BİR “DOSTUM” DA VAR
Dostlar arasında bir “dosdum”da var,
Heç vaxt beləsilə zarafat olmaz.
Nə qədər ad alıb, nişan qoparda,
Yenə dirsəklənib, o rahat olmaz.
“Xeyirxah” lələsi düşüb get-gələ,
Çoxların tovlayıb, salıb əngələ,
Şöhrət dəlisinə deyən yox hələ
Belə mükafatdan mükafat olmaz!
Ey Hüseyn Arif, həyat həyatdı,
Ömür müvəqqəti, gün amanatdı
Müdrik bir kəlam da bir kainatdı,
Şair şer yazar, diplomat olmaz.
A TÜLKÜ
Özgə qoltuğuna pənah gətirib,
Özünü başbilən bilmə, a tülkü,
Birinə aşkara yumruq göstərib,
Birinin tozunu silmə, a tülkü.
Qədəmin necə də ağır qədəmdi,
Hardasa Allahın ölümü kəmdi
Nə sevincin sevinc, nə qəmin qəmdi,
Yalandan ağlayıb, gülmə, a tülkü.
Tutmuşam üzümü zirvəyə sarı,
Ələnib üstümə dağların qarı,
Mən az görməmişəm fırıldaqları –
Hüseyn Arifə gəlmə, a tülkü.
“QAYIDAR” DEDİM
Payız getdi qış qabağı
Yaz olar, qayıdar dedim,
Gül ətirli may küləyi
Yuxudan oyadar, – dedim.
Ürəyimdə həsrət oxu,
Baş götürüb qaçdı yuxu.
Gəlib keçdi ömrün çoxu,
– Görüşməyə az var, – dedim.
Hüseyn Arif düşdü oda
Ala gözlər yumulanda.
Bircə dəfə həmin anda
Mən ona “beyilqar!” – dedim.
AY ALİ MƏFTUN
Başdan huş dağıldı, könüldən fərəh,
Can gücü itirdi, ay Alı Məftun!
Nə əkib, nə biçmək arzulayırdıq,
Fələk nə bitirdi, ay Alı Məftun!
Haraya baxırıq, yox bir təsəlli,
Hanı o gülər üz, o şirin dilli?..
Ömür yelkənini taleyin əli
Möhnətə yetirdi, ay Alı Məftun!
Neyləyək dəli yel əsəndə, ay dost,
Qabağı çən-çiskin kəsəndə, ay dost,
Günah nə məndədir, nə səndə, ay dost,
Baxt belə gətirdi, ay Alı Məftun.
GÖR NƏ MEHRİBANDIR BİZİM ADAMLAR
Tanı yurd-yuvanı, dərindən tanı,
Hər cansız daşı da, canLı yadigar,
Dolaş qarış-qarış Azərbaycanı,
Gör nə mehribandır bizim adamlar!..
Qocalar əlini sıxar, qocalar,
Qalın saçlarında dağların qarı.
Bacılar qarşına çıxar, bacılar,
Sevincdən gül açar tər yanaqları.
Balalar hamıdan oyanar erkən,
Kimisə arzular, kimisə anar.
Qonaq həsrətilə gözü yol çəkən
Nənələr ocağı alovlandırar.
Bu onun, o bunun qucar boynunu,
Ötər hər sinədə bir sədəfli saz
Yorğunlar unudar yorğunluğunu,
Qəmlilər bir kəlmə qəmdən söz açmaz.
Necə can sirdaşı, könül həmdəmi,
Ucalar yanında ucalır insan.
Açsan hər qapını bir ata kimi,
Neçə qız taparsan, oğul taparsan.
Atalar, analar, babalar şirin,
Oğullar, nəvələr, nəticələr şən,
Açıqdır süfrəsi doğma ellərin,
Keçmə samovarın zümzüməsindən.
Əhdini, andını pozmayıb hələ,
Nə yalan satandı, nə rüşvət alan,
Bir dəfə duz-çörək kəsdi səninlə,
Dağa arxalanma, ona arxalan.
Özgənin işinə qarışan deyil,
Yaşar öz yerində, öz torpağında.
Dəyib-dolaşmasan, dolaşan deyil,
Dəyib-dolaşdınmı, döz qabağında.
Bir qeyrət sözü var, bir də etibar –
Uca zirvələrin ucası saydım.
Gör nə mehribandı bizim adamlar,
Onlara yaraşan adam olaydım.
KÖLGƏ ÖZ KÖLGƏM İMİŞ…
Ha səslədim, səslədim,
Bilmədin ki, bilmədin.
Ha gözlədim, gözlədim,
Gəlmədin ki, gəlmədin.
Bu necə ağrı-acı,
Bu necə sitəm imiş?..
Verib hökmünü bir qəm,
Sağı, solu bağladı.
Neçə bəndi, bərəni,
Neçə yolu bağladı
Nə bilim ki, axırda
Bu qəm öz qəmim imiş.
Tezdən eyvana çıxdım,
Eynim açılsın, deyə.
