ni

DƏNİZLƏ SÖHBƏT

Sıx məni köksünə, mavi dənizim,
Uçsun uzaqlara lal xəyallarım.
Sənin yaddaşında bir gənclik izim,
Mənim yaddaşımda kor arzularım.

Sıx məni köksünə, mənim dənizim –
Oxşasın könlümü mavi dalğalar.
Soruşma nədəndir solub bənizin,
Soruş ki, bəs hanı səndəki ilqar?

Şıltaq küləklərin çox sığal çəkib –
İndi qəm darayan bəyaz saçıma.
Nəmli baxışıma dumanlar çöküb,
Daha ürəyimin qapısın açma.

Çılğın ləpələrin özünü öyür,
Qucaraq sahili güvənir necə.
Mənim ləpələrim içimi döyür,
Ümid çırağımsa – qaranlıq gecə.

Zillənir gözlərim yenə uzağa,
Uzaqlar dumana bürünür niyə?
Bəlkə həsrətimdir, dözmür sazağa –
Qarışıb dumana çəkilir göyə?!

ÜRƏYİM DEYİR Kİ…

Nə üçün ömür-gün fırlanmır geri,
Tutub o illəri alam əlindən.
Sənsiz keçirdiyim acı günləri,
Sökərdim taleyin ilmələrindən.

Yox! Hələ gümanım azalmayıbdı,
Ümiddir sevgiyə ən böyük əlac!
Başıma gəlməyən nə qalmayıbdı?
Ürəyim deyir ki, sevginə əl aç!

ATA YURDUM

Nə vaxt gedirəmsə ata yurduma,
Məni qəm haqlayır, qəm qucaqlayır.
Bir ata harayı, qardaş nisgili,
Açıb qollarını məni haqlayır.

Nə atam hay verib çıxır qarşıma,
Nə də ki qardaşım ötürür məni.
Ələnir dünyanın qarı başıma,
Zaman damla-damla itirir məni.

Atamın əkdiyi bar ağacları
Ayrılıqdan için-için qovrulur.
Quruyur gilənar, nar ağacları –
Elə bil həsrətdən külü sovrulur.

Körpə ağacların körpə budağı
Qardaş salamını yetirir mənə.
Qəfil dolu vurmuş solan yarpağı
Kövrəlib öpürəm mən dönə-dönə.

Beləcə, gəzirəm bağı-bağçanı,
Həsrətin dumanı çöküb hər şeyə.
İtib səliqəsi, itib səhmanı,
Atamın əlləri dəyməyir deyə.

Barışa bilmirəm bəzən həyatla,
Acısı şirindən nə çox olurmuş.
Bir ata yurdunun qardaş həsrəti
Atasız qəlbimdə yuva salarmış.

QALIBDI

De, hansı dərdimi mən deyim indi?
Sözümü deməyə huşmu qalıbdı?
Uçubdu tərlanım, uçubdu sonam,
Gölümdə üzməyə quşmu qalıbdı?

Murovun gözüylə bax Kəlbəcərə,
Gör necə ah çəkir o dağ, o dərə?
Çaşıram yolumu gedib Tərtərə,
Ağılmı qalıbdı, başmı qalıbdı?

Dərbəndim şikəstəm, qəmli avazım,
Qarabağ-Təbrizim, Tərtər-Arazım.
Xocalı qan gölüm, bir qanlı yazım,
Başıma dəyməyən daşmı qalıbdı?