Sevgi insanın ən çox zövq aldığı hissdir. Allahın verdiyi ən gözəl nemətlərdən biridir. İnsan yeməkdən, gəzməkdən, istirahətdən doyar, ancaq sevgidən doymaq mümkün deyil
Sevgi insanın ən çox zövq aldığı hissdir. Allahın verdiyi ən gözəl nemətlərdən biridir. İnsan yeməkdən, gəzməkdən, istirahətdən doyar, ancaq sevgidən doymaq mümkün deyil. Həm sevmək, həm də sevilmək insana zövq, hüzur və xoşbəxtlik verir. Lakin yaşadığımız dövrün ən mühüm problemlərindən biri məhz sevgisizlikdir….
Əslində, dünyada baş verən savaşların ,qətliamların, qısaca desək, dünyadakı bəlanın ən başlıca səbəbi sevgisizlikdir. Sevgisizliyin təsirini insanların ünsiyyətində daha aydın şəkildə görmək mümkündür. Demək olar ki, dünyanın hər yerində insanlar bir-birinə güvənmir və hətta hər an zərər görməkdən ehtiyat etməklə qorxu içində yaşayır. Əlbəttə, qorxunun və güvənsizliyin olduğu yerdə sevginin olması mümkün deyil. Təsəvvür edin ki, ünsiyyət zamanı insanların bir-birinə salam belə verməməsi sevgisizliyə səbəb olur.
Digər tərəfdən, insanlarda mərhəmətsizlik daha çoxdur. Bunun səbəbi yenə sevgisizlikdir. Adətən, gün ərzində bu cür xəbərlərə tez-tez rast gəlirik: xəstə ödəniş etmədiyi üçün ona baxılmır. Bir çox hallarda bu laqeyd və vicdansız yanaşma xəstənin ölümü ilə nəticələnir. Çox ağır xəstəliklərin müalicəsi üçün lazım olan məbləği hələ demirəm. İnsan xəstəliyindən qaynaqlanan ağrı-acıdan başqa bir də maddi durumunu düşünüb çökür. Acından insanlar həyatını itirir. Sevgisizliyin səbəb olduğu zalımlıq və mərhəmətsizliyin nəticəsində insanlar göz görə-görə ölümə məhkum edilir…
Bir ovuc torpaq üçün milyonlarla insanın qətlə yetirilməsi, uşaqlara təcavüz edilməsi , qadınların gün keçdikcə daha çox təcavüzə məruz qalması, birinin ən yaxınını belə amansız qətlə yetirməsi, hətta cinayəti törətmək üçün pulla kirayəli qatillərin tutulması, insanların bir-birinə kin və nifrət gözü ilə baxması və s. sevgisizliyin səbəb olduğu ağır bəladır.
Sevgisizlik və iqtisadi böhran. Bunların bir-biri ilə nə əlaqəsi var deyə düşünə bilərsiniz. Ancaq hal-hazırda dünyanın demək olar heç bir ölkəsindən yan keçməyən iqtisadi böhranın ən başlıca səbəbi sevgisizlikdir. Bir qarış torpaq üçün qardaşın qardaşa düşmən olduğu, insanların bir-birinə nifrət və kinlə yanaşdığı, gözəl üslub əvəzinə ancaq təhqir, lağ, ələ salmaq, iftira atmaq, yalan danışmaq kimi əxlaqsızlığın daha geniş yayıldığı bir dünyada yaşayırıq. Bir çoxları ancaq öz mənfəətlərini, öz gəlirlərini düşünərək malı hərisliklə qazanır, təkcə özü üçün xərcləmək niyyəti ilə yığıb saxlayır. Sahibkarlar ən ucuz və ən keyfiyyətsiz mal istehsal etməklə ən az məbləğ sərf edir. Beləliklə, insanların gözünü boyamaqla qarşılığında daha bol qazanc əldə edirlər. Ancaq insanın Allah sevgisi və Allah qorxusu onu digər insanlarla da yardımlaşmağa, ehtiyacından artığını xeyirlərdə xərcləməyə təşviq edir.
İslam sözünün mənası sülh, güvən, sevgi, xoşbəxtlik deməkdir. Buna görə də müsəlmanlar həmişə barışdan yana olarlar, sevgini istəyən ruha sahib olarlar. Dolayısilə, İslamın hakim olduğu dünyaya sevgi də hakim olar. Sevgidən qaynaqlanan sülh, ədalət və maddi-mənəvi hüzur bütün dünyaya hakim olar. Allah dünyanı, insanı və bütün canlıları məhz sevgi üçün yaratmışdır. Zülm və vicdansızlıq insana çox sıxıntı verdiyi halda, sevgidən insan zövq alır, çox rahat və şövqlü olur. İnsan həqiqi sevgini Quran əxlaqına tabe olduğu və vicdan və ağlından Allah rizası üçün istifadə etdiyi zaman yaşaya bilər. Bu Allahın iman edənlərə verdiyi ən gözəl nemətdir. Bunu bilən müsəlmanlar bütün insanları və canlıları Allahın təzahürü kimi sevərlər. Allaha olan sevgisini Onun təcəllilərinə də göstərərlər. Allah Quranda sevginin əhəmiyyətini xüsusilə vurğulayır:
İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi 96)
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 8)
Firuzə Həsənzadə