindən
    “Qorxub qaçmağı” nədir?!

    Yenə Bakıdan küsüb
    Dəli qızın yuxusu…
    Bəlkə də bilib-gülüb
    Sevdasına çoxusu…

    Özü “gəlincik” olan
    Qızın oyunumu var?
    Yığıb qəlb “sandığına”
    Dərdi “sonuna” saxlar…

    * * *

    bir “hop” desən… günümə
    səninlə başlayım da…
    Bir udumluq dərdinlə
    könlümü yaşlayım da…

    bir “gəl” desən… illəri
    saçıma düzüb gəlim…
    adımdan ümidləri
    biryolluq üzüb gəlim…

    bir “sus” desən… susmağı
    öyrət… sonra deyərsən…
    ikinin -bir olmağın
    “biz” sözüylə bilərsən…

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    QƏRİBSAMİŞƏM-1972

    Bu axşam nədənsə yaman kövrəyəm
    Közərib od alır fikrim, xəyalım.
    Bu axşam həsrətlə vuran ürəyəm.
    Dağılıb, pərişan olubdur halım,
    Sənsən, doğma yurdum, könlümə düşən,
    Bu gün səndən ötrü qəribsəmişəm.

    Hanı bir mahnının tilsimiylə mən,
    Bir yaşıl çəməndə yatıb qaldığım?
    Qaçan cüyürlərin çəhrimiylə mən,
    Yorub yollarını əldən saldığım,
    Ay damğacı düzüm, ay yanıq meşəm,
    Bu gün səndən ötrü qəribsəmişəm.

    Hanı dalğa-dalğa coşub-kükrəyən
    Sevgi fərəhimin uçan gülüşü?
    Zalım qardaşından qorxub titrəyən
    Bir qız dodağının qaçan gülüşü?
    Görüşə gecikən, gözü-bənövşəm,
    Bu gün səndən ötrü qəribsəmişəm.

    Görəsən, fikrindən keçirir nələr?
    Gözü yolmu çəkir anamın indi?
    Beşiyim başında uzun gecələr
    Yuxuma da layla çalanım indi.
    İstərəm bu dərdi sənlə bölüşəm,
    Ana, səndən ötrü qəribsəmişəm.

    İÇİMDƏN ADLAYAN İŞIQ

    İçimdən bir işıq keçər,
    Duyğularım çiçəkləyər.
    Qərq eləyər ürəyimi,
    Həzinliyə, kövrəkliyə.

    İlk eşqin məzarı üstə
    Dikələr, başdaşı olar
    Bulanlıq ağrı, əzabım
    Durulub göz yaşı olar.

    Dalğalana-dalğalana
    Damarımdan axıb kedər,
    Önündəki kötükləri.
    Bir sel kimi yıxıb gedər.

    Həsədlər günəbaxan tək
    Boylanar bu nura doğru
    Bu işığın qanadında
    Uçaram uğura doğru.

    Arxasınca haraylayıb
    Yüyürər yağılar, yadlar
    At tək çapar, çapar, ancaq
    Yetə bilməz, bağrı çatlar.

    İçimdən bir işıq keçər,
    Göy üzündə gün əylənər,
    Buz bağlamış quzeylərim
    Yamac-yamac güneylənər.

    Onu bulaq suyu kimi
    Ovuclayıb içərəm mən
    Yeri gəlsə yollarında
    Başımdan da keçərəm mən.

    1985

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    QARABAĞIM

    Qəlb sızladan, can ağladan,
    Hönkürdüb kaman ağladan,
    Hər gün bizə qan udduran,
    Ağlayan “Şikəstəm”, ağım,
    Qarabağm, Qarabağım.

    Dövranımız qara gəlib,
    Neçə təzə yara gəlib,
    Yağı bir gör hara gəlib,
    Əsir sənsiz əl-ayağım,
    Qarabağım, Qarabağım.

    Susub bağların bülbülü,
    Yad dərir Xarıbülbülü,
    Kim açacaq bu müşkülü,
    Həsrətdən alışır bağrım,
    Qarabağım, Qarabağım.

    Ayrılığa dözmür ürək,
    Hanı o bağ, o gül-çiçək,
    Zirvələrdə çaxır şimşək,
    Əsirdi dağım, yaylağım,
    Qarabağım, Qarabağım.

    Əldən vermişik fürsəti,
    Səsləyən yox bu milləti,
    Gəlin oyadaq qeyrəti,
    Gözləyir doğma torpağım,
    Qarabağım, Qarabağım.

    PAYIZ HAVASI

    Əsir acı küləklər,
    Gəlir soyuq boran, qar,
    Gözümüzü açınca,
    Köçüb getdi durnalar.

    Hələ yaza çox qalıb,
    Mürgüləyir ümidlər.
    Arx üstündə titrəyir,
    İndi çılpaq söyüdlər.

    Hanı uca dağlarım,
    Sığınam qucağına,
    El-oba həsrət qalıb,
    İsti od-ocağına,

    Ayrılıq nə ağırdı,
    Halıma ağlayan yox,
    Hələ yaram qan verir,
    Onu bir sarıyan yox.

    Neçə yaz, payız ötdü,
    Tapılmadı itən də.
    O qədər Vətən dedik,
    Yaddan çıxdı Vətən də.

