Yazıçı özünü ifadə edir, tənqidçi isə həm özünü,
həm də yazıçının ifadə etdiklərini…
O, 1973-cü ilin hüznlü payız günlərindən birində dünyasını dəyişəndə mən ana dilimizin zəngin leksikonundan beş-on cümlə qura biləcək qədər az söz tanıyan yaşda olmuşam. Onun nə geniş salonlarda könülləri ehtizaza gətirən nitqini eşitmişəm, nə auditoriyada tələbə-gəncləri duyğular qanadında mənəvi ucalığa səsləyən mühazirələrini dinləmişəm, nə də onu tanıyanların göz yaddaşında həkk olunub qalan, «ürəyə işıq salan» bənzərsiz təbəssümünü görmüşəm. Əhəd Hüseynov adı ilə tanışlığımın tarixçəsi institutun birinci kursunda oxuduğum vaxt Akif Səmədin «Gənc müəllim» qəzetində dərc olunmuş «…və başqalarından əvvəl» sərlövhəli məqaləsi ilə bağlıdır. Həmin orijinal üslublu məqalədən sonra adı həmişə, hər yerdə «…və başqalarından əvvəl olan» Əhəd Hüseynovun tənqidçi-müəllim şəxsiyyəti ilə maraqlanmışam. Onun haqqında müxtəlif dünyagörüşə, əqidəyə, xarakterə, fərqli təfəkkür tərzinə malik şəxslərdən eşitdiklərim fikrimdə kök salmış «insan hamı üçün sevimli ola bilməz» qənaətini alt-üst edib. Əhəd Hüseynovu hamı sevirdi: gözəl alim, cəsarətli tənqidçi, mükəmməl pedaqoq, yüksək intellekt sahibi, səmimi dost, yanımcıl övlad, fədakar ailə başçısı, sevimli ata, geniş ürəkli insan… nəhayət, kamil şəxsiyyət kimi. Bu çoxşaxəli sevginin çalarları müxtəlif olsa da ünvanı bir idi: ƏHƏD HÜSEYNOV!
Əhəd Hüseynov ədəbi tənqidə 40-cı illərin sonlarında gəlmişdi. 1948-1949-cu illərdə dərc olunan ilk məqalələri kəsərli bir qələm sahibinin, prinsipial tənqidçinin elmi-nəzəri mövqeyinin göstəricisi idi. Zeynal Xəlilin «Fədai» poeması haqqında aydın nəzəri qənaət formalaşdıran, Əhməd Cəmil lirikasına düzgün elmi dəyər verən, N.Xəzri, B.Vahabzadə, H.Arif, İ.Səfərli kimi sənət yoluna yenicə qədəm qoyan şairlərin yaradıcılıqlarını müasir milli poetik tələblər səviyyəsində qiymətləndirən həmin məqalələrində gənc tənqidçinin ədəbi prosesə fəal müdaxiləsi, çağdaş şeirin inkişaf problemlərinə son dərəcə həssas və qayğıkeş münasibəti müşahidə olunurdu.
Əhəd Hüseynov milli ədəbiyyatın təəssübünü çəkən, onun ideya-estetik keyfiyyətinin yüksəldilməsi, yeni yaradıcılıq məziyyətləri ilə zənginləşməsi naminə qələm işlədən cəfakeş tənqidçilər nəslinə mənsubdur. Bu istedadlı nəslin K.Talıbzadə, Ə.Mirəhmədov, Ə.Ağayev, H.Orucəli, A.Zamanov, P.Xəlilov, M.Əlioğlu və başqa nümayəndələri kimi Ə.Hüseynovun da daha uğurlu məqalələrinin yazılması, müəllifini professional tənqidçi kimi geniş ədəbi ictimaiyyətə tanıtması 50-ci illərə təsadüf edir. Bu həmin illər idi ki, obyektiv, cəsarətli tənqidçi sözü birmənalı qarşılanmır, kəsərli qələm sahibi gizli-aşkar təhdidlərlə üzləşir, hətta fürsət düşdükcə dövrü mətbuatda belə tənqidçiyə hücum etməkdən çəkinmirdilər. Təkcə «Kirpi» jurnalının sözügedən illərdə tənqidçilərə sataşmağı bir ənənəyə çevirdiyini, M.Rəfili, Ə.Ağayev, H.Araslı, M.Əlioğlu və b. tənqidçi və ədəbiyyatşünasların jurnalın yersiz hücumlarına məruz qaldığını xatırlamaq kifayətdir. Lakin bu kimi təzyiqlər nəinki həmin qüdrətli tənqidçiləri «sındırmır», əksinə onları daha prinsipial, daha qətiyyətli mövqe tutmağa sövq edirdi. Ə.Hüseynov da 50-ci illər tənqidinin ön sıralarında gedən belə tənqidçilərdən idi.
