Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
ŞƏHİDLƏR XİYABANI
Şəhidlər Xiyabanı,
Mənim Məkkəm, Mədinəm!!
Doğma övladlarındı,
Körpə qanadlarındı,
Sənin qoynunda yatan…
Onlar olub nahaqqın başına
Kəmənd atan!
Onlar olub düşmənə,
Şeytan bilib daş atan!!
Onları tanımayan,
İnsanlıqdan kənardı,
Məzarları başında,
Vətən sevgisi vardır!
Onları tanımayan ,
Bizləri nə anlayar?!.
Nadanların işidi,
Dünyanı qandallayar!!
…Şəhidlər Xiyabanı,
Mənim Məkkəm, Mədinəm!!
Onlar olub nahaqqın başına
Kəmənd atan!
Onlar olub düşmənə,
Şeytan bilib daş atan!!
Doğma balalarındı,
Sənin qol-qanadındı,
Vətən, qoynunda yatan!!
ATALAR
Ata evimin varı, könlümün pənahıdır,
Tanrının bəxş etdiyi ocağımın şahıdır.
Odur bu ürəyimdə, parlayan, yanan günəş,
Odur tənha qəlbimə yaşamaq üçün atəş.
Odur halal süfrəmin suyu, çörəyi, duzu,
Odur min zəhmət ilə boya çatdıran bizi!
Ta körpə vaxtlarımdan duaların sevmişəm,
Bəlkə də duasıdır, mən kitaba dönmüşəm!!
Ahıl yaşlı atalar, gözünüz nurla dolsun,
Zəhmətiniz gül açsın, Tanrı sizə yar olsun!!