  • Vüsal OĞUZ.”Xəcalət çəkdiyim 3 an…” (Hekayə)

    Səninlə bağlı xatirələrim çoxdu. Özü də yaman çox. Heç birini də unutmadım.Doğrusu unuda bilmədim..Neynim bacarmadım…Həyatıma asan girsəndə çətin çıxdın.. Doğrusu çıxmadın …Nə isə boş ver bunları…Hər şeyi məndən yaxşı bilirsən ..Bunları yenidən danışmaq istəmirəm. Bu dəfə sənə bu illər boyu xəcalət hissini yaşadığım 3 anı danışmaq istəyirəm. Qulaq a bəlkə maraqlı oldu sənədə…Bunları heç kimə danışmadım…
    Özümü və səni tanıyandan bəri bu 3 anı tez –tez xatırlayıram…
    İlk dəfə məktəb illərində yaşadım o xəcaləti. Sənin partanın üstünə ikimizin adının baş hərfini üstəgəl işarəsinin sağ və sol tərəflərinə səliqə ilə yazdım. Yazmaq dyəndəki mismar ilə cızdığım o gün indidə gözümün önündədir.. Sinif rəhbəri bütün dərs boyu ayaq üstə saxlayanda nə boynuma ala bildim , nə də uşaqların üzünə baxa bildim..Heç kəs bilmədi bunu mən etdiyimi.. Xoşbəxtlikdən sinifdə adının baş hərifi mənimlə eyni olan daha 3 uşaq var idi…
    Gözünü yumub ağzını açan sinif rəhbərinin cır səsi hələdə qulağımdadır. Bir yandan da sənin içini döyə -döyə ağlamağın. Yaman xəcalət çəkdim o gün…
    İkinci dəfə bu hissi məktəbi qurtardığım il yenidən yaşadım… Ailəliklə süfrə arxasında yemək yeyirdik..İnistutdan yenicə kəsilmişdim.. Heç nə məni pərt etməmişdi..Təkcə atamın bir cümlə ilə “ məncə dərs oxumaq lazım idi “ deməsi.. Beynimdə bu fikri dolandırdığım bir anda qonşudan yenicə qayıdan bacımın sanki şad xəbər verirmiş kimi sənin nişanlandığını deməsi
    Bu fikirləri bir anda beynimdən qoparıb atdı..O an hər kəsin nəzərini üzərimdə hiss elədim. Tərs kimi o an boğazımda loxma qaldımı. Ya nə oldusa bilmədim..öskürək. çaşama başladı..
    Hərdən indi fikirləşirəmki bəlkə də qəhərdən boğazım kilidlənibmiş o an.. Süfrədən necə durduğumu hiss etməsəmdə hamının arxamca qımışaraq baxdığını əla hiss etdim.. Xəcalətimdən günlərlə süfrəyə gəlmədim..
    Üçüncü xəcalət çəkməyim illər sonra oldu.. Sənə də , mənə də yaxın olan bir adamın övladının toyu idi.Bütün məclis boyu gizlicə mənə baxdığını hiss edirdim. Düzü mən də sənə baxırdm .Amma monitordan..Əslində hər şey əla gedirdi…Bir azdan bəylə gəlinin yanında gördüm səni.. İsrarla şəkil çəkdirməyə çağırdığın ərinlə şəkil çəkdirdiyini kaş görməyəydim. Kaş bir qədər tez çıxaydım toydan.. Bir gözün məndə ola ola şəkil çəkdirdiyin o an başını ərinin çiyninə qoyaraq üzünə saxta xoşbəxtlik ifadəsi verdiyin zaman yenidən xəcalət çəkdim.. Amma bu dəfə sənin yerinə….

  • Aqil SABİROĞLU.Yeni şeirlər

    asm

    UTANIRAM TƏBRİK EDƏM

    İstəmirəm təbrik edəm yeni ili…
    Çox saymışam millətimə zərbə vuran
    günü,ili…
    Baş aşağa,üzüm qara…
    Nə etmişəm bu torpağa,
    bu diyara?
    Böyük-böyük danışıram iclaslarda,
    tədbirlərdə,
    Hənirimdəm əsir salon-
    qarın yekə,sifət girdə…
    Uzadıram əllərimi bu salondan Vaşinqtona,
    ya Londona…
    Sanki girir barmaqlarım senatorun ac gözünə-
    Pərdə çəkib xaç gözünə…
    Biz nə qədər özümüzü öyəcəyik?
    Yersiz-yersiz onu,bunu söyəcəyik?
    Boş təbrik də lazım deyil bu millətə,
    Gəl son verək bu xislətə!
    Haqqı deyən qəhrəmanlar azad olsun zindanlardan;
    Sən özünü islah et ki,
    Azad olsun böyük bir xalq timsahlardan,
    qutanlardan…
    Mən söylədim həqiqəti-
    Utanıram təbrik edəm bu milləti…

    * * *

    …Gah səmum yelitək əsir üstümə,
    Şimşək sürətiylə bəzən yox olur.
    Qəfil gəlişiylə diksindirəndə,
    Əzabı sevincdən daha çox olur.

    Sevgili dilbərin ətri bu qızda,
    Dünyanın bəzəyi,sehri bu qızda…
    Əlində qalmışam bu dəli qızın,
    O göyərçin qızın,o zəli qızın…

  • Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

    qsm

    Təxmis 2

    ( dırnaq arasında olan beytlər M.P.Vaqifə məxsusdur )

    Rəhm elə , ey nazənin , göz yaşım ümman , ağlaram ,
    Səndən ayrı hər vədə , hər ləhzə , hər an ağlaram ,
    Dərdə yox dərd ortağı , yox bir pasiban , ağlaram ,
    « Ey güli-xəndan , fərağından sənin qan ağlaram ,
    Eylərəm şamü səhər çaki giriban ağlaram »

    Vəsli dərdin çəkibən min bir əzabə düşmüşəm ,
    Qeyb olubdur dincliyim , mən tərki xabə düşmüşəm ,
    Taleyin püşkiylə bir duzəxə babə düşmüşəm ,
    « Gedəli zülfün əlimdən piçü tabə düşmüşəm ,
    Dönmüşəm bir muyə , çox hali pərişan ağlaram »

    Hüsnünü gördüyüm an öylə bitab etdi məni
    Әlif qəddim bükərək ta ki , pürtab etdi məni ,
    Narə saldı cövr ilə , çün afitab etdi məni ,
    « Gəl kim , ey lalə zənəxdanın kəbab etdi məni ,
    Od düşübdür cismimə , hərdəm yanar can , ağlaram »

    Müntəzəm qan eylədi , qıldı qəbah kirpiklərin ,
    Hər axıtdıqca qanım tutdu günah kirpiklərin
    Qətreyi əşkə səbəb axşam , sabah kirpiklərin ,
    « Yadıma hər bir düşəndə ol siyah kirpiklərin ,
    Sanasan ki , sancılar bağrıma peykan , ağlaram »

