ramilehmed

Qeyd: Düşünürəm ki, hər bir şairin şeir, esse, və məqalələrinin mərkəzində elə özüylə söhbəti dayanır. Mənim üçün sualların cavabını tapmağın yeganə yolu yazmaqdır. Bəlkə də, yazılan hər mətn hansısa bir suala cavab tapmaq cəhdidir…Zaman-zaman cavab tapmaq, məsələni özüm üçün aydınlaşdırmaq məqsədi ilə bir sıra məqalələr yazmışam. Həmin sualların bir qismini və cavablarını bir yerə yığanda isə belə bir söhbət alındı:

– Sənin təsəvvüründə şair obrazı necədir?
– Bizdə daha çox sovet dönəmindən qalan pafoslu bir şair obrazı var: çox içən, əlindən siqareti əksik olmayan, ütüsüz köynəkli, üzü tüklü və sair. Şair deyəndə sakit bir küncə çəkilib davamlı mütaliə edən, yazan bir insan düşür yadıma. Yaxşı mətnin arxasında içki, siqaret yox, istedad, zəhmət, mütaliə dayanır. Əksinə, indi şairlər daha rasional, nizamlı olmalıdırlar. Çünki günümüzdə şeirin oxucusu azalmaqdadır. Gərək şair istər mövzu, istərsə də forma baxımından oxucunun diqqətini öz üzərinə çəkə bilsin.

– İlham, istedad, zəhmət…
– Çox yazmaq yox, yaxşı yazmaq. Kəmiyyət yox, keyfiyyət. Kitabım olsun deyə tez-bazar kitab çap eləmək yox, yaxşı bir iş ortalığa qoymaq. İlham pərisini gözləmək yox, qrafiklə işləmək, zəhmət. Mükafat iddiası yox, yaxşı mətn iddiası.

– “Bir gün bir kitab oxudum və həyatım dəyişdi”…
– Tez-tez özümdən soruşuram: kitablar ölürmü? Ölürsə, kitablar üçün də cənnət, cəhənnəm varmı? Bəlkə də… Amma hər insanın alın yazısı olduğu kimi, kitabların da öz həyatı, öz taleyi var. Onlar da insanlar kimi doğulurlar, ev-ev, ölkə-ölkə gəzirlər, kiminə dost, kiminə düşmən olurlar… Və sonda ya əbədi həyatla mükafatlandırılır, ya da tarixin tozlu bir küncünə atılırlar. Yaxşı kitablar həyatımızın bələdçiləri olurlar, yolumuzu aydınladırlar. Pis kitablar isə, sadəcə, vaxt itkisi…

– Belə fikir var ki, ən çox satılan kitablar ədəbi dəyər baxımından əhəmiyyətsizdir, yüksək tirajla satılan əsərlər yalnız geniş kütlə üçündür.
– Mən Ximenesin “şeir ucsuz-bucaqsız azlığa səslənməkdir” fikriylə razılaşır, istənilən cəmiyyətdə şeir kitablarının az oxunmasını qəbul edirəm. Nəsrdə isə oxucu daha çox kitabı sıxanda bir vedrə göz yaşı tökülən ucuz eşq macəralı, bütün mahiyyəti ancaq qatili tapmağa yönələn detektiv mövzulu mətnləri sevdiyini də anlayıram. Nə qədər satılmağın, əslində, mətnin dəyərinə elə bir təsir göstərmədiyini düşünürəm. Fikrimcə, pis kitabın çox satılması yox, çox satılanın bir növ ədəbi ölçüyə çevrilməsi daha təhlükəlidir.
– Zamanın hökmü…
– Bir çox şeylər zamandan, dövrdən asılıdır. Məsələn, hər nə qədər adı ətrafında mübahisələr olsa da, bəlkə də, Şekspir müasirimiz olsaydı, Hollivud filmləri üçün ssenari yazan biri olardı. Kim bilir…

– Ədəbiyyat cəmiyyətin problemini qabartmalı, onu tərbiyələndirməli, doğru yol göstərməlidirmi?
– Ədəbiyyatın üzərinə zorla bu cür missiyalar yükləmək doğru deyil. Biz üzərinə missiyalar qoyulmuş ədəbiyyatın halından da xəbərdarıq. Uzağa getməyək, Sovet dövründə yüz minlərlə tirajla nəşr olunan, o çağın gəncliyinin kult romanları, sevimli yazıçıları günümüzdə nə qədər tanınır və ən əsası həmin əsərlər ədəbiyyat tarixində nə qədər önəmlidirlər? Reallıq budur ki, nəinki zamanın sınağından çıxmaq, heç həmin əsərləri oxuyub üçdən-beşdən bir qiymət almağa məcbur olan tələbənin “sınağından” belə keçə bilmir. Vaxtilə Sovet ideologiyasına, o dönəmin oxucusuna hesablanan, ədəbi zövqdən başqa üzərinə hər cür missiya qoyulmuş əsərlərin ömrü də SSRİ-dən uzun olmadı…

