Fatma Çiçəyi Nahidənin köməkliyi ilə övladlığa götürdü. O gündən özünü ana kimi xoşbəxt hiss elədi. Kişi tərəfindən xoşbəxt olmayan qadınlar yəqin övlad tərəfindən qadın kimi də xoşbəxtlik nədir, bilirlər!…Övladı və ona qadınlığını hiss elətdirən bir insan olmadığı üçün bu hissləri heç cür bir-birindən ayıra bilməyəcəm. Fatmanı daha əvvəlki kimi ərinin onu uşaq üstə boşaması yandırmırdı. Gecələri də ağlamağı çoxdan unutmuşdu. Çiçək yeddi yaşına çatanda Fatma onu evinə yaxın məktəbə adını yazdırdı. Deyirlər xoşbəxtlik çox çəkmir. Ya qısa-qısa fasilələrlə sənə geri qayıdar, ya da tilsimə düşmüş kimi qayıtmaq bilmir.
Fatmanın da həyatında xoşbəxtliyinin büdrədiyi vaxt Çiçəyin onunla Nahidənin söhbətlərini qapının ağzında eşitməsi oldu. Həqiqəti onsuzda bir az böyüyəndə Fatma deyəcəkdi. Fidan buna görə anasından bir müddət incidi, Fatmaya “ana” demədi. Fatma qızını tez-tez işlədiyi uşaq evinə gətirdi ki, həm uşaqlarla qaynayıb qarışsın, həm də necə şanslı uşaq olduğunu dərk eləsin. Təsiri olmuşdu, zamanla Çiçək əvvəlki kimi Fatmaya “ana” deməyə başladı.
İllər keçdi, Çiçək on səkkiz yaşına çatdı, gözəl-göyçək qız oldu. Uşaq evində böyüyüən yaşıdları da gözəlliyinə heyran qalmışdı. Bundan başqa, mülayim xasiyyəti də onu uşaq evinin ən yaraşıqlı oğlanına – Arifə sevdirmişdi. Arifin Çiçəyi sevdiyini Fatma xala da bilirdi, susurdu. Ariflə qızını bir-birilərinə yaraşdırırdı. Çiçək orta məktəbi güc-bəlayla qurtarmışdı, oxumaqla arası yoxuydu. Düşünürdü ki, tərbiyəli oğlanla ailə qursa, oğul-qız sahibi olar. Arif isə, hər şeyin yerini, böyük-kiçik yeri bilirdi.
Nahidə xanımın da məsləhəti ilə Ariflə Çiçək nişanlandılar. Elə nişan uşaq evinə keçirildi…
Arif əsgər gedir
Nişandan iki ay sonra hərbi komissarlıqdan çağırış vərəqəsi gəldi. Arif , dostları Mürvət və Ramiz , onlarla bərabər bir-neçə yaşını tamamlamış oğlanlar hərbi xidmətə getdilər. Bir müddətdən sonra Arifi Naxçıvana apardılar. Hərbi xidməti orda keçirəcəkdi.
İlk aylar sevgililər üçün darıxdırıcı keçmişdi. Sonradan bir-birilərinə yazdığı sevgi məktubları onları darıxmağa qoymadı. Sevgilərinin mesajı, sübutu olan məktublar bir il altı ayın necə keçdiyini onlara hiss elətdirmədi.
Arifin qayıtması
Fevral ayının ortaları idi. Bakıya yağan qar ona başqa cür gözəllik verirdi. Elə bil şəhər əyninə ağ paltar geyinmişdi. Qar adamı düzəldən kim, qartopu hazırlayıb bir-birinə atan kim… Uşaqlara qoşulan gənclik də gəncliyin unudulmaz anlarını yaşayırdılar. Bu sevincdən uşaq evindəkilər də öz paylarını götürürdülər.Vay o gündən ki, qar əriyə…əsl problemlər ondan sonra başlayırdı. Vaxtında görülməyən tədbirlər hər kəsin eyni cümləni deməsinə səbəb olurdu ; bu şəhərə qar yaraşmır…
Hərbi xidməti layiqli yerinə yetirən üç dost uşaq evinin darvazasını sözləşib birlikdə yumruqladılar. Qapını orda işləyən Uğur dayı açdı. Sevinc səsləri qarışmışdı bir birinə. Çox keçmədi bu sevincə digər uşaqlar da qoşuldu. Arifgili hamı dövrəyə almışdılar. Onlara sual ardınca sual verirdilər.