    Şamxaloğlu , kimdə ki , elmü ədəb cəm olmasa ,
    Aşiq olmaz haqq üçün , gər gözləri nəm olmasa .
    Rəhmət , ey ustad , sənə , haqdır ki , qəm kəm olmaz ha ,
    « Vaqifa , şad olmaq olmaz yaxşı həmdəm olmasa ,
    Ağlaram ta ömrüm olduqca firavan , ağlaram »

    1 dekabr 2015

    TӘXMİS

    ( dırnaq içində olan beytlər M.P.Vaqifə məxsusdur )

    Müştağın olan qeyri bir gümanə düşərmi
    Divanən olmayan da biyabanə düşərmi
    Böylə sitəm etmək də müsəlmanə düşərmi
    « Salmaq nəzərindən məni cananə düşərmi
    Tərk eyləmək öz qulunu sultanə düşərmi »

    Yox misli bütün dəhrdə , aləmdi bu surət
    Amadəyəm hər nazına , etməzmi kifayət
    Hər bir nəzərimlə sənə , sarmış məni heyrət
    « Kakil nə rəvadır ki , könüldən edə qeybət ,
    Şanə gileyi zülfi-pərişanə düşərmi »

    Qəflətdə məni çulğayıban qəlbimə çökdü ,
    Firqət bu fəqir aşiqini dərd ilə bükdü ,
    Səndən gəlirsə xoşdu mənə sanma ki , yükdü ,
    « Qəmzən ləbini dişləməmiş , qanımı tökdü ,
    Qan eyləməyən kimsənə heç qanə düşərmi »

    Qəlbə yenə qəmxanə düşüb zülfün ucundan ,
    Könlüm evi viranə düşüb zülfün ucundan ,
    Narə neçə pərvanə düşüb zülfün ucundan ,
    « Dil çahi-zənəxdanə düşüb zülfün ucundan ,
    Әlbəttə , xətasız kişi zindanə düşərmi »

    Bir lütfi Xudasan , mənə Haqqdan bir inayət
    Hər əmrinə can-başla edim müti itaət .
    Heç kimsədə cəm olmadı bir böylə lətafət
    « Derlər ki , dəhanınla edir bəhsi-nəzakət ,
    Görün , bu söz ol qönçeyi-xəndanə düşərmi »

    Bilxassə sənubərdə dəxi yox belə qamət
    Bundan dolayı cismimi sarmış bu məlalət ,
    Bu xanə-xəraba eliyə bir kərə şəfqət ,
    « Ol sərvi-xuramanə ki , gəzmək olub adət ,
    Bir kəz yolu , gör kim , bizim eyvanə düşərmi »

    Qırx il arayıb tapmamışam əhdə vəfadar
    Aləmdə yenə Qalibə tuş oldu sitəmkar .
    Rəhmət ola ol ustada icad edib əşar ,
    « Olmazsa əgər Vaqifə bir sədri səmən yar ,
    Top eyləyibən başını meydanə düşərmi »

    30 noyabr 2015

  • Abdulla MƏMMƏD.Şeirlər

    yt

    OXU ÜRƏYİMİ

    Qəlbimdən keçəni bilmək istəsən,
    Oxu ürəyimi-o yazımdadır.
    Həm şaxta görərsən,həm də isti sən,
    Çiskin payızımda,gün yazımdadır.

    Qaynar bir ocağam,qızmar bir yayam,
    Dünənim yaşayır sətirlərimdə.
    Səhvimə tuşlanan tək oxlu yayam,
    Hopub misralara sərt illərim də.

    İlham göylərində bəzən ay azıb,
    İçimdə ağlayıb,sızlamışam mən.
    Bəzən də qəlbimdə eşqin ayazı,
    Bulaq tək sözümdən sızlamışam mən.

    Hərdən istəyimə qəlpə toxunub,
    Yaşayıb yaralı ad iliyimdə.
    Elə söz deyiblər qəlbə toxunub,
    Avamlıq gəziblər adiliyimdə.

    Ata ocağında tənha köz olub,
    Alışıb yanmışam hey için-için.
    Səbrimə sığınıb,dərdə göz olub
    Sözümü tapmışam özümdən keçib.

    Azərbaycan.Quba.

    Gül,könlümün Ərk qalası

    Səni sevən ürəyimi
    Gizləmədim gözlərində.
    Ürəyimin diləyini,
    Gülüm duymur gözlərin də?

    Oxu,gözəl,gözlərimi,
    Ürəyimdən nə keçir-gör.
    Baxışım da sözlərimi,
    Ürəyinə köçürür-gör.

    Gözlərimdə gül üşünür,
    Gülüşünə həsrət mənəm.
    Əsirgəmə gülüşünü,
    Toy tutmasın həsrət mənə.

    Kipriyindən asılıbdır
    Dodağında donan gülüş.
    Ürəyimə qısılıbdır
    Bir vaxt üzə qonan gülüş.

    Gözlərinin şeh damlası
    Qoy gül açsın yanağında.
    Gül,könlümün Ərk qalası,
    Ölüm gülüş ayağında.

    Azərbaycan.Quba

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXVII hissəsi

    Xəstəxanaya gələn Cəmilə birbaşa həkimin otağına getdi. Qapını döyməməsi həkimi təəccübləndirdi.
    – Nəysə olub,Cəmilə xanım?
    – Oğluma qan verən xanımın adı Fidandır?
    – Siz hardan bildiniz?

    Cəmilə həkimdən özünə lazım olanları öyrənmək üçün yalan danışmalıydı.
    – Gəlinimlə danışanda eşitdim. Özü dedi ki, qan verib.
    Həkim təəccübləndi: – Qəribədir, bizə tapşırmışdı ki, kimliyi gizli qalsın. Bəli xanımın adı Fidandır.
    – Sağ olsun.
    Cəmilənin oğlu yadına düşdü. – Bəs oğlum?
    – Oğlunuza qan köçürülüb. Gözləməliyik.

    Cəmilənin gözləri doldu, həkim Cəmiləyə bir stəkan su verdi. – Buyurun.Ümidsiz olmayın, hər şey yaxşılığa doğru gedir.
    – Çox sağ ol…çox sağ olun.