50-ci illər həm də Ə.Hüseynovun yaradıcılığının ən məhsuldar onilliyi kimi əlamətdardır. Tənqidçi analitik tənqidin şərhçi, təsvirçi tənqidi əvəz etmək uğrunda mübarizə apardığı bu illərdə 60-a qədər məqaləsində tarixin ədəbi-nəzəri fikir qarşısında qoyduğu tələblərə əzmlə yanaşır, tənqidi mülahizələrini ictimai rəy səviyyəsinə qaldıra bilirdi.
«Tənqidi məqalənin tənqidsiz yazıldığı», tənqidin daha çox tərifə meyl göstərdiyi, nəzəri səviyyəsinin qənaətbəxş olmadığı, əksər hallarda təsvirçi xarakter daşıdığı, eləcə də «ehtiyatkar tənqid» ənənələrinin hələ davam etdiyi vaxtlarda belə Ə.Hüseynov tənqidi öz obyektivliyi, sərrast mühakimələri, yüksək nəzəri səviyyəsi, ədəbi həqiqətlərə ayıq münasibəti, nöqsanları vaxtında görüb üzə çıxarması, onlardan uzaqlaşmaq yollarını dəqiq parametrlərlə göstərməsi ilə seçilirdi. K.Talıbzadə 50-ci illərin tənqid prosesinə nəzəri qiymət verən məqalələrində özünün də təmsil etdiyi yeni tənqidçi və ədəbiyyatşünaslar nəslinə münasibət bildirərkən Ə.Hüseynov tənqidinin bu müqtədir cəhətlərini dönə-dönə təqdir edirdi. K.Talıbzadə onun «Lirikamızın həyatiliyi», «Hekayələrimizdə sənətkarlıq məsələləri», «Mənim ailəm» romanı», «Poemalarımızın ideya-bədii xüsusiyyətləri» məqalələrini təhlilə cəlb edir, sənətkarlıq məsələlərinin izahında, lirikanın inkişaf yollarını aydınlaşdırmaqda, nəsrin müvəffəqiyyətlərini və ideya-sənətkarlıq nöqsanlarını dürüst müşahidə edib üzə çıxarmaqda Ə.Hüseynovun tənqidçi məharətini nəzərə çatdırırdı (Talıbzadə K. Tənqidimiz haqqında qeydlər. Bax: Tənqidçi və ədəbiyyatşünaslarımızın yeni nəsli. Bakı, Gənclik, 1967, səh.20-52.).
Ə.Hüseynov tənqidi sərt, kəskin, cəsarətli, eyni zamanda qərəzsiz, «vicdanlı» tənqid idi. Tənqidçiyə görə ədəbiyyat xalqın ən qiymətli mənəvi sərvəti idi və bu sərvətin dəyərini daha da yüksəltmək, onu zərərli təsirlərdən qorumaq kimi məsuliyyətli vəzifənin icrasında səhvə yol vermək olmazdı. Ə.Hüseynov həqiqi ədəbiyyatın inkişafına xidmət edən klassik tənqidçilərimizdəndir, o, nəinki söz sənətində hərhansı saxtakarlığa göz yummağı, yaradıcılıq prosesində kiçik bir nöqsanı belə nəzərdən qaçırmağı tənqidçi üçün böyük qəbahət hesab edirdi. O, ədəbiyyatın müxtəlif yaradıcılıq məsələlərinə dair məqalələrində bu cəhətə diqqət yetirir, həmkarlarına söz sənətinə tələbkarlığı artırmağı tövsiyə edirdi. Tənqidçinin «Ədəbiyyat və incəsənət» qəzetinə ünvanladığı, açıq məktub janrının gözəl nümunəsi olan «Ehramvari kirpiklər nədir?» məqaləsi də ədəbiyyata bu təəssübkeş münasibətlə yazılmışdı. Dövrü mətbuatı bədii material dərc edərkən daha diqqətli, məsuliyyətli olmağa çağıran Ə.Hüseynov yüksək tənqidçi etikası ilə yazırdı: «Arzumuz budur ki, siz Füzuli və Vaqifin, Sabir və Səməd Vurğunun ölməz sənət abidələrini yaratdıqları bu dilə ehtiram hissini bir sıra gənclərimizə xatırladasınız. Məncə, belə şeirləri (bədii dili qüsurlu – T.R.) sadəcə olaraq nəşr etməmək xalturanın qarşısını almaq üçün əlverişli yoldur» (Ə.Hüseynov. Tənqid və ədəbi proses. Bakı, Nurlan, 2009, səh.69.)