Sonunda Nahidə xanım gəncləri otaqlarına apardı. Fatma da ordaydı.
Nahidə: – Şükür ki, sağ-salamat hərbi xidməti başa vurub qayıtmısınız. Sağ olun ki, üzümüzü qara eləmədiniz. Yaxşı, deyin görək bundan sonra nə düşünürsüz?
Arif: – Əsgərlikdə sürücü işləmişəm. Hər halda sürücü işləyəcəm.
Ramiz: – Mən də usta.
Mürvət: – Mən də dərziliyi elə-belə öyrənməmişəm ki!…
Hər kəs gülüşdü.
Fatma: – Bəs, harda qalacaqsız?
Mürvət: – Əvvəl qaldığımız yerdə. Əsgər getməmişdən qabaq ev sahibi demişdi ki, gəlməmişdən mənə xəbər edin. Ona məktub yazmışdıq. Bizi gözləyir.
Söhbət çox çəkmədi. Arif Fatmanı kənara çəkdi.
– Fatma ana, Çiçək hardadır?
– Evdədir, elə bilirdi sabah gələcəksən. Get, onu da gətir bura.
– Çox sağ olun.
Arif otaqdan çıxdı.
Çiçək evdə güzgünün qarşısında saçlarını darayırdı, gözlərinə karandaş sürtürdü, dodaqlarını boyayırdı.. Əynində qırmızı rəngdə toxunulmuş kofta, dizindən bir az yuxarı palıdı rəngdə geyinmiş yubka onu füsunkar göstərirdi. Qapı döyüldü. Qapını açmağıyla sevincdən qışqırmağı bir oldu. Bir-birilərini qucaqladılar. Çiçək sevincindən bilmirdi neyləsin.
Çiçək: – Səni sabah gözləyirdim.
Arif: – Bir gün tez gəlməyimin də ziyanı yoxdur.
Çiçək Arifi yenə qucaqladı.
– Keç içəri, acsan, yemək də hazırdır.
– Narahat olma, yolda yemişik. Hazırlaş, gedirik uşaq evinə. Bizi gözləyirlər.
– Gözlə onda.
Çiçək paltosunu götürməyə gedəndə Arif geyiminə fikir verdi. Üzünün ifadəsi dəyişildi. Çiçək paltosunu geyinə-geyinə Arifin yanına gəldi.
– Mən hazıram.
– Görürəm hazırsan. Yubkandan bilinir.
– Çox gödək deyil. Dizimdən bir az yuxarıdır.
– Elə dizdən yuxarı olduğu üçün adı gödəkdirdə. Xahiş edirəm, əynini dəyiş.
Çiçək heç nə demədi. Otağına getdi. Bir az keçəndən sonra əynində uzun qara yubkayla qayıtdı. Arifin üzü güldü.
– Bu başqa məsələ. O birisi nədir? Orta məktəbdə oxumursan ki, deyim uzun geyin.
Nişanlılar evdən çıxdılar. Yol boyu şirin-şirin söhbətlər edirdilər. Arif zarafat məqsədilər yanından ötüb keçdikləri maşınların birinin üstündən qarı götürüb Çiçəyə atdı. Çiçək qaçmağa başladı. Yolda zarafatlaşa-zarafatlaşa, gülə-gülə uşaq evinə gəldilər.
Çiçəklə Arifin toyu
Yazın son ayı idi.Ariflə toy üçün bütün hazırlıqları görmüşdü. Evləndikdən sonra yaşamaq üçün Fatmadan çoxda uzaq olmayan kirayə ev də tutmuşdu. Fatma çox çalışırdı, toydan sonra Arif onlarla birlikdə yaşasın, alınmadı. Arif qürur məsələsi eləmişdi. Arifin bəy kostyumunu da dostu Mürvət tikdi. Üç dost otaqda olanda kostyumu Arifin qarşısına qoydu.