    Cəmilə stəkanı stolun üstündən götürdü, həkimin otağından çıxdı. Birinci mərtəbəyə düşdü. Qızı Aybənizin yanına yaxınlaşdı. Aybənizlə Lamiyə dəhlizdə yan-yana dayanmışdılar.
    Cəmilə gözüylə qızına işarə etdi ki, kənara çəkilsin. Lamiyədən aralaşdılar.
    – Atan hanı?
    – Səfəri görməyə getdi. Şükür, qan verən tapıldı. Ata nə qədər həkimdən soruşdu, qan verənin adını demədilər. Kimdirsə həm xeyirxahdır, həm də sadə.
    – Xeyirxah deyil. Hələ də oğlumu sevir. Mən çox pis elədim. Gərək onları ayırmayaydım.

    Aybəniz təəccüblənir: – Başa düşmürəm səni.
    – Qardaşına qan verən Fidandır. Çiçəyin qızı Fidan.
    – Nə danışırsan? Fidan ?

    Aybəniz Fidanın adını çəkəndə Lamiyə diqqətlə onlara baxdı, şübhəli-şübhəli Cəmiləgilə yaxınlaşdı.
    – Fidan nə edib?
    Cəmilə qızına baxdı: – Fidan nədi? Burda Fidan adını çəkən oldu?
    Lamiyə – Eşitdim hər şeyi. Bəyaq həkim qan verənin adını çəkmədi. Olmaya qan verən…
    Cəmilə Lamiyənin gözlərinin içinə baxdı. – Hə, Fidan verib qanı. Sənin bacarmadığını elədi.
    – Elə danışdın ki, elə bil qanımız uyğun gəldi, vermədik.
    Aybəniz – Yaxşı ki, uyğun gəlmədi.
    Lamiyə – Kəs səsini. Sən get fahişələrin qucaqlarından düşməyən ərini düz yola gətir. O ki, qaldı Fidana….Ümid edirəm, Səfərə heç nə deməyəcəksən Cəmilə xanım.
    – Əksinə deyəcəm.
    – Bəlkə Fidan evlidir. Əri, uşağı var.
    – Olsun, yenə də oğluma deyəcəm.
    – Bizi yaradana and olsun, Səfər məni boşasa, ana-bala bütün zibillərinizi cümlə-aləmə yayacam. Qoy görsün Azərbaycan, məmurunun əxlaqlı qadının əməllərini…

    Lamiyənin gözləri doldu, hikkəylə Cəmiləgilin yanından ayrıldı, xəstəxanadan çıxdı. (daha&helliip;)

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Ramiz Qusarçaylıya

    Ötsə yenə şıltaq havalar, bir yaya gəlsək,
    Dost haylasa, biz də yığışıb bu haya gəlsək.

    Bizdə belədir dosta məhəbbət ta əzəldən,
    Gərəkdi səni dost dediyin dost saya, gəlsək.

    Dost mehrinə, dost sehrinə möhtacdı könüllər, –
    Az, ya ki çoxuq – varmı bir hacət saya, gəlsək?

    Enək düzünə, dərəsinə, dağına qalxaq, –
    Kimdir ki, qoyan zəhməti getsin zaya, gəlsək.

    Bir qoşma deyək sərt qayaya Məmməd Arazdan,
    Bir kəlmə ilə təzimə dursun qaya, gəlsək.

    Oday, di tez ol Ramizə bir ismarıc eylə,
    Nolar yığışıb bir gecə Qusarçaya gəlsək?!

    A DƏRDİM

    Sən mənim kimsəyə söyləmədiyim,
    Pünhan saxladığım sirrim, a dərdim.
    Doğmadan qaçanda, yaddan qaçanda,
    Sön ümid, son pənah yerim, a dərdim.

    Göydən yağış kimi ələn, sevinim,
    Ömrümə, günümə bələn, sevinim,
    Tək mənəm dərdini bilən… sevinim,
    Hələ yazılmamış şerim, a dərdim.

    Sən varsan – meydanda gəşt edə billəm,
    Baxıb öz halıma qəşş edə billəm,
    Ha ötüb-keçənə “keşkə” de… billəm,
    Nazını çox çəkib sərim, a dərdim.

    İçimdə mizan tək qurulmusan sən,
    Qanımda dövr edib, durulmusan sən,
    Bəlli ki, mənə bərk vurulmusan sən,
    Mənim ilham adlı pərim, a dərdim.

    Sənə gələn yollar kəc də nə? – gəlləm,
    Dolarsan ruhuma, vəcdə nə gəlləm!!!
    Gündə neçə kərə səcdənə gəlləm,
    Müridim, mürşüdüm, pirim, a dərdim!

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    SEVİNİR

    G.Şöhrəddinqızına

    Qoşa yaranıbdır sevgiylə, nifrət,
    Seçməyən qəmlidi, seçən sevinir.
    Hər kəsə eşq adlı bir badə qismət,
    İçməyən qəmlidi, içən sevinir.

    Hissini, duyğunu sevgidən yoğur,
    Səni dərk edəni sev ki, – tən yoğur.
    Hər nurlu sabah da sevgidən doğur,
    Doğdumu dan gülür, gecən sevinir.

    Səni anlayansa könül həmdəmin,
    Yönsüz tufanlara tuş olmaz gəmin.
    Qədər biçinçidir, insanlar zəmi,
    Biçilən qəmlidir, biçən sevinir.

    Göy ilə bağlıdır yer, – körpü durur,
    O ucu, bu ucu sirr körpü durur,
    Hər kəsin önündə bir körpü durur,
    Keçməyən qəmlidi, keçən sevinir.

    Qismətsiz nə əksən ək, sənin deyil,
    Əkdinsə gözünü çək, sənin deyil,
    Bu sevinc, əzizim, tək sənin deyil,
    Gör neçən şadlanır, neçən sevinir.

    BİLMƏZ

    Ürək – arzuların qanadlarında,
    Ömür – haçan çatdı bu yaşa, bilməz.
    Hər zaman ürəyin istəyi ilə,
    Ömrün gedişatı uyuşa bilməz.

    Bu sel min illərdir dərəni oyur,
    Uçurur hər bəndi-bərəni, oyur.
    Özünə tən gələr hərənin boyu, –
    Bu başdan nə düşər o başa bilməz.