Ə.Hüseynov məqalələrinin böyük əksəriyyətini poeziya məsələlərinə həsr etmişdir. Tənqidçi dövrün ən nüfuzlu şairlərindən (S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza və b.) gənc istedad sahiblərinədək (B.Vahabzadə, N.Xəzri, H.Arif, İ.Səfərli, Q.Qasımzadə, C.Novruz, Qabil, B.Qasımzadə, V.Şıxlı, İ.Kəbirli və b.) müxtəlif ədəbi nəsillərin poetik uğurlarına aydın elmi münasibət bildirmişdir. Bu məqalələrdə S.Vurğun poeziyamızın iftixarı, yüksək bəşəri ideallar şairi, S.Rüstəm sənətə xüsusi tələbkarlıqla yanaşan lirika ustası, B.Vahabzadə orijinal poetik təfəkkür sahibi, İ.Səfərli milli vətənpərvər şair, B.Qasımzadə ali hisslər, mənəvi duyğular tərənnümçüsü kimi səciyyələndirilir. Ə.Hüseynov təhlillərində şeirdən yüksək sənətkarlıq, sərrast bədii məntiq, aydın ideya, obrazlı, dəqiq ifadə seçimi tələb edir, çağdaş poeziyanın böyük nailiyyətləri ilə yanaşı uğursuzluqlarını da vaxtında görüb qiymətləndirə bilirdi. Və bu sənət məsələlərinin izahında bütün yaradıcı fəaliyyəti boyu sadiq qaldığı güzəştsiz tənqid prinsipinə riayət edirdi. M.Rahim lirikasına həsr olunan «Şairin məhəbbəti» məqaləsində də çağdaş poeziyamızın nailiyyətləri belə bir mövqedən dəyərləndirilirdi. Şairi müasir həyatın alovlu tərənnümçüsü kimi təqdir edən tənqidçi onun poeziyasının konkretliyi, aydınlığı, hadisələrə düzgün, sayıq münasibət özünəməxsusluğu ilə seçildiyi qənaətinə gəlir, eyni zamanda diqqəti cəlb edən qüsurlu cəhətləri də nəzərə çatdırırdı. Tənqidçi M.Rahimin Cənub mövzulu şeirlərinin eyni sonluqla, eyni müraciətlə tamamlanmasının ahəngə, ifadəyə, üsluba yeknəsəqlik gətirdiyini müşahidə edir, «Ürək» şeirində təfərrüatçılığın, təfsilata varmağın, mətləbi lüzumsuz şəkildə uzatmağın qüsurlu hal kimi diqqəti çəkdiyini vurğulayır, «Bilmək istəyirəm» şeirində qeyri-təbiiliyi, həyəcansız ifadə tərzini, həyat materialına aydın münasibət olmadığını göstərirdi. O, bütün bu çatışmazlıqları «M.Rahim kimi təcrübəli, sözün qədrini bilən şair üçün nöqsan» hesab edirdi. (Ə.Hüseynov. Tənqid və ədəbi proses. Bakı, Nurlan, 2009, səh.101.) Məqalələrində müasiri olduğu ən görkəmli sənətkarların yaradıcılıqlarını son dərəcə obyektiv elmi mövqedən dəyərləndirməsi, bədii sözə xələl gətirən cəhətləri cəsarətlə tənqid etməsi onu isbat edir ki, Ə.Hüseynov üçün uğurlu və ya uğursuz əsər var, bir də bu əsər haqqında obyektiv rəy formalaşdıracaq tənqidçi sözü. Bu meyar onu tənqidi fikir söylərkən əsər müəllifinin ədəbiyyatda nüfuzunu, cəmiyyətdə mövqeyini nəzərə almaq kimi (daha çox bugünkü tənqidə xas olan!) qüsurlu hallardan uzaq tuturdu.
Ə.Hüseynov tənqidində Avropa və rus bədii-estetik dəyərlərinin uğurlu sintezini görürük. Bu cəhəti tənqidçinin təkcə rus ədəbiyyatına və onun ən görkəmli nümayəndələrinin – Kantemir, Lomonosov, Radişşev, Qriboyedov, Puşkin, Qonçarov, Nekrasov, Ostrovski, Dostoyevski, Çexov, Saltıkov-Şedrin, Qorki və b. yaradıcılıqlarına, eləcə də milli ədəbiyyatımızın Ukrayna, gürcü, polyak ədəbiyyatları ilə əlaqələrinə dair məqalələrinə şamil etmək doğru olmazdı. Azərbaycan ədəbiyyatının nailiyyətlərini təhlil edən onlarla araşdırmalarında Ə.Hüseynovun Avropa və rus bədii-estetik təcrübəsindən yaradıcı şəkildə bəhrələndiyini, özünün orijinal tənqidçi üslubunu formalaşdırdığını müşahidə etmək mümkündür.
