Mən səni isti bir günəş sanırdım,
Sən verdin ömrümə çovğunu, qışı.
Yox, bunun günahı səndə deyil ki,
Əzəldən belədir bəxt, yaranışım.
Elə ki ayrılıb tərk etdin məni,
Sızladı könlümün ən sarı simi.
Mən səni başqa bir eşqlə sevmişdim,
Ürək sevə bilmir daha heç kimi.
Bəlkə sevməyimlə günah etmişəm?!
Düşünmə haçansa əhv olaram mən.
Eşitsəm ki bir gün yadın olmusan,
Gülüm, həmin günü məhv olaram mən.
Mən sənə söz verdim xoş bir gələcək,
Yox idi başqa bir niyyətim mənim.
Deyiblər ki vardır hər işdə xeyir
Bəlkə ayrılıqmış qismətim mənim?!!
Sevindim səninlə, güldüm səninlə,
Ağladım hər zaman acı, ağrına.
Bircə təsəllidir o şəkillərim,
Öpüb doya-doya get bas bağrına.
Ayrıldıq, söylədin dost qalaq gərək,
Özümü bu odda yaxa bilmərəm.
Mən ki ürəyimlə sevmişdim səni,
Sənə dost gözüylə baxa bilmərəm.
Mən sənə sevgimlə gül-çiçək əkdim,
Soldurdun əlinlə həmin o bağı.
Dostluq nə zamansa sevgiyə dönər,
Sevgi necə dönsün dostluğa axı?!
Sızlatdın qəlbimin yaralarını,
Qaysağı da qopdu, qanı da sızdı.
Daha qarşılaya bilmərik yazı,
Bu bizim sonuncu baharımızdı.