    Önünə keçəni vurub aşırar,
    Oturub aşırar, durub aşırar.
    Min kərə bu daşla vurub başı yar, –
    Bu daş nədən dəyər o başa, bilməz.

    Ötürüb səksəni, doxsanı adam,
    Hələ də varlığı yox sanır adam,
    Ha söylə, bu yolun yox sonu, adam,
    Düşməz etdiyini o başa, bilməz.

    Vədə yetişdimi – can söküləcək,
    Gəlimi, gedimi qan, söküləcək.
    Yəqin ki, birazdan dan söküləcək,
    Gecə haçan çatdı obaşa, bilməz.

    Bir yol tərəzi bil elin gözünü,
    Yoxdan dağ eyləmə çölün düzünü.
    Yuya bilməyirsə əlin üzünü, –
    Hələ “b”-yə keçmə, o baş “a” bilməz.

  • Nigar RÜSTƏMQIZI.”Yüksəklik”

    nr

    Yüksəkliyə qarşı böyük fobiyam var…O qorxu ki, əvvəllər məndə olmayıb. Sözümün canı var. Keçən yay bu qorxuya, həyəcana rəğmən iki rəfiqəmlə Dənizkənarı Parkda mənim üçün çox yüksək atraksiyona mindik. Rəfiqələrimin yanımda olmasımı, gənclik çılğınlığımı, ya hər şey bir qırağa, özümün adrenalin həvəskarı olmağımmı bu qorxuya üstün gəldi…
    İlk dəfə idi öz-özlüyümdə cəhənnəmin uğultusunu, ölümün hənirtisini ən yaxınımda, qulaqlarımda eşidirdim. Qorxudan gözlərimi bərk-bərk sıxmışdım, yerim çox narahat və təhlükəli idi. Mənə elə gəlirdi ki, bərkidici tutacağdan əlimi çəksəm, hər tikəm o möhkəm küləkli yay günündə, göyün yeddinci qatında bir yana səpiləcək. O atraksiyona mənim inadımla minmişdik, elə ən çox dəhşət içində olan da mən idim, deyəsən. Rəfiqəm dəfələrlə demişdi ki, istəmirəm, çox həyəcanlananda ürəyim narahat olur. Yaxşı bilirdim bunu…Nəysə ki, birtəhər yola gətirmişdim. Elə ona görəydi ki, bütün fikrim ondaydı.
    Adını bərkdən bağırdığım yadıma gəlir: “Qorxma, qorxma, düşürük…dayanır…” Mən bağıranda nədənsə onun səsi çıxmırdı…Hələ yüksəklik qorxusu canıma yer eləməmiş “ona nəsə oldu” qorxusu bürüdü məni. Mən “dayanır…” dedikcə o hənirti oturacağımızla birgə daha da qalxırdı elə bil. Yenə səsi gəlmirdi…Bu dəfə qətiləşdirdim ki, nə olsa da əlimi çəkəcəm oturacaqdan, gözlərimi də açacam. Gözümü açanda onun da tutacaqdan bərk tutduğunu görüb xeyli rahatladım. Aramızda sədd olduğuna görə üzünü çətinliklə görürdüm. əlimi buraxıb əlindən tutdum, eyni sözləri deyə-deyə beşinci dəqiqənin tamamında bu cəhənnəmin uğultusu birdəfəlik kəsildi. Artıq yerdəydik. Illərlə əsirlikdə, sürgündə əsir-yesir olmuş halındaydım. O biri rəfiqəm məndən bir az uzaqda oturduğuna, əvvəldən qorxmadığına, bu da üzündə əks olunduğuna görə ani ona baxıb səsi çıxmayan rəfiqəmə donuxub baxırdım. Məlum oldu ki, güclü külək nəfəsinə dolmasın deyə danışmırmış. “Yenə minək” deyəndə başa düşdüm ki, bu yüksəklik qorxusunu üstələyən qorxum boş yerəymiş…
    Sözümün yenə canı var. Hər zaman itirməkdən qorxmuşam. Ağlım kəsəndən dəyər verdiyim hər şey və hər kəsi elə “hər şeyim” bilmişəm. Məncə, həyatda hər gözəl şeyin təməlində dostluq, yoldaşlıq, hörmət və anlayış dayanır. Bunlar var, sədaqət yoxdursa… O zaman hər şey sıfırlanır…Sədaqət hər şeydən önəmlidir…
    S.Sarvan deyir:

    Əh, birin bilirsən, sən də birin yox,
    daha yıxılıram heç xəbərin yox.
    Gördüm ki, tutmağa özgə yerim yox,
    tutdum yıxılmağa qorxduğum yerdən…