– Təbriklər bəy. Baxmayaraq ki, özünə tez qıydın, yenə də xoşbətlik arzulayıram.
Arif: – Sən lağ elə, tez evlənən uduzmaz. Çox sağ ol. Əlin-qolun var olsun. Borcum nə qədərdi?
– Ayıb olsun, nə borcu? Dostluq, qardaşlıq nə üçündür? Daha sənsən, oğlun olsa adımı qoyarsan, olarıq əvəz-əvəz.
Ramiz qəşş edib güldü.
– Bunada əlini verən qolunu itirir. Mən sənə paltar tikdirməyəcəm.
Mürvət – Aha, deyəsən torbada pişik var. Toy toy dalınca olacaq?
Ramiz – Yoox, elə-belə dedim.
Arif – Elə-belə deyənə oxşamırsan. Utanma, burda yad adam var?
Ramiz – Biz sadəcə dostuq.
Mürvət – Yaxşı görüm ədə, qızla oğlanın nə dostluğu? əvvəl-axır ya o bunu sevir, ya da bu onu. Kimə gəlirsən?
Ramiz – Mürvət səninlə danışmaq olmur.
Ramiz evdən çıxır.
Arif – Niyə xətrinə dəyirsən?
Mürvət – Sevirdə, daha niyə gizlədir?
Arif – Bilmirsən qız utancaqlığı var?
Mürvət gülümsəyir – Ona görə çətin oğlu ola.
Arif gülür, evdən çıxır. Həyətdə siqaret çəkən Ramizin yanına gəlir.
Arif – ona fikir vermə. Zarafat edirdi.
– Elə gic-gic zarafatlarına görə danışmaq olmurda. Nə isə… öyrəşmişəm.
– Sən niyə narahatsan?
– Anası münasibətlərimizə qarşıdır. Deyirmiş yetimdir, nə bilim qanı nədir, südü nədir? Cümləyə bax ha! Camaat süd söhbəti edir.
– İndi başa düşürsən niyə tez evlənmək istəyirəm? Dörd divar arsında ailənin nə olduğunu bilmək istəyirəm.
– Mənsə qorxuram. Atam anam kimi məsuliyyətsiz olmaqdan qorxuram.
– Fikir vermə. Dərdimiz danışmaqla qurtarsaydı gözümüzü də qırpmazdıq. Keçək içəri. O qızla da düzələcək hər şey.
– Ayrılacam. İki gündü anasının dediklərindən sonra özümə gələ bilmirəm. Başa düşürəm ki, qızın günahı yoxdur. Tutaq ki, evləndik. Sonra o qadınla üz-üzə gəlmək var, axı!
Ramiz daha heç nə demədi, içəri keçdi.
Hər kəs həyəcanlıydı. Çiçək gəlinlik paltarında bəyin gəlməsini gözləyirdi. Sakitləşmək üçün dərman da atmışdı.
– Ana, həyəcandan birtəhərəm. Elə bil qarnım ağrıyır.
– Can qızım, başa düşürəm, böyütmə gözündə. Gözlə dərman gətirim.
– Özümü birtəhər hiss edirəm.
Otağa Çkiçəyin rəfiqələrindən ikisi girir.
– Oğlan tərəfi gəldilər.
Vağzalı sədaları altında bəy də, dostları da evə daxil oldular. Gəlinin qızıllarını Nahidə taxdı. Böyüklər xeyir-dua verəndən sonra cütlüklər vağzalı sədası altında evdən çıxdılar. Həyətdə oyun havası çalındı. Bəyin dostları, qızın rəfiqələri, Fatma, Nahidə qabaq-qabağa oynadılar. Fatmanın gözləri doldu, özünü saxlaya bilmədi. Nahidə onu qucaqladı.Fatma Nahidənin qulağına dedi:
– Çox sağ ol. Çox sağ ol
– Ay qız, özünə gəl, qızı da ağladırsan.
Bəylə gəlin maşına mindilər.
Kaş, insanın xoşbəxtliyi daima olardı… Danılmaz bir həqiqət də var… Çox vaxt qızların taleyi analarının taleyinə bənzəyir.
II hissənin sonu…