– Yazarın ən böyük istəyi nədir?
– Hər bir yazar yazdığı kitabın onu yaşatmasını istəyir. Sözün hər iki mənasında; həm zamanın yaddaşında, həm də kitablarının qarşılığında normal qonorar alıb yaşamağı nəzərdə tuturam. Ədəbiyyat tarixində sağlığında tanınmayan, ağır həyat tərzi keçirən onlarla yazıçı, sənətkar adı saymaq olar. Ancaq kim deyə bilər ki, sahib olduğu dəyərli əşyaları satmaq, girov qoymaq, bu cür əzab-əziyyət çəkmək onların – təbii, mazoxistləri nəzərə almasaq – ürəyincə idi?!…

– Sənət dünən və bu gün..
– Çağdaş insan alim, şair, yazıçıdan daha çox şou əhlinin sözünə ehtiyac duyur. Günümüzdə insanlara sənətin, yoxsa televiziyanın, sosial şəbəkələrin daha çox təsir etməsi haqqında nəsə deməyə, məncə, lüzum yoxdur. Bütün bunları deməkdə məqsədim televiziya və interneti ittiham etmək deyil. Belə bir fikir var: uşaqlar valideynlərindən daha çox zəmanəsinə oxşayırlar. Bu gün isə bütün dəyərlərin bir-birinə qarışdığı, yaxşıyla-pisin, sivilizasiyayla-barbarlığın arasındakı sərhədin silindiyi bir dövrdür…

– Bir az da ədəbi tənqid barəsində…
– Birincisi, oxucunun ölçü meyarları başqadır, onu asanlıqla aldatmaq olar. Orta statistik oxucu daha çox pafosu yüksək qiymətləndirir, yalnız süjet arxasınca qaçır, əsərin strukturu, forması, dili onun üçün bir o qədər də əhəmiyyət kəsb etmir. İkincisi isə Dostoyevskini Baxtini və ya Puşkini Belinskinin gözüylə oxuyan oxucu əsərlərin dərin qatlarında gizlənənləri, fərqinə varmadığı mətləbləri daha yaxşı başa düşür. Dəyərlərin qorunması və böyük bir xaosun qarşısını almaq baxımından ədəbi tənqid vacibdir. İndi narahatlıq doğuran bircə sual qalır: ədəbi tənqid nə qədər sağlam və obyektivdir? Deyəsən, bu sualın qarşılığında çox az adamın nikbin cavabı var. Bəziləri üçün ədəbi tənqid və tənqidçi öz funksiyasını, missiyasını bitirmiş sayılır. Məncə, ədəbi tənqidi lazımsız bir iş kimi qəbul etmək insafsızlıq olardı. Hansısa bir əsər haqqında nə qədər çox yazılsa, bu, həmin əsərin uğuru deməkdir. Çünki hər kəs mətnə öz yozumunu verir, hər kəs mətnin fərqli-fərqli tərəflərinə fokuslanır. Müasir estetikaya görə isə yaxşı əsərlər çoxqatlı olmalıdır və bir mətnin nə qədər çox yozumu, şərhi varsa, bu, müəllifin uğurudur.

– Müharibədə itirdiklərimiz və qazandıqlarımız….
– Yəqin, nikbinliyimizdən irəli gəlir ki, itkilərimizə yox, qazanclarımıza fokuslanırıq. Müharibə olmasaydı, bu gün heyranlıqla izlədiyimiz filmlərin, rəsmlərin, zövqlə oxuduğumuz mətnlərin bir çoxu olmayacaqdı. Bilirəm, indi belə bir sual yaranır: qazandıqlarımızla itirdiklərimizi kompensasiya edə bilərikmi? Mənə görə, hansısa bir filmi bu gözlə izləmək, mətnə bu tərzdə yanaşmaq, hər əsərdə özünü axtarmaq doğru deyil. Bu yerdə Milan Kunderanın xoşuma gələn bir fikrini sizinlə bölüşürəm: “Kafkanın əsərini başa düşmək üçün onu roman kimi oxumaq lazımdır”. Biz yaranan əsərləri müharibədə itirdiklərimizlə, şəxsi faciəmizlə ölçsək, çox ucuz görünəcək. Amma bu sənətdir və o, bizim yaşantılarımız, itirdiklərimizlə yox, konkret meyarlarla, ölçülərlə dəyərləndirilir.

– Nə üçün insanlar çox asanlıqla müharibə isteriyasına qapılırlar?
– Freyd, Eynşteynə yazdığı məktubunda insanı nifrət və dağıdıcı instinktin müharibəyə sövq etdiyini vurğulayır və belə bir sual verir: “Məncə, biz müharibəyə ona görə nifrət edirik ki, təbiətimiz etibarilə pasifistik. Başqalarının da pasifist olacağını çoxmu gözləməliyik?” Yaxşı sualdır. Və nə yaxşı ki, ömür vəfa elədi, əgər İkinci dünya müharibəsinin başlaması iyirmi iki gün geciksəydi, Freyd bu sualın cavabını tapa bilməyəcəkdi. Görünür, hər işdə bir xeyir var…

… və şeirləri

AMERİKA

Hər qadın bədəni
kişi üçün yeni bir qitə…
Kəşf edilir;
aza-aza, keçə-keçə,
üzə-üzə, öpə-öpə…
Bütün kişilər Kolumbdu, bəlkə?
Sevgi inanmaqdı
ömrün sonuna qədər,
ömrün sonuna qədər
Amerikanı Hindistan bilməkdi.

