Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru
PAPAQ ATDI OYUNU
Təbiət nurlanır, ürək sevinir,
Bayram eyləyirik hər yaz gələndə.
Xonçalar bəzənir, nəğmələr dinir,
Deyirik, gülürük Novruz gələndə.
Ruzi-bərəkətdi, sevgidi bahar,
Səməni bəzəyir evlərimizi.
Hər evdə sübhəcən çıraq, şam yanar,
Bahar xoş günlərə səsləyər bizi.
Qeyrət, hünər qalıb Qorqutdan bizə,
Kosa da, keçəl də bizimki deyil.
Dünya göz qoyursa adətimizə,
Sayıq olmalıdı indiki nəsil.
Kim bizə öyrədib papaq atmağı,
Papaq ata-ata millət uduzdu.
Birləşək, barışaq bayram axşamı,
Papaq qeyrətimiz, namusumuzdu.
Pay verib, pay alıb babalarımız.
Papağı başından salmayıb heç kim.
Bağlı olmayıbdı qapılarımız,
Bayramda naümid qalmayıb heç kim.
Qeyrəti atmayaq ayaq altına,
Bir ovuc şirnidən, noğuldan ötrü.
Ləkə gətirməyək xalqın adına,
Qapılar gəzməyək nağıldan ötrü.
Gəlin yallı gedək ocaq başında,
Oxuyaq hamımız birlik nəğməsi.
Papağa and içək, oda and içək.
Bir də talanmasın Odlar ölkəsi.
XOCALINI AĞLAMAYIN
Doğma şəhər qəltan oldu qanına,
Neçə ildir getmək olmur yanına.
And verirəm qalanların canına,
Xocalını ağlamayın təzədən.
Innən belə göz yaşından nə fayda,
Alan aldı, satan satdı sarayda.
Millət susdu o hayda, o harayda,
Xocalını ağlamayın təzədən.
Ağacların meyvəsini yad dərir,
Düşmən ordan bizə acıq göndərir.
Suyumuzu başqa arxa döndırir,
Xocalını ağlamayın təzədən.
Qan içində boğulubdu o çöllər.
Bir də dinməz bizim dildə bülbüllər.
Vaxt ötüşüb, dəyişibdi nəsillər,
Xocalını ağlamayın təzədən.
Dağlar gördü gürşadı da, seli də,
Yel sovurdu yerdə qalan külü də.
Özgələrə ümidliyik hələ də,
Xocalını ağlamayın təzədən.
Ağlamaqla dərd azalmaz ay qağa,
Dağ çəkilib o torpağa, o dağa.
Qisas deyib el qalxmırsa ayağa,
Xocalını ağlamayın təzədən.
QARABAĞA GEDƏSƏN
Dönəsən Ağatlı oğlana bir gün,
Atını çapasan doğma dağlara.
Bir gün ağlayasan el-oba üçün,
Daha baxmayasan yağışa, qara.
Dörd nala çapasan sehirli atı,
Əlinlə boğasan qarı düşməni.
Qovasan bir yolluq dağlardan yadı,
Azad eyləyəsən doğma Vətəni.
Işığa dönəsən, nura dönəsən,
Səni qarşılaya Ağoğlan dağı.
Doğma Cəbrayıla yol götürəsən,
Səni qucaqlaya Araz qırağı.
Asasan Laçında bayrağımızı,
Alasan Ağdamı yadlardan geri.
Gəzəsən o cənnət torpağımızı,
Verəsən ellərə bir xoş xəbəri.
Başına yığasan eli-obanı,
Bir çadır qurasan Cıdır düzündə.
Şəhid oğulların yuyub qanını,
Haqqı qoruyasan bu yer üzündə.
Payız
Qüruba sarıdı günün yönümü,
Bir qu nəğməsidi mən oxuduğum.
Ömrə calayıram payız ömrümü,
Qışdı, ayrılıqdı indi qorxduğum.
Qəhərdən titrəyən dodaqlar kimi,
Bu bomboz günlərin havası acı.
Göylərdə uçuşan yarpaqlar kimi,
Tay məni saxlamır ömür ağacı.
Aldadır qızılı naxışlar məni,
Gözüm çiçək gəzir, gözüm nar gəzir.
Məni utandırır saçımın dəni,
Alışan ürəyim soyuq qar gəzir.
Həsrətdən, hicrandan rəngim saralıb,
Göylərdən qəm yağır hey gilə-gilə.
Quzeyi çoxdandı duman-çən alıb,
Güneydə göy otlar oynayır hələ.
Gecəsi uzanıb günün, gündüzün,
Sözümü üşüdür narın yağışlar.
Buludlar alıbdı göyün üzünü,
Köçür dəstə-dəstə köçəri quşlar.
Ürəyim diksinir durna səsindən,
Urvatlı bir şeir yaza bilmirəm.
Zirvəyə qar düşür qış nəfəsindən,
Tanrı yazdığını poza bilmirəm.
Axı mən nə umum qəmli payızdan,
Qələmim əlimdə durna lələyi.
Mən ki, doymamışam bahardan, yazdan,
Əsir xəzan yeli, payız küləyi.
Yaman kövrək olur payızlı şeir,
“Vağzalı” çalınır, ümid göyərir.
Hanı bənövşəli, o nazlı şeir,
İndi Əziz Musa bayatı deyir.