photo

-Can nənə bir nağıl de!

− Biri vardı, biri yox,
Biraz az və biraz çox.
Bir dəniz sahilində,
Bir balıqçı əlində,
Tilovla hey gəzirdi,

− Eeeh, nənə, bu nağılın,
Axı məni bezdirdi!
Bilmirsən təzə nağıl?!

− Yaxşı, ay şəkər, noğul,
Sənə keçmişdən indi,
Nənən nağıl danışsın.
Həm də qoy saf düşüncən,
Tarixə, həqiqətə,
Olmuşlara, alışsın.

“Bir kənd vardı o zaman…
Taleyindən nagüman.
Xoşbəxtlik pərvanəsi
Dövr edirdi başına,
Ellər həsəd edərdi
Onun hər bir daşına.
Geniş üzüm bağları,
Yam-yaşıl otlaqları,
Qışda qış meydanları,
Yayda da yaylaqları…

Bir kənd vardı o zaman…
Payızı çisgin duman,
Palçığı da, tozu da ,
İstiotu, duzu da,
Yayda səp-sərin suyu,
Qışdakı o buzu da,
Ehh… yam yaşıl çəməni…
Məftun edərdi məni.

Bir kənd vardı o zaman…
Vardı… əlbəttə vardı.
İndi yoxdu…
Nədəki olmayacaq bir daha,
Yenə şükür Allaha…
Şükür ki, xatirəmdən,
Silinməyib o izlər,
Hardan biləsiz sizlər?!

Bir kənd vardı o zaman…
Tarixi qəhramanlıq.
Baxmayaraq ki, indi,
Üzərinə çökmüşdür,
Açılmayan qaranlıq…

Bir kənd vardı o zaman…
Şəcərəli, nəsilli,
Soylu, köklü, əsilli,
Çox heyif ki, pis əldə,
Onun soyu kəsildi,
Odu, suyu kəsildi.

Bir kənd vardı o zaman…
Adı Bico, sanı Bico…

− Söylə nənə, hanı Bico!?

− Yat ay şəkər, noğulum.
Danışdıqca bunları,
Çox qarışır ağılım,
Sona çatdı nağılım…