QIRMIZI

naməlum bir ölü tapılanda
gecə saatlarında,
polis maşınının
yanıb-sönən mavi işıqları altında
protokola yazılmışdı
mərhumun günahı:
göydələnin damındakı
antenin qırmızı işığından keçib
və çox sevirmiş, çoooox…

SEVGİNİN ZAMANI

Sevginin üç zamanı var:
darıxmaq, ayrılmaq və unutmaq.

Əslində,
biz özümüzü tanımaq üçün sevirik –
necə sevdiyimizi,
necə darıxdığımızı,
necə ayrıldığımızı,
necə unutduğumuz bilmək üçün…

NİKBİNLİK

Yolmayın,
çobanyastığının günahsız ləçəklərini,
Yormayın eyni suallarla onu:
– Sevir, sevmir…

Cavabını bildiyiniz sualları
başqasından soruşmayın.
Çiçəklər uşaqlar kimidir,
yalan danışa bilməzlər…

Göndərməyin parabüzənləri
sevdiyinizin arxasınca,
düşünün.
Bəlkə də,
barmağınızın ucundakı böcək
elə sizi aparmaq üçün gəlmiş…

O

Bu qədər sevgilərin içində
elə bil kiminsə sevgisi itkin düşüb.
Bu qədər səsin içində hansısa bir doğma səs yox.
Bu qədər adamın arasında kimsə çatmır.
Əslində, bu qədər sevgilər, səslər, adamlar artıqdı.
İndi bizə lazım olan
sevginin, səsin, adamın sonuncu parçasıdı.
Və xoşbəxtliyə bircə hərf çatmır – o…

GÜNƏŞ

Hərəni öz eşqi boyda göyə çevirir Allah!
(Vaqif Bayatlı Odər)

Bir boşluq ki içində
heç dolmur…
Boşluqlarla dolusan indi.
Bir kədərə hamiləsən ki
doğulmur illərdi,
İçində böyüdərsən kədər balanı,
Tanrı ruh üfürməz.

Gülüşü kədərinə,
sözləri sükutuna uduzan adam,
uduzduqca hər gün özünə,
baxıb, baxıb göy üzünə
soruşar: niyə?
Niyə, İlahi,
hamıdan gücsüzəm,
hamıdan zəif?

Sanma özünü kimsəsiz,
O, səndən xəbərsiz, səssiz,
oturub öz taxtında,
hamını öz vaxtında
gözləyər göy üzündə.

Ağrıdığın,
ağladığın qədərsən…
Nə qədər ki,
göy üzündən
minlərlə gözlər baxır,
Nə qədər ki,
O var, qorxma,
ölməzsən, ölməzsən…

Hesabla,
ömrün boyu Günəşə
nə qədər baxdın doyunca?

Zəngli saatın
səni hər səhər
işə, dərsə, görüşə
getməyin üçün oyandırdı.
Heç Günəşi qarşılamaq üçün
çaldımı zəngli saatın?
Günəşi görmək üçün oyandınmı?

Ömründə bircə yol
iş üçün yox,
dərs üçün yox
günəşi görmək üçün,
yaşamaq üçün olsa
gözlərinin ilk açılışı,
sevsən adamları,
dünyanı,
ağacları,
günəşi,
yağışı,
onda hamıdan,
hamıdan güclü olacaqsan!

BİR ÇAY QAŞIĞI ÜMİD

Hava proqnozundakı
qısa ətəkli aparıcı
üşümədən dedi ki,
Somaliyə qar yağacaq…

Görəsən,
oradakı uşaqların ürəyindən
qartopu oynamaq keçirmi?
“Somali qutusu”na atılan
qara qəpiklər
onları ağ günə çıxardarmı?
Somali üçün nitq söyləyənlər
onlar üçün bircə gün ac qalarmı?

Bir uşaq
oturub yol kənarında,
həyatla ölüm arasında.
Həyatla ölüm arasında
bir stəkan su,
bir dilim çörək
qədər məsafə…

Xəyalları ilə oynayır uşaq,
amma xəyalına belə gəlmir
NTV-də italyan salatının hazırlanması:
Holland pendiri – 200qr.
Bolqar bibəri.
Şüyüd.
Reyhan.
Zeytun.
Mayonez.

Afrika salatının resepti həmişə eynidir:
BİR damcı göz yaşı.
Vitamin A.
Bir DAMCI göz yaşı.
Vitamin B.
Bir damcı GÖZ yaşı.
Vitamin C.
Bir damcı göz YAŞI.
Kalsium.
Bir çay qaşığı da ÜMİD…

Bilmirsiniz,
neçə dərəcə soyuq var Somalidə?..