Ə.Hüseynovun tənqidçilik fəaliyyətindən söz düşəndə onun adı ilə yanaşı «yazıçı-tənqidçi» ifadəsi də işlədilir. Və bu ifadə sanki Ə.Hüseynovun əzəmətli tənqidçi simasını, tənqidçi portretini tamamlayan sonuncu rəng çalarıdır. Həqiqətən də elmiliklə bədiiliyin sintezi Ə.Hüseynovun təkrarsız, orijinal elmi üslubunu şərtləndirir, ədəbiyyat tarixçisi, tənqidçi dəst-xəttinin özünəməxsusluğunu təmin edir. Onun M.Cəlalın bədii nəsrini, İ.Şıxlının «Dəli Kür» romanını düzgün elmi mövqedən dəyərləndirən məqalələrində, C.Məmmədquluzadə publisistikasına həsr edilmiş fundamental tədqiqat əsərində bu üslub özünəməxsusluğu daha aydın surətdə özünü göstərir.
Ə.Hüseynov tənqidi ilə dərindən tanışlıq bir ədəbiyyatşünaslıq qənaətini yada salır: «Tənqid elə bir mənəvi sərvətdir ki, bütünlükdə mənəvi sərvətlər üçün məsüliyyət daşıyır». Bu məsuliyyət hissini Ə.Hüseynovun irili-xırdalı bütün yazdıqlarında görüb-duymaq mümkündür. Onun əsərlərində ədəbi irsimizin gələcək taleyinə, ədəbi nəsillər arasındakı varislik əlaqəsinin ən zərif məqamlarına son dərəcə həssas, təəssübkeş bir tənqidçi münasibəti var. Bu tənqid təkcə ədəbiyyatımızın keyfiyyətinin yüksəlməsinə xidmət etməklə qalmır, o həm də estetik amil kimi milli-mənəvi həyatımıza dərindən nüfuz etmək, təfəkkürümüzə, görüş və əxlaqımıza təsir göstərmək qüdrətindədir.
* * *
…Ədəbiyyatı ilk dəfə nənəmin nağıllarından sevmişəm. İçimdə anbaan, günbəgün, ilbəil böyüyən bu sevgi mənə ədəbiyyatla əbədiyyət arasındakı məsafəni (bəlkə də məsafəsizliyi!) tanıdıb. Doyulmaz mütaliə saatlarında bu qənaətə gəlmişəm ki, bədii təsirindən aylarla, illərlə, bəzən bir ömür boyu sıyrılıb qopa bilmədiyimiz əsərlər onu yaradanın şah damarının qanıyla, ürəyinin yağıyla yazılıb. Hər yerinə düşən söz, hər uğurlu ifadə müəllifinin təkcə istedadının göstəricisi deyil, bu həm də yazdığınla yaşamaq, iztirab çəkmək, onu dünyaya körpə gətirirmiş kimi min bir əzabla doğurmaq mücadiləsinin nəticəsidir. Nizaminin, Füzulinin, Hüqonun, Drayzerin, Tolstoyun, Belinskinin… və yaratdıqları ilə ölməzliyə imza atan neçə-neçə dahinin ədəbiyyatdan əbədiyyətə qədərki yolu bu mücadilədən keçib. Və bu əbədiyyət ömrü adının uca kürsülərdən səslənməsi, şərəfinə silsilə tədbirlər, yubiley gecələri keçirilməsi, təmtəraqlı yadetmələr və sairə, və ilaxır… ilk baxışdan əzəmətli görünən, əslində isə zahiri mahiyyət daşıyan xırda əlamətlərlə, təfərrüatlarla ölçülmür. Əbədiyaşarlıq – səni bir vaxt tanıyanların yaddaş saxlancında daimi və yüksək məqam sahibi olmaq, ürəklərin müqəddəs guşəsində yer tutmaq, cismani yoxluğundan sonra səni tanımayanların belə doğmasına, əzizinə çevrilmək, həmişə düşüncələrinin qonağı olmaqdır. Vəfatından qırx iki il sonra onu tanıyanların və tanımayanların yaddaşında, şüurunda, qəlbində və ruhunda yeri olan, hamını özü haqqında düşünməyə, yazmağa, fikir söyləməyə vadar edən Əhəd Hüseynovun əbədiyaşarlığı kimi.
TƏRANƏ TURAN RƏHİMLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent
prezident təqaüdçüsü