Kim biganә baxa bilәr bu doğranmış budaqlara,
Solub getmiş dilәklәr var solan yarpaqlar altında.
Ağızlara qıfıl vurdu qәfil qalxan qasırğalar,
Deyilmәmiş sözlәr yatır donmuş dodaqlar altında.
Qara geymiş bir xәyanәt addım-addım gәzir bizi,
İntizarın gücünә bax, hey üzdükcә üzür bizi.
Başımızı qaldırantәk sızır bizi, әzir bizi –
Yumruqlar başlar altında, tikan dırnaqlar altında!
Dosta aydın, yada bәlli yağıların qәsdi daha,
Birә dözdük, yüzә dözdük, minә dözmәk nәsdi daha.
“Papaq altda oğullar var” – dediyimiz bәsdi daha,
Belә gündә oğul varsa, qalmaz papaqlar altında!
Qana batdı yaşıl çәmәn, zәrif çiçәk güllәlәndi,
Neçә arzu, neçә ümid, neçә ürәk güllәlәndi,
Əqidәlәr yaralandı, inam, mәslәk güllәlәndi,
Torpaq üstә can verәnlәr yatır torpaqlar altında!
Vәtәn, bir dә başın üstә qara bayraq taxılmasın,
Dәdәm Qorqud dayaq olsun, qara dağın yıxılmasın.
Şәhidlәri verәn xalqım, qoy ürәyin sıxılmasın,
Şәhidi olmayan torpaq qalar tapdaqlar altında!