    Yıxılmağa qorxduğum yerlərdən yıxıldım…Gördüm tutmağa yerim də yoxdur…tutmağa yerim yoxdursa, yıxılmağa qorxduğum yerlər də qalmayıb demək. Artıq yüksəklikdən qorxmadığımı da hiss eləyirəm. Əslində, insanın yıxılmağı normaldı, anormal olan ətrafındakıların, yaxınlarının münasibətidi. Yıxan da elə budu. Bundan belə dost tərəfindən yıxılsam nə ki, ayaqlarımı kəssələr təəccüblənmərəm, yıxılmaram. Həmişəkindən daha soyuqqanlı, daha qəddar olmuşam, sanki. Həmişə deyirəm ki, həyatımdan, yaşadıqlarımdan bir roman yazacam. Bestseller olacaq bir roman…Hər kəs üçün ibrət olsun. Kimsə çəkməsin çəkdiklərimi. Bəlkə, elə bir roman yaza bilməyəcəm heç vaxt, bəlkə heç bestseller də olmayacaq, amma, bir neçə insanın həyatını bataqlıqdan qurtarmaq mənə nəsib olacaqsa o zaman “hərşeyim”i yenidən qazanacam. Və ən yüksəklərdə hiss eləyəcəm özümü, bundan da qürur duyacam. Əslinə qalanda mən həyatda tanıdığım adamları, şahidi olduğum hadisələri bir daha kitab səhifələrindən oxumaq istəməzdim. Vəziyyət o yerdədi ki, təlaş üçündə olmaq yerinə qəribə bir sakitlik içindəyəm. Bu boyda da yanılmaq olar? Elə bil illərdi birgə yaşadığın, həyatını, ömrünü-gününü birgə keçirdiyin və hər şeyin əla olduğu bir dönəmdə həyat yoldaşın sənə deyir ki, hamısı yalan idi, heç sevməmişəm səni. Absurt bir şeydi, deyilmi? Belə absurtların içində də sakitəm. Elə bil yuxudakı kimi qışqırmaq istəyirəm, səsim çıxmır. Bəlkə, buna görə də sakit görünürəm. Susduqlarımı eşitsinlər daha… Hər şeyi bağışlamaq hər şeyi anlamaq deməkdir – romalılar belə deyir. Anlamaq və bağışlamaq yəqin ki, tək mənim alnıma yazılmayıb. Bir az da başqaları anlasın artıq. Susduqlarımı tapsınlar, tapıb yan-yana düzsünlər, rəngbərəng bir təsbeh düzəltsinlər. Ya da şeytan yelləncəyi qursunlar. Qalxaq-düşək, düşək-qalxaq… Qalxanda görək və düşəndə susaq…
    “Özünə qayıdır hər şey, özünə” – deyir Ramiz Rövşən. Mən də özümə qayıtmışam, nəhayət ki…Amma bilin ki, qayıtmaq istədiyimiz o yerdə bizim qoyub getdiklərimiz qalmır. Kürün axıb gedən suları kimi adamlar da dəyişir. Və əsl həqiqət bəlkə də budur ki, heç bir yerdə heç kim heç kimi gözləmir…

    Nigar RÜSTƏMQIZI,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

  • Qiymət Məhərrəmlini doğum günü münasibətilə təbrik edirik! (2 dekabr 1963-cü il)

    1836816_10200683320604901_1150158201_o

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatıbıb görkəmli nümayəndəsini, “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Filologiya elmləri üzrə fəlsəfə doktorunu, istedadlı xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    EY BAŞI BƏLALI VƏTƏN

    Gör kimlər başına nə cür iş açır,
    Əzəldən ey başı bəlalı Vətən!
    Bütün cavabdehlər cavabdan qaçır,
    Kimə ünvanlayaq sualı, Vətən?

    De, sənin haqqını kimlər yeyibdir?
    Kim zərə bürünüb, kim bez geyibdir?
    Elə bil aqillər boşa deyibdir
    Bu qədər öyüdü, misalı, Vətən!

    Səni tox görənlər içdən yanıblar,
    Haqqı batil edib, görüb danıblar.
    Səni tək biliblər, aciz sanıblar,
    Qaldır başın üstdən zavalı, Vətən!

    Özünü təsdiq et, de ki, buyam, bu!
    Azadlıq təşnəsi – tənha quyam, qu!
    Yanan ürəklərə axar suyam, su!
    Ey dili alxışlı, dualı Vətən!

    Tarixlər boyunca Türküm var olub,
    Qeyrəti, cürəti ərzə car olub!
    Bütün zamanlarda bayraqdar olub –
    Bayrağı ulduzlu, hilallı Vətən!
    Qaldır başın üstdən zavalı, Vətən!

    14.10.2015.

  • Zeynəb DƏRBƏNDLİ.”Danışırlar”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Bu nə zamanədir anlamaq olmur,
    Doğrunu gizlədib, tərs danışırlar.
    Bir zaman dünyanı dağıdan bəylər,
    İndi çıxıb burda dərs danışırlar.

    Xəcalət çəkirəm belələrindən,
    Dayanmaq olmurdu nalələrindən.
    Quyruğu boşalıb şələlərindən,
    Keçmişi unudub, fors danışırlar.

    Zeynəb, fikir vermə olanlara sən,
    Çalış dost söyləmə, ilanlara sən.
    Daha öryəşməsən, yalanlara sən,
    Burda məktəb açıb, kurs danışırlar.

  • Nemət HACIƏLİYEV.Yeni şeirlər

    * * *

    Tənhalıq qəlbini bürüyən zaman
    Küləyə qoşulub qaçan dalğalar
    Görüşə tələsən sevgili kimi
    Şəfəq tək hər yerə saçan dalğalar

    İllərdi eşqini bəyan etməyən
    Nə uzağa gedən,nə də itməyən
    Maraqlı kitab tək heç vaxt bitməyən
    Köksünü sahilə açan dalğalar

    Bir yerə alışıb qala da bilmir
    Keçmişi yadına sala da bilmir
    Dənizin sevgisin ala da bilmir
    Köçəri quş kimi uçan dalğalar

    * * *

    Neçə neçə sevənlər
    Yola saldı körpülər
    Kimlər sevmədi getdi
    Yenə qaldı körpülər

    Ah körpülər körpülər
    Sarımtıl boz körpülər
    Ah körpülər körpülər
    Üstündə toz körpülər

    Əl ələ yapışdılar
    Doyunca baxışdılar
    Küsənlər barışdılar
    Ürək aldı körpülər

    Ah körpülər körpülər
    Sarımtıl boz körpülər
    Ah körpülər körpülər
    Üstündə toz körpülər

    O şirin öpüşləri
    O sevgi sazişləri
    İlk və son görüşləri
    Yada saldı körpülər

    * * *

    Sevirəm mən səni hər dəm sevirəm
    Edirəm hisslərimi cəm sevirəm
    Heç olmaq atəşi eşq ilə heç gözəl
    Eşq içində alışan şəm sevirəm

    neynirəm gəlsə təbib lazım deyil
    Çün mən də qəlbimə məlhəm sevirəm
    Tapıram xəyalımda parə səni
    Yığıram ümumi görkəm sevirəm

    Nə qədər sevsəm əgər bəs eləmir
    Deyirəm öz özümə kəm sevirəm
    Nə qədər əzsən məni etməz xeyir
    Qayadan daşdan da möhkəm sevirəm
    Sevilən ürəklərin şairiyəm
    İndi mən həm yazıram ,əm sevirəm

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    * * *

    Yağış,buludların yarpaqlarıdır,
    Kökündən qurusa,qırılar,düşər.
    Yerdə ayrılığa,dözsünlər deyə,
    Göydə bir-birinə,sarılar düşər…

