Şahinə Könülün təqdimatında Ramin Cilovdarlıdan yeni şeirlər
Ramin CİLOVDARLI (Qasımov Ramin) 1983-cü ildə Tovuz rayonunun Cilovdar kəndində anadan olub.1989-2000-ci illərdə orta məktəbdə, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2011-ci ildə “Dərdə şükür” adlı şeirlər kitabı işıq üzü görüb.Ailəlidir, bir övladı var.
Halalın olsun
Ömrümü yollarına
Sərdim, halalın olsun.
Könül nədi, ruhumu
Verdim, halalın olsun.
Həyat uşaq nağlımı?
Könül qapın bağlımı?
Aparanda ağlımı
Gördüm, halalın olsun.
Baxışların nə laldı?
Nə verdisə məlaldı.
Nə verdimsə halaldı,
Dərdim halalın olsun.
Getdim
Hardasa qərib səsdim,
Gəldim dünyaya küsdüm.
Bir dərimlik nəfəsdim,
Bir udum suydum, getdim.
Arım, sənə çiçəkdim,
Yarım, sənə göyçəkdim.
Nə bildiniz, nə çəkdim,
Ya da nə duydum getdim.
Nə ucuzdu, nə baha?
Dindim, batdım günaha.
Ömür yaşamadım ha,
Günümü saydım, getdim.
***
Bu qurduğun alaçıq,
Sənin olmaz, belə çıx.
Haqqa sarı yol açıx,
Varmaq istərsən, gedək.
Zimistanda gülmüşük,
Dünya bizim bilmişik.
Kimik, hardan gəlmişik,
Sormaq istərsən gedək.
Yol gedənə yol yoldaş,
Ağac-daşı bol, yoldaş.
Dünya durduqca, qardaş,
Durmaq istərsən, gedək.
Gedər
Mən Dardanel boğazıyam,
Hamı məndən keçib gedir.
MƏMMƏD İSMAYIL
Gələn mənə qəm gətirər,
Göz yaşımdan içib gedər.
Ya saxlanar ürəyimdə,
Ya könlümdən köçüb gedər.
Dünya, sənlə yoxdu bəhsim,
Nə umdum ki, nə də küsüm?
Köçəri quşdu həvəsim,
Zaman gələr, uçub gedər.
Heç bilmirəm kiməm, nəyəm,
Gah ahılam, gah körpəyəm.
Təmannasız bir körpüyəm,
Hamı məndən keçib gedər.
***
Başa varsın muradlar,
Yıxdı bizi inadlar.
Üstündə yaşıl otlar
Bitənədək yol ömrü.
Hələ təzədi, tərdi,
Nə qayğısı, nə dərdi.
Allah, nə bəxtəvərdi,
Bir ağ üzdə xal ömrü.
Olmadı ha gəncliyim,
Rahatlığım, dincliyim.
Qardaş, mənim keçdiyim,
Bir xatalı qul ömrü.
***
Sənnən işim yoxdu, Allah,
Məni bir bəndə öldürdü.
Gah nazınnan, gah gözünnən,
Baxıb güləndə öldürdü.
Olmadı bu ömür mənlik,
Ağıl başlıq, ruh bədənlik.
Dedilər günah ölənlik,
Duyub biləndə öldürdü.
Günahlarım qul xatası,
Yıxdı məni gül xatası.
Göz görəsi, əl çatası,
Öldürdü, gündə öldürdü.
Çəkir
Allaha nə var ki, abi,
Hər nə çəkir bəndə çəkir.
Ya bəllənir saçlarında,
Ya da ürəyində çəkir.
İnsan insan olsa, kəndi
Nə əyilən, nə çökəndi.
Ürək dərdə suçəkəndi,
Yanından ötəndə çəkir.
Ömürdümü bu ömür də,
Ya buyruqda, ya əmirdə…
Siz çəkəni şu ömürdə,
Yazıq Ramin gündə çəkir.
***
Heç bilmirəm səadəti,
Harda qoydum, harda gəzim.
Baharda gül-çiçəkdimi,
Yoxsa boran-qarda gəzim?
Az özünü yor dedilər,
Nə vicdan, nə ar dedilər.
Varın yeri var dedilər,
Gərək daha var da gəzim.
Mən burdayam, sədam orda,
Yadlaşıram, yadam orda.
Ruhum, könlüm, odam orda,
Rəvadırmı burda gəzim?
Gəl
Hardasan, ey “gözüm nuru”?
Yarisən gəl, yarisən gəl.
Bu fənada, o sevdada
Varisən gəl, varisən gəl.
Başlar ağlın yeri deyil,
Sinə dağın yeri deyil.
Bunlar burdan bəri deyil,
Barı Sən gəl, barı Sən gəl.
Bir cami-cəmşid Odunnan,
Ollam bu dinnən, imannan.
Ruhumuzu bu dövrannan,
Bizi bizdən qoru, Sən gəl.