Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın,
Göməlim gəl səni tarixə desəm, sığmassın!
Məhmət Akif
Burda әn çox işlәnәn söz – cәlladlara “nifrәt” sözü,
Burda әn çox işlәnәn söz – ölüm sözü, hәsrәt sözü.
Ziyarәtә gәlәnlәrin dilindәki “rәhmәt” sözü –
Yağış olub yağasıdır, Şәhidlәrim yatan yerdә!
Dilimizdә diş göynәdәn yüz bayatı, yüz ağı var,
Canımızda qanlı qışın şaxtası var, sazağı var.
Dәrdli olan darıxmasın, yaxını var, uzağı var,
Gün tәzәdәn doğasıdır Şәhidlәrim yatan yerdә!
Xain bәlli, tarix şahid, mәtlәb aydın, fikir qәti,
Zaman özü hakim olar, bağışlamaz xәyanәti.
Yüz pәrdәlә, yüz malala, örtmәk olmaz cinayәti,
Haqq nahaqqın ağasıdır Şәhidlәrim yatan yerdә!
Düşmәn hәr gün öz әyninә paltar kimi geyir şәri,
Yalan min qat çoxalsa da, haqqın gücü әyir şәri.
Alçaqların fәndi keçmәz, düz әyrini, xeyir-şәri,
Nur zülmәti boğasıdır, Şәhidlәrim yatan yerdә!
Solan insan taleyidir mәzar üstә sönәn şam da,
Daşa dәydi, çiliklәndi xoş arzu da, şirin kam da.
Dәrdim böyük, qәlbim geniş, mәn dünyaya sığmasam da,
Dünya mәnә sığasıdır Şәhidlәrim yatan yerdә!