Qarlı dağlar yıxılsa da, biz heç zaman yıxılmazdıq,
Acı sözlәr, yaman gözlәr, yaman dillәr yıxdı bizi!
Dilimizdә dedi-qodu, gözümüzdә mәkrin odu,
Didişmәlәr, deyişmәlәr, fitnә-fәsad yıxdı bizi!
Qanımıza susayanlar qan saldılar aramıza,
Sızlatdılar, göynәtdilәr, duz basdılar yaramıza.
Qaraniyyәt olan kәslәr danışdılar qaramıza,
Üstümüzdәn acı-acı әsәn yellәr yıxdı bizi!
Tor qurdular, mәni sәndәn, sәni mәndәn eylәdilәr,
Özümüzü dәrdә salıb, özgәni şәn eylәdilәr.
Dәrdimizi qaldırdılar, dağlara tәn eylәdilәr,
Gözümüzdәn könlümüzә axan sellәr yıxdı bizi!
Özümüzü atdan salıb yadı ata mindirәndә,
Dostumuza әyri baxıb düşmәn kimi dindirәndә,
Öz müqәddәs odumuzu öz әlimiz söndürәndә,
Göyә qalxıb gözümüzә dolan küllәr yıxdı bizi!
Xәyanәtin min üzü var, bir söz demәk olmur ona,
Neçә-neçә şәhid ömrü bir gecәdә çatdı sona.
Otuz yeddi hәr il girdi başqa cildә, başqa dona,
Bir-birindәn ağır gәlәn qanlı illәr yıxdı bizi!
Şah babamız Xәtainin zәhmәtini zay eylәdik,
Xırdalandıq, özümüzü tәpәlәrә tay eylәdik.
Heykәl kimi oğulları güllәlәrә pay eylәdik,
Bu gün vurub-yıxdığımız boş heykәllәr yıxdı bizi!