Şirvan
İllərlə dərd elədim səndən uzaqlığımı,
Sevib bayraq tutarsan bəlkə üz ağlığımı.
Qaytar səndə qoyduğum yetim uşaqlığımı,-
Ruhumun qibləgahı,canımın canı Şirvan.
Hər gün yuxularımda Vətən səndən danışdı,
Qərib ömrü sürməyim,hüzündü,aldanışdı.
Öpdüyüm torpağının ətri mənə tanışdı,
Arzumun,istəyimin sökülən danı,Şirvan.
O neft buruqlarınla yaraşır pərvaz sənə,
Hüsnünə ayna tutub Kür eləyir naz sənə.
Durub qucaqlamağa qollarım çatmaz sənə,
Gözəlliyin,gözəlin şöhrəti,şanı,Şirvan.
Səndən harda söz düşüb,söyləmişəm,.”can!” elə,
Ucalıq gətirəcək mənə bu ad-san elə.
Sən bağrıma basdığım Azərbaycansan elə,
Heç yerə tay tutmadım mən bu ünvanı,Şirvan!
Bu yolda ölüm var,ayrılıq yoxdur
Mənə də o güldən şeh süz bir udum,
Bəlkə pöhrələndi solğun umudum.
Səni yarı sevim,yarı unudum,-
Desinlər,məhəbbət bəlasıdır bu!
Ocağım torpaqdır vallah,pirim dən,
Sünbül saçlarımdan kimə verim dən?
Bir yetim nəğmə tək sözsüz yerimdən,-
Qırıldım,dedilər,Qu yasıdır bu!
Ömür saatını ha tərsinə qur,
Yaşanmış günlərə bir heykəl də qur!
Bu yolda ölüm var,ayrılıq yoxdur,
Eşqin ən gözəli,əlasıdır bu!