Günah nə səndədir, nə də ki məndə,
Yazan belə yazıb demək qisməti.
Yaşada bilmədik ruhu bədəndə,
Qoruya bilmədik bu məhəbbəti.
Bu eşq dastan olub dillərə düşdü,
Adım Məcnunsayaq çöllərə düşdü,
Saf eşqim çaylara, sellərə düşdü,
Qoruya bilmədik bu məhəbbəti.
Səninlə bu yolu bir keçsək belə,
Sevinci, kədəri bir ölçsək belə,
Onu qorumağa and içsək belə,
Qoruya bilmədik bu məhəbbəti.
Yalanlar geyindi həqiqət donu,
Nə ilki bilindi, nə də ki sonu,
“Əlvida” sözünə sığdırdıq onu,
Qoruya bilmədik bu məhəbbəti.
Düşdü tellərimə dən ağlamaqdan,
Oldum yağışlara tən ağlamaqdan,
Tutdu gözlərimi çən ağlamaqdan,
Qoruya bilmədik bu məhəbbəti.
Yaşadım içimdə mən yana-yana,
O ötən günləri hey ana-ana,
Müqəddəs bir sevgi yetişdi sona,
Qoruya bilmədik bu məhəbbəti,
Qoruya bilmədik bu məhəbbəti…!