ATAM
Zəmanə nə çətin, nə ağır gəlib,
Kələksiz bir nəfər tapılmır, atam.
İllərdən illərə dərd ağır gəlib,
Sinədən sökülüb atılmır, atam.
Dəlallar çoxalıb, dünya dağılır,
Qocalmış analar evdən atılır,
Körpələr atılır , körpə satılır,
Kor olub vicdanlar sızlamır, atam.
Bu gündən sabaha ümid qalmayıb,
Əvvəlki sədaqət , hörmət qalmayıb,
Cox əfsus, rəhmli insan qalmayıb!
Zamanla yaramız sağalmır, atam.
Səmum küləkləri əsir durmadan,
Cəlladlar boyunlar kəsir durmadan,
Hər yanda şər toxum əkir durmadan,
Rüşvətsiz bir işə baxılmır, atam.
İsmətli insanı şərə salırlar,
Qeyrətli olanı tora salırlar,
Silahın gücüylə torpaq alırlar,
Haqlılar haqqına çatammır, atam.
Yorulub Aytənin, yorulub yaman,
Bu dünya yalanmış, kökündən yalan,
Bir günün içində qocalır insan,
Dərd var ki qələmlə yazılmır, atam.
Yazı var heç çürə pozulmur, atam.
SEVMƏ EY KÖNÜL
Gör kimin dərdiylə yandın-yaxıldın,
Səni sevməyəni sevmə ey könül.
Pərvanə misali odlara yandın,
Səni sevməyəni sevmə ey könül.
Axdı gözlərindən ruhun çeşməsi,
Fələkdən qəm aldı həsrət nəğməsi,
Bu dərdin dedilər yoxdur çarəsi,
Səni sevməyəni sevmə ey könül.
Sevgi ucuz deyil, satma bilməzə,
Tökmə göz yaşını dəyər-dəyməzə,
Qara sevda səni gətirər dizə,
Səni sevməyəni sevmə ey könül.
Yolub saçlarını, dizinə döymə,
Bir bağlı qapını boş yerə döymə,
Dəyməz onun üçün bu qədər ölmə,
Səni sevməyəni sevmə ey könül.
Yığma kürəyinə hicran qəlpəsi,
Özgə birisidir onun qibləsi,
Çürüdər qəlbini həsrət naləsi,
Səni sevməyəni sevmə ey könül.
Ay kimi bölünüb, ay kimi tənsən,
Şam kimi əriyib, dən-dən itərsən,
Aytən, bu dünyadan təmiz bezərsən,
Səni sevməyəni sevmə ey könül.
Səni sevməyəni sevmə ey könül.