    Qıy çəkib,hayqırar,dolu nəyi var,
    Deşər,ürəyini çəmənliklərin…
    Nə yaza isinər,nə qışa donar,
    Yağdırar,gülləni dərindən-dərin…

    Günəş,göy üzünün gəlin otağı,
    Şəfəqlər ardına maraq edərsən…
    Açıb ürəyinin,arzularını,
    Gecə zülmətinə,çıraq edərsən…

    Ay çəkər,nazımı ta sübhə qədər,
    Keşikçim sayılar,tül pərdə kimi…
    Asılsa evimin küncündən kədər,
    Ruhumu oxşayar,gül pərdə kimi…

    Bir ovuc torpaq da bəs edər,mənə,
    Bu torpaq altında neçə can yatar.
    Çəkib əllərimi,öz əllərindən,
    Ay gedər,gün gedər sübhə dan qatar…
    (daha&helliip;)

  • Ruslan ƏLƏKBƏRLİ.Yeni şeirlər

    re

    GET

    Gedirsənsə birdəfəlik yığış get,
    Səni xatırladan heç nə qalmasın.
    Elə get ki, səndən sonra qəlbimi,
    Həsrət bürüməsin, hicran almasın.

    Götür saçlarımı apar özünlə,
    Sənin əl işindi saçımda hər dən.
    Gözləmə, arxanca baxan deyiləm,
    Gözümə bu zülmü yaşatmaram mən.

    Necə gəlmişdinsə elə də çıx get,
    Gedirsən getdiyin, gəldiyin yoldu.
    Yalandan kövrəlib, ağlama bəsdi,
    Yenədə axırda sən deyən oldu.

    Düşünmə sən getsən tək qalaram mən,
    Sağımda qəmim var, solumda kədər.
    Ən yaxşı günlərim onlarla keçib,
    Hayıf, sənli günlər keçibmiş hədər.

    Gedəndə qapını çöldən bağla get,
    Evdə olduğumu kimsə bilməsin.
    Sənin getdiyini görüb duyanlar,
    Gəlib ürəyimdən səni silməsin. (daha&helliip;)

  • Əli MUSA.Yeni şeirlər

    elimusa

    Dilbərim

    Baş alıb getmisən üzülübdü can
    Nə olar ki qayıt bir halıma yan
    Səni düşünürəm hər saat hər an
    Kövrək ürəyimi üzün dilbərim

    Söylə nəyə gərək ayrılıq dəmi
    De necə daşıyım bu boyda qəmi
    Sevən ürəyimin sənsən həmdəmi
    Həsrəti sinəmə düzən dilbərim

    Tellərin üzündə saçaq saçaqdı
    Eşqin görən nə vaxt dil açacaqdı
    Gözlərim közərən oddu ocaqdı
    Məni gizli gizli süzən dilbərim (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Bir gün gələcəm sizə”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir gün gələcəm sizə
    Elə-belə… təsadüf…
    Qonşu qoyacaq sözə
    Arsızdı, özü gəlib…

    Keçəcəyəm mətbəxə,
    Qaynayacaq çaydanın…
    Dadı qalıb deyirlər
    Damağında dolmanın…

    Eyninə alma, gülüm,
    Çox dolmalar bişəcək…
    Bizim toyun apreli
    Hər təqvim bəzənəcək…

    Bakıda ayrı olur
    Ilin dördüncü ayı…
    Gəncədə bir qız solur
    Əynində həsrət payın…

    Səndən küsən bu qıza
    Bu gün dərdin də çoxdur…
    Bir gün gələcəm sizə…
    O gün təqvimdə yoxdur…

  • Gülnarə MAHMUD.”Ana”

    gm

    Başının üstündə boynubükük bir ana,
    Telefontək “dünyan” var… Ovsunlanmısan ona.
    Ayıl! Başını qaldır! Gör ətrafda var nələr?
    Olma, girib “dünyana” bu dünyadan bixəbər.

    Sənin kimi övladçun ağarıb qara saçı,
    Gənclik tərk edib onu, həyat olubdur acı.
    Sənə görə əyilib sərv boynu, şux qaməti,
    Qalmayıb çöhrəsində gəncliyin təravəti.

    Dayanıbdır qarşında əlində ağır zənbil.
    Ağbirçək hər qadını, hər ananı anan bil!
    Yükün ağırlığından əyilib çiyinləri,
    Heç düşünmür özünü, yola salır illəri.

    Çox qocalıb…Zənbili güclə saxlayır ana,
    Doqquz ay yükündən də çox ağır gəlir ona.
    Gözlərindən bəllidir içindəki yorğunluq,
    Acısın hiss etdirir əllərindəki suluq.

    Gözün “gəncliyə” dikmiş, halı olmuş dərbədər,
    Əzmi sanki əyilmiş qamətilə bərabər.
    “Gənclik” baxmır “keçmişə”, düşünmür gələcəyi,
    Maraqlı deyil ona, gəlmişi-gedəcəyi.

    Elə bu an ayıltdı, səksəndirdi hər kəsi,
    Səslənincə efirdən operatorun səsi.
    Ana bir az toxtadı, rahatladı siması,
    Görününcə onündə “Gənclik” stansiyası.

