Gedirəm
Taleyimdən söz açandan,
Hər gün yeni iz açandan,
Bu dünyaya göz açandan
Qoymadılar tam olmağa.
Yanır bağrım, yanır niyə?
Ümid yoxdur bu taleyə.
Pərvanə yaşasın deyə
Ürək qaçır şam olmağa.
Sözümdə haqq, dilimdə haqq,
Nahaqlara zülümdü haqq.
Əzəmətli ölümdü haqq,
Hazıram edam olmağa.
Əcəl işin-gücün atıb,
Məni yaman dilə tutub.
Vədə yetib, məqam çatıb,
Gedirəm adam olmağa.
Gizlənmişəm
Bir yerdə bənd almayan,
Köçümdə gizlənmişəm.
Mən bu qamət, bu boyda,
Biçimdə gizlənmişəm.
Qaraya ağ demişəm,
Nahaqqa haqq demişəm,
Haqqa nahaqq demişəm,
Suçumda gizlənmişəm.
Özümdən geri qaçıb,
Qırxımdan diri qaçıb,
Yeddimdən bəri qaçıb,
Üçümdə gizlənmişəm.
Tarixi daşlaşdırıb,
Ruhumu yadlaşdırıb.
Genimi kodlaşdırıb,
Saçımda gizlənmişəm.
Çöl üzümdə biçim var,
Aralıqda seçim var var.
İki dünya içim var,
İçimdə gizlənmişəm.