Baxdım, heyrətlə baxdım
Qəfil düşən kölgəyə,
Nə gedən, nə gələn var –
Kölgə öz kölgəm imiş…
QAYIDAQ GƏLİN
Günümüz mehriban, ayımız şirin,
O günə, o aya qayıdaq gəlin
Dost dostun necə də bilərdi qədrin,
O haqqa, o saya qayıdaq gəlin.
Axşamdan sabaha közərən ocaq,
Pəncərə önündə alışan çıraq,
Siyasətdən uzaq, riyadan uzaq
O dürlü dünyaya qayıdaq gəlin.
Qarlı zirvələrdən silinməz izim,
Enişdə, yoxuşda bərkiyib dizim.
Başqadı kökümüz, soyumuz bizim,
O kökə, o soya qayıdaq gəlin.
Qəm də yeriş etdi, dərd də ələndi,
Dərələr çiskinə, çənə bələndi,
İyid nərəsindən dağ silkələndi,
O haya, o hoya qayıdaq gəlin.
Alovlar qoynunda açdıq səhəri,
Dağıldı yadların çalı, çəpəri,
Stanbul səfəri, Tokat səfəri –
O qola, o boya qayıdaq gəlin.
Torpaqdan hədiyyə, yurddan pay olmaz,
Kişilik satılıb, mərdlik pozulmaz,
Hanı “Qəhrəmanı”, hanı telli saz,
Abbasa, Alıya qayıdaq gəlin.
Ey Hüseyn Arif, hikmət vaxtıdı,
Məhəbbət, mərhəmət, hörmət vaxtıdı,
İndi hünər vaxtı, qeyrət vaxtıdı,
Cəngi Koroğluya qayıdaq gəlin.
SƏN QOCALMA
Ana Kürün sahilində boy atdım,
Ceyran çölü, Qarayazı ovladım.
Gah Gülülü, gah Aveyi dolaşdım,
Damcılıdan gəldi səsim, sorağım.
Göyəzənin sağı, solu tamaşa,
Qeyrət yağıb bu torpağa, bu daşa,
Köhlənimi çox sürmüşəm birbaşa,
Xatirəyə çevrilibdi o çağım.
Başa kimi bu dünyada kim qalıb,
Kim şadlanıb, kim çağırıb, kim qalıb?
Vurğun getdi, Hüseyn Arif qocalıb,
Sən qocalma, mənim doğma Qazağım.
BELƏ GÖRMƏMİŞDİM
Sular birdən-birə coşdu bulandı,
Qəm-qüssə çulğadı eli, obanı.
Yüz oyundan çıxıb satqın qonşular
Nə kökə saldılar yurdu, yuvanı.
Qəfil yapışdılar ayağımızdan,
Soruş həqiqəti oğuldan, qızdan,
Bir şəhər silindi torpağımızdan,
Köksündə illərin ahı, amanı.
Belə bir zamanda, belə bir gündə
Mərmilər ələndi bərəyə, bəndə,
Yazıq anaların gözü önündə
Axdı balaların günahsız qanı.
O bağçaya hayıf, o bağa hayıf,
Şuşada qaralan ocağa hayıf.
Ağdama, Tovuza, Qazağa hayıf,
Sədası, sorağı tutdu hər yanı.
Bir vicdanı təmiz, əməli düz yox,
Səbrimiz tükəndi, dözümümüz yox.
Qonaq qabağına çıxası üz yox,
Bazar yağsız qalıb, evdə ət hanı?
Aç təzə dəftəri, Hüseyn Arif,
Yaz bu dərdi-səri, Hüseyn Arif,
Sözün müxtəsəri, Hüseyn Arif,
Belə görməmişdim mən bu dünyanı.
SƏHƏR OYANMADINSA
Üfüqün dan şöləsi
Yerin əlvan naxşıdı.
Enən qızıl şəfəqlər
Gül-çiçək yağışıdı.
Sabahın xoş rüzgarı
Günün sevinc nübarı,
Gülüş ömrün baharı,
Kədər qarlı qışıdı.
Yorğan-döşəkdə batan,
Günortayacan yatan,
Gözəlliyə naz satan
Ya xəstə, ya naşıdı.
Vədə gödək, vaxt qısa
Çatışmır toya, yasa.
Səhər oyanmadınsa,
Oyanmasan yaxşıdı.
AĞSTAFA
Könül qartala bənzər,
Ovlağı Ağstafa.
Dilim qələmə bənzər,
Varağı Ağstafa.
Çox şeyin vaxtı bitdi,
Vaxt daşları əritdi,
Uşaqlıq uçdu getdi,
Sorağı Ağstafa.
Deyin o gündən, deyin.
Neyləsin ürək, beyin?!.
Alovlu gəncliyimin
Novrağı Ağstafa.
Sevinc uzaq, qəm yaxın,
Dövrün hökmünə baxın,
Darıxanda arxamın
Dayağı Ağstafa.
Nə deyim belə hala,
Bu dərdə, bu məlala
Uyuyur Arif bala,
Yaşağı Ağstafa.
“Ulduz” jurnalı, İyul 2014