  • Günel ƏLİYEVA.”Özünü məndən apar”

    gunel

    Peşmanam, sənə ‘’getmə, qal‘’dediyim üçün peşmanam.Çox , amma çox peşmanam.
    ‘’Getmə ‘’demişdim sənə.Mənim sənə aid kitabımda.Sənsə ‘’ Səndən getməyəcəm’’ dedin sənin mənə aid kitabında .
    Və getmədin, qaldın, amma yanımda deyil, ruhumda, canımda, qanımda, varlığımda.Niyə qaldın, səhrada susuz qalan adam kimi suya möhtac etdin qalmağınla.Susamışam, su ver mənə.
    Nə olar bir yudum su.Ciyərlərim yanır susuzluqdan.Su verməsən öləcəm.
    Ölmək səndən əbədiyyən getməkdir, sevdiyim. Sənin gülüşünə, sənin baxışına, sənin varlığına həsrət qalmaqdır .
    Mən yaşamaq istəyirəm.Yaşat məni özündə, sözündə, hər kəlməndə.
    Sol yanım ağrıyır, sevdiyim! Ürək ətdən deyil ki, sadəcə.Həsrətdəndir, dərddəndir .
    Mənim ürəyim səndəndir.Səndən-sənin sözlərindən, sənin cümlələrindən, sənin cismindən -sənə aid hər şeydən ibarət bir mənzilimdir o mənim.Kimsə ürəyimi qıranda ona elə qəzəblənirəm ki .Məni incitdikləri üçün deyil, sevdiyim, ürəyimdəki səni incitdikləri üçün.
    Amma sən də məni incidirsən.Bax, mən sənə qıymıram, sənsə yaman ağrıdırsan ürəyimi .
    Mən səni qəlb evimdən çıxaracaq qədər güclü deyiləm.Fəqət, getməlisən, əzizim, yoxsa fəryadımda boğulacaqsan .
    Getməlisən.
    Nə olar get.
    Əbədiyyən, həmişəlik, birdəfəlik get!
    Əvvəl xatirələrini, sonra gözlərini, baxışını, gülüşünü, kədərini, həsrətini, sevgini-hər şeyini al,
    götür qəlb evimdən, məndən get .
    Mən səni özümdən apara bilmirəm. Ümidim sənə möhtacdır, sən… baxışını, gülüşünü ,varlığını sevdiym sən… özünü məndən apar.Elə apar ki, gözlərim gözlərindən, sözlərim sözlərindən,
    əllərim əllərindən asılıb qalmasın.
    Xatırlamayım, səni düşünməyim bircə an da.
    Get, nə olar get.Arxana baxmadan get.
    Elə get ki, yuxularımda da görməyim səni. Elə get ki, darıxmaq hissimin alovunu da söndür.
    Darıxmayım sənin üçün.

    Apar şirin sözünü ,
    Mənə baxan gözünü,
    Xatirənin yüzünü,
    Minini məndən apar.
    Əllərinin ətrini,
    Sevginin həsrətini,
    Sənsizliyin dərdini,
    Qəsdini məndən apar.
    Apar ,sevdiyim, apar!
    Bilməm, günahım nədir?
    Qəm -kədər məni tapar.
    Apar gülən üzünü,
    Apar yanlış –düzünü,
    Apar, nə olar apar!
    Sənə aid hər şeyi,
    Sənlə yanan ışığı,
    Qəlbimin yaraşığı,
    Ya qayıt gəl ömrümə,
    Ya da get birdəfəlik,
    Özünü məndən apar!

    Məndən get ki ,səni unudum .Amma mən səndə həmişə qalacam. Çünki sənə ürəyimin əlləriylə vurduğum sillənin ağrısını heç vaxt unutmayacaqsan.

  • Ruslan NADİROĞLU.Şeirlər

    8acbbdae-53a8-40aa-bace-efff43f92c51

    * * *

    Gözlərim səmanı dolanır yenə,
    Ruhum bədənimdən getmək ist əyir.
    Uzadıb əlini haqqın evinə,
    Allahın qapısın döymək istəyir.

    Nə qədər savabım var isə yığıb,
    Günahı savabın içində boğub,
    Körpə bir bədəndə dünyaya doğub,
    Yenidən dil açıb dinmək istəyir

    Dünyanın dərdini qəmini atıb,
    Həsrətə son qoyub vüsala çatıb,
    Başımı bir məsum sevgiylə qatıb,
    Deyəsən üzümə gülmək istəyir.

    Bir ahu gözlünü sevib ,sevilib,
    Yıxılıb dərdindən ölmək istəyir.
    Hər dəfə bu dərdlə ölüb dirilib,
    Dünyaya yenidən gəlmək istəyir.
    (daha&helliip;)

  • Etibar VƏLİYEV.Yeni şeirlər

    12285918_1494065144230457_1353285289_n

    Kül ümidünə

    Pərdəmiz cırılıb, həya saxlamaq.
    İndi də qalmışdır tül ümidinə.
    Bizi görən balıq tora da gəlmir.
    Balıq tutmağımız lil ümidinə.

    Çay kolun kəsənlər batmış günaha.
    Buğdanın astarı üzündən baha.
    Qara torpağımız bar vermir daha.
    Məhsulumuz qalıb gil ümidinə.

    Sınıbdır şüşəsi eynəyimizin.
    Görmürük eybini bir birimizin.
    Köhnəlib saralan köynəyimizin.
    Rəngini dəyişmək nil ümidinə.

    Bir ovçu əlinə maralı düşdü.
    Yar yara qovuşdu yaralı düşdü.
    Oğullar vətəndən aralı düşdü.
    Əl çirki deyilən pul ümidinə.

    Bir göz ağlayarsa, birisi gülməz.
    Göz yaşı yanağın rəngini silməz.
    Bir əl yetməyənə dil yetə bilməz.
    Qalmışıq bir şirin dil ümidinə.

    Kimi adət edib yaş gizlətməyə.
    Kimisi torbada daş gizlətməyə.
    Bu haqsız dünyada baş gizlətməyə.
    Çarəmiz qalıbdır kül ümidinə.
    (daha&helliip;)

  • Abbas SƏFƏROV.”Anamın Ürəyi”

    Cıxıram yol üstə, yolum şaxtadır,
    Sükanı tuturam, güman baxtadır.
    Sən demə, təhlükə lap uzaqdadır,
    Anamın ürəyi, saxlayar məni…

    Baxmıram arada, sənin sözünə,
    Qurbanam, ay ana, ala gözünə.
    Nəzəri, çəkərsən, daim özünə,
    Anamın ürəyi, saxlayar məni…

    Sənə bir şey olsa, ürəyim yatar,
    Allahım dərdləri, başımdan atar.
    Ömrümə xoşbəxtlik, səadət qatar,
    Anamın ürəyi, saxlayar məni…

    Tufanı saxlayar, yağışı sovar,
    Abbası hey süzər, sacını ovar.
    Başımın üstündən, buludu qovar,
    Anamın ürəyi, saxlayar məni